Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4375/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsini bağlanmış hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1343/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri 31 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- X2 vərəsələri: Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, Mövsümova Aysel aallahverdi qızı miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ** CD *** qeydiyyat nişanlı İKARUS markalı, ** CG *** qeydiyyat nişanlı İKARUS markalı, ** RL *** qeydiyyat nişanlı MERCEDES BENZG55 markalı, ** UN *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus) markalı, ** VU *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus )markalı, ** OH *** qeydiyyat nişanlı KİA RİO (MİNİK) markalı, ** OU *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus )markalı, ** UR *** qeydiyyat nişanlı İKARUS 250 59 (avtobus) markalı nəqliyyat vasitələrindən ibarətdir.
2. 13.07.2022-ci il tarixli arayışın sürətindən görünür ki, X4 vəfat etdiyi günədək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatda olmuşdur.
3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə yuxu arteriyasının travması səbəbi ilə ölmüşdür.
4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 (0,0219 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyatdan keçmişdir.
5. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,09 ha torpaq sahəsinin 0,04 ha hissəsini X8 15000 manata satmışdır.
6. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42E saylı sahə xüsusi mülkiyyət hüququ üzrə X6 adına qeydiyyatdan keçmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KİA RİO markalı,**-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə əsasında İddiaçı ilə X4 arasında alqı-satqısı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, KİA RİO markalı,**-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil uzun illərdir ki, İddiaçı faktiki mülkiyyətində və istifadəsindədir. İddiaçı həmin avtomobili X4 ilə öz aralarında şifahi alqı-satqı müqaviləsi bağlayaraq iddiaçı Mirzəyev Allahverdiyə manat məbləğində pul ödəyərək əldə etmişdir. Habelə mülkiyyətçi İddiaçı xx.xx.2021-ci il tarixli, ƏN-Vİİ 545109 №-li 10 illik müddətinə etibarnamə vermişdir. O vaxtdan bu günə kimi avtomobil iddiaçının istifadəsindədir. Lakin avtomobil üzərində iddiaçının mülkiyyət hüquqları rəsmi şəkildə əldə edilməmişdir. Daha sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük savxozunda qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mərhumun bir neçə miras əmlakı qalmışdır. Bununla bağlı cavabdehlər, yəni Mirzəyev Allahverdinin vərəsələri Cavabdeh5,Cavabdeh3, Cavabdeh4,X7, Cavabdeh1 və Cavabdeh2 müariətləri əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 31 saylı notarius ofisində 2V-28 reyestr nömrəli vərəsəlik işi açılmışdır. 17.02..2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, caavbdehlər vərəsə kimi tanınaraq X13nin mülkiyyətində olan ** CD *** qeydiyyat nişanlı İKARUS markalı, ** CG *** qeydiyyat nişanlı İKARUS markalı, ** RL *** qeydiyyat nişanlı MERCEDES BENZG55 markalı, ** UN *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus) markalı, ** VU *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus )markalı, ** OH *** qeydiyyat nişanlı KİA RİO (MİNİK) markalı, ** OU *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus) markalı, ** UR *** qeydiyyat nişanlı İKARUS 250 59 (avtobus )markalı nəqliyyat vasitələrinə vərəsəlik şəhadətnaməsi vermişdir. Belə ki, iş materiallarına əlavə olunmuş elektron notariat informasiya sistemindən çıxarışa əsasən, mərhum mülkiyyətində olan digər nəqliyyat vasitələrini də başqa şəxslərə satmış və bunun əsasında etibarnamə də imzalayaraq vermişdir. Göründüyü kimi iddiaçı ilə mərhumun arasında heç bir qohumluq əlaqəsi olmamışdır. Verilən etibarnamələr də alınan nəqliyyat vasitəsinə istinad olaraq verilmişdir. Hal-hazırda bununla bağlı tərəflər arasında mübahisə yaranmışdır.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1343/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddianın rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.8, 324.1, 324.2, 324.4, 334.1, 362.1, 389.1, 390.1, 390.3, 1151.1, 1153-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəlişəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77, 80, 82.3, 88, 217.4, 218.1, 307.2.6, 308-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi yalnız yazılı və notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin mövcud olmamasını əsas götürərək iddianı rədd etmişdir. Lakin Mülki Məcəllənin tələblərinə əsasən, mülki hüquq münasibətləri şəxslərin iradəsi əsasında yaranır və faktiki davranış hüquqi nəticə doğura bilər. Tərəflər arasında şifahi razılaşma əsasında avtomobilin pul müqabilində təhvil verilməsi, etibarnamə ilə uzun müddət istifadəyə verilməsi və iddiaçının faktiki sahibliyi bu münasibətin əqdin bağlanması kimi qiymətləndirilməsinə hüquqi əsas verir. Etibarnamə burada sadəcə bu faktiki əqdin hüquqi təzahür forması olmuşdur. Başqa sözlə desək birinci instansiya məhkəməsi yalnız notarial qaydada yazılı alqı-satqı müqaviləsinin olmaması faktını əsas götürərək iddianı rədd etmiş, lakin Mülki Məcəllənin 405-cimaddəsində əks olunan “əqdin bağlanmış hesab edilməsi” hüquqi konstruktunu və faktiki münasibətlərin hüquqi nəticə doğura bilməsi prinsipini nəzərə almamışdır. Həmin maddəyə əsasən, “əgər tərəflər əqdin məzmununu və əsas şərtlərini razılaşdırıblarsa, lakin texniki və ya prosedur səbəblərlə yazılı forma pozulubsa, bu halda əqd bağlanmış hesab edilə bilər.” Bu işdə tərəflər arasında şifahi razılaşma, pulun ödənilməsi, avtomobilin təhvil verilməsi və uzun müddətli faktiki istifadə sübut edir ki, əhəmiyyətli hüquqi münasibət mövcud olub. Etibarnamə də həmin münasibəti rəsmiləşdirmək üçün təqdim olunmuş hüquqi vasitə olub. Doğrudur, etibarnamə müqavilə deyil və mülkiyyət hüququ keçirmir. Lakin burada iddiaçının tələbi etibarnamənin özünün mülkiyyət hüququnu keçirdiyini deyil, etibarnamənin bağlanmış və faktiki yerinə yetirilmiş alqı-satqı münasibətinin sübutu kimi qəbul edilməsidir. Belə yanaşma Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsinə də uyğundur – məsələn, nəqliyyat vasitəsinin uzun müddət şəxsin istifadəsində olması, onun texniki baxış və sığortalarının həmin şəxs tərəfindən ödənilməsi, istismar olunması, xərclənməsi mülkiyyət münasibətinin formalaşmasına əsas verir. Əgər tərəflər arasında əqdin faktiki şərtləri mövcud olubsa və icrası baş tutubsa, yalnız notarial formanın yoxluğu həmin əqdi tamamilə hüquqi qüvvəsiz hesab etmək üçün əsas deyil. Mülki Məcəllənin tələbinə əsasən, mülki hüquq münasibətləri iştirakçılarının iradəsi əsasında yaranır. Bu halda mərhumun özünün avtomobili 10 illik müddətə etibarnamə ilə istifadəyə verməsi, qarşılığında pul alması və avtomobilə heç bir hüquqi iddia irəli sürməməsi – bağlanmış əqdin sübutudur. Əgər bu münasibət mərhumun sağlığında baş veribsə, onun ölümündən sonra artıq mirasçılara yalnız faktiki olmayan mülkiyyət hüququ keçir, yəni avtomobil hüquqi baxımdan artıq başqasının (iddiaçının) faktiki mülkiyyətindədir. Belə şəraitdə vicdanlı əldə edən və mülkiyyətin faktiki keçməsi konsepsiyaları tətbiq olunmalıdır. Mülki Məcəllənin 182-ci maddəsi vicdanlı əldə edən anlayışını təqdim edir. İddiaçı olaraq şəxs avtomobili pullu əsasla əldə etmiş, satıcının razılığı ilə istifadəsinə götürmüş, uzun müddətdir istismar etmiş və avtomobilə servis, təmir, vergi və sığorta ödənişləri etmişdir. Bu hallar vicdanlı əldə etmənin bütün elementlərini özündə ehtiva edir və bu statusun tanınması məhkəmə müdafiəsinə layiq mülkiyyət hüququnun formalaşması deməkdir. Əks tərəfin iddia etdiyi kimi, bu hal hüquqi qeyri-müəyyənlik yaratmır – əksinə, qeyrimüəyyənliyi məhz mərhumun ölümündən sonra onun faktiki sahiblikdə olmayan avtomobilinə dair vərəsəlik şəhadətnaməsi ilə hüquqi iddia qaldıran şəxslər yaradır. Bu şəxslər avtomobilə heç vaxt nə fiziki, nə hüquqi, nə də maliyyə cəhətdən sahiblik etməyiblər. Bu səbəbdən onların vərəsəlik hüququ yalnız digər nəqliyyat vasitələrinə aid ola bilər, lakin bu avtomobilə yox. Azərbaycan Respublikasında, xüsusilə avtomobil dövriyyəsində, alqı-satqı münasibətlərinin formal müqavilə əvəzinə etibarnamə ilə həyata keçirilməsi geniş yayılmış və qəbul edilmiş hüquqi təcrübədir. Bu hallar işgüzar adət-ənənə kimi Mülki Məcəllənin 10-cu maddəsinə əsasən hüquq qaynağı sayılır. Bu halda X13 yalnız bu avtomobili deyil, müxtəlif digər nəqliyyat vasitələrini də məhz bu üsulla – etibarnamə verməklə satmışdır. Bu, onun hüquqi davranış vərdişinin bir nümunəsidir. Hətta rəsmi orqanların özləri də (vergi, yol polisi və s.) bu hallarda avtomobilin faktiki istifadəçisini hüquqi cavabdeh şəxs kimi tanıyır. Məhkəmə real iqtisadi münasibətlərə və cəmiyyətin formalaşmış hüquqi davranışlarına göz yummamalıdır. Cavabdehlər vərəsəlik şəhadətnaməsinə əsaslansalar da, onların faktiki mülkiyyətə dair heç bir davranışları olmamışdır. Avtomobil nə vaxtsa onların istifadəsində, saxlanmasında, idarə olunmasında olmamış, onlar bu əmlakla bağlı heç bir hüquqi və ya maliyyə riskini öz üzərlərinə götürməmişlər. Buna görə də yalnız formal vərəsəlik hüququ əsasında mülkiyyət hüququna iddia irəli sürmələri ədalət və hüququn mahiyyətinə ziddir. X12 sağlığında avtomobili faktiki olaraq iddiaçının istifadəsinə verib və bu istifadəyə etiraz etməyib, əksinə bunu etibarnamə ilə rəsmiləşdirib. Bu, onun iradə ifadəsidir və mülki hüququn əsas prinsiplərindən biri olan “şəxsin iradəsi əsasında hüququn formalaşması” prinsipinə əsaslanır. Onun vəfatı bu iradəni yox saymaq üçün əsas ola bilməz. Əks halda, hüquq yalnız kağız üzərində qalar, faktiki hüquqi münasibətlərin və mülkiyyətin müdafiəsi mümkün olmaz. İddiaçının vicdanlı əldə etmə, faktiki mülkiyyət, etibarnamə ilə sübut olunan iradə, işgüzar adət-ənənələrə uyğun davranış və vərəsələrin faktiki hüquqi maraqlarının olmaması baxımından alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi tam əsaslı və qanunidir. Məhkəmə iddiaçının bu avtomobili vicdanlı əldə etməsi faktını qiymətləndirməmişdir. Halbuki iddiaçı avtomobili satıcının razılığı ilə, pul qarşılığında, rəsmi etibarnamə əsasında əldə etmiş, uzun müddət açıq, heç kəsdən gizlətmədən istifadə etmişdir. İddiaçı əmlakı vicdanla əldə edib və hal-hazırda sahiblənib. Vərəsələrin yalnız formal şəhadətnamə ilə bu əmlaka iddiası, əmlakın faktiki sahibindən alınmasına cəhd deməkdir. Məhkəmə bu maddəyə uyğun olaraq əmlakın qaytarılmaması tələbinə hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi yalnız yazılı müqavilənin olmamasını əsas gətirərək iddianı rədd etmiş, lakin tərəflərin şifahi razılığı, pulun ödənilməsi, avtomobilin təhvil verilməsi, etibarnamə verilməsi və faktiki uzun müddətli istifadə kimi halları nəzərə almayaraq, bu maddənin tətbiqindən əsassız şəkildə imtina etmişdir. Əqdin icrası baş vermiş olsa da (avtomobilin verilməsi, idarə edilməsi və saxlanılması), məhkəmə müqavilənin yalnız yazılı formaya riayət edilməməsinə əsaslanaraq onun bağlanmış hesab edilməsini rədd etmişdir. Bu da Mülki Məcəllənin 406cı maddəsinin tələblərinə ziddir. Məhkəmə mərhumun iradəsini qiymətləndirməmiş, onun etibarnamə verməklə avtomobili təhvil verdiyini, mübahisə etmədiyini və razılaşmanı faktiki olaraq həyata keçirdiyini nəzərə almamışdır. Məhkəmə avtomobil dövriyyəsində geniş yayılmış etibarnamə ilə satış praktikasını – yəni işgüzar adətləri nəzərə almadan sırf formal yanaşma ilə qətnamə çıxarmışdır. Mərhum təkcə bu avtomobili deyil, digər nəqliyyat vasitələrini də etibarnamə ilə satmışdır (vərəsəlik sənədindəki digər maşınlara dair etibarnamələr). Bu satış üsulu ictimai münasibətlərdə geniş yayılmış və qəbul edilmiş formadır. Məhkəmə işə baxarkən yalnız formaya üstünlük vermiş, lakin iddiaçının təqdim etdiyi etibarnamənin surətini, avtomobilin faktiki istifadə sübutlarını (servis sənədləri, ödəniş qəbzləri, sığorta və s.), mərhumun bu məsələyə dair sağlığında heç bir etiraz etməməsini, nəzərə almamış, bu sənədlərə hüquqi qiymət verməmişdir. İş materiallarında etibarnamə var, uzun müddətli istifadə sübutları təqdim olunub, lakin qətnamədə bunların analizi və qiymətləndirilməsi yoxdur. Məhkəmə bu sənədləri qiymətləndirmədən, birbaşa hüquqi forma (yazılımüqavilə) olmadığını əsas tutaraq qətnamə çıxarmışdır. Bu, araşdırmanın səthi və birtərəfli aparıldığını göstərir və 14.1-ci maddənin pozulmasıdır. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in bu maddəsinə əsasən, məhkəmə hər bir sübutu ayrı-ayrılıqda və digər sübutlarla əlaqədə qiymətləndirməli, iş üzrə əsl hüquqi münasibətləri aşkara çıxarmalıdır. Lakin məhkəmə etibarnaməni nəzərə almayıb, faktiki istifadəni araşdırmayıb, pul ödənişinə dair sübutlara hüquqi qiymət verməyib, vicdanlı əldə etmə məsələsini müzakirə etməyib. Qətnamədə sübutların ayrı-ayrılıqda və əlaqədə qiymətləndirildiyi heç bir hissə yoxdur. Bu, MPM-in tələblərinin pozulması ilə yanaşı, işin mahiyyətinə düzgün hüquqi yanaşmanın olmamasına səbəb olmuşdur. Sübutlar formal şəkildə sadalanıb, lakin hüquqi nəticə ilə əlaqələndirilməyib. Qətnamədə yalnız “yazılımüqavilə mövcud olmadığından” iddianın rədd olunduğu qeyd olunur. Amma niyə etibarnamə müqavilənin sübutu sayıla bilməz? Niyə faktiki istifadə və vicdanlı əldə etmə nəzərə alınmır? İşgüzar adətə niyə qiymət verilməyib? kimi əsaslandırmalar yoxdur. Qətnamə konkret hüquqi mübahisənin bütün aspektlərini izah etmədən, qısa və formal izahla çıxarılıb. Bu isə 218.1-ci maddənin pozulması ilə nəticələnib. Əgər cavabdehlərin təqdim etdiyi vərəsəlik sənədləri dərhal qəbul olunub hüquqi nəticə doğurubsa, lakin iddiaçının təqdim etdiyi etibarnamə, faktiki istifadə sübutları və hüquqi izahlar dəyərləndirilmədən kənarda saxlanılıbsa, bu halda tərəflərin prosessual imkanlarının bərabərliyinə əməl edilməmişdir. Bu, təhlükəli presedent yaradır: hüquq subyektlərinin yalnız formal sənədlərə görə dəyərləndirilməsi, faktiki münasibətlərin nəzərə alınmaması tərəflər arasında qeyri-bərabər davranışa gətirib çıxarır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
16. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
18. 60-cü maddənin İİİ hissəsi - Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. Maddə 5.3-cü mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
20. Maddə 16.1-ci fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
21. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
22. Maddə 324.1 əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
23. Maddə 324.2 əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
24. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
25. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
26. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
27. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
29. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
30. Maddə 1151.1-ci mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
31. Maddə 1153-cü şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.
32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəlişəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda, iddiaçı qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1343/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddiasını şifahi alqı-satqı müqaviləsinə və etibarnaməyə istinadla əsaslandırmışdır.
43. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, nəqliyyat vasitəsinin alqı-satqısı yalnız yazılı müqavilə ilə və notarial qaydada rəsmiləşdirilməklə etibarlıdır.
44. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülki hüquqlar və öhdəliklər müvafiq müqavilənin bağlanması və icrası nəticəsində yaranır. Mülki Məcəllənin müddəalarına görə, alqı-satqı müqaviləsi daşınar əşyalarla (o cümlədən nəqliyyat vasitələri ilə) bağlı bağlandıqda, həmin əmlakın alıcının mülkiyyətinə keçməsi üçün müqavilənin bağlanması və əmlakın faktiki olaraq təhvil verilməsi kifayət sayılır. Lakin, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət hüququ əmlakın yeni sahibinə keçdiyi andan qüvvəyə minir. Lakin, nəqliyyat vasitəsinin mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün normativ hüquqi aktlara əsasən həmin nəqliyyat vasitəsi müvafiq dövlət qeydiyyatına alınmalı və mülkiyyətçi kimi dövlət qeydiyyatı şəhadətnaməsində göstərilməlidir.
46. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, şifahi razılaşma nəqliyyat vasitəsinin mülkiyyətinin keçməsi üçün hüquqi əsas hesab edilə bilməz. İddiaçı etibarnamə və faktiki istifadə əsasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə istinad etsə də, xüsusilə nəqliyyat vasitələri kimi qeydiyyata alınmalı əmlaka mülkiyyət hüququ yalnız notarial qaydada rəsmiləşdirilmiş müqavilə və qeydiyyat əsasında tanınmalıdır. İddiaçı tərəfindən təqdim olunan xx.xx.2021-ci il tarixli 10 illik müddətə verilmiş yalnız hüquqi nümayəndəlik funksiyası daşıyır və mülkiyyət hüququnun ötürülməsi haqqında sübut xarakteri daşımır. Şifahi razılaşmanın olması halında belə həmin nəqliyyat vasitəsi müvafiq dövlət qeydiyyatına alınmadığından iddiaçının istinad etdiyi dəlillər əsaslı hesab edilmir. Belə ki, etibarnamə yalnız nümayəndəlik səlahiyyəti verir, mülkiyyət hüququ keçirmir. Etibarnamənin mövcudluğu özü-özlüyündə müqavilə sübutu sayıla bilməz. Həmçinin, etibarnamə birtərəfli hüquqi əqd hesab olunur və onun verilməsi nəticəsində hüquqi fakt (alqı-satqı) yaranmır.
47. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, X13 ilə istinad edilən şifahi alqı-satqı razılaşması, hətta baş vermiş olsa belə, bu hüquq münasibəti yalnız onun sağlığında hüquqi nəticə doğura bilərdi. X1 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən sonra, onun əmlakı üzərində vərəsəlik hüququ qanuni vərəsələrə keçir. Qeyd olunan qanunvericiliyə uyğun olaraq, mülkiyyət hüququ mərhumun vərəsələrinə keçir və bu şəxslər həmin əmlakla bağlı sərəncam vermək səlahiyyətinə malik olur. Belə olan halda, mərhumun sağlığında bağlanmamış və notarial qaydada rəsmiləşdirilməmiş alqı-satqı münasibətləri hüquqi nəticə doğurmur.
48. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri 31 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən göründüyü kimi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri mövcuddur və vərəsəlik işləri açılmışdır.
49. Kollegiya hesab edir ki, mərhumun vəfatından sonra onun əmlakı üzərində sərəncamvermə səlahiyyəti yalnız qanuni vərəsələrə keçir. Vərəsəlik hüququ AR Mülki Məcəlləsinə əsasən, mirasın açıldığı andan yaranır və bu şəxslərin razılığı olmadan avtomobil üzərində mülkiyyət hüququ ötürülə bilməz.
50. Mülki hüquq sisteminə görə, əqdin subyekti dəyişdikdə (bu halda satıcının vəfatı ilə), əqdin bağlanması texniki və hüquqi olaraq mümkün olmur. Vəfatla hüquq münasibəti kəsilir, yarımçıq qalmış əqdlər hüquqi qüvvəsini itirir. Bu baxımdan, artıq vəfat etmiş şəxslə "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" hüquqi cəhətdən mümkün deyil, çünki qarşı tərəf artıq hüquq subyekti deyil və mübahisəli iradə ifadəsinin qiymətləndirilməsi imkanı yoxdur. Qanunvericiliyə əsasən hüquqi faktların müəyyən edilməsi üçün xüsusi qayda nəzərdə tutur.
51. Beləlilklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1343/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.