Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4372/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh3 ASC-nin vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 ASC (“X4” ASC), Cavabdeh1, Azərbaycan Respublikası Mərkəzi Bankı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh3 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 ASC, Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində xx.xx.2013- cü il tarixdə “X4” ASC-nin xeyrinə edilmiş ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh3 ASC (“X4” ASC), Cavabdeh1, Azərbaycan Respublikası Mərkəzi Bankı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və “X4” ASC-nin (hazırkı Premium Bank) xx.xx.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixdə “Aqana Servis" MMC ilə bağladığım alğı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 5 nömrəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini 4.500.000 manat müqabilində həmin şirkətdən satın almışdır. Müqavilənin dəyərini hissə-hissə olmaqla xx.xx.2011-ci il tarixədək ödəmiş və bundan sonra həmin əmlaka görə şirkətə hər hansı borcunun olmaması barədə "xxxx" MMC tərəfindən iddiaçıya 02/04 nömrəli maliyyə arayışı verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə əlaqədar bütün danışıqlar “Aqana Servis" MMC-nin direktoru olan Cavabdeh1 ilə aparılmış, sənədləşmə işləri onun tərəfindən həyata keçirilmiş, müqaviləni və maliyyə arayışını Cavabdeh1 imzalayaraq ödənişləri o qəbul etmişdir. Həmin vaxtdan bu günə kimi qeyri-yaşayış sahəsi iddiaçının sahibliyində olmuşdur. İddiaçı qeyri-yaşayış sahəsini tam təmirsiz vəziyyətdə almışdır. 2016-cı ilin yay aylarından həmin qeyri-yaşayış sahəsində təmir işləri aparmağa başlamışdır. Təmir işləri 2017-ci ilin dekabr ayında başa çatmış və iddiaçı obyektin təmirinə külli miqdarda vəsait xərcləmişdir. Obyekt istifadəyə verildiyi gündən bu günə kimi restoran kimi fəaliyyət göstərir. Şirkətlə aralarında olan razılaşmalara əsasən qeyri-yaşayış sahəsinin sənədləşmə işləri "xxxx" MMC tərəfindən həyata keçirilməli, bina istismara qəbul edildikdən sonra bu barədə iddiaçıya müvafiq sənədlər təqdim edilməli və bundan sonra iddiaçı DƏDRX-ə müraciət edib çıxarış almalı idi. Bununla əlaqədar olaraq Cavabdeh1lə dəfələrlə əlaqə saxlasa da, o, kifayət qədər pul olmadığına görə binanın istismara qəbul edilməsinin hələki mümkün olmadığını bildirmiş, lakin tezliklə bu məsələni həll edəcəyinə dair vədlər versə də, sənədləşmə işi hələ də həll edilməmişdir. 2018-ci ilin aprel ayında "Premium Bank’' ASC-nin (əvvəlki adı "X4" ASC) əməkdaşları sözügedən qeyri-yaşayış sahəsinə gələrək obyektə baxış keçirmək istədiklərini bildirdi. İddiaçı isə əmlakın ona məxsus olduğunu onlara bildirərək obyektə baxış keçirilməsinə etiraz etdi. Həmin şəxslər isə iddiaçıya bildirdi ki, onların əlində olan sənədlərə əsasən bu əmlak iddiaçıya yox, Cavabdeh1 adında şəxsə məxsusdur və Cavabdeh1 tərəfindən bu əmlak "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. Bundan sonra isə dərhal bu məsələyə aydınlıq gətirmək üçün "xxxx" MMC-nin direktoru Valehlə əlaqə saxlayaraq onunla görüşdü. Həmin vaxt Cavabdeh1 hər şeyi iddiaçıya etiraf edərək bildirdi ki, onun yüksək məbləğdə pula ehtiyacı olub. Təminatsız heç bir bank ona pul vermədiyinə görə məcbur qalıb "xxxx" MMC ilə sözügedən qeyri-yaşayış sahəsinə dair formal olaraq müqavilə bağlamış və sonra məhkəmə qərarı əsasında həmin əmlaka çıxarış almışdır. Bundan sonra isə o, yenidən “Premium Bank" ASC-yə müraciət edərək və həmin obyekti adıçəkilən bankda ipoteka ilə yüklü edərək bankdan yüksək məbləğdə kredit götürməyə nail olmuşdur. Bankın əməkdaşları da bu məqsədlə girovda olan əmlaka baxış keçirməyə gəlmişdir. Bu danışıqların sonunda isə Valeh iddiaçıya söz verdi ki, “ ... qısa müddət ərzində krediti ödəyib bütün borcu bağlayacaq, obyekti girovdan çıxarıb iddiaçının adına keçirəcəkdir. Sadəcə iddiaçı ona möhlət versin və hər hansı orqana və ya məhkəməyə şikayət etməsin ...”. Həmin vaxt Cavabdeh1 bu sözlərinə inanaraq ondan qısa müddətdə problemin aradan qaldırılmasını tələb etdi və bildirdi ki, əgər bu məsələ öz həllini tapmazsa, hüquq mühafizə orqanlarına müraciət edəcəkdir. Lakin, daha sonra Cavabdeh1 verdiyi vədinə əməl etməyərək qanunsuz əməllərinin nəticələrini aradan qaldırmadığına görə şikayətlə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməli oldu. Həmin şikayət əsasında Cavabdeh1 barəsində cinayət işi başlanılmış və Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsinə görə ona qarşı ittiham irəli sürülərək iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Qeyd olunanlarla bərabər, iddiaçı 2018-ci ilin may ayının 7-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, mübahisəli əmlakla bağlı Cavabdeh1 adına çıxarış alınmasına əsas olan məhkəmə aktını, yəni həmin məhkəmənin xx.xx.2013-cü il tarixli, 2(82)-2370/2013 nömrəli qərarını məhkəmədən əldə etdi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )-1335/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə isə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və həmin məhkəmədə işə baxılarkən iddiaçı Cavabdeh1 qanunsuz əməlini etiraf etmiş və sözügedən qeyri-yaşayış sahəsinin həqiqi mülkiyyətçisinin İddiaçı olmasını təsdiqləmiş və iddiadan imtina etməsi haqqında məhkəməyə ərizə vermişdir. Məhkəmə isə qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olmasını və iddiaçının ərizəsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Daha sonra iş üzrə üçüncü şəxs İddiaçı ərizəsinə əsasən icra dönüşünün edilməsi barədə xx.xx.2019-cu il tarixli 2-1(81 )-2011/2019 saylı qərardad qəbul edərək ünvan 3 ünvanında yerləşən 5 nömrəli binanın 1-ci mərtəbəsindəki sahəsi 864 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsi qərara alınmış və icra olunması üçün DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Adıçəkilən qərardad DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına olan mülkiyyət hüququna xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Həmçinin, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən məlumata görə, əmlak üzərində Cavabdeh1 mülkiyyət hüququna xitam verilsə də. xx.xx.2013-cü il tarixdə "X4” ASC-nin xeyrinə ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində saxlanılmışdır. Hesab edir ki, ipoteka yüklülüyünə də xitam verilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, qeyri yaşayış sahəsi ilk dəfə iddiaçıya satılmış və iddiaçı əmlakın dəyərini tam ödəməklə əmlak üzərində mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh1 qanunsuz əməlləri nəticəsində xəbəri olmadan əmlak onun mülkiyyətinə keçsə də, məlumatı olduqdan sonra verdiyi şikayətlər nəticəsində məhkəmələrdə araşdırmalar aparılmış və iddiaçının əmlakın həqiqi mülkiyyətçisi olmağı müəyyən edilmiş və bu səbəbdən icra dönüşü edilərək Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Belə olan halda, ipotekaya da xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki qeyriyaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və “X5” ASC-nin (hazırkı Premium Bank) xx.xx.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Azərbaycan Respublikası Mərkəzi Bankı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Qətnamədən narazı qalan "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi, təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 ASC-nin vəkili-nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçıların vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, şikayətlərin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Qanunun mənasına görə, hüquqi işləri, yəni hüquq barədə mübahisələri və individual xarakterli digər hüquq məsələləri həll etmək səlahiyyəti məhkəmələrə məxsusdur. İşə səlahiyyətli məhkəmə tərəfindən baxılması mübahisənin ixtisaslaşmış məhkəmə tərəfindən hərtərəfli və obyektiv həll edilməsinə zəmanət yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumu (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin normanın məzmunundan belə nəticə hasil olur ki, inzibati akt ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən məsələləri nizama salmaq məqsədi ilə qəbul edilir və ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradır, müəyyən şəxslər dairəsini bu və ya digər dərəcədə maraqlarına toxunur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 06 oktyabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü və 2.2.5-ci maddələrinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar siyahısına daxil edilmişdir. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyəttabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hazırkı mübahisə üzrə tərəflər arasında yaranan münasibət inzibati hüquq münasibətləri xarakteri daşıyır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanların siyahısına daxildir. Kollegiya qeyd edir ki, iddiaçının “ipoteka yüklülüyünə xitam verilməsi” tələbinin əsasını təşkil edən sübutlar və dəlillər hazırki işə mülki qaydada baxılıb mahiyyəti üzrə həll edilməsi üçün hüquqi əsas təşkil etmir. Belə ki, iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini ilk dəfə iddia ərizəsi ilə cavabdeh qismində, sonradan üçüncü şəxs qismində cəlb etsə də, işdən görünür ki, məhz iddiaçının müraciətlərinə cavab olaraq ƏMDK yanında DƏDRX tərəfindən hazırki mübahisə predmetinin ipoteka ilə yüklü edildiyi müəyyən edilmişdir. İşdən görünür ki, əvvəlki məhkəmə mübahisələri ilə qeyri-yaşayış sahəsinə verilmiş çıxarış ləğv edilmişdir. Yəni, ipoteka ilə yüklü edilmiş əmlakın çıxarışı ləğv edilsə də, reyestrdə əmlak üzərində ipoteka yüklülüyü qalmışdır. ƏMDK yanında DƏDRX-in iddiaçının vəkilinə ünvanladığı Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 5 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2013-cü tarixli və “X4” ASC-nin (hazırki Premium Bank”) xx.xx.2013-cü il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, əmlakların reyestri ilə bağlı hərəkətləri həyata keçirən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə əmlakın ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı müraciət olunmalı, müraciətin icrasından imtina edildiyi təqdirdə isə həmin orqanın hərəkətləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Kollegiya qeyd edir ki, Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Mübahisələrin ümüumi məhkəmələrə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsi, inzibati mübahisələrin aidiyyəti isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Q.A.Bezımyannaya Rusiya Federasiyasına qarşı iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında bildirmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrıayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4372/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4372/2022
16.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver