Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4363/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı QƏTNAMƏSİ (Açar sözlər: vicdanlı sahibin əmlaka çəkdiyi zəruri xərclərin və yaxşılaşdırmaların əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X12 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «vicdanlı sahibin əmlaka çəkdiyi zəruri xərclərin və yaxşılaşdırmaların əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 18 iyul 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X7 ilə xx.xx.1987-ci ildə ailə qurmuş, bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, 4 mikrorayon, Mir Cəlal küçəsi, ev 10, 165 saylı mənzilə (bundan sonra, mübahisəli mənzil) köçmüş və hal-hazıradək həmin mənzildə yaşamaqdadır.
2. Mübahisəli mənzil Nəsimi rayon X18 İcraiyyə Komitəsinin 49844 nömrəli, xx.xx.1966-cı il tarixli orderi əsasında iddiaçının qayınatası olmuş mərhum X1 istifadəsinə verilmiş və o, həmin mənzilin icarədarı olmuş, daha sonra mübahisəli mənzil xx.xx.2000-ci il tarixli Forma 2 arayışına və razılıq ərizəsinə əsasən xx.xx.2000-ci il tarixində icarədarın oğlu X2 adına ilkin qeydiyyatdan keçmiş, Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, 4Ə-464 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən isə xx.xx.2011-ci il tarixində X2 qızı olan X8 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.
3. Qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasını 14 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Nəsimi rayonu, 4 mikrorayon, Mir Cəlal küçəsi, ev 10, 165 saylı mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin olunmamışdır.
4. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı və qeyrilərinə qarşı “cavabdehlərin ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4 mikrorayon, Mir Cəlal küçəsi, ev 10, 165 saylı mənzildən çıxarılmaqla, mənzilin boşaldılması” tələbinə dair iddiasının təmin olunması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «vicdanlı sahibin əmlaka çəkdiyi zəruri xərclərin və yaxşılaşdırmaların əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 165 nömrəli mənzilin təmirinə iddiaçı tərəfindən xərclənmiş 15000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-804/2021 nömrəli saylı işi üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması tələbinə dair” ilk iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 4 mikrorayon, Mir Cəlal küçəsi, ev 10, mənzil 165 saylı mənzilindən İddiaçı istifadə hüquqlarının tanınması, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “dəymiş maddi zərərin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrəiddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-804/2021 nömrəli işi üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilk iddia tələbinə dair iddiasının rədd edilməsi, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Ali Məhkəmənin müvafiq qərarına əsasən kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Cavabdeh X13 ona və ailə üzvlərinə qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair” Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Belə olan halda isə ona qarşı mənzilin təmirinə xərclənmiş vəsaitin ondan tutularaq ona ödənilməsində israrlı olaraq bu barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Bildirir ki, 1987-ci ildə X7 ilə ailə həyatı qurduqdan sonra gəlin gələrkən qaynatasının 22 il müddətində yaşadığı ünvan 2 ünvanına köçmüşdür. Cehiz əmlaklarını da bu ünvana gətirmişdir. Uzun illər keçsə də, cehiz əmlaklarının hamısı bu mənzildə yerləşir. Oğlu xx.xx.1988-ci il təvəllüdlü X16 da bu evdə dünyaya göz açmış, hal-hazırda da bu mənzildə onun həyat yoldaşı, nəvələri ilə birlikdə yaşayırlar. Həyat yoldaşı X7 da onunla birlikdə 2018-ci ilə kimi bu mənzildə yaşamış, sonradan spirtli içki alüdəçisi olduğu üçün faktiki olaraq ondan ayrılaraq başqa ünvanda yaşayır. Qaynatası ilə münasibətləri daima yaxşı olub, bir gəlini kimi həmişə ona hörmət bəsləyib, tibb elmləri namizədi idi, Texniki Universitetdə çalışıb. Sayılıb seçilən bir insan olub. 1988-ci ildə onu hazırda da yaşadığı ünvana yaxın ərazidə yerləşən 21 saylı Uşaq Poliklinikasına tibb bacısı vəzifəsinə işə düzəldib. 1987-ci ildən bu günə kimi bu mənzildə yaşayır. Oğlu Rövşən 3 yaşından evin arxasındakı Uşaq Bağcasına, sonra yaxınlıqdakı 240 saylı orta məktəbə gedib. Daha sonra X10 Liseyi bitirib. Nəsimi rayonu, 12 saylı uşaq poliklinikasında qeydiyyatda olub. Hal-hazırda da hər ikisi Əcəmidəki 20 saylı böyüklərin poliklinikasında tibbi qeydiyyatdadırlar. 2003-cü ildə qaynatası rəhmətə gedəndən sonra qaynı Elman həyat yoldaşı Cəlilov Faiqi aparıb içirdirlər və ondan uzaqlaşdırmağa çalışırlar. Qaynatısının ölümündən sonra da qaynı Elman onu aldadır və vədlər verir ki, oğlu Rövşənin 18 yaşı olandan sonra evi onun adına keçirəcəkdir. Lakin sonradan xəbər tutur ki, bu mənzili öz qızı X9 adına keçirərək mənzilə onun adına çıxarış alınmışdır. Aygün Cəlilovanın isə 30 yaşı var, 9 ildir mənzil onun adına qeydiyyatda olsa da, bir gün də olsun bu mənzildə yaşamayıbdır, bu vaxtadək heç evin yerini harada yerləşməsini bilmir. Bu mübahisəli mənzil 1987-ci ildən onun istifadəsindədir. Həyat yoldaşı da evi tərk edəndən sonra bu mənzildə oğlu, gəlini, nəvəsi və ondan başqa heç kim yaşamayıbdır. Bunu təkcə o, yox, bir çox şahidlər, sənədlər, subutlar təstiq edə bilər. Bu 35 ildə yaşadığı müddətdə heç bir kəs bu ev ilə maraqlanmamışdır. 1987-ci il tarixdən bu günədək mənzilin bütün kommunal xərclərini, telefon, qaz, işıq və s.i. ödənişlərini ödəyir. Bu halı təsdiq edən kifayət qədər yazılı subutlar mövcuddur. 2018-ci ilin iyul ayında isə mənzilə 15.000 manat civarında pul xərcləyərək evi kapital təmir etdirmişdir. Bütün təmir işləri oğlunun və onun vəsaiti hesabına olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
7. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, M.Cəlal küçəsi ev 10, 165 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Tərtib olunan iddia ərizəsində faktlar kobud şəkildə təhrif olunur. Belə kiiddiaçının məhkəməyə təqdim etdiyi "sübutlar" öz iddiasını təkzib edir. İddiaçı iddia edir ki, guya onun mülkiyyətində olan mənzili təmir etdirib. Əlində o qədər vəsait olan şəxs gedib ilkin ödəniş edib özünə şəxsi mənzil ala bilərdi. Belə olan halda mənzilinə "vicdanlı" sahib kəsilməyərək "saxta sübutlar" əsasında ondan pul tələb etməzdi.
8. Birinci instansiya məhkəməsində şahid X14 ifadəsində bildirmişdir ki, tol vurmaqla, həmçinin mebel işləri ilə məşğul olur. 2018-ci il tarixində iddiaçının evində təmir işləri aparmış və bir aydan çox həmin evdə işləmişdir. Materialları iddiaçı almış, 1-2 dəfə isə o, gedib almışdır. İddiaçı ona 5000 manata yaxın əmək haqqı ödəmişdir. Təmir işləri zamanı evdə heç kim yaşamırdı. Ondan öncə mənzildə ustalar işləmiş, lakin mənzili pis vəziyyətə qoymuşdular. Mənzilə gələndə əvvəlki ustalar evin proyektin dəyişməmişdilər, evin proyektini o dəyişdirmişdir. Yağışdan sonra evin təmiri pis vəziyyətə düşmüşdür, çünki əvvəlki ustalar evin damını yaxşı təmir etməmişdilər. Ümumi materiallara təxminən 10000 manatdan çox pul xərclənmişdir. Divar kağızları, döşəmə və elektrik işlərini yenidən təmir etmişdir. 2019-cu ildə orada işləməmişdir, 2018-ci ildəki qaimələri o, yazmışdır. Mənzili tam təmir etmişdir, lakin mebel məsələsi ilə bağlı və ya digər xırda məsələlər ilə bağlı təmir işləri qala bilər.
9. Birinci instansiya məhkəməsində şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı qonşusudur və 2000-ci il tarixdən orada yaşayır. Əri və 1 övladı vardır. Ərinin adı Faiq, oğlunun adı isə Rövşəndir. Həmin evdə Rövşən, arvadı və 2 övladı yaşayır. Mənzil 5-ci mərtəbədə yerləşir. Aygün xanımı tanımır. İddiaçının evdən çıxarılması barədə eşitmişdir. 2018-ci il tarixdə yay ayında qeyd edilən, mənzildə təmir-tikinti işləri gedirdi. Təmir olunan zaman iddiaçı həmin mənzildə qalmırdı. Təmir 2018-ci ilin iyul ayında oldu. Avqust ayında isə iddiaçının oğlu evləndi və orada yaşadı. İddiaçı ilk çağırdığı ustaları bəyənmədi, 2-ci usta isə Lökbatan qəsəbəsindən gəldi. Payız aylarında iddiaçı mənzildəki nasazlıqlar ilə bağlı olaraq evin tavanını yenidən təmir etdirdi. İddiaçı həmin mənzildə yaşayır.
10. xx.xx.2018-ci il tarixli ******* saylı və 885276 saylı, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2019-cu il tarixli ******* saylı qaimə-fakturalardan və xx.xx.2019-cu il tarixli K102-1833 saylı satış qəbzindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 10283,52 manat dəyərində tikinti materialları almışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-104/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia qismən təmin olunmuş, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 165 nömrəli mənzilin təmirinə çəkilmiş xərcə görə 10934,0 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat hissəsinin Cavabdeh, qalan 50 manat hissəsinin isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X4, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət olunmuşdur.
12. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan mənzildə təmir işləri 2018-ci ildə aparılmışdır. İddiaçı həmin mənzilə 1987-ci ildən gəlin köçmüş və həmin vaxtdan orada yaşayır. Yəni o, mənzilə münasibətdə vicdanlı sahib olmuşdur. Cavabdehin iddiaçıya qarşı mənzildən çıxarılması barədə iddia qaldırması, iddiaçıya mənzillə bağlı çəkilmiş xərclərin (həm zəruri xərclərin, həm də yaxşılaşdırmaların) əvəzini mülkiyyətçidən, yəni iddiaçıdan tələb etmək hüququ vardır. Əks halda cavabdeh iddiaçının hesabına əsassız varlanmış olar. Bunun üçün cavabdehin razılığının olub-olmaması, cavabdehin mənzilin təmir xərcinin ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik götürüb-götürməməsi əhəmiyyət kəsb etmir. İddiaçının bu tələbinin əsası qanundan irəli gəlir. Ona görə də, istinad edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı təmirə görə çəkilmiş xərclərin ona ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənzilin təmirinə görə çəkilmiş xərclərin əvəzinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyini alaraq tədqiq etmişdir. Qeyd edilən Mərkəzin xx.xx.2023-cü il tarixli 10/7202 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin mənzilin yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri 2018-ci ilin mövcud olan bazar qiymətlərinə uyğun olaraq 10934,0 manatdır. Məhkəmə hesab edir ki, təmir xərclərinə görə iddiaçı tərəfindən çəkilmiş məbləğ ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməklə iddia qismən təmin edilməldir. Belə ki, həmin rəyin əsassız olmasına əsas verən halların mövcudluğu məhkəmə tədqiqatı zamanı müəyyən edilməmiş, iş üzrə tərəflər həmin rəyi şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim edə bilməmişlər.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.5, 1091, 1092, 1093.1, 1094-cü həmçinin digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apelyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, qətnamənin yalnız ekspert rəyinə əsaslanaraq təmin edilməsi, mənzilin təmirinə görə tikinti təmin materiallarına 12000 manatdan çox xərc çəkməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.
16. Qətnamədən həmçinin cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, ümumi sahəsi 38,63 m2 olan ik otaqlı mənzilə iddia olunan qədər təmir xərcinin çəkilməsinin mümkün olmaması, təmirlə bağlı iddiaçının təqdim etdiyi sənədlərin əsassız olması, ciddi hesabat blankı sayılmaması, ekspertiza rəyinin əsassız olması, şişirdilmiş xərc məbləğlərindən istifadə olunması, və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini isə əsasız sayaraq, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişlər.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, iddiaçının apellyasiya şikayətini isə əsasız sayaraq, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
22. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
26. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
27. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
28. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Maddə 402. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
35. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
36. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
37. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.
Apelyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının uzun müddət mübahisəli mənzildə yaşaması (iddiaçı 1987-ci ildən, cavabdeh isə 2011-ci ildən yaşamasını bildirir) və keçən müddət ərzində orada təmir işlərini aparması işin mübahisə olunmayan hallarıdır.
42. Eyni zamanda, işin hallarından iddiaçının mübahisəli mənzilə köçən zamanı oranı qanunsuz zəbt etməsi (delikt törətməsi və s.) halı da müəyyən olunmamışdır.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, hesab edir ki, mübahisəli mənzilin hazırda Cavabdeh mülkiyyətində olduğundan, qanunvericiliyin tələblərinə əsasən həmin mənzilə görə iddiaçı tərəfindən çəkilmiş xərcin (yaxşılaşdırmaların) əvəzi ödənilməlidir.
44. Çünki, qanunvericiliyində yuxarıda qeyd edilən normalarının müqayisəli təhlilindən də aydın olur ki, vicdanlı sahib əmlaka sərf etdiyi zəruri xərclərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Bundan əlavə, vicdanlı sahib əmlakdan istifadə müddəti ərzində ona əlavə etmiş olduğu yaxşılaşdırmaları əmlaka zərər vurmadan ayırmaq mümkün olmadıqda onlara sərf etdiyi məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər (bax: 20 və 21-ci bəndlər).
45. Əks halda, mülkiyyətçi əsassız varlanmış hesab olunur ki, əsassız varlanmış şəxsin də heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
46. Bu səbəbdən də iddiaçının uzun müddət mənzildən əvəzsiz istifadə etməsi ilə bağlı cavabdehin dəlilləri vəziyyəti dəyişdirmir.
47. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, həmin dəlillərdən də iddiaçı tərəfindən mənzildə təmir işlərinin aparılması təkzib olunmur.
48. Bununla yanaşı, işdə olan digər sübutlardan da (izahatlar, şahid ifadələri, qaimə fakturalar və s.) iddiaçının uzun müddət mübahisəli mənzildə yaşamaqla, orada müəyyən təmir işləri aparması açıq-aydın müəyyən edilir.
49. Cavabdehin etirazı əsasən mübahisəli mənzildə aparılmış təmir işlərinin həcmi və qiyməti ilə bağlıdır.
50. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçının təmirlə bağlı təqdim etdiyi qaimə fakturaların mötəbərliyini şübhə altına almışdır.
51. Bu səbəbdən də birinci instansiya məhkəməsi müvafiq ekspertiza təyin etməklə mənzildə aparılmış təmir işlərinə görə çəkilmiş xərclərin məbləğini dəqiqləşdirmiş, istər iddiaçı, istərsə də cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər.
52. Belə ki, işdə olan ekspertiza rəyinə (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7202 saylı ekspert rəyi) əsasən – mübahisəli mənzilin yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri 2018-ci ilin mövcud olan bazar qiymətlərinə uyğun olaraq 10934,0 manatdır.
53. Bununla yanaşı, tərəflər ekspertiza rəyinin əsassızlığı və ya qanunsuzluğu ilə bağlı da məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, əsasən formal mülahizələdən çıxış etmişlər.
54. Belə olan halda isə məhkəməyə kollegiyası əlavə məhkəmə tikinti-texniki ekspertizanın təyin olunmasını zəruri hesab etməmişdir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bu barədə sübutlar təqdim olunmalı və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər.
55. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçının mübahisəli mənzilə köçən zamanı oranın tam təmirsiz olmamasını göstərmiş, lakin həmin vaxtı mənzilin təmir vəziyyəti ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, etirazını əsaslandıra bilməmişdir.
56. Apellyasiya şikayətinin digər dəlilinə görə, iddiaçı 2018-ci ildə mənzilə evin damından yağış sularının axması nəticəsində müvafiq təmir işlərini görməsini bildirmiş, lakin məhkəmə əsassız olaraq susızma ilə bağlı olmayan təmir xərclərini də müəyyən etmişdir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq bildirir ki, iddiaçı iddia ərizəsində açıq-aydın göstərmişdir ki, “2018-ci ildə mənzilə 15000 manat civarında pul xərcləyərək onu kapital təmir etdirmişdir”. Göründüyü kimi, iddiaçı ümumiyyələ mənzili tam təmir etməsini bildirmişdir.
58. Eyni zamanda, işdə olan sübutlardan (şahid ifadələri və s.) da görünür ki, mənzildə təmin işləri yalnız hər hansı susızma ilə bağlı olmamış, digər hissələri də əhatə etmişdir.
59. Göründüyü kimi, tərəflər apellyasiya şikayətlərinin dəlillərini əsaslandıra və sübut edə bilməmişlər. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Bu səbəbdən də qətnamə apellyasiya şikayətlərinə əsasən dəyişqdirilmədən saxlanılmalıdır.
61. Həmçinin qeyd edilməlidir ki, MPM-in 402-ci maddəsinin tələbinə görə, iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan (tələb 15000 manat olmuş, birinci instansiya məhkəməsi iddianı 10934 manat hissədə təmin etmiş, iddiaçının mübahisələndirdiyi hissə 4066 manat olmuşdur), sonuncu qətnamədən kassasiya şikayəti verə bilməz.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 104/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. İddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz, cavabdeh isə qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.