Məhkəmə qərarları › İş №2(103)-4359/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4359/2025

30.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4359/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 QSC BOKT və Cavabdeh2 MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi”) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1 QSC-nin nümayəndəsi X2, Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC BOKT və Cavabdeh2 MMC-yə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2629/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 617/2022 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun tutulmasının ipoteka predmeti olan nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin açıq hərracdan satılması və sair” tələblərinə dair ilkin iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsi üzrə əsas borca görə 21572,57 ABŞ dolları, faiz borcuna görə 6292,68 ABŞ dolları olmaqla cəmi 27865,25 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 248,08 manat Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması, İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 manat dövlət nəfinə tutulması, İddiaçı mülkiyyətində olan “Dodge Durango” minik markalı **-HL-*** qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 36000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi; İddiaçı Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına qarşı Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı ilə bağladığı xx.xx.2013-cü il tarixli, 01270 nömrəli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli 01270 saylı ipoteka müqaviləsinə iddia müddətinin keçməsi səbəbindən öhdəlik münasibətlərinə xitam verilməsinə, “Dodge Durango” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ipoteka yüklülüyündən azad olunmasının Aqrarkredit QSC-yə həvalə edilməsinə dair qarşlıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

2. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6262/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edildiyi hissədə ləğv edilmiş və həmin hissədə də iddia müddətinin ötürülməsi əsası ilə iddia təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

3. Həmin qətnamədən Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-579/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6262/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 QSC BOKT və Cavabdeh2 MMC-yə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 yanvar 2025-ci il tarixinə adında göstərilən 30.996 ABŞ dolları (24.703 ABŞ dolları əsas borc və 6.293 ABŞ dolları faiz məbləği) kredit məbləğinin silinməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 QSC BOKT və Cavabdeh2 MMC-nin üzərinə qoyulması, 27 sentyabr 2013-cü il tarixli, 1270 saylı kredit müqaviləsi üzrə onun kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin Cavabdeh1 QSC BOKT-a həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, borc verən "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1270 saylı kredit müqaviləsinə əsasən, bank borcalana avtomobil alınması məqsədi ilə 36 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək qaytarmaq, illik 17% ödəmək şərti ilə 41.294 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Sahmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə baglı sagİamİaşdırma tədbirləri haqqında" Azərbaycan Respublikasi Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cu maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin probbemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("X5 Edilməsi Agentllyl" MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın-alınması ilə bağlı ona dair sənədlər S-AVK-1463 saylı, 24 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən, "xxxx" QSC-yə verilmişdir. Göstərilən hüquqlardan istifadə edərək cavabdeh "xxxx" QSC BOKT ona qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına qarşı Azərbaycan Beynəlxalq Bank ASC-nin Sənaye filialı ilə bağladığı xx.xx.2013-cü il tarixli 01270 nömrəli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli 01270 saylı ipoteka müqaviləsinə əsasən, iddia müddətinin keçməsi səbəbindən Aqrarkredit QSC-yə qarşı öhdəlik münasibətlərinə xitam verilməsi, “Dodge Durango” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ipoteka yüklülüyündən azad olunmasının Cavabdeh1 QSC-yə həvalə edilməsinə dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının ilkin iddia ərizəsi qismən təmin edilmiş, ondan xx.xx.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsi üzrə əsas borca görə 21.572,57 ABŞ dolları, faiz borcuna görə 6.292,68 ABŞ dolları olmaqla cəmi 27.865,25 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 248,08 manat Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması, mülkiyyətində olan “Dodge Durango” minik markalı **-HL-*** qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 36.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi qət edilmiş, onun qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6262/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddia təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-579/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6262/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra o, bir neçə dəfə digər Cavabdeh2 MMC-yə müraciət edərək kredit tarixçəsində göstərilən borc məbləğinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mövcud olmadığını, faiz və dəbbə pulu ilə bağlı digər tələblərin də məhkəmə tərəfindən təmin edilmədiyinə görə onun kredit tarixçəsindən, yəni həmin borcların silinməsini xahiş etsə də qanuni tələbi yerinə yetirilməmişdir. Yuxarıda göstərilən məhkəmə qərarları sübut edir ki, Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatı iddia müddətini buraxdığı üçün borcludan məcburi qaydada kredit borcunu tələb etmək hüququ yoxdur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2629/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq kredit müqaviləsi üzrə müqavilə tərəfi İddiaçı müqavilə üzrə öhdəsinə düşən vəzifələrə əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. İddiaçı qarşı iddia tələbi isə məhz iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddətinin ötürülməsi öhdəliyin xitamına səbəb olmamaqla sadəcə iddiaçı (bank) tərəfindən tələb etmə hüququnun itirilməsi ilə nəticələnir. Yəni, iddia müddəti ötürüldükdə iddiaçı tərəfindən tələbin məhkəmə qaydasında realizə edilərək təmin edilməsi mümkün hesab edilmir. Bunun əsası qismində qanunla imperativ qaydada müəyyənləşdirilmiş iddia müddətinin ötürülməsi çıxış edir. Lakin, icra edilməmiş öhdəlik qüvvədə qalmaqda davam edir. Çünki, öhdəliyə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsində (həmçinin müqavilə üzrə) konkret olaraq müəyyənləşdirilmişdir.

8. Hazırki mülki iş üzrə kredit müqaviləsi üzrə əsas borclu tərəfindən öhdəliyin icra olunmaması və ya öhdəliyə xitam verilməməsi mülki işin mübahisəsiz halıdır. Bu səbəbdən, icra edilməmiş öhdəliyə görə iddia müddətinin keçməsi əsası ilə öhdəliyin xitamı və bu barədə vahid məlumat bazasında informasiyanın yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanuni və əsaslı hesab edilə bilməz. "xxxx" MMC-də saxlanılan məlumatlar data (informasiya) xarakterlidir, hər hansı əlavə öhdəliyin yaranması səbəb olmur. Hazırki mülki iş üzrə "xxxx" MMC-də iddiaçı barəsində mövcud olan məlumatlar həqiqidir.

9. Mülki iş üzrə Cavabdeh2 MMC əsl olmayan cavabdehdir. Belə ki, iddia tələbi təmin olunacağı təqdirdə belə öhdəlik onun üzərinə deyil, Cavabdeh1 QSC Qeyri Bank Kredit Təşkilatının üzərinə qoyulmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 385.1 və 527.1-ci maddələrinə; “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2629/2025 nömrəli, 30 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 QSC BOKT, ona qarşı kredit müqaviləsi üzrə borc və sair iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. O, isə cavab olaraq xx.xx.2013-cü il tarixli kredit və ipoteka müqavilələrinə əsasən, iddia müddətinin keçməsi səbəbilə öhdəliyə xitam verilməsi və **- HL-*** dövlət nömrə nişanlı “Dodge Durango” markalı avtomobilin ipoteka yüklülüyündən azad olunması tələbi ilə qarşılıqlı iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-617/2022 saylı qətnaməsi ilə Cavabdeh1in ilkin iddiası qismən təmin edilmiş, ondan xx.xx.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsi üzrəəsas borca görə 2.152,57 ABŞ dolları, faiz borcuna görə 6.292,68 ABŞ dolları olmaqla, cəmi 27.865,25 ABŞ dolları borcun və 248,08 manat dövlət rüsumunun ödənilməsi, mülkiyyətində olan Dodge Durango minik markalı 90-HL775 qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 36000 min manat olmaqla açıq hərracda satılması və əldə edilən vəsaitin borca yönəldilməsi qərara alınmış, qarşılıqlı iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(103)-6262/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, ilkin iddianın təmin edildiyi hissəni ləğv etmiş, digər hissələri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-579/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6262/2022 nömrəli 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan o, borcun silinməsi üçün Cavabdeh2 MMC-yə müraciət etsə də, bu tələb yerinə yetirilməmişdir. Məhkəmə qərarları göstərir ki, Cavabdeh1 QSC iddia müddətini keçirdiyindən, artıq borcu məcburi qaydada tələb etmək hüququna malik deyildir. Lakin “X5 edilmsi Agentliyi” MMC-nin verdiyi cavabdan məlum olur ki, borcun silinməsi məhkəmə qətnaməsində qeyd olunmadığından, qalıq borcun qaytarılması ilə bağlı tədbir görülməsi tələb olunmuşdur. Bununla da, dövlətin adından çıxarılmış qətnamə bütün hüquqi və fiziki şəxslər üçün məcburi olsa da belə lakin göründüyü kimi hazırda həmin qətnamə icra olunmayaraq əksinə pul tələb edilir. “Kredit Büroları” haqqında Qanuna əsasən MKR məlumatları və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil etmiş olduğu elektron portal məlumatları, mühasib registrindəki hesabatlara əsasən icbari qaydada vaxtaşırı yenilənən məlumatlardır. Bu məlumatlar mötəbər əsaslara söykənməlidir. Qüvvədə olan qərara əsasən artıq onun hər hansı bir öhdəliyi olmadığından bu barədə kredit borcunun olmaması ilə bağlı "xxxx" MMC-yə məlumat verilməli və kredit borcu silinməlidir. Bununla bağlı bildirmişdir ki, Azərbaycan Konstitusiya Məhkəməsinin “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli Plenum Qərarına əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmçinin, Məhkəmənin Plenumu qeyd edir ki, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Bu yanaşma, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi qaydada icra etdirmək imkanına qoyulmuş hüquqi məhdudiyyət kimi çıxış edir. Belə olan halda, kredit üzrə öhdəliyin hüquqi baxımdan artıq mübahisələndirilməsi mümkün deyilsə, həmin öhdəliklə bağlı məlumatların saxlanması hər hansı qanuni maraqla əsaslandırıla bilməz. Başqa sözlə, real hüquqi nəticə doğurmayan məlumatın uzun müddət saxlanması nə qanuni məqsəd daşıyır, nə də hüquqi baxımdan mütənasib hesab edilə bilər. Əlavə olaraq bildirir ki, şəxsin maliyyə xarakterli öhdəlikləri ilə bağlı məlumatlarının saxlanmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda, zərurətə əsaslanan, konkret məqsədlərlə, həmçinin mütənasib və məhdud zaman kəsiyində yol verilməlidir. Əks təqdirdə, bu cür məlumatların uzunmüddətli saxlanılması şəxsi həyatın toxunulmazlığı hüququ ilə qanuni maraqlar arasında balansın pozulmasına gətirib çıxara bilər ki, bu da hüququn mahiyyətinə uyğun gəlmir. Birinci instansiya məhkəməsi işə baxarkən məsələyə formal yanaşmış və saxlanılan məlumatların sadəcə “informasiya (data)” xarakteri daşıdığını qeyd etməklə kifayətlənmişdir. Halbuki, şəxsin bu cür maliyyə məlumatlarının saxlanılması onun şəxsi həyatına birbaşa və əhəmiyyətli dərəcdə təsir göstərməkdədir. Belə ki, bu məlumatların saxlanması şəxsin kredit alma imkanlarının məhdudlaşdırılmaqla onun vəziyyətinə mənfi təsir edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. müqavilə 2013-cü il tarixində Beynəlxalq Banka bağlanmışdır. İddiaçı Beynəlxalq Bankın öhdəliklərinin Cavabdeh1 QSC-yə keçməsi barədə məlumatı olmamışdır. Öhdəliklər başqa bir kredit təşkilatına keçənə qədər ipoteka predmeti olan avtomobil bankın razlığı əsasında Rzayeva Dilbərə vermişdir. Daha sonra bütün öhdəliklərin Rzayeva Dilbərə keçməsi barədə məlumat verilmişdir. Avtomobil Dilbər xanımın istifadəsində olmuşdur. 2018-ci ildə Dilbər xanım tərəfindən 1000 dollar ödənilmişdir. Bu müddətə qədər Turkan xanıma məlumat verilməmişdir ki, müqavilə üzrə öhdəliklər onun adında qalmışdır. Türkan xanımın illər ərzində bu məsələdən məlumatı olmamışdır. Avtomobilin texniki pasportu və digər sənədləri Dilbər xanımda olmuşdur. İddiaçı 2013-cü ildən bugünə qədər hansı banka müraciət edirsə ona kredit verilmir. Bu Bu məlumat Azərbaycan Kredit Bürosu MMC-dən silinmir. Bu pulun tutulmasına ümid yoxdur. Biz bu məlumatların silinməsini xahiş edirik. Həmin məlumatın qalması iddiaçının yeni müqavillər bağlamasına maneə törədir. Sistemdəki məlumatların informasiya xarakterli olmasına baxmayaraq iddiaçı üçün hər tərəfdən maneəçilik törədir.Bu borcun alınmasına dair ümid yoxdur. Məlumatların orada saxlanılması bank üçün hər-hansı öhdəliklər yaratmır. Bu məlumatlardan vaxtında iddiaçı məlumatlı olsa idi, bank tərəfindən məlumat verilsə idi belə olmazdı. 2014-cü ildə Beynəlxalq bankda müqavilə bağlanmışdır və həmin müqavilə əsasında bütün öhdəliklər Rzayeva Dilbərə ötürülmüşdür. Bu bildirişlər iddiaçıya gəldə idi, həmin vaxt iddiaçı öhdəliyin icrasını tələb edərdi. Hazırda bu barədə sənədlərin harada olmasından məlumatımız olmamışdır. Ödənişlər isə Rzayeva Dilbər tərəfindən ödənilmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qarşı tərəf bildirir ki, tələb hüququ ötürülən zaman iddiaçının razılığı alınmamışdır. Lakin MM-də qeyd edilmişdir ki, tələb hüququ ötürülən zaman borclunun razılığı alınmır, sadəcə olaraq borcluya məlumat verilir. Tələb hüququ ötürürlən zaman borcluların hamısına məlumat verilmir. Kredt müqaviləsi və ipoteka müqaviləsi iddiaçının adınadır. Biz bugün bank olaraq tələb hüququnu məhkəmə qaydasında ötürmüşük. Lakin bu iddiaçını öhdəlikdən azad etmir. İddiaçı kredit götürən zaman bundan məlumatlı idi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qarşı tərəf bildirir ki, iddiaçının məlumatı olmamışdr, lakin o krediti götürən zaman bundan məlumatlı idi. Kredit götürülübsə öhdəlik icra olunmalıdır. İddia müddətinin keçməsi bankdan və MKR-dən borcun silinməsinə səbəb olmur.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22. 5.3-cü maddəsinə görə öhdəliyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

24. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

25. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. 527-ci maddəsinin tələblərinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.

27. 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. ... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.

30. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 6.1-6.4-cü bəndlərinə, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, həmin normativ hüquqi aktlarla kredit təşkilatının borcalana qarşı verdiyi iddianın nəticəsi barədə kredit reyestrinə məlumatın verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olan məlumatların siyahısı qeyd olunmuşdur ki, onların arasında müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borc öhdəliyinin təminatı; balansdan silinmiş ümidsiz borc və s. daxildir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İş materiallarından göründüyü kimi iddiaçının istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6262/2022 nömrəli qətnaməsi ilə onun bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddia verilməsi əsası ilə rədd olunmuşdur.

34. Mülki Məcəllənin yuxarıda sadalanan normalarının məzmunundan göründüyü kimi, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi də öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Öhdəliklərə tamamilə və ya qismən xitam verilməsinin bir sıra əsasları Mülki Məcəllənin 527-ci maddəsində müəyyən edilmişdir. Həmin maddədə isə iddia müddətinin keçməsi və bu institutun məhkəmə tərəfindən tətbiq edilməsi nəticəsində iddianın rədd olunması borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi kimi əsas nəzərdə tutulmamışdır.

35. Belə ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Qanunvericilik heç bir halda iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini öhdəliyə xitam verilməsi üçün əsas kimi tanımır. Təsadüfi deyil ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

36. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqe də ondan ibarətdir ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.

37. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı).

38. Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2629/2025 nömrəli, 30 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmdən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar