Məhkəmə qərarları › İş №2(103)-4351/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4351/2024

11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4351/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-431/2024 nömrəli 10 yanvar 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7117.85 manat məbləğində borc və 92 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə “Kapital Bank ASC”-nin Qubadlı filialı arasında xx.xx.2019-cu il tarixdə GTGK1547612A126 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 27.84 % olmaqla, 48 aya 12800 manat məbləğində pul ayrılmışdır. Qeyd olunan tarixdə GTGK1547612A126 saylı kredit müqaviləsinin təmin üsulu olaraq onunla "xxxx" ASC-nin Qubadlı filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə GTGK1547612A126 saylı zaminlik müqaviləsinin 3-cü bəndinə əsasən o, zamin olaraq borcalanla, yəni iş üzrə cavabdehlə bank qarşısında öhdəliklər üzrə birgə məsuliyyət daşımağa başlamışlar. O hal-hazırda Daxili İşlər Nazirliyinin əməkdaşıdır və əmək haqqı hesabı "xxxx" ASC-dədir. Cavabdeh bank qarşısında öhdəliklərini lazımı qaydada icra etmədiyinə görə yuxarıda qeyd olunan zaminlik müqaviləsinin şərtlərinə əsasən birgə məsuliyyət daşıdığı üçün ilkin olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq "xxxx" ASC tərəfindən əmək haqqı hesabından 5760.04 manat pul məbləği aksepsiz qaydada tutulmuşdur. Həmin dövrdə cavabdehin kredit borcu tam bağlanmadığına görə qalıq kredit borcu ilə bağlı əmək haqqından aksepsiz tutulmalar davam etməyə başlamışdır. Halhazırda kredit borcu tam olaraq ödənilmişdir. xx.xx.2019- cu il tarixdə GTGK1547612A126 saylı zaminlik müqaviləsinin 9-cu bəndinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcları habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan aksepsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından tutula bilər. Əmək haqqı hesabından 2022-ci il sentyabr – 2023 -sentyabr aylarında edilən tutulmalar aşağıdakı qaydada aparılmış və əmək haqqı hesabından çıxarışda öz əksini tapmışdır: xx.xx.2022-ci il tarix – 1209.93 manat; xx.xx.2022-ci il tarix – 458.37 manat; xx.xx.2022-ci il tarix – 463.24 manat; xx.xx.2022-ci il tarix – 456.65 manat; xx.xx.2023-cü il tarix – 451.82 manat; xx.xx.2023-cü il tarix – 462.34 manat; xx.xx.2023-cü il tarix – 447.45 manat; xx.xx.2023-cü il tarix – 455.20 manat; xx.xx.2023-cü il tarix – 455.38 manat; xx.xx.2023-cü il tarix – 450.33 manat; xx.xx.2023-cü il tarix – 458.68 manat; xx.xx.2023-cü il tarix – 453.39 manat; xx.xx.2023-cü il tarix – 894.89 manat olmaqla, cəmi 7117.85 manat. Qeyd olunan tutulmalar barədə qanunvericiliyin tələbi üzrə xx.xx.2023-cü il tarixdə borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Ancaq cavabdeh öhdəliyini icra etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 yanvar 2024-cü il tarixli 2(007)-431/2024 nömrəli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 7117.85 manat məbləğində pul vəsaiti və ödənilmiş 92 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı ərizə təqdim edərək, göstərmişdir ki, xx.xx.2022ci il tarixli 1209,93 manat əmək haqqı hesabından tutulmuş məbləğin digər məhkəmə qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Odur ki, iddia tələbinin 1209,93 manat hissəsindən imtina edir. Hərəkətlərinin prosessual nəticəsi ona aydındır. Kollegiya iddiaçının bu hissədə iddiadan imtina barədə ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi qismən - iddia tələbinin - Cavabdeh İddiaçı xeyrinə 1209,93 manat tutulması hissəsində ləğv edilməklə, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, qətnamə qismən - iddia tələbinin - Cavabdeh İddiaçı xeyrinə 1209,93 manat tutulması hissəsində ləğv edilməklə, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-431/2024 nömrəli 10 yanvar 2024cü il tarixli qətnaməsi qismən – iddia tələbinin - Cavabdeh İddiaçı xeyrinə 1209,93 manat tutulması hissəsində ləğv edilsin və həmin hissədə işə xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar