Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4354/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Binəqədi Rayon İcra Şöbəsinə qarşı “icraatın dayandırılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-3665/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsində "xxxx" ASC-yə münasibətdə aparılan icraatın dayandırılmasını və "xxxx" ASCyə məxsus olan və üzərinə həbs qoyulan ******* manat məbləğində pul vəsaitinin həbsdə saxlanılması və həmin məbləğin banklardan götürülməsi üzrə aparılan icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3665/2023 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsində "xxxx" ASC-yə münasibətdə aparılan icraatın dayandırılmasını və "xxxx" ASC-yə məxsus olan və üzərinə həbs qoyulan ******* manat məbləğində pul vəsaitinin həbsdə saxlanılması və həmin məbləğin banklardan götürülməsi üzrə aparılan icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin Binəqədi Rayon Məhkəməsi xx.xx.2023- cü il tarixli e- 2(001)-3665/2023 saylı qərardadı ilə iddiaçının iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. Aşağıdakı əsaslara görə qərardadı qanunsuz sayılır: Binəqədi Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli e-2(001)-3665/2023 saylı qərardadında qeyd etmişdir ki, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat icra məmuru tərəfindən məcburi olaraq dayandırılır. Belə ki, məhkəmə bildirmişdir ki ərizə icra icraatı qaydasında verilmiş olsaydı belə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə icra məmuru tərəfindən baxılmalıdır. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Göründüyü kimi, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət edə bilərlər. Bu səbəbdən "xxxx" ASC öz hüquqlarını müdafiə etmək üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə isə qanunvericiliyin tələblərini düzgün tətbiq edə bilmədiyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. Bununlada "xxxx" ASC-nin hüquqlarını məhdudlaşdırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3665/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizədən göründüyü kimi iddiaçı icra icraatı qaydasında olan mübahisə ilə bağlı icra sənədi üzrə icraatın dayandırılmasını xahiş edir. Lakin iddiaçı məhkəməyə elektron qaydada iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formaları (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulmuşdu. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması iddia ərizəsi olduğu halda, icra icraatı qaydasında məhkəmə iddia ərizəsi ilə müraciət edilməsi nəzərdə tutulmamışdır. Hansı ki, Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Mülki məhkəmə icraatı qaydasında baxılan işlərin əksəriyyəti iddia icraatı qaydasında baxılır. İddia icraatı məhkəmənin maddi hüquq münasibətindən irəli gələn mübahisə üzrə mülki işə prosessual hüquq normaları əsasında baxılmasında və həll edilməsində ifadə edilən fəaliyyətidir. İddia icraatının başlanılması iddia hüququnun realizəsi ilə həyata keçirilir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Bununla yanaşı Mülki-Prosessual Məcəllənin 231-ci maddəsinin tələbi baxımından qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi məsələlərə icra icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. İddiaçı ərizəsində icra sənədi üzrə icraatın dayandırılmasını ona görə tələb edir ki, ******* manat pul vəsaitinin üzərinə həbs qoyulması barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-376/2023 saylı qərardadından şikayət vermişdir və şikayətə hazırda apellyasiya məhkəməsində baxılır. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsində göstərilmişdir ki, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat icra məmuru tərəfindən məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, hətta ərizə icra icraatı qaydasında verilmiş olsaydı belə, qanunun 17-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icra sənədi üzrə icraatın dayandırılması məsələsinə icra məmuru tərəfindən baxılmalıdır. Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tələbi baxımından ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından qəbul edilməsindən imtina olunmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsində qeyd edilmişdir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edilən lərə əsasən kollegiya hesab edir ki, hazırki ərizə iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmayan olmaqla, birinci instansiya məhkəməsi tərəfindən iddianın yolverilməzliyi müddəasının tələbləri baxımından icraata qəbulundan haqlı olaraq imtina edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla şikayətin dəlilləri onun ləğv edilməsinə əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq,i rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-3665/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4354/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4354/2023
03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver