Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-433/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 avqust 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, Cavabdeh və iş üzrə üçüncü şəxs olan X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində istismara yarasız vəziyyətə düşməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.935 manat, cavabdehin hərəkəti nəticəsində ona dəymiş mənəvi zərərin ödənilməsi məqsədi ilə 1.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh idarə etdiyi “Chevrolet Epica” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törətmiş, cavabdehin idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YB- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Nəticədə iddiaçının avtomobil zədələnmiş, iddiaçıya maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, cavabdehin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Binəqədi RPİ-nin X5 göndərilmişdir. İddiaçının avtomobilinə vurulmuş zərərlə bağlı avtomobilə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 10.935 manat məbləğində vəsait tələb olunur (bərpa olunan hissələr üzrə 5.935 manat və görüləcək işlərlə bağlı 5.000 manat). İddiaçıya məxsus olan avtomobil “Daxili lizinq müqaviləsi” əsasında "xxxx" MMC tərəfindən ilkin olaraq X1 və razılaşma əsasında avtomobil aylıq ödənişlər edilməsi şərti ilə iddiaçıya verilmişdir. Bununla bağlı olaraq həmin MMC tərəfindən iddiaçıya avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə də verilmlişdir. İddiaçı, ona vurulmuş maddi ziyanı ödəməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh zərəri ödəməkdən yayınmışdır. Buna görə də iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən 10.935 manat tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı iddiaçı xəsarət də almışdır. Məhkəmə Tibbi Ekspertizası Birliyinin Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilir ki, iddiaçıya yetirilmiş xəsarət iddiaçının sağlamlığını qısa müddətə pozan onun sağlamlığına yüngül zərərvuran xəsarətdir. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 1.000 manat məbləğində dəyərləndirir və hesab edir ki, ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən 1.000 manat tutularaq ona ödənilməlidir. b) cavabdehin iddia tələbinə olan mövqeyi barədə məlumat
3. Məhkəmə baxışı iclaslarında iştirak etmiş iddiaçı işə baxmış Rayon Məhkəməsinə iddia tələbinin məzmununa uyğun izahat vermişdir.
4. Cavabdeh, xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, idarə etdiyi avtomobilinin idarəetməsini itirmiş və onun avtomobili iddiaçının idarə etdiyi avtomobilin qapısına dəymişdir. O, avtomobilindən yağ axdığını görüb maşını kənara çəkib saxladı. Həmin an affekt vəziyyətində olmuşdur. Səhəri gün polis şöbəsinə yaxınlaşıb izahat vermişdir. O, yolnəqliyyat hadisəsində özünü təqsirli hesab etmir, əks yola çıxmamışdır. İddia ərizəsində qeyd edilən məbləğlərlə razı deyil.
5. Cavabdeh, xx.xx.2024-cü il tarixdə məhkəmə baxış iclasında vəkili (nümayəndəsi) Vəkil ilə birlikdə iştirak etmiş və vəkil Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdeh haqqında heç bir inzibati xəta tədbiri görülməmiş, inzibati xətanı cavabdeh yox, iddiaçı törətmişdir. Belə ki, iddiaçı idarə etdiyi avtomobil ilə cavabdehin idarə etdiyi avtomobilin qarşısına çıxmış, cavabdeh isə çıxılmaz vəziyyətdə qaldığı üçün iddiaçının avtomobilini vurmuşdur. Buna görə də, aparılmış araşdırmanın nəticəsi olaraq “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Cavabdeh epilepsiya xəstəliyindən əziyyət çəkir, hadisə zamanı özünü pis hiss etdiyindən evə gedib, dərman qəbul etməyə məcbur olmuşdur.
6. Rayon Məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmiş Mirzə Mirzəyev əvvəlki məhkəmə baxışı iclaslarında iştirak etsə də, həmin iclaslarda onun izahatı alınmamışdır. Sonrakı iclasda isə Mirzə Mirzəyev iştirak etməmişdir.
7. Rayon Məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmiş "xxxx" MMC məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 9.935 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun bir hissəsinin əvəzinin ödənilməsi məqsədi ilə 119,35 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissəsinin təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi ilə cavabdehdən 50 manat məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir.
9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023cü il tarixdə cavabdeh idarə etdiyi avtomobil ilə Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törətmiş, cavabdehin idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, cavabdehin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Binəqədi RPİ-nin X5 göndərilmişdir. Binəqədi RPİ-nin X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərardan görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirkardır və buna görə də o, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görər inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı, "xxxx" MMC tərəfindən ona verilmiş “Qüsur aktına” əsaslanar hesab edir ki, “Qüsur aktında” qeyd edilən məbləğ – 10.935 manat (bərpa olunan hissələr üzrə 5.935 manat və görüləcək işlərlə bağlı 5.000 manat) cavabdehdən tutularaq ona ödənilməlidir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 9/1408 saylı rəyindən görünür ki, iddiaçıya məxsus “Chevrolet Cobalt” markalı avtomobilin təmiri-bərpa xərci 9.935 manat təşkil edir. Belə olan halda iddia qismən təmin edilərək, iddiaçıya dəymiş zərərin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə məhz 9.935 manat məbləğində pul tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iş üzrə məsrəflər və məhkəmə xərcləri də, iş üzrə tərəflər arasında (yuxarıda qeyd edilən qaydada) bölünməlidir. İddiaçı öz iddia tələbinin tam həcmdə əsaslı olmasını sübuta yetirə bilmədiyi üçün iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
10. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi cavabdeh yox, iddiaçı törətmişdir. Belə ki, iddiaçı idarə etdiyi avtomobil ilə cavabdehin idarə etdiyi avtomobilin qarşısına çıxmış, cavabdeh isə çıxılmaz vəziyyətdə qaldığı üçün iddiaçının avtomobilini vurmuşdur. Buna görə də, aparılmış araşdırmanın nəticəsi olaraq “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarları məhkəmə qaydasında mübahisələndirmişdir. Belə olan halda qəbul edilməlidir ki, cavabdehin həmin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli olması barədə qüvvəyə minmiş qərar mövcud deyil. İşə baxmış Rayon Məhkəməsi işə nə hazırkı mülki işin, nə də ki, inzibati xəta haqqında işin hallarını ətraflı araşdırmamış və nəzərə almamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. Cavabdeh, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, o, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli rəy ilə razı deyil. Buna görə də, xahiş edir ki, iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilsin.
13. İddiaçı, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.
14. İş üzrə üçüncü şəxs olan Mirzə Mirzəyev apellyasiya baxışı iclasında iştirak edərək, bildirdi ki, iddiaçının mövqeyi ilə razı, cavabdehin mövqeyi ilə isə razı deyil. O hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
15. İş üzrə üçüncü şəxs olan "xxxx" MMC apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
16. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) apellyasiya baxışının hədləri barədə məlumat
17. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.
18. Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
20. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, cavabdehin Rayon Məhkəməsinə verdiyi izahatdan və Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətindən görünür ki, o, onun barəsində qüvvəyə minmiş inzibati xəta ilə bağlı hər hansı qərarın mövcud olmamasına əsaslanaraq ona qarşı iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbini əsassız hesab edir.
22. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsi ilə bağlı cavabdehin barəsində “İnzibati tənbeh vermə haqqında” 3 dəfə, yəni xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə qərarlar qəbul edilmişdir. Onlardan iksi, yəni xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlar cavabdehin şikayəti əsasında məhkəmələr tərəfindən ləğv edilsələr də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-39/2025 saylı qərarı ilə xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmdən qüvvədə saxlanılmış, həmin qərardan cavabdehin verdiyi şikayət isə təmin edilməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-39/2025 saylı qərarı qanuni qüvvəyə minmişdir.
24. Buna görə də, qəbul edilməlidir ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinin zədələnməsi, avtomobilin istismara yarasız vəziyyətə düşməsi, cavabdehin iddiaçıya münasibətdə delikt törətməsi işin mübahisəsiz halı kimi qəbul edilməli, cavabdehin dəlili isə əsassız hesab edilməlidir.
25. İşin bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
26. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi cavabdehin iddiaçıya qarşı delikt törətməklə iddiaçiya maddi zərər vurması və bu səbəbdən də cavabdehin iddiaçıya vurduğu zərəri ödəməli olması barədə iş üzrə gəldiyi nəticə əsaslıdır. Apellyasiya şikayətinin bu nəticəyə aid dəlili əsassızdır.
27. "xxxx" MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 01/02-519 Fİ nömrəli “Qüsur aktından” görünür ki, iddiaçıya məxsus “Chevrolet Cobalt” markalı, **-YB- *** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 10.935 manat (bərpa olunan hissələr üzrə 5.935 manat və görüləcək işlərlə bağlı 5.000 manat) vəsait tələb olunur.
28. İddia ərizəsindən görünür ki, iddiaçı, qeyd edilən həmin “Qüsur aktına” əsaslanar hesab edir ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 10.935 manat məbləğində pul tutulmalıdır.
29. Qeyd edilən “Qüsur aktının” əsaslılığını yoxlamaq məqsədi ilə işə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir.
30. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 9/1408 saylı rəydən görünür ki, iddiaçının avtomobilinin təmir-bərpa xərci təxminən 9.935 manat təşkil edir.
31. Rayon Məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyi nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə məhz rəydə qeyd edilən məbləğ tutulmalıdır.
32. Rəyi şübhə altına ala biləcək sübutlar (məsələn: alternativ rəy və ya qüsur aktı) cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir.
33. Apellyasiya baxışı iclasında cavabdeh bildirdi ki, o, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli rəy ilə razı deyil. Buna görə də, xahiş edir ki, iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsin.
34. Məhkəmə cavabdehin vəsatəti təmin etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə iş üzrə rəy verildikdən sonra cavabdehin vəkili (nümayəndəsi) Vəkil məhkəmə baxışı iclaslarında iştirak etmiş, müvafiq izahatlar və vəsatətlər vermiş, lakin iş üzrə əlavə və ya təkrar ekspertizanın təyin edilməsi ilə bağlı Rayon Məhkəməsinə vəsatət verməmişdir.
35. Məhkəmə qeyd edir ki, cavabdehin vəsatəti yeni sübutun əldə olunmasına yönəlmişdir. MPM-in tələblərinə görə isə, işdə iştirak edən şəxslər sübutlar təqdim etmək, vəsatətlər vermək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər (maddə 47.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1.). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.).
36. Cavabdehin yeni sübutun apellyasiya icraatı zamanı əldə olunmasını əsaslandıra bilməmişdir. Buna gərə də Məhkəmə cavabdehin vəsatətini əsassız hesab edərək, təmin etməmişdir.
37. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyi etibarlı sübut kimi qəbul etməkdə haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi
38. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Məhkəmə həmçinin bildirir ki, cavabdeh apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
41. İş üzrə digər şəxslər tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından, onlar hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
42. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 avqust 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.