Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4371/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin özlərinin və iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, tanışı olan cavabdeh 2020-ci ilin iyul ayında ona müraciət edərək pula ehtiyacının olduğunu bildirmiş və borca pul götürmək istəmişdir. O, cavabdehə inandığı və xətrini istədiyi üçün özündə pul olmadığından cavabdehin qızı ilə birlikdə "xxxx" ASC-yə gedərək 2.300 manat məbləğində kredit və limiti 500 manat olan “Tam kart” (kredit kartı) almış və cavabdehə vermişdir. Bundan başqa o, öz maaş kartını cavabdehə vermiş və cavabdeh 4 ay ərzində, hər ay 350 manat olmaqla, cəmi 1.400 manat məbləğində pulu iddiaçının kartından götürmüşdür. Cavabdeh söz vermişdir ki, borclarını qısa müddətdə qaytaracaq. O, həmin ərəfədə pərakəndə və qeyri rəsmi olaraq geyim və paltar əşyalarının satışı ilə məşğul olurdu. Cavabdeh ona müraciət edərək bildirmişdir ki, əgər həmin mallardan verərsə, satmaqda ona kömək edə bilər. O, cavabdehə inandığı üçün ümumi dəyəri 4.000 manat təşkil edən geyim və paltar əşyalarını cavabdehə vermişdir. Həmin malları cavabdehə verərkən yanında Arzu adlı tanışı olmuşdur. Cavabdeh söz vermişdir ki, həmin mallar satıldıqca satışdan əldə edəcəyi pulları ona verəcək. Cavabdeh verdiyi vədlərə əməl etməmiş, aldığı 4.000 manatlıq geyim və paltar əşyalarının satışından əldə etdiyi pulu ona verməmiş və ondan aldığı cəmi (2.300 + 500 + 1.400=) 4.200 manat borcu qaytarmamışdır. Bunun nəticəsində o, Banka həmi əsas borcu, həm də 1.000 manat məbləğində faizi ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən o hesab edir ki, (4.000 + 4.200 + 1.000=) 9.200 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 112 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, həmin xərcin əvəzi cavabdeh tərəfindən ona ödənilməlidir. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat
3. Cavabdeh iddia tələbinə etiraz edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı öz adına Bankdan aldığı 2.300 manat məbləğində krediti və 500 manatlıq “Tam kartı” (kredit kartını) ona vermiş və o, həmin məbləğləri Banka ödəmişdir. Qeyd edilən məbləğlərlə bağlı onun iddiaçıya borcu qalmamışdır. İddiaçının 4 ay ərzində hər ay 350 manat olmaqla ümumilikdə 1.400 manat pulu ona verdiyini bildirsə də, bu həqiqətə uyğun deyil. Belə ki, iddiaçı, bankomatla davranmağı bacarmadığı üçün öz bank kartını ona vermiş, onun oğlu isə 4 ay ərzində, hər ay 350 manat məbləğində iddiaçının əmək haqqısını bankomatdan çıxaraq iddiaçıya vermişdir. İddiaçının geyim və paltar əşyaları ilə bağlı bildirdikləri də həqiqəti əks etdirmir. Belə ki, həmin ərəfədə iddiaçının əlində satdıq mallar var idi. İddiaçının daimi yaşaması üçün yeri olmadığından həmin malları ona vermiş və xahiş etmişdir ki, imkan olduqda malları satsın. O, həmin malları qohumlarına satmış və satışdan əldə etdiyi cəmi 100 manatı iddiaçıya vermişdir. Həmin malların qiyməti 4.000 manat olmamışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 1.536 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin, yəni 60 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan 142151, 172125, 37369, 167926, 30957, 10964, 102653 63848, 90991, 158491, 24189, 126336, 121222, 20234 nömrəli qəbzlərin surətlərindən görünür ki, iddiaçının hesabına ümumilikdə 1,264 manat pul köçürülmüşdür. Məhkəmə baxışı iclasında iddiaçı etiraf etmişdir ki, həmin məbləği cavabdeh ödəmişdir. Cavabdeh 2.300 manat məbləğində borcun bütövlükdə onun tərəfindən ödənildiyini qeyd etsə də, bunu təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən, iddiaçının öz adına bankdan borc götürdüyü və cavabdehə verdiyi 2.300 manat pulun 1.264 manat hissəsi cavabdeh tərəfindən ödənilmiş hesab edilməklə, qalan 1.036 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, iddiaçının ona verdiyi 500 manatlıq “Tam kart” (kredit kartı) üzrə yaranmış borcun ödənilməsini bildirsə də, bu halı təsdiq edə biləcək sübutu təqdim edə bilməmişdir. Buna görə də, cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pul tutulmalıdır. İddianın “iddiaçı tərəfindən cavabdehə 4 ay ərzində, hər ay 350 manat olmaqla, cəmi 1.400 manat məbləğində verilmiş pulun qaytarılması barədə” hissəsi əsassızdır. Çünki iddiaçı bu tələbin əsaslı olmasını təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir. İddianın “cavabdehin iddiaçıdan satmaq üçün götürdüyü geyim və paltar əşyalarının dəyərinin – 4.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” hissəsi də əsassızdır. Çünki iddiaçı sözügedən malların hamısının cavabdeh tərəfindən satıldığını və pullarının mənimsənildiyini qeyd etsə də, məhkəmə iclasında tədqiq edilmiş sübutlar və şahid ifadələr ilə bu hal müəyyən edilməmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən malların bir hissəsinin ona qaytarıldığını qəbul etsə də, iddia etdiyi qaytarılmayan qalan digər malların mövcudluğunu, habelə hansı növ malların onun tərəfindən cavabdehə satılması üçün verildiyini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir d) apellyasiya şikayəti barədə məlumat
6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi barədə hissəsinin ləğv edilməsini və həmin tələblərin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-dən 2.300 manat məbləğində kredit götürüb, cavabdehə versə də, Bankın verdiyi “bank çıxarışından” da göründüyü kimi faizlər ilə birlikdə Banka 2.912 manat məbləğinə pul qaytarılmalı idi. Bundan başqa həmin məbləğ vaxtında qaytarılmadığına görə Bank tərəfindən əlavə faizlər hesablanmış və iddiaçı onları da Banka ödəmişdir. Lakin Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Bundan başqa limiti 500 manat olan “Tam kart” üzrə götürülmüş məbləğə görə iddiaçı, cavabdeh həmin borcu vaxtında kart hesabına ödəmədiyi üçün iddiaçı məcburiyyət qarşısında qalaraq həmin borcu və hesablanmış faizləri, cəmi 969 manatı “Tam kart” hesabına ödəmişdir. Yuxarıda qeyd edilən faizlər 1.081 manat təşkil etsə də, iddiaçı yalnız 1.000 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Rayon Məhkəməsi kreditə götürülmüş məbləğlər üzrə (2.912 + 969=) 3.881 manat pul hesablamalı və cavabdehin etdiyi 1.264 manat ödənişi nəzərə almaqla (3.881 – 1.264=) 2.617 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməli idi. Bundan başqa iddiaçı tərəfindən, onun oğlunun səs yazısı və şahidlər təqdim edilsə də, Rayon Məhkəməsi bu sübutlara qiymət verməmişdir. Halbuki, şahidlərin ifadələrinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə geyim və paltar əşyaları verilmişdir. Cavabdehin Rayon Məhkəməsinə şahid qismində təqdim etdiyi gəlini Aybəniz Məmmədli də ifadəsində bildirmişdir ki, cavabdeh iddiaçıdan həmin malları almış və malların dəyəri təxminən 500 manat olmuşdur. Rayon Məhkəməsinin iddianın “iddiaçı tərəfindən cavabdehə 4 ay ərzində, hər ay 350 manat olmaqla, cəmi 1.400 manat məbləğində verilmiş pulun qaytarılması barədə” hissəsinin təmin edilməməsi barədə nəticəsi də səhvdir. Belə ki, cavabdeh özü Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, onun oğlu 4 ay ərzində, hər ay 350 manat məbləğində iddiaçının əmək haqqısını bankomatdan çıxaraq iddiaçıya vermişdir. Cavabdeh bunu bildirsə də, həmin məbləğin iddiaçıya verilməsini sübut edə bilməmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İddiaçı və onun vəkili apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.
9. Apellyasiya baxışında iştirak edən cavabdeh, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmunun uyğun izahat verdi. f) apellyasiya baxışının həddi barədə məlumat
10. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin bir qismi təmin edilsə də, iş üzrə cavabdeh Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçının apellyasiya şikayətinin məzmunundan isə görünür ki, o da iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirmir. O, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “iddiaçı tərəfindən cavabdehə 4 ay ərzində, hər ay 350 manat olmaqla, cəmi 1.400 manat məbləğində verilmiş pulun qaytarılması barədə” tələbin və “cavabdehin iddiaçıdan satmaq üçün götürdüyü geyim və paltar əşyalarının dəyərinin – 4.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək “iddiaçı tərəfindən cavabdehə 4 ay ərzində, hər ay 350 manat olmaqla, cəmi 1.400 manat məbləğində verilmiş pulun qaytarılması barədə” tələbin tam təmin, “cavabdehin iddiaçıdan satmaq üçün götürdüyü geyim və paltar əşyalarının dəyərinin – 4.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” tələbin isə qismən təmin edilməsi qət edilməli, apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. İddiaçıya məxsus maaş kartının cavabdehdə olması və cavabdehin oğlunun 4 ay ərzində, hər ay 350 manat olmaqla, ümumilikdə 1.400 manat məbləğində pulu bankomatdan məxaric etməsi işin mübahisəsiz halıdır, çünki cavabdeh özü bu halı etiraf edir. Belə olan halda, qeyd edilən pul məbləğlərinin bankomatdan məxaric edildikdən sonra cavabdeh tərəfindən iddiaçıya verilməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh bu halı bildirsə də, bu halı təsdiq edə biləcək sübutları işə baxmış məhkəmələrə təqdim etməmişdir.
16. İddiaçı bildirir ki, həmin maaş kartı onun tərəfindən cavabdehə ona görə verilmişdir ki, cavabdeh həmin məbləği borc olaraq götürüb, ehtiyaclarına istifadə edə bilsin (borc müqaviləsindən irəli gələn münasibət). Cavabdeh isə bildirir ki, iddiaçı, bankomatla davranmağı bacarmadığı üçün öz bank kartını ona vermişdir ki, o, hər ay 350 manat məbləğində pulu bankomatdan çıxaraq iddiaçıya versin (tapşırıq müqaviləsindən irəli gələn münasibət). İşin bu halı ilə bağlı Məhkəmə bildirir ki, iş üzrə tərəflər arasındakı mülki mübahisənin borc müqaviləsindən deyil, tapşırıq müqaviləsindən irəli gəlməsini sübut etmək yükü cavabdehin üzərinə düşür, lakin o, bu halı da sübuta yetirə bilmir.
17. Odur ki, MPM-nin yuxarıda qeyd edilən maddələrin tələblərindən çıxış edən və bu tələb ilə bağlı işin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin müzakirə edilən bu tələbə qarşı etirazı əsassız, müzakirə edilən tələb isə əsaslıdır. Cavabdeh, onunla iddiaçı arasında şifahi qaydada bağlanmış “Borc müqaviləsi” üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iddiaçıdan borc aldığı 1.400 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarmamışdır.
18. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).
19. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş və yuxarıda təsvir edilmiş halına yanaşdıqda müəyyən edilir ki, “iddiaçı tərəfindən cavabdehə 4 ay ərzində, hər ay 350 manat olmaqla, cəmi 1.400 manat məbləğində verilmiş pulun qaytarılması barədə” tələb əsaslıdır. Rayon Məhkəməsi bu tələbi təmin etməməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsaslıdır.
20. Cavabdehin iddiaçıdan satmaq üçün geyim və paltar əşyalarının götürməsi işin mübahisəsiz halıdır və cavabdeh özü bu halı etiraf edir. İddiaçı bildirir ki, cavabdehin ondan satmaq üçün götürdüyü malların dəyəri 4.000 manat olmuşdur. Cavabdeh malın dəyərini ona nə ödəməmiş, nə də ki, malları qaytarmamışdır. Cavabdeh isə bildirir ki, həmin ərəfədə iddiaçının əlində satdıq mallar var idi. İddiaçının daimi yaşaması üçün yeri olmadığından ondan xahiş etmişdir ki, həmin malları öz evində saxlasın və imkan olduqda satsın. Həmin malların qiyməti 4.000 manat olmamış, çox az olmuşdur. Bundan sonra o, həmin malları qohumlarına satmış və satışdan əldə etdiyi cəmi 100 manatı iddiaçıya vermişdir.
21. MPM-nin yuxarıda qeyd edilən 77.1 və 14.2-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə bildirir ki, göstərilən geyim və paltar əşyalarının dəyərinin 4.000 manat məbləğində olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin iddiaçı bu halı sübuta yetirə bilmir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehin Rayon Məhkəməsinə şahid qismində təqdim etdiyi (iddiaçının gəlini) Aybəniz Məmmədli verdiyi ifadəsində cavabdeh iddiaçıdan aldığı həmin əşyaların dəyəri təxminən 500 manat olduğunu bilirsə də, Məhkəmə bu ifadəni obyektiv və etibarlı sübut kimi qəbul edə bilmir. Çünki həmin şahidin əmtəəşünas olmaması işin mübahisəsiz halıdır.
22. Eyni zamanda Məhkəmə bildirir ki, göstərilən geyim və paltar əşyalarının satışından əldə olunmuş 100 manatın iddiaçıya verilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh də bu halı sübuta yetirə bilmir.
23. Bu baxımdan qəbul edilməlidir ki, həmin əşyaların dəyəri 4.000 manat olmamış, həmin əşyaların satışından əldə olunmuş 100 manat cavabdeh tərəfindən iddiaçıya verilməmişdir.
24. İşin müəyyən edilmiş bu hallarını, habelə geyim və paltar əşyalarının satılması ilə bağlı iddiaçı ilə cavabdeh arasında həmin malları ilə bağlı yaranmış mübahisənin onların şifahi qaydada bağladıqları tapşırıq müqaviləsindən irəli gəlməsini nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (maddə 777.1.). Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.2.). Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur (maddə 782.1.).
25. Qeyd edilən maddi hüquq normalarının tələblərindən və MPM-nin yuxarıda qeyd edilən 77.1 və 14.2-ci maddələrinin tələblərindən işin müəyyən edilmiş və yuxarıda təsvir edilmiş halına yanaşdıqda müəyyən edilir ki, “cavabdehin iddiaçıdan satmaq üçün götürdüyü geyim və paltar əşyalarının dəyərinin – 4.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” tələb qismən əsaslıdır. Rayon Məhkəməsi bu tələbi tamamilə sübuta yetməməsi əsası ilə rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili qismən əsaslıdır.
26. Bundan başqa Məhkəmə bildirir ki, iddiaçının "xxxx" ASC-dən 2.300 manat məbləğində kredit və limiti 500 manat olan “Tam kart” (kredit kartı) alaraq onları borc olaraq cavabdehə verməsi, cavabdehin həmin borcu qəbul etməsi, daha sonra həmin Banka 1,264 manat ödəməsi, (2.300 – 1.264=) 1.036 manatı və “Tam kart” (kredit kartı) üzrə 500 manatı ödəməsi işin mübahisəsiz halıdır və hazırki apellyasiya baxışının predmetini təşkil etmir.
27. İddiaçı, qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, o, "xxxx" ASC-dən 2.300 manat məbləğində kredit götürüb, cavabdehə versə də, Bankın verdiyi “bank çıxarışından” da göründüyü kimi faizlər ilə birlikdə Banka 2.912 manat məbləğinə pul qaytarılmalı idi. Bundan başqa həmin məbləğ vaxtında qaytarılmadığına görə Bank tərəfindən əlavə faizlər hesablanmış və o, əlavə faizləri də Banka ödəmişdir. Lakin Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Bundan başqa 500 manatlı “Tam kart” üzrə götürülmüş məbləğə görə o, cavabdeh həmin borcu vaxtında kart hesabına ödəmədiyi üçün, məcburiyyət qarşısında qalaraq həmin borcu və hesablanmış faizləri, cəmi 969 manatı “Tam kart” hesabına ödəmişdir. Yuxarıda qeyd edilən faizlər 1.081 manat təşkil etsə də, o, yalnız 1.000 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Rayon Məhkəməsi kreditə götürülmüş məbləğlər üzrə (2.912 + 969=) 3.881 manat pul hesablamalı və cavabdehin etdiyi 1.264 manat ödənişi nəzərə almaqla (3.881 – 1.264=) 2.617 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını qət etməli idi.
27. Göründüyü kimi iddiaçının apellyasiya şikayətində ifadə etdiyi mövqe ondan ibarətdir ki, cavabdeh, qeyd edilən borc məbləğlərinə görə ona faiz ödəməlidir.
28. Yuxarıda artıq qeyd edildiyi kimi, iş üzrə tərəflər “Borc müqaviləsini” şifahi qaydada bağlamışlar.
29. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin 390-cı maddəsinin mənasına görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (maddə 390.2.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (maddə 390.4.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.). Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (maddə 390.6.). Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (maddə 390.7.). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.).
30. Qeyd edilən maddi hüquq normalarının tələblərini, iş üzrə tərəflər arasındakı “Borc müqaviləsinin” şifahi qaydada bağlanması nəzərə alan Məhkəmə hesab edir ki, qeyd edilən borc məbləğlərinə görə faizlərin ödənilməsini cavabdehdən tələb edən iddiaçı sübut etməlidir ki, onların arasında şifahi qaydada bağlanmış “Borc müqaviləsinə” əsasən cavabdeh onun qarşısında üzərinə öhdəlik götürmüşdür ki, bu kimi faizləri ona ödəyəcək. Lakin iddiaçı bunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Buna görə də, qəbul edilməlidir ki, iddiaçının Banka faiz ödəməsindən ibarət hərəkəti onunla cavabdeh arasında bağlanmış “Borc müqaviləsinin” şərtlərindən kənar olmuşdur. Cavabdeh üzərinə götürmədiyi öhdəliyə görə məsuliyyət daşıya bilməz.
31. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassız, Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi isə əsaslıdır.
32. İddiaçı, qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, o, oğlunun səs yazısını və şahidləri Rayon Məhkəməsinə təqdim etsə də, Rayon Məhkəməsi bu sübutlara qiymət verməmişdir.
33. Bununla bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi qeyd edilən səs yazısını nəzərə almamqda haqlı olmuşdur. Çünki həmin səs yazısı, elə iddiaçının özünün bildirdiyinə görə, hazırki iş üzrə tərəflər arasındakı danışığı özündə əks etdirmir. Belə olan halda həmin səs yazısı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, etibarlı sübut kimi qəbul edilə bilməz.
34. Rayon Məhkəməsinin qətnaməsindən həmçinin görünür ki, Rayon Məhkəməsi iş üzrə onun tərəfindən dindirilmiş şahidlərin ifadəsini, işdə olan digər sübutlar ilə birlikdə tədqiq etmişdir.
35. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticəsi
36. Beləliklə qeyd edilənləri, nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “iddiaçı tərəfindən cavabdehə 4 ay ərzində, hər ay 350 manat olmaqla, cəmi 1.400 manat məbləğində verilmiş pulun qaytarılması barədə” tələbin və “cavabdehin iddiaçıdan satmaq üçün götürdüyü geyim və paltar əşyalarının dəyərinin – 4.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” tələbin təmin edilməməsi hissəsində işin hallarına uyğun deyil.
37. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
38. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
39. Bu baxımdan müəyyən edilir ki, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilsə də, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki iddiaçıya münasibətdə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti (9.200-1.536- 1.400-100=) 6.164 manat, cavabdehə münasibətdə isə (1.536+1.400+100=) 3.036 manat təşkil edir.
40. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “iddiaçı tərəfindən cavabdehə 4 ay ərzində, hər ay 350 manat olmaqla, cəmi 1.400 manat məbləğində verilmiş pulun qaytarılması barədə” tələbin və “cavabdehin iddiaçıdan satmaq üçün götürdüyü geyim və paltar əşyalarının dəyərinin – 4.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” tələbin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş “iddiaçı tərəfindən cavabdehə 4 ay ərzində, hər ay 350 manat olmaqla, cəmi 1.400 manat məbləğində verilmiş pulun qaytarılması barədə” tələb təmin edilsin. Cavabdeh 1.400 (min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş “cavabdehin iddiaçıdan satmaq üçün götürdüyü geyim və paltar əşyalarının dəyərinin – 4.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” tələb qismən təmin edilsin. Cavabdeh 100 (yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Bu tələbin qalan hissəsi təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 05 may 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qismən təmin edildiyindən, iddiaçının apellyasiya şikayətinin verilməsi ödədiyi 56 manat məbləğində dövlət rüsumunun yarısı cavabdehə aid edilsin. Bu məqsəd ilə Cavabdeh 28 (iyirmi səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.