Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4326/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Səbail Rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “təkrar hərracın keçirilməsi ilə bağlı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” iddiasına dair mülki iş Səbail Rayon Məhkəməsinin 04.05.2022-ci il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, İddiaçı paylı mülkiyyətində olan, Bakı şəhəri, R.Behbudov küçəsi, ev № 59-da yerləşən 53 və 54 №-li mənzillərə və Bakı şəhəri, Bülbül pr., ev 63-də yerləşən 47, 48 və 49 №-li mənzillərə dair təkrar hərracın keçirilməsi ilə bağlı Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilsin. Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, hazırkı mübahisəyə iddia icraatı qaydasında baxıla bilməz, icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət olunmalıdır. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Səbail RM-nin 30.06.2014-cü il tarixli qətnaməsi ilə cavabdehlər Pərviz Cəlilov, Teymur Cəlilov, Anar Cəlilov və Çingiz Cəlilovdan iddiaçı “Bank Standart” KB-nın xeyrinə kredit müqaviləsi üzrə borcun tutulması qət olunub. Qətnamə qanuni qüvvəyə minib, icra vərəqəsi verilib, tutma məcburi icra tədbiri kimi ipoteka predmeti olmayan mənzillərə yönəldilib. Hazırkı işdə İddiaçı icra sənədi üzrə borclu deyil. O, hazırkı iş üzrə verdiyi iddia ərizəsində bildirib ki, tutmanın yönəldildiyi mənzilləri icra sənədi üzrə borclu Çingiz Cəlilovla nikah müddətində əldə edib və başqa iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsi ilə həmin mənzillərin ½ hissəsi onun payı kimi müəyyən edilib. Ona görə də mənzillərin tam həcmdə (İddiaçı payı daxil olmaqla) hərraca çıxarılması qanunsuzdur. Mülki prosesdə iddia – pozulmuş və ya mübahisəli hüququn müdafiə vasitəsidir, lakin bütün hüquqlar iddia verilməklə müdafiə olunmur. Əgər hüququn müdafiəsi üçün qətnamə qəbul olunmalıdırsa, belə halda iddia verilir, çünki iddia qərardad ilə deyil, qətnamə ilə təmin və ya rədd olunur. Qətnamənin anlayışı isə Mülki-Prosessual Məcəllənin 216.1-ci maddəsində müəyyən olunub: işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı, yəni qətnamə artıq qəbul olunub. Həmin qətnamənin icrası zamanı icra məmuru ilə icra icraatında iştirak edən və etməyən şəxslərin arasında yaranan mübahisə işin mahiyyətinə aid deyil. Mahiyyətə aid olmayan mübahisə qətnamə ilə həll olunmur, odur ki, həmin mübahisə üzrə hüquqların müdafəsi üçün iddia verilmir, icra məmurunun hərəkətindən, hərəkətsizliyindən və ya qərarından şikayət verilir. Həmin şikayətə isə məhkəmə icraatının bir növü olan “məhkəmə qərarlarının icrası qaydasında icraat” daxilində baxılır. Beləliklə, iddia yolverilməzdir. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366 və 368-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 04.05.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4326/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4326/2022
27.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver