Məhkəmə qərarları › İş №2(103)-4327/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4327/2024

12.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4327/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), dan ibarət tərkibdə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4460/2023 nömrəli qərardadından cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnamələri ilə iddiaçının artıq ödəməsi sübut olunmuş 2.395,94 manat və problemli kreditlərin kompensasiya çıxarışında onun üçün hesablanmış 1.664,84 manat kompensasiya olmaqla, cəmi 4.059,84 manat pulun və faizlərinin, 60 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmasına və Azərbaycan Kredit Bürosundan problemli müştərilər siyahısından çıxarılmasına qərar verilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh2 ASC-nin də iş üzrə cavabdeh qismində cəlb edilməsinə etiraz etmədiyini bildirmişdir.

3. Cavabdeh LPO Cavabdeh2 ASC (nümayəndə X3) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iddia tələbinin iddia müddətinin tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4460/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia qismən təmin edilmiş, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 2.395,94 manatın İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Həmin qətnamədən cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, LPO Cavabdeh2 ASC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(006)-4460/2023 nömrəli qətnaməsinin çıxarıldığı 2(006)-4460/2023 nömrəli iş üzrə nə cavabdeh, nə də üçüncü şəxs qismində prosesə cəlb olunmamışdır. Odur ki, qeyd edilən qətnamə bu günə kimi rəsmi qaydada LPO Cavabdeh2 ASC-yə təqdim edilməmiş, bank qətnaməni Əmanətlərin Sığortalanması Fondunun elektron sistemindən əldə etmişdir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 4460/2023 nömrəli qərardadı ilə (hakim G.Ç.Abidova) ərizə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4460/2023 nömrəli qətnaməsindən cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

8. Qərardaddan narazı qalan cavabdeh LPO Cavabdeh2 ASC şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardad qanunvericiliyin tələblərinə uyğun olmayaraq, əsassız qəbul edilmişdir. Qətnamə bugünə kimi rəsmi qaydada onlara təqdim edilməmiş və iş üzrə qətnamənin çıxarılmasından məlumatları olmamışdır. Qətnaməni ƏSF-nin elektron sistemindən əldə etmişlər. Buna görə də qətnamədən şikayət vermək üçün prosessual müddətin buraxılması üzrlü hesab edilməlidir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4460/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. İş materiallarından aydın olur ki, LPO Cavabdeh2 ASC İddiaçı ərizəsi əsasında cavabdeh qismində işə cəlb edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdeh LPO Cavabdeh2 ASC-nin elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim edilmiş, lakin apellyasiya şikayəti cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

16. Kollegiya qeyd edir ki, qanunvericilikdə qətnamədən şikayət verilməsi üçün işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddət nəzərdə tutulmuş və hazırki apellyasiya şikayəti 3 aydan çox müddət keçdikdən sonra daxil olmuşdur.

17. Bundan başqa, LPO Cavabdeh2 ASC-nin qətnamə elan edilən gün iclasda iştirak etmiş nümayəndəsinin xx.xx.2024-cü il tarixdən işdən azad olunması halı qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsinə əsas vermir.

18. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38).

20. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər prosessual müddətin bərpası üçün üzürlü səbəblər hesab edilə bilməz.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4460/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar