Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4356/2022 09.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və onun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(003)-60/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 3600 ABŞ dolları və 1330 manat məbləğində pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, o, xalası qızı Cavabdeh 2018-ci ilin oktyabr ayında 2500 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. Daha sonra 2019-cu ilin fevral ayında 1100 ABŞ dolları və 1330 manat pulu borc kimi ona vermişdir. Cavabeh Cavabdeh ona olan borcunu 2019-cu ilin may ayında qaytaracağına dair yazılı qəbz imzalasa da hal-hazıradək borcunu ödəməmişdir. Bu barədə tərəfindən polisə şikayət edilmiş, Xəzər RPİ-nin 1-ci PŞ-nın təhqiqatçısı Zaur Babayevin 17 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(003)-60/2021 saylı qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia qismən təmin olunmuş, Cavabdeh 2500 ABŞ dolları (ödəniş günü qüvvədə olan manatla məzənnədə), 1330 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının alınaraq iddiaçıya ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş 10 manatın isə iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-8745/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(102)-1744/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-8745/2021 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prossesual hüquq normalarının pozulması, iddia tələbində göstərilən məbləğlərin ona borc verilməsinə dair iddiaçı tərəfindən mötəbər sübutların təqdim olunmaması, üzərində anlaşılmayan qeydləri olan əsassız kağız parçasının təqdim olunması, şahidlərin iddiaçı ilə ziddiyyətli ifadələr verməsi, məhkəmənin bu hala diqqət yetirməməsi, iddiaçıdan yalnız 700 manat və 1000 manat olmaqla cəmi 1700 manat borc pul alması, həmin pulların da artıqlaması ilə qaytarması (700 manat əvəzinə 700 ABŞ dolları, 1000 manat əvəzinə 2000 manat), iddiaçıya borcunun qalmaması, iddianın tam rədd olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissələrində ləğv olunmalı, iddianın həmin hissədə qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, tərəflər qohum olmaqla, aralarında borc münasibətləri mövcud olmuş, lakin borcun qaytarılmaması ilə bağlı mübahisə yaranmışdır. Ona görə iddiaçı hazırki mübahisəni başlatmışdır. Qeyd edildiyi kimi əvvəllər tərəflər arasında borc münasibətlərinin olması işin sübuta yetirilmiş halıdır. Belə ki, iş materiallarında olan (mülki iş, səhifə 10) Xəzər RPİ-nin 1-ci PŞ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 dekabr 2019-cu il tarixli qərarından və cavabdehin özünün məhkəmə iclasındakı etirafı ilə cavabdeh əvvəllər iddiaçıdan bir dəfə 700 manat, daha sonra 1000 manat aldığını, lakin artıqlamasıyla qaytardığını təsdiq etmişdir. Cavabdehin bunu etiraf etməsi iddiaçını həmin halı sübutetmə vəzifəsindən azad edir. Cavabdeh tərəf isə iddiaçıdan aldığı həmin 1700 manat pulu qaytarmasını bildirsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazını yalnız izahatları ilə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Eyni zamanda kassasiya instansiyası qərarında göstərmişdir ki, məhkəmələr hazırkı mübahisəni həll etmək üçün hüquqi dəyərləndirməni cavabdehin etirafı üzərində qurmuş olsaydılar, daha obyektiv qərarın qəbul edilməsinə nail ola bilərdi. Belə ki, işdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 dekabr 2019-cu il tarixli qərardan görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl polis orqanlarına müraciət etmiş və onun şikayəti ilə bağlı araşdırma aparılmış, cavabdehin izahatı alınmışdır. Həmin qərardan görünür ki, cavabdeh iddiaçıdan əvvəlcə 700 manat, sonra isə 1000 manat aldığını etiraf etmiş, lakin bütün vəsaiti geri qaytardığını bildirmişdir. Pulun geri qaytarılması halını sübut etmə yükü cavabdehin üzərinə düşür. Məhkəməyə lazım gəlirdi ki, sübutetmə vəzifəsinin bölüşdürülməsi ilə bağlı məsələni həll etdikdən sonra tərəflərin həmin vəzifənin öhdəsindən hansı səviyyədə gəlmələrini nəzərə alaraq mübahisə üzrə yekun dəyərldəndirmə aparsın. Göründüyü kimi, iddia 1700 manat həddində əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi şahidlərin ifadələrinə əsaslanaraq iddianı daha yuxarı məbləğdə təmin etmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş Ağayeva Leyla Şirxan qızı bildirmişdir ki, iddiaçı ilə qonşu olmaqla rəfiqədirlər. Mairə ilə o, Leylanın evində olarkən onun evinə bir qadın gəlmiş və Leyladan pul istəmişdir. Leyla 2500 ABŞ dolları sayaraq həmin qadına vermişdir. Sonradan bilmişlər ki, həmin qadın Leylanın xalası qızı olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş Kərimova Mairə Şiyab qızı bildirmişdir ki, iddiaçı ilə qonşu olmaqla rəfiqədirlər. 2019-cu ilin fevral ayında Leylanın evində olarkən onun evinə bir qadın gəlmiş və Leyladan pul istəmişdir. Leyla 2500 ABŞ dolları sayaraq həmin qadına vermişdir. Sonradan bilmişlər ki, həmin qadın Leylanın xalası qızı olmuşdur Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, Leylanı 38 ildir ki tanıyır. Leyla ona bildirmişdir ki, xalası qızı Dilarəyə pul lazım olduğundan ona 1500 ABŞ dolları pul versin. O, da vermişdir. O, öz pulunu geri istəyəndə isə Leyla bildirmişdir ki, Dilarə hələ pulu qaytarmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, Dilarənin əridir. Dilarə iddiaçıdan 700 manat pul almış, 700 ABŞ dolları qaytarmışdır. Sonra 1000 manat almış 2000 manat qaytarmışdır. Həmin pullar faizə verilmiş və qaytarılmışdır. Hazırda Dilarənin iddiaçıya heç bir borcu qalmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, Dilarənin gəlinidir. Yeni ailə qurduğu vaxtlarda ailədə maddi çətinliklər olduğundan Dilarə Leyladan 700 ABŞ dolları pul almış, faizi ilə birlikdə qaytarmışdır. Daha sonra 1000 manat almış, 2000 manat qaytarmışdır. Kassasiya instansiyası qərarında şahidlərin ifadələri ilə bağlı göstərmişdir ki, məhkəmə iclasında iddia tələbinə dair təsdiqedici ifadə vermiş şəxslərdən 2-si iddiaçının qonşusu, eyni zamanda rəfiqəsi, digəri isə 38 illik tanışı olmuşdur. Məhkəmə iddiaçı və şahidlər arasındakı şəxsi münasibətləri qiymətləndirmədən, şahid ifadələrinin mötəbərli sübut olması qənaətinə gəlmişdir. Şahid ifadələri sübutun bir növüdür və borc münasibətlərinə dair işlərdə ondan istifadə olunması istisna deyil. Lakin, müəyyən kateqoriya tələblər üzrə mötəbər sübutlar o sübutlar hesab olunur ki, onlar faktın mövcudluğunu etibarlı surətdə təsdiq etmiş olsun. Hazırkı işdə iddiaçıların yaxın rəfiqələrinin deməsinə görə cavabdehdən pul məbləği tutulmuşdur. Məhkəmə bir halda şahidlərin ifadələrini etibarlı hesab etmiş, digər halda isə (cavabdehin şahidləri) onların mötəbərliliyinə qiymət verməmiş, hansı əsaslarla bir tərəfin şahidlərinin ifadəsinin doğru, digər tərəfin şahidlərinin ifadəsinin doğru olmamasına dair fikir bildirməmişdir. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Məsələn, tərəflər arasında borcun mövcudluğuna dair notariusda təsdiq olunan saziş olmadığı halda adətən məhkəmə təcrübəsində tərəflər arasında borcun etirafına dair yazılı iltizam, borcun etiraf olunması, bir neçə şahidin iştirakı ilə tərtib olunmuş bir sənəd və.s daha etibarlı sübut hesab olunur. Hazırkı işdə iddiaçının tələb etdiyi məbləği cavabdehə verməsinə dair etibarlı sübutlar mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya instansiyasının da hüquqi mövqeyini və göstərişlərini nəzərə alaraq qeyd edir ki, iddiaçı ilkin olaraq cavabdehə məhz iddia olunan məbləğlərdə borc verməsini mötəbər (əsaslı şübhə yeri qalmayan) sübutlarla təsdiq etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı). Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 14.2, 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Kassasiya instansiyasının da qeyd etdiyi kimi, ifadə vermiş şəxslərdən 2-si iddiaçının qonşusu, eyni zamanda rəfiqəsi, digəri isə 38 illik tanışı olmuşdur. Belə olan halda şahidlərin məhz iddiaçının mövqeyindən çıxış etməsi anlaşılandır. Bununla yanaşı, şahid X1 ifadəsində məhz iddiaçının ona deməsindən cavabdehə pul verməsini bidiyini qeyd etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ziddiyyətli şahid ifadələrini işin hallarına və tərəflərə münasibətdə obyektiv qiymətləndirməmiş, bununla da səhv nəticəyə gəlmişdir. İddiaçı həmçinin sübut kimi yazılı qəbz təqdim etmişdir. Lakin həmin qəbzdən tərəflər arasında iddia olunan borcun yaranması, mövcudluğu və s. zəruri hallarla bağlı aydın, anlaşılan formada hər hansı qeyd mövcud deyildir. İddiaçının nümayəndəsi orada göstərilən rəqəmlərin məhz cavabdeh tərəfindən götürülmüş və qaytarılmalı olan borcun məbləğini əks etdirməsini iddia etdiyi halda, cavabdeh bununla razılaşmamış, həmin rəqəmlərin qaytarılmış pul vəsaitləri olmasını bildirmişdir. Hər bir halda təqdim olunmuş qəbz aydın və anlaşılan formada tərtib olunmamaqla, orada qeyd edilmiş rəqəmlərin özlüyündə nəyi ehtiva etməsi, hansı münasibətlərdən yaranması və s. hallar ziddiyyətli olmaqla, birmənalı qəbul edilmədiyindən iddianın təmin olunması üçün yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, Kollegiya, yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında 1700 manat icra edilməmiş öhdəliyi qalmışdır. Mülki Məcəllənin (bundan sonra, MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia yoxlanılan qalan hissələrdə təmin oluna bilməz. Çünki, iddiaçı qalan hissələrdə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 1700 manat pul tutulmalı, iddia yoxlanılan qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qətnamə məhkəmə xərcinin tutulma hissəsində də ləğv olunmalı, cavabdehdən dövlət rüsumuna görə ödənilmiş 30 manat pul alınaraq iddiaçıya verilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(003)-60/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(003)- 60/2021 saylı qətnaməsi yoxlanılan hissədə (yəni, Cavabdeh 2500 ABŞ dolları ödəniş günü qüvvədə olan manatla məzənnədə və 1330 manat pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində) ləğv olunsun, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 1700 (bir min yeddi yüz) manat pul vəsaiti tutulsun, iddia yoxlanılan qalan hissədə təmin olunmasın. Qətnamə həmçinin məhkəmə xərcinin tutulması hissədə (yəni, “dövlət rüsumuna görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının alınaraq iddiaçıya ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş 10 manatın isə iddiaçının özünə aid edilməsi” hissədə) ləğv olunsun, Cavabdeh dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4356/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4356/2022
09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver