Məhkəmə qərarları › İş №2(103)-437/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-437/2023

19.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-437/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pu tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1876/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-ci ilin oktyabr ayında 2300 (iki min üç yüz) manat borc verdiyini bildirir və həmin məbləği cavabdehlərdən tələb edir.

2. Tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dələduzluq yolu ilə alıb qaytarmadığı 2300 (iki min üç yüz) manat pulu və 53 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini və cavabdehlərin əməllərində cinayət tərkibi olduğundan, barəsində xüsusi qərardad çıxarıb Prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər qonşusu olmuş Cavabdeh1 və Cavabdeh2 etibarından sui-istifadə edərək sexlərinə avadanlıq almaları üçün ondan 2020-ci ilin oktyabr ayında 2300 (iki min üç yüz) manat alaraq hazırkı müddətədək qaytarmamışlar. O, cavabdehlərdən dəfələrlə pulu istədikdə müxtəlif bəhanələrlə pulu ona qaytarmaqdan yayınmışlar. Belə olan halda, o, aidiyyatı üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət etmişdir. Çoxsaylı araşdırmalardan sonra Nərimanov Rayon polis idarəsinin 17-ci polis bölməsinin baş təhqiqatçısı polis polkovnik-leytenantı Asif Qubadov tərəfindən cavabdehlərin əməlində cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanmasının rədd olunması barədə 25 fevral 2022-ci il tarixli qərar qəbul edilmişdir.

5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1876/2022 nömrəli qətnaməsi ilə (hakim A.Qasımov) iddia rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələbini sübuta yetirə bilməmişdir.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Nərimanov RPİ-nin 17ci PB-də aparılmış araşdırma nəticəsində əldə edilmiş və iddia ərizəsinə əlavə olunmuş sübutlara qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

13. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır:

27. İddiaçı onunla cavabdehlər arasında şifahi borc müqaviləsinin bağlandığını və həmin müqaviləyə əsasən 2020-ci ildə cavabdehlərə borc olaraq 2300 manat qaytarmaq şərtilə pul verdiyini bildirmişdir.

28. Cavabdeh isə pulun verilməsini inkar edərək iddiaçıdan nə onun, nə də digər cavabdeh olan anasının pul almadığını, əksinə iddiaçının onlardan mülki mübahisə ilə bağlı hüquqi xidmət göstərmək adı ilə pul aldığını və qaytamadığını bildirmişdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.

31. İşin müəyyən edilmiş hallarına görə, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamış, pulun verildiyi və ya qaytarıldığı barədə qəbz tərtib edilməmişdir.

32. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə Nərimanov Rayon polis İdarəsinin 17-ci polis bölməsinin baş təhqiqatçısı Asif Qubadovun cinayət işinin başlanmasını rədd olunması barədə 25 fevral 2022-ci il tarixli qərarını təqdim etmişdir.

33. Sözügedən qərardan görünür ki, təhqiqat müddətində izahatı alınması üçün Cavabdeh1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə əlaqə yaradılarkən Cavabdeh1 əvvəllər qonşusu olmuş İddiaçı hüquqi yardım göstərərkən qanunsuzluqlara yol verdiyinə görə borc aldığı 2300 manatı qaytarmayacağını və sonuncu ilə məhkəmədə üzləşəcəyini bildirərək izahat yazmaqdan imtina etmişdir. Qərarın məzmunundan görünür ki, cavabdeh iddiaçıdan 2300 manat borc aldığını və qaytarmadığını təhqiqatçı ilə telefon danışığı zamanı etiraf etmişdir.

34. Kollegiya həmin qərarı hazırkı iş üzrə pulun verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir.

35. Belə ki, həmin qərar tədqiq edilərkən müəyyən olunmuşdur ki, İddiaçı müraciəti əsasında araşdırılma aparıldığı zaman iş üzrə cavabdehlərin ümumiyyətlə izahatları alınmamışdır. Həmin qərardad Cavabdeh1 istifadəsində olan mobil telefon vasitəsilə əlaqə yaradılarkən borcun etiraf etdiyini bildirməsi barədə qeyd isə onun tərəfindən faktın etiraf edilməsi kimi qiymətləndirilə bilməz.

36. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da cavabdeh Mirzəyev X2 Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin baş təhqiqatçısı Asif Qubadovun ona həqiqətən də zəng edərək polis şöbəsinə dəvət etdiyini, lakin bu danışıq zamanı onun borcu etiraf etmədiyini, təhqiqatçının cinayət işinin başlanmasının rədd olunması barədə 25 fevral 2022-ci il tarixli qərarında yazılanların həqiqəti əks etdirmədiyini, bu səbəbdən də həmin qərarın ləğv edilməsi üçün prokurorluğa müraciət etdiyini bildirmişdir.

37. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

39. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən hesab edir ki, iddiaçının cavabdehin ona hər hansı əsasla borc öhdəliyinin olması barədə tələbi təsdiq olunmur.

40. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 244372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qətetdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1876/2022 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar