Məhkəmə qərarları › İş №2(103)-4371/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4371/2022

07.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4371/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-nin nəzdində "xxxx" MMC-yə qarşı pul tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2017 saylı 26 aprel 2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nin nəzdində "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının qızı X7 2015-ci il | tarixdə Xırdalan şəhərində yerləşən 1 saylı tam orta məktəbi bitirərək Attestat almışdır. O, Tibb Universitetinə daxil olmaq istəyirdi. 2015-ci ilin iyul ayında internet saytlarının birində "xxxx" MMC şirkəti tərəfindən yerləşdirilmiş elana rast gəlmişdir. Həmin elanda bu şirkət orta məktəb məzunlarını X4 məktəblərə (Universitetlərə) qəbul olunmalarını təşkil etməklə məşğul olması haqqında geniş məlumatlar yayılmışdır. Qızı bu elanı İnternetdən oxuduqdan sonra şirkətlə telefon bağlantısı yaratmış və elanın doğruluğunu öyrənmişdır. Şirkətdən cavab verən şəxs şirkətin həqiqətən bu işlə məşğul olmasını qızına telefonla bildirmişdir. Bundan sonra qızı bu haqda iddiaçıya demiş və X3 Universitetinə daxil olmaq arzusunu bildirmişdir. Öncə direktorun köməkçisi Ucal adlı şəxslə danışmış və qızının Sakariya Tibb Universitetinə daxil olmaq istədiyini bildirmiş və cavabdeh ona 12000 manat tələb olunduğunu bildirmişdir. Ucal onu şirkətin direktoru X5 ilə tanış etmiş, hətta demişdir ki, həmin Universitetinin Rektorunun müavini onun yaxın tanışıdır və bu işdə heç bir problem yaranmayacaqdır. İddiaçı isə bunun üçün şirkətə 12 000 manat pul ödəyəcəkdir. Bu pulun 6000 hissəsi ilkin ödənişdir, qalan isə uşağı Universitetə qəbul olunduqdan sonra hissə-hissə ödəyəcəkdir. O, Rüstəm müəllimə demişdir ki, nağd 1500 manat pulu vardır, bunu ödəsin, sonra isə bankdan kredit götürüb yaxın vaxtda ödəyər. O, bu təkliflə razılaşmış, bundan sonra elə həmin şirkətin binasında, Rüstəm müəllimin kabinetində bir tərəfdən "xxxx" adlandırılacaq, ELİT SRC GROUP Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X5, digər tərəfdən isə bundan sonra "Tələbə" adlandırılacaq onun ("Tələbə" yəni qızı 18yaşına çatmadığı üçün onun qanuni nümayəndəsi kimi əvəzindən iddiaçı müqaviləni bağladı) arasında " 2015- 2016 TÜRKİYƏDƏ TƏHSİL PROQRAMİ" adlı müqavilə bağlandı. O, öz şəxsi pulundan 930 manat Ucala pul verdi. O, ona, həyat yoldaşı Güldanə Hüseynovaya və qızına aviabilet alıb onlara verdi. 16 sentyabr axşam təyyarə ilə yola düşdülər, gecəni İstanbulda oteldə qaldılar. Burada qalmaq 200 manata onlara başa gəldi. Səhəri Sakarya şəhərinə getdilər. Onları Universitetin yanında Ucalın dediyi Tacəddin adlı bir tələbə şəxs qarşıladı və onları Universitetə yox, ayrı bir özəl "Dil" kursuna apardı. Tacəddin qızın bu "Dil" kursunda oxuyacağını bildirdi, iddiaçı ona dedi ki, "Dil" kursu ilə bağlı yox, Universitetə bakalavr kimi qızının qəbul edilməsi haqda müqavilə bağlamışlar. Tacəddin onların pis hala düşdüyünü görüb dedi ki, sizi aldadıblar. Sizin qızınız Universitetə qəbul olunmalıydı və adı Universitetin bakalavr kimi qeyd olunmalı idi. Bundan sonra əgər imtahan verə bilməsəydi, sonra gəlib bu "Dil" kursunu bitirib yenə Universitetdə oxumağına davam etməliydi. Türkiyə dil ləhcəsi ilə bizim dil ləhcəsi çox oxşar və yaxın olduğu üçün bizimkilərdən kimsənin "dil problemi” də yaranmır. Ancaq qızınının adı ümumiyyətlə Universitetdə keçmir və ora qəbul edilməyib. Rüstəm müəllim narahat olmamasını, bu barədə heç kimə deməməsini, Türkiyədə seçki ilə bağlı bu işlərin bir qədər ləngidiyini, yaxın vaxtda uşağı həmin Universitetə qəbul etdirəcəyini bildirmişdir. Tacəddin ondan min dollar alaraq "Dil" kursuna verəcəyini demişdir. Rüstəm müəllimə dedi ki, Tacəddin ondan min dollar alıb, verdi "Dil" kursuna. Rüstəm müəllim dedi, olmalıdır bu. Kurs bahadır, iddiaçı 3 gün Sakaryada qaldı, qızını özəl yataqxanada yerləşdirib, sonra yoldaşı ilə geri qayıtdı. Sakaryada mehmanxanada qaldıqları bu üç gündə təxminən 400 manat da orada xərci çıxdı. Bakıya qayıtdıqdan sonra tez-tez Rüstəm müəllimlə, Ucalla əlaqə saxladı. Hər dəfə deyirdilər, narahat olma, qızın elə bil universitetdə oxuyur, tezliklə bu işi yoluna qoyacağıq. 27 sentyabrda Ucal ona zəng edib qalan 3000 manatı istədi. O, 28 sentyabr 2015-ci ildə Rüstəm müəllimin yanına getdi. Dedi, qalan 3000 manatı da ödə, narahat olma qalan iş onlarlıqdır, elə bil uşağın universitetdə oxuyur. İddiaçı yenə onlara inanıb qalan 3000 manatı da Rüstəm müəllimə ödədi. O, öncəkilər kimi bu pulu da müqavilənin ardına yazdı, möhür vurdu və ona bu məbləğdə pulu da ödəməyi ilə bağlı çek verdi. Aradan 3-4 gün keçdi. Lakin qızının universitetə daxil olması haqda heç bir məlumat çıxmadı. Artıq anladı ki, Rüstəm müəllimlə Ucal onu aldatmış, onun bu işləri yaxşı bilməməyindən yararlanaraq 12.000 manat pulunu almış və onları Türkiyəyə yalandan göndərməklə əlavə xərclərə salmışlar. O, Rüstəm müəllimdən verdiyi pulları və sənədləri tələb etdikdə, sonuncu rəfdən qızının qovluğun içərisində olan sənədlərini və 3000 manat pul qaytardı və dedi ki, qalan pulunu hissə-hissə aldığı kimi, elə də qaytaracaq. İki gündən sonra şirkətə getdi. Ucal ilə Rüstəm müəllim orada yox idilər. Onlara zəng etdi, dedilər orada işçi var, ona 1500 manat verib, get al. İddiaçı onun yanına getdi və ondan 1500 manatlıq çeki və öncə Rüstəm müəllimdən aldığı 3000 manatın çekini də geri alıb özündə saxladı. 3 gündən sonra Rüstəm müəllimə zəng etdi, dedi Ucal bankdadır, pul götürməyə gedib. Gətirsin, zəng edərik gəlib götürərsən. Ancaq zəng etmədilər. Rüstəm müəllim nə qədər qəribədə olsa, onda dedi ki, pulu geri almısan. Aydın oldu ki, Rüstəm müəllim pulun qalanını qaytarmaq istəmir və yalan danışmaqla məqsədinə çatmaq istəyir. Bundan sonra o, Rüstəm müəllimin bu yolverilməz hərəkətləri ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət etdi. Bundan başqa, Rüstəm müəllimə ödədiyi 12.000 manat pulun 10.500 manatını "NİKOİL bankdan götürüb ona vermiş və buna görə də həmin banka 3.590 manat məbləğində faiz ödəməlidir və artıq ödəyir. Yuxarıda yazdığı kimi qalan 7.500 manatı hələdə ondadır və bu pulların da çeki iddiaçıdadır. Qeyd edir ki, müqavilədə xx.xx.2015-ci il tarixdə axırıncı ödədiyi pul məbləği düzgün olaraq 3000 manat məbləğində göstərilmişdir. Ancaq həmin ödədiyi məbləğlə bağlı ona verilən çekdə bu məbləği 2.870 manat göstərilmişdir. Bu onunla bağlıdır ki, Tacəddin Türkiyədə ondan "Dil" kursu üçün 130 manat artıq pul almışdı və həmin 130 manat pulu Rüstəm müəllim ona Bakıda qaytardı, ancaq bunu həmin 3.000 manatdan çıxaraq çekdə 2.870 manat yazmışdır. Əslində isə o, 130 manatı Tacəddin "Dil" kursuna ondan pul alarkən artıq almışdır. Tacəddin də Rüstəm müəllimin adamıdır və Rüstəm müəllim 130 manatı bu 3.000 manatdan çıxmamalı, sadəcə ona verməliydi. Beləliklə, hazırda "xxxx" MMC-nin direktoru Rüstəm müəllimin ona 7.500 manat məbləğində aralarında bağlanmış Müqavilədən irəli gələn borcu, 930 manat əsassız yerə onlara aviabilet almaqla vurduğu ziyan və aldanaraq Türkiyəyə getməyi və orada mehmanxanalarda qalmağı ilə bağlı çəkdiyi 600 manat xərcin əvəzini, həmçinin "NİKOİL" bankdan götürdüyü kreditə görə banka ödəməyə başladıği 3.590 manatı, cəmi 12.620 manat pulu və iddia vermək üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunu ona ödəməlidir. Bundan başqa "xxxx" MMC tərəfindən onların vicdansızlıqla aldadıldığına görə onlara vurduqları mənəvi zərərə, eləcə də qızının ali təhsil almaqda itirdiyi bir il müddətə görə çəkdiyi mənəvi əzaba görə həmin MMC onlara 10.000 manat məbləğində mənəvi ziyan ödəməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2017 saylı 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh “Elit SRC Qroup" MMC-nin nəzdində "xxxx" MMC-dən İddiaçı müqavilə üzrə ödənilməmiş 7.500 manat, 930 manat aviabilet almaqla vurduğu ziyan və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə heç bir sübut olmadan iddianı təmin etmişdir. 2016-cı ildə kredit götürülməsinin kredit götürülməzdən əvvəlki tarixə hansı təsirinin və əhəmiyyətinin olmasını məhkəmə heç nə ilə əsaslandırmamışdır. Məhkəmə heç bir qanuni əsas olmadan iddiaçının 930 manatını da vurulmuş zərərlər içərisinə daxil edib. Halbuki, həmin biletlərlə iddiaçı və qızı Türkiyəyə uçub və oradan geri qayıdıblar. İddiaçı həmin hissədə özü də bildirir ki, Ucal onlarla görüşdükdə onları dil kurslarına aparıb. Deməli, dil kursları barədə tərəflər arasında danışıq olmuşdu. İddiaçının ödədiyi 12.000 manat iddiaçıya tam geri qaytarılıb. İddiaçı Türkiyə səfərinə məhz dil kurslarına yazılmaq üçün gedib və dil kurslarına yazılıb. Sonradan iddiaçının müqaviləni ləğv etdirməsi, vurulmuş zərər kimi qəbul edilə bilməz. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh pulun ona verilməsini qəbul edir. Lakin həmin pulun qaytarıldığını bildirir. Məhkəmə cavabdehin pulun qaytarılması barədə dəlillərinə heç bir hüquqi qiymət vermir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə iddianın təmin olunan hissəsindən şikayət vermişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin direktoru X5 ilə İddiaçı arasında bağlanmış 24 iyul 2015-ci il tarixli Türkiyədə təhsil proqramı haqqında müqaviləyə əsasən Cavabdeh MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisəsinə (bakalavr, magistratura və doktorantura) qəbul prosesini başa çatdırmaq, İddiaçı bu müqavilə ilə təmin edilmiş öhdəliyinin əvəzində 12.000 manat ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.4, 3.1.5-ci maddələrinə əsasən, "tələbə"nin qəbul prosesi ilə bağlı ikin olaraq 1.500 manat məbləğdə pul vəsaitini almaq, geriyə qalan 10.500 manat pul vəsaitini "xxxx" MMC-nin bildirdiyi tarixdə tələbədən tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.1.6-cı maddəsinə əsasən tələbənin qəbul prosesi başa çatdıqdan sonra tələbə geriyə qalan məbləği ödəmədiyi təqdirdə, "xxxx" MMC-nin tələbədən 10.000 manat miqdarında təzminat almaq hüququ vardır. Həmin müqavilədən eyni zamanda müəyyən olunur ki, İddiaçı tərəfindən “Elit SRC Qroup" MMC-yə cəmi 12.000 manat ödəniş edilmişdir. İş materiallarında olan «Nikoyl» İKB 6 saylı filialı ilə İddiaçı arasında bağlanmış 28 iyul 2016-cı il tarixli 27-G1-1-0-456-15 kredit müqaviləsinə əsasən kreditor borcluya illik 26% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Pərviz Məmmədovun 05 noyabr 2015-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, X5 izahatında 2014-cü ilin aprel ayında ünvan 1 ünvanda “Elit SRC QROUP" MMC-nin nəzdində "xxxx" Təhsil və Tədris mərkəzini açdığını, həmin vaxtdan etibarən həmin mərkəzin direktoru vəzifəsində işlədiyini bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin mərkəz şagirdlərin ali məktəbə hazırlıq kurslarını və xaricdə təhsil almaq istəyən şəxslərin xaricdəki təhsilini təşkil etməklə məşğul olur. 2014-cü ilin iyul ayında əvvəllər tanımadığı, sonradan adını bildiyi İddiaçı mərkəzə müraciət edərək qızı X6 Cümhuriyyətində fəaliyyət göstərən ali məktəblərin birində təhsil almağa göndərmək istədiyini bildirmiş, o, İddiaçı bu işin qarşılığında şərtləri izah etmiş, toplanmalı olan sənədləri bildirmiş, bu işin qarşılığında mərkəzə 12.000 manat pul ödəməli olacağını izah etmişdir. İddiaçıla qızının X2 Universitetinin tibb fakültəsinə qəbul edilməsi prosesinin təşkili barəda razılaşmışdır. Bundan sonra 24 iyul 2015-ci il tarixdə İddiaçı ilkin ödəniş kimi 1.500 manat pul ödəyəndə mərkəzlə İddiaçı arasında müqavilə imzalanmışdır. 24 iyul 2015-ci il tarixdən 01 sentyabr 2015-ci il tarixə kimi olan müddət ərzində İddiaçı ümumilikdə 9.000 manat pul ödəniş etmişdir. 2015-ci ilin sentyabr ayının ortalarında o, artıq A.X1 Sakarya Universitetinə getməli olduqlarını bildirmiş, mərkəzin işçisi Ucal Azadzadədən onlar üçün aviabiletin alınmasında köməklik göstərməsini xahiş etmişdir. Ucal onlar üçün öz vəsaitləri hesabına aviabiletləri alıb onları Sakarya şəhərinə yola salmışdır. Bir müddət sonar, İddiaçı Sakarya şəhərindən ona zəng vuraraq qızının ilkin olaraq oxumalı olduğu dil kursunun ödəniş haqqının baha olması ilə əlaqədar narazılıq etmiş, o isə İddiaçı ona əvvəlcədən hər şeyi izah etməsi barədə bildirmişdir. İddiaçı Bakı şəhərinə qayıtdıqdan sonra o, İddiaçı zəng vuraraq qalıq 3.000 manat pulun ödənişinin edilməli olduğunu bildirmiş, 28 sentyabr 2015-ci il tarixdə İddiaçı 3.000 manat pulu da ödəniş edərək müqavilə üzrə ödəməli olduğu 12.000 manat pulu tam ödəmişdir. Təxminən, 2015-ci ilin oktyabr ayının əvvəllərində İddiaçı mərkəzə gələrək ona haqsız yerə narazılığını bildirməyə başlamış, qızının dil kursunda oxumamalı olduğunu, birbaşa İ kursda oxumalı olmasını tələb etmişdir. O, İddiaçı bu şərtləri ona əvvəlcədən izah etməsini bildirmişdir. Lakin İddiaçı razılaşmamış, pulunu geri tələb etmişdir. Bundan bir gün sonra İddiaçı mərkəzə gələrək ondan 7.500 manat pulu almış, təxminən 3-4 gün sonra yenidən gələrək 3.000 manat almışdır. Sonuncu dəfə isə İddiaçı mərkəzə gələndə o, işdə olmamış, mərkəzin işçisi Rahib İsmiyev tərəfindən İddiaçı sonuncu 1500 manat pul qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işgörməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorunisə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Bununla yanaşı, MPM-nə müvafiq olaraq hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Hazırda iddiaçı cavabdeh MMC-nin öz müqavilə öhdəliklərini yerinə yetirməməsini, onun qızının Türkiyə Respublikasında təhsilini təşkil etməməsini və onu aldatmasını bildirərək ödəmiş olduğu pulu və ona dəymiş maddi ziyanı geri tələb etmişdir. Cavabdeh isə buna etiraz edərək iddiaçının qızının təhsil prosesinin təşkilinin baş tutmamasını iddiaçının özü tərəfindən müqavilə öhdəliklərini yerinə yetirməməsi, universitetə qəbul olunmamışdan əvvəl dil kurslarında iştirak etməli olsa da, bu kursların baha olması səbəbi ilə orada iştirak etməkdən imtina etməsi və ödədiyi pulu geri tələb etməsi, onların tərəfindən 12.000 manat pulun hissə-hissə geri qaytarılmasını bildirmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh MMC iddiaçının qızı X6 Respublikasının Sakarya universitetində tibbi təhsil alması məqsədi ilə sonuncunun həmin universitetin bakalavr pilləsinə qəbul prosesinin başa çatdırılmasını, İddiaçı isə bunun müqabilində 12.000 manat pulun cavabdehə ödənilməsini öz öhdələrinə götürmüş, göstərilən məbləğ iddiaçı tərəfindən cavabdeh MMC-nin səlahiyyətli şəxsinə tam olaraq ödənilmişdir. Bununla da, tərəflər arasında tapşırıq müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh iddiaçının müqavilə üzrə ödəməli olduğu 12.000 manat pulu tam ödədiyini etiraf etmiş, bununla yanaşı, həmin pulun 7.500 manat, 3.000 manat və 1500 manat olmaqla, hissəhissə geri qaytarıldığını bildirmişdir. İddiaçı yalnız 4.500 manat pulun geri qaytarıldığını qəbul etmiş, qalan 7500 manat pulun isə qaytarılmadığını bildirmişdir. Cavabdeh pulun tam qaytarıldığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bu halı sübuta yetirə bilməmişdir. Halbuki, yaranmış vəziyyətdə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən cavabdehin pulu qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Beləliklə, iddiaçının tapşırıq müqaviləsi üzrə ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası tərəflər arasındakı razılaşmanın iddiaçının özü tərəfindən pozulmasına dair cavabdehin dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh tərəf iddiaçının qızı Ağca Rəhimlinin universitetə qəbul edilməzdən əvvəl dil kurslarında oxumalı olması ilə bağlı onların razılaşması olduğunu bildirsə də, iddiaçı belə razılığın olmasını inkar etmişdir. Həmçinin, tərəflər arasında imzalanmış müqavilənin mətnində də iddiaçının qızının ilkin olaraq dil kurslarına getməli olması nəzərdə tutulmamışdır. Əksinə, müqavilədə MMC-nin Türkiyədə təhsil proqramına qatılmaq istəyən tələbənin qəbul prosesini tamamlamaq vəzifəsi müəyyən edilmiş, bu müqavilənin icrası müddəti isə iki ay göstərilməklə, 2015-ci ilin sentyabr ayınadək başa çatdırılması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən 7500 manat ödənilmiş pulun qalıq hissəsini geri tələb etməkdə haqlı olmuşdur. Kollegiya iddiaçının 930 manat aviabiletlərin pulunu cavabdehdən tələb etməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, həm iddiaçı, həm də cavabdeh onlar arasında bağlanmış müqavilə çərçivəsində iddiaçının və ailə üzvlərinin Türkiyə Respublikasına getmələrini mübahisələndirmirlər. Hətta cavabdeh bu biletlərin onların nümayəndəsinin köməkliyi ilə alındığını bildirmişdir. Göstərlənlər iddiaçının və onun qızının Türkiyə Respublikasına məhz tərəflər arasında bağlanmış təhsillə bağlı müqaviləyə uyğun olaraq iddiaçının qızının Sakarya universitetində tələbə kimi qeydiyyata alınması məqsədi ilə getdiklərini bir daha təsdiq edir. Lakin yuxarıda da qeyd edildiyi kimi, cavabdeh onlar arasındakı razılaşmanın şərtlərinə əməl etmədiyindən, Ağca Rəhimlinin həmin universitetdə təhsil alması baş tutmamışdır. Bununla da, iddiaçının həmin təyyarə biletlərinin dəyəri həcmində ziyan çəkməsi və bu ziyanın cavabdehin öz müqavilə öhdəliklərini vicdanla yerinə yetirməməsi nəticəsində dəyməsi sübuta yetmiş olur. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin giriş hissəsində bu müqavilənin tərəfləri kimi bir tərəfdən "xxxx" adlandırılacaq "xxxx" MMC, digər tərəfdən isə İddiaçı göstərilsə də, müqaviləni "xxxx" MMC-nin direktoru X5 ilə iddiaçının qızı Ağca Rəhimli imzalamışlar. Kollegiya hesab edir ki, müqavilənin mətinindən də göründüyü kimi, müqavilənin tərəfi "xxxx" adı ilə fəaliyyət göstərən "xxxx" MMC-dir. Yəni, müqavilə əslində Cavabdeh MMC ilə bağlanmışdır. Ona görə də, iddia ərizəsində cavabdeh kimi Cavabdeh MMC-nin nəzdində fəaiyyət göstərən "xxxx" MMC göstərilsə də, iddiaçı tələbinin icrasını əslində Cavabdeh MMC-nin özündən tələb etmişdir. Digər tərəfdən, müqaviləni iddiaçının qızı Ağca Rəhimli imzalasa da, həm iddiaçı, həm də cavabdeh razılaşmanın onların öz aralarında olduğunu, pulun İddiaçı tərəfindən cavabdehin nümayəndəsi Rüstəm Kərimzadəyə verildiyini mübahisələndirməmişlər. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə qətnamə qəbul edərkən "xxxx" MMC adlı hüquqi şəxsin mövcud olmadığını nəzərə almamışdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində "xxxx" MMC-nin nəzdində "xxxx" MMC-ni göstərmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC adlı hüquqi şəxs mövcud deyildir. "xxxx" MMC əslində "xxxx" MMC-nin özüdür və bu hal tərəflər arasında bağlanmış müqavilənin giriş hissəsində də göstərilmişdir. İddiaçı "xxxx" MMC nin nəzdində "xxxx" MMC-ni cavabdeh qismində qeyd etsə də, iddianın "xxxx" MMC-yə qarşı yönəlməsi iddia tələbinin məzmunundan aydın şəkildə görünür. Bu mənada kollegiya hesab edir ki, iş üzrə cavabdeh "xxxx" MMC-nin əslində "xxxx" MMC olması mübahisəsiz olsa da, qətnaminin nəticə hissəsində yol verilmiş bu yanlışlığın aradan qaldırılmaması gələcəkdə qətnamənin icrası zamanı texniki çətinliklərə səbəb ola bilər. Belə ki, hər hansı subyekt hüquq münasibətlərinin iştirakçısı olmaq üçün hüquq qabiliyyətinə, yəni hüquqa malik olmaq və müəyyən hüquqi vəzifələri daşımaq qabiliyyətinə və fəaliyyət qabiliyyətinə, başqa sözlə öz hərəkəti ilə hüquqlar əldə etmək, həyata keçirmək və hüquqi vəzifələri icra etmək imkanlarına malik olmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2017 saylı 26 aprel 2017-ci il tarixli qətnaməsi cavabdehin adının Cavabdeh MMC-nin nəzdində "xxxx" MMC gösstərilməsi hissəsində dəyişdirilməklə, cavabdeh qismində "xxxx" MMC qeyd olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2017 saylı 26 aprel 2017ci il tarixli qətnaməsi cavabdehə dair hissədə dəyişdirilərək cavabdeh “Elit SRC Qroup" MMC-dən müqavilə üzrə ödənilməmiş 7500 manat, 930 manat aviabilet almaqla vurduğu ziyan və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar