Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4345/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızı katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-540/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,04 ha torpaq sahəsindən istifadə edilməsinə, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına maneələrin yaradılmasının və həmin torpaq sahəsində tikiləcək tikililərin sökülməsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış, bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi onun mülkiyyətində olmaqla, oradan maneəsiz istifadə etmək cavabdeh tərəfindən pozulur, sonuncunun əməkdaşları torpaq sahəsindən sərbəst şəkildə istifadə etməsinə, orada tikinti işləri aparmasına imkan vermir, tikiləcək tikililərin söküləcəyini bildirirlər. O, dəfələrlə mülkiyyətində olan torpaq sahəsində tikinti işləri (fərdi yaşayış evi, torpaq sahəsinin ətrafına hasar çəkilməsi) aparmaq istəsə də, cavabdehin əməkdaşları tərəfindən buna imkan verilməmişdir. Hətta Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evinin eskiz layihə daxilində tikilməsinə icazə də verilmişdir. O, müxtəlif dövlət orqanlarına müraciətlər etmiş, lakin cavabdehin əməkdaşları tərəfindən ona xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə və orada tikinti işlərinin aparılmasına maneələr yaradılması davam edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-540/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,04 ha torpaq sahəsindən onun tərəfindən istifadə edilməsinə, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına maneələrın yaradılması və həmin torpaq sahəsində tikiləcək tikililərin sökülməsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qadağan edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq torpaq sahəsinin Abşeron rayon inzibati ərazi dairəsinə aid olmasını, bu növ iddialara müstəsna aidiyyət qaydalarına uyğun olaraq torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsi, yəni Abşeron Rayon Məhkəməsi tərəfindən baxılmasını (bununla bağlı apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-759/2024 saylı qətnaməsi əlavə edilmişdir), bu səbəbdən mülki işin aidiyyatı üzrə göndərilməli olmasını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, əlavə olaraq mülkiyyətində olan torpaq sahəsinin Abşeron rayonun inzibati ərazisində yerləşdiyini, iddiasının mahiyyətinin məhz mülkiyyətindən istifadəyə cavabdeh təşkilat tərəfindən yaradılan maneələrin aradan qaldırılması olmasını, hazırkı iddianı vəkilin məsləhəti ilə cavabdehin yerləşdiyi ünvan üzrə Nərimanov Rayon Məhkəməsinə verdiyini bildirmiş, işin müstəsna aidiyyət qaydalarına uyğun olaraq Abşeron Rayon Məhkəməsinə göndərilməsi məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, mülki iş baxılması üçün müstəsna aidiyyət qaydalarına uyğun olaraq Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. Göstərilən daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi müstəsna aidiyyat qaydalarını müəyyən edən mülki prosessual qanunvericliyin təsiri altına düşür. Belə ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. MPM-in 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli Plenun qərarına əsasən - müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Hazırkı mülki iş üzrə isə iddia tələbinin mahiyyəti iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,04 ha torpaq sahəsindən istifadəyə, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına və orada tikiləcək tikililərin sökülməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Göründüyü kimi, tələbin predmeti məhz daşınmaz əmlak üzərində mülkiyyət hüququna əsaslanan sahiblik hüquqlarının pozutularından iddiaçının cavabdehin hərəkətlərinə qarşı müdafiyəsinə yönəlmiş, həmin pozuntuların aradan qaldırılmasına dair iddiadır (işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)- 759/2024 saylı qətnaməsindən də görünür ki, analoji iddialara müstəsna aidiyyət üzrə Abşeron Rayon Məhkəməsində baxılır). Belə olan halda, iddianın MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməsi istisna olunur. Çünki, müstəsna aidiyyət qaydasının pozulmasına yol verilmir. Bu hal MPM-in 36.13, 40.4 və s. maddəlrindən də açıq görünür. MPM-in 44.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2 və 387.2.9-cu maddəsinin tələblərinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. MPM-in 387.3-cü maddəsinə əsasən, bu Məcəllənin 387.2.1—387.2.9cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müstəsna aidiyyət (prosessual hüquq) qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-540/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv olunsun, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4345/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4345/2025
16.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver