Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4330/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-940/2024 saylı işi üzrə 30 may 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-940/2024 saylı, 13 fevral 2024cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-940/2024 saylı 30 may 2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına; Mülki Prosessual Məcəllənin 133.1, 360-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, məhkəmənin qətnaməsindən çıxarış xx.xx.2024-cü il tarixdə elektron portala yerləşdirilmiş, Cavabdeh qətnaməni xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmiş, sonra isə xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə ona təqdim edilmişdir. Bundan əlavə, qətnamə xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili olan Vəkil şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh nümayəndəsi vasitəsilə verdiyi apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni 1 ay 10 gün sonra verilmişdir. Göründüyü kimi cavabdeh qanunla apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və bu müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(001)-940/2024 saylı qərardadı ilə cavabdehin vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmış və qeyd edilən qərardad Vəkil elektron kabinetinə yerləşdirilmişdir. O, isə müddət bərpası barədə ərizə ilə 21 may 2024-cü il tarixdə müraciət etmiş, yəni bir ay iki gün sonra. Halbuki, o, qərardadı rəsmi qaydada aldığı gündən 10 gün müddətində qərardada uyğun tədbirlər görməli idi. Cavabdeh şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2, 357.1, 382-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə prosesi zamanı Cavabdeh iddia ərizəsində qeyd edilən ünvan 2 ünvanı olduğunu və faktiki ünvanının Bakı şəhəri, Biləcəri qəs, Kristal ünvan 3 81 olmasını qeyd etmişdir. Lakin qətnamə onun faktiki deyil, qeydiyyat ünvanına göndərilib və orada onun yaşlı anası yaşayır və o da qətnamənin ona çatmadığını qeyd edib. Qətnamənin göndərilmədiyini görən Cavabdeh 15 aprel 2024-cü il tarixində Bakı Şəhəri Binəqədi məhkəməsinə gələrək məhkəmə qəbzinə qol çəkərək məhkəmə qətnaməsini götürmüşdür. Yəni faktiki olaraq Cavabdeh aldığı iddia edilən qətnamə ona çatmamışdır. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi digər ünvan isə nəzərə alınmamışdır. Bundan əlavə, vətəndaş 15 mart tarixində qətnaməni alsa da, məhkəmə qəbzində tarix 11 mart 2024-cü il olaraq qeyd edilmişdir. Qərardadda əks edilənlər həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh elektron kabineti olmamışdır, qeyd edildiyi kimi məktub onun qeydiyyat ünvanına göndərildiyi və onun yaşlı anası nə məktub olduğunu belə anlamayıb. Cavabdeh qətnamə ona gəlib çatmadığı üçün 12 mart 2024-cü il tarixində məhkəmə katibi ilə əlaqə saxlamış və ondan sonra 15 mart 2024-cü il tarixində (daha sonradan bilib ki, məhkəmə qəbzinə tarix bizə məlum olmayan səbəbdən 11 mart 2024-cü il olaraq qeyd edilib). Anten məlumatlarının əldə edilməsi üçün müvafiq operatora müraciət edilib ki, əldə edilmiş sənədlərə əsasən müəyyən ediləcək ki, qətnamə 15 mart 2024-cü il tarixində təqdim edilmiş və Cavabdeh həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində nümayəndə və vəkil qismində iştirak etməmişdir. Vəkil apelyasiya şikayətinin verilməsi üçün 12 aprel 2024-cü il tarixində Cavabdeh ilə müqavilə bağlamış və 14 aprel 2024-cü il tarixində elektron məhkəmə sistemi vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Yəni Vəkil o iş üzrə əlavə edilməmişdir. Daha sonra Vəkil işə əlavə edildiyi barədə bildiriş gəlmədiyi üçün bu işdə sistemə əlavə edildiyini bilməmişdir. Cavabdeh icraçı çağıran zaman müəyyən etmişlər ki, apellyasiya şikayəti geri qaytarılıb. Əvvəlcə məhkəmənin özü ilə aydınlaşdırmağa çalışmış və ondan sonra müddətin bərpası ərizəsi verilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir Məcəllənin 135.6, 135.7, 135.8-ci maddələrinə əsasən: 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360-366, 385, 387; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, cavabdeh tərəfindən qətnamə xx.xx.2024-cü il tarixində məhkəmə tərəfindən ünvana göndərilmiş xəbərnaməyə imza etməklə, xx.xx.2024-cü il tarixində isə məhkəmə qəbzinə imza etməklə qəbul edilmiş, apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixində müddətin ötürülməsi ilə verilmiş, lakin cavabdeh tərəfindən ötürülən günlərin üzrlülük meyarları baxımından sübutedici dəlilləri, habelə məhkəmə baxışı zamanı məhkəməni faktiki ünvan barədə xəbərdar etməsi barədə sübutlar təqdim edilməmişdir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 940/2024 saylı işi üzrə 30 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4330/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4330/2024
15.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver