Məhkəmə qərarları › İş №2(103)-434/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-434/2024

30.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-434/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3 və X7 qarşı “pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh1 İddiaçı qarşı “çəkilmiş xərclərin əvəzinin tutulması tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyul 2023-cü il tarixli qətnamədən İddiaçı və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı, pozulmuş mülkiyyət hüququnun bərpa edilərək, cavabdehlərin onun xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 250 saylı, 0,03 hektar ölçüdə olan torpaq sahəsindən (bundan sonra – torpaq sahəsi) əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Bir müddət əvvəl iddiaçının qardaşı Bəxtiyar Əliyevin qudası olan Cavabdeh1 ona torpaq sahəsini almaq istədiyini, Lakin nağd ödəniş etməyə pulu olmadığını bildirmişdir. İddiaçı torpaq sahəsini satmaq istədiyinə görə onunla razılığa gəlmişdir. Razılaşmaya əsasən, Cavabdeh1 torpaq sahəsinin dəyəri olan 4.000 manat məbləğində pulu ayda 400-500 manat olmaqla hissə-hissə iddiaçıya ödəməli, ödəniş tam edildikdən sonra isə iddiaçı torpaq sahəsini Cavabdeh1 adına sənədləşdirməli idi. Razılaşmadan sonra Cavabdeh1 torpaq sahəsində olan, iddiaçıya məxsus vaqona köçərək orada yaşamağa başlamışdır. Lakin indiyə kimi heç bir ödəniş etməmişdir. İddiaçı, qardaşına görə səbir edib ödəniş edilməsini gözləmişdir. İddiaçı, dəfələrlə Cavabdeh1 ödəniş etməsini tələb etsə də, cavabdeh hər dəfə ona yalan vədlər verərək pulunu ödəyəcəyi barədə söz versə də, lakin son vaxtlar həmin pulu ödəməkdən ümumiyyətlə imtina etmişdir. Belə olan halda iddiaçı, pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi və cavabdehin qanunsuz sahibliyində olan əmlakından onun çıxarılması üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Cavabdeh1 da öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin alınmasına görə verilmiş 7.500 manat, torpaq sahəsində yaşayış şəraiti qurulması üçün aparılmış tikinti-abadlıq işlərinə, kommunal şəraitin qurulmasına və sair işlərə çəkilmiş xərcin əvəzi olaraq 12.500 manat, cəmi 20.000 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Qarşılıqlı iddia isə belə əsaslandırılmışdır ki, Cavabdeh1 2016-cı ildə 7.500 manat ödəniş edərək torpaq sahəsini almışdır. Bununla bağlı xx.xx.2016-cı il tarixdə iddiaçı torpaq sahəsi üçün 50 il müddətinə sərəncam hüququnu da ehtiva edən etibarnamə vermiş, torpaq sahəsini təhvil vermişdir. Cavabdeh1 torpaq sahəsində yerləşən vaqonda məskunlaşmış, öz adına işıq, qaz və su xətləri çəkdirərək sayğac qoydurmuşdur. Torpaq sahəsini daş hasara alaraq orada tikinti-abadlıq işləri görmüş, yaşamaq üçün şərait qurmuş, sanitar qovşaq inşa etdirmiş, su quyusu qazdırmış, digər tikinti işləri aparmışdır. Tikinti işləri üçün ümumilikdə 6.000 ədəddən çox daş istifadə edilmişdir. Ümumilikdə torpaq sahəsində bu işlərin görülməsinə 12.500 manat pul xərcləmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, iddiaçıya məxsus torpaq sahəsindən cavabdehlərin məcburi qaydada əşyaları ilə birlikdə çıxarılmasını, qarşılıqlı iddianın qismən təmin edilməsini, torpaq sahəsində yaxşılaşdırma xərcinin əvəzi olan 5.021 manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh1 ödənilməsini, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini, torpaq sahəsindən cavabdehlərin məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və torpaq sahəsində yaxşılaşdırma xərcinin əvəzi olan 5.021 manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh1 ödənilməsinin eyni vaxtda icra edilməsini, ekspertiza tədqiqatının dəyəri olaraq 12,55 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsini, ekspertiza tədqiqatının dəyəri olaraq 37,45 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olduğu üçün ilk iddia əsaslıdır. Cavabdeh1 torpaq sahəsinin alınması üçün 7.500 manat məbləğində pulun iddiaçıya ödəməsi sübuta yetirilmədiyi üçün həmin hissədə qarşılıqlı iddia əsassızdır. Qarşılıqlı iddianın çəkilmiş əvəzinin xərclərin ödənilməsi hissəsində isə 5.021 manat yaxşılaşdırma işləri görüldüyü təsdiq edildiyi üçün həmin vəsait iddiaçıdan tutularaq Cavabdeh1 ödənilməli, qalan hissədə isə əsassız hesab edilməlidir. c) apellyasiya şikayətləri barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

8. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi iddiaçıya məxsus olduğundan, Cavabdeh1 torpaq sahəsində tikili inşa etməsinin hər hansı bir qanuni əsası mövcud deyil. Həmin tikililər iddiaçının razılığı olmadan inşa edildiyi üçün iddiaçı ödəniş etməli deyil. Həmçinin cavabdehlər iddiaçıya məxsus əmlakdan öz xeyirlərinə istifadə etmiş, icarə haqqı vermədən illərdir bundan yararlanmışlar. vaxtında iddiaçıya geri qaytarılsaydı iddiaçı əmlakdan gəlir əldə edə bilərdi. Bundan əlavə, Cavabdeh1 tərəfindən qoyulmuş qapı, dəmir list kimi əşyalar natura şəklində ona qaytarıla bildiyi halda pul məbləğinin tutulması əsassızdır. Bundan başqa, yaxşılaşdırma işlərinin bir qismi iddiaçı tərəfindən görülməsinə baxmayaraq, Rayon Məhkəməsi bütün işlərin dəyərini iddiaçıdan tutmaqla səhv nəticəyə gəlmişdir.

9. Cavabdeh1 da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

10. Bu apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən iddiaçıya 7.500 manat verilməsi şahid ifadələri və işdə olan digər sübutlar əsasında təsdiq edildiyi halda qarşılıqlı iddia həmin hissədə əsassız olaraq rədd edilmişdir. Bundan başqa, ekspert mövcud qiymət normativlərinə əsaslanaraq xərcləri 5.021 manat dəyərində müəyyən etmişdir. Əslində xərclər daha çoxdur, işlər görülərkən xərc daha çox çıxır, lakin ekspertiza tədqiqatı xərclərin bütün xırdalıqlarını müəyyən edə bilmir. Ona görə də yaşayış şəraitinin qurulması üçün çəkilmiş yaxşılaşdırma xərcləri kimi təmin edilməmiş hissə olan 7.479 manat pul vəsaiti də iddiaçıdan tutulmalıdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

11. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş iddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil1 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

12. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, cavabdehin apellyasiya şikayətinin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

13. İş üzrə tərəflər apellyasiya baxışının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, sonuncu məhkəmə iclasında iştirak etməmişlər.

14. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 Bakı şəhərində olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Onun vəsatətinə məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi barədə sübut əlavə edilmədiyindən və onun iclasa gəlməməsi iddiaçının özünün iştirakını istisna etmədiyindən vəsatət əsassız hesab edilərək rədd edilmişdir.

15. İş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

16. Göstərilənləri nəzərə alan Məhkəmə, işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. e) apellyasiya baxışının hədləri barədə məlumat

18. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, ilk iddia tələbi təmin olunsa da, qətnamənin ilk iddiaya aid hissəsi cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. İddiaçı qarşılıqlı iddianın təmin edilməsi hissəsində, cavabdehlər isə qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnaməni mübahisələndirmişlər.

19. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

21. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, Rayon Məhkəməsinin qətnaməsinin mübahisələndirilməmiş və artıq qüvvəyə minmiş hissəsi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir və cavabdehlər əşyaları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılmalıdır.

23. tərəflər arasında mübahisə doğuran birinci məsələ, cavabdehin torpaq sahəsinə görə 7.500 manat ödəniş edib etməməsi məsələsidir.

24. Cavabdeh1 bildirir ki, torpaq sahəsinə görə 7.500 manat ödəniş etmişdir. Hazırda iddiaçı torpaq sahəsini geri tələb etdiyi üçün onun ödədiyi 7.500 manatı geri qaytarmalıdır.

25. İddiaçı isə bildirir ki, cavabdeh tərəfindən ona hər hansı ödəniş edilməmişdir.

26. Məhkəmə qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Hazırki halda, iddiaçıya 7.500 manat verilməsini sübuta yetirmək vəzifəsi Cavabdeh1 üzərinə düşür. Lakin Cavabdeh1 tərəfindən həmin vəsaitin iddiaçıya verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

28. Odur ki, həmin hissədə qarşılıqlı iddianı rədd etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri müzakirə edilən hissədə əsassızdır.

29. Tərəflər arasında mübahisə doğuran ikinci məsələ cavabdehin mübahisəli torpaq sahəsində yaxşılaşdırma işləri görüb-görməməsi, həmin işlərə çəkilmiş xərcin miqdarı və xərcin əvəzinin iddiaçıdan tutulmalı olub-olmaması ilə bağlıdır.

30. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 öz ifadəsində bildirmişdir ki, İddiaçı 1990-cı illərdən onun qonşusu olmuşdur. O, İddiaçı həmin ərazidə 12 ha torpaq sahəsinə malik olmasının şahididir. İddiaçı torpaq sahəsini hissələrə bölərək satmışdır. Onun zənninə görə iddiaçının torpaq sahəsini satmasının səbəbi imkansızlıq olmuşdur. Hal-hazırda həmin evdə onun qardaşı yaşayır, o, həmin evə bəzən qonaq kimi gedir. Onun özü atasının evində yaşayır. Cavabdeh1 şəxsən tanımasa da, həmin ərazidə görmüşdür. Torpaq sahəsinə həmin ərazi iddiaçının sahibliyində olan zaman daxil olmuşdur. Orada budka var idi. Onun zənninə görə sonradan sağ hissədə taxtadan yarıtikili sanitar qovşaq tikilmişdir. Daha sonra torpaq sahəsi 5, 4, 3 ha olmaqla 3 hissəyə bölünərək satılmışdır. Torpaq sahəsinin 3 ha olan hissəsi Cavabdeh1 verilmişdir. Həmin hissədə budka və yarıtkili taxtadan sanitar qovşaq yerləşirdi. Həyətin içinə girmədiyi üçün budkada olan dəyişiklik barədə məlumatı yoxdur. Həmin budka maşın budkasına və konteynerə bənzəyirdi. Həmin ərazidə tikinti işlərinin aparılmasının şahidi olmuşdur. Usta əslən Şamaxılı olmuşdur. Zirə qəsəbəsində 15.000 əhali yaşadığı üçün orada hamı birbirini tanıyır.

31. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 21 yaşı var. İddiaçı uşaqlıqdan, Cavabdeh1 isə sonradan tanımışdır. Həmin ərazidə onun torpaq sahəsi var. Arada həmin əraziyə gedib-gəlir. Cavabdeh1 iddiaçının yanında gördükdən sonra tanımışdır. Torpaq sahəsində budka və taxtadan sanitar qovşaq kimi yarıtikili, dairəvi yarımçıq hasar olmuşdur. Cavabdeh1 həmin əraziyə köçdükdən sonra torpaq sahəsində baş vermiş dəyişikliklər haqqında məlumatı yoxdur. Həmin ərazidə olan qaz, işıq və su xətti Cavabdeh1 yaşadığı dövrdə çəkilmişdir. Su sayğacı da sonradan yəni Cavabdeh1 vaxtında quraşdırılmışdır.

32. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, onların idarələri Zirə kəndindədir. İddiaçı də Zirədə yaşayır. Onlar orada tanış olmuşlar. İddiaçının qardaşları və əmisi oğlanları ilə daha yaxın münasibəti olmuşdur. İddiaçı ilə onların vasitəsi ilə tanış olmuşdur. Təxminən 10 il əvvəl onun evində çalışmışdır. O, daş ustasıdır. Divar tikintisi ilə məşğuldur. Torpaq sahəsində sadəcə budka görmüşdür. İddiaçı orada arvadı və uşağı ilə birlikdə yaşayırdı. O, orada hasar tikmişdir. Həyətdə üzüm ağacı və çardaq olmuşdur. O, işinə görə daşın sayına uyğun olaraq bir daş 30 qəpik hesablanmaqla 500-600 manat əmək haqqı almışdır. Tikinti zamanı ona heç kim nəzarət etməmişdir. Tikinti işləri təxminən 1 həftə davam etmişdir. Həmin yerdə tikinti işi aparan zaman onun kürəkəni yanında fəhlə kimi işləmişdir.

33. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X10 öz ifadəsində bildirmişdir ki, Cavabdeh1 iş yoldaşıdır. İddiaçı isə tanımır. Həmin ərazidə hasar yarımçıq olmuşdur. Hasarın təxminən 5-6 cərgə olan üzərini o, Cavabdeh1 ilə birgə inşa etmişlər. Onlar həmçinin ayaqyolu, hamam və 1 otaq tikmişlər. Həmin ərazidə şambo qazmış və üstünə beton tökmüşlər. Həmin evin ətrafını əhatə edən hasarın hündürlüyü təxminən 10- 12 daş, yəni 2 metrdir. Cavabdeh1 tikinti zamanı sərf etdiyi əmək üçün ona hörmət etmişdir. Cavabdeh1 tikinti üçün təxminən 3.000-4.000 manat xərc çəkmiş olardı. Cavabdeh1 özü də onunla birlikdə tikinti işlərinin aparılmasında iştirak etmişdir. Hamam və tualetin tikintisi zamanı betondan da istifadə etmişlər və həmin vaxt Cavabdeh1 yoldaşı və uşaqları da ona kömək etmişlər.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Rayon Məhkəməsinə verdiyi 10/7913 nömrəli, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, mübahisəli torpaq sahəsinə baxış zamanı Cavabdeh1 tərəfindən təqdim olunan işlərin və tikinti materiallarının dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 5.021 manat məbləğində müəyyən olunmuşdur.

35. Rayon Məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsi yerində müayinə edilmiş və həmin ərazinin giriş hissəsindən daxil olarkən sağ tərəfdə 1 vaqonun, vaqonun sol tərəfində balaca koridorun sağ tərəfində isə yarımçıq tikilmiş 1 otaq aşkar edilmişdir. Həmin ərazinin giriş hissəsindən daxil olarkən sol tərəfdə olan koridorla irəli keçərkən koridorun sonunda sol tərəfdə daşdan hörülmüş, betonlanmış və üstü damla örtülmüş hamam tualet aşkar edilmiş, bundan əlavə, müəyyən edilmişdir ki, həyətdə şambo qazılmış, sayğaclar quraşdırılmışdır. Həyətdə üzüm və digər ağaclar müəyyən edilmiş, hasarın 11-12 daş hündürlüyündə hörülməsi müəyyən olunmuşdur.

36. Göstərilənlərə əsasən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi 2021-ci il tarixdə verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin ərazidə əvvəldən 1 vaqon və taxtadan yarıtikili sanitar qovşaq və yarımçıq tikilmiş hasar mövcud olmuşdur. Torpaq sahəsi iddiaçıya məxsus olduğu vaxt cavabdehlərin sahibliyinə keçmiş və iddiaçı Cavabdeh1 2016-cı il tarixdə torpaq sahəsi ilə bağlı sərəncam vermək hüququ daxil olmaqla 50 illik etibarnamə vermiş, cavabdeh tərəf 8-9 il ərzində həmin yerdə yaşamış hazırda da orada yaşayır, cavabdeh tərəf orada hasarı qaldırmış, daşdan hamam tualet tikdirmiş və üstünü betonlatdırmış və damla örtmüş, orada sambo qazdırmış, sayğac, su, qaz, işıq çəkmişdir.

37. Cavabdeh bildirir ki, torpaq sahəsində görülmüş tikinti-abadlıq işlərinə, kommunal şəraitin qurulmasına və sair işlərə isə 12.500 manat xərc çəkmişdir.

38. Lakin işdə olan və yuxarıda qeyd edilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən torpaq sahəsində olan materialların dəyərinin (zəhmət haqqı daxil olmaqla) 5.021 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh1 5.021 manatdan daha artıq xərc çəkildiyini sübut edə bilməmişdir.

39. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsində cavabdeh tərəfindən 5.021 manat dəyərində yaxşılaşdırma işləri görülmüşdür.

40. İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, cavabdeh tərəfindən torpaq sahəsində yaxşılaşdırma işləri görülərkən iddiaçının razılığı alınmadığı üçün cavabdehin çəkmiş olduğu xərcin əvəzini iddiaçıdan tələb etməyə haqqı çatmır.

41. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

42. İşdə olan AR-İ seriyalı, 367495 nömrəli, xx.xx.2016-cı il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 Bakı şəhəri, Zirə qəsəbəsinin şimal hissəsində 250 №-li sahədə yerləşən 800 kv. m. torpaq sahəsindən 350 kv. m. torpaq sahəsinə aid sərəncam hüququ da daxil olmaqla müəyyən hərəkətlər etməyi xx.xx.2060-cı il tarixədək etibar etmişdir.

43. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı ilk iddia ərizəsində göstərmişdir ki, torpaq sahəsini 4.000 manatın hissə-hissə ödənilməsi müqabilində özü Cavabdeh1 təhvil vermişdir.

44. Nəzərə alınmalıdır ki, tərəflər arasında torpaq sahəsi ilə bağlı müəyyən razılaşmanın 2016-cı ildə əldə edilməsinə baxmayaraq, daşınmaz əmlak 2021-ci ildə iddiaçının adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı, hazırki iddia ərizəsi irəli sürülənədək torpaq sahəsinin Cavabdeh1 özünün və ailə üzvlərinin – iş üzrə digər cavabdehlərin sahibliyində olduğunu bilmiş və ona qarşı hər hansı tələb irəli sürməmiş, vermiş olduğu etibarnaməni ləğv etməmiş və ya ləğv etməsi barədə cavabdehə xəbərdarlıq etməmişdir. Ona görə də Cavabdeh1 torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu iddiaçı tərəfindən sübut edilmir.

45. Qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh1 torpaq sahəsinə sahibliyi vicdanlı olmuşdur.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

47. Torpaq sahəsində aparılmış yaxşılaşdırmaların ayrıla bilən olub-olmamasının müəyyən edilməsi məqsədilə apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən məhkəməmühəndis texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9994,9/10119 №-li rəyi alınmışdır.

48. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, torpaq sahəsində görülən işlər vahid əmlakın bir hissəsi olduğuna görə, həmin işlərin əmlaka zərər vurmadan ondan ayrılması mümkün deyildir. Əmlaka zərər yetirmədən ondan ayrıla bilməsi mümkün olmayan materialların dəyəri (zəhmət haqqı daxil olmaqla) 10/7913 №-li, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən 5.021 manat təşkil edir. Tikinti-təmir işlərinin hansı tarixdə görülməsinin müəyyən olunmasına dair metodika olmadığına görə, qərardadın bu sualını cavablandırmaq mümkün olmamışdır.

49. Ekspert rəyi ilə əmlakda aparılmış yaxşılaşdırmaların ayrıla bilməyən olduğu təsdiq olunduğundan iddiaçının onların ayrıla bilən olması ilə bağlı dəlili də əsassız hesab edilir.

50. Həmçinin iddiaçı onun tərəfindən də müəyyən yaxşılaşdırma işləri aparıldığını bildirsə də, cavabdehdən fərqli olaraq bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Yaxşılaşdırma işlərinin nə zaman görülməsinin isə müəyyən edilməsi mümkün olmadığından iddiaçının şikayətinin bununla bağlı dəlili də əsassız hesab edilir. g) apellyasiya baxışının nəticəsi

51. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən MPM-nin 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.

53. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyul 2023-cü il tarixli qətnamə, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorların ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar