Məhkəmə qərarları › İş №2(103)-4379/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4379/2021

08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4379/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Cıraq oğlunun, Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cıraq oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 11955 manat məbləğində maddi ziyanın, 3000 manat məbləğində əldən çıxmış faydanın, 3000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 12.05.2020-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Opel Vectra“ markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Koroğlu metrostansiyası istiqamətində hərəkət edən zaman 23-cü PB-nin yanında qıraqda dayanmış və ona məxsus olan “Toyota Prado” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, bununla da cavabdehlərin günahı ücbatından hadisə zamanı ona maddi ziyan dəymişdir. Cavabdehlərə hüquqlarını pozduğu nəticəsində dəymiş maddi zərər ödənilməsinə dair müraciət etsə də, bunun nəticəsi olmamış bir cox hallarda isə, təhqirə və təsirə məruz qalmışdır. Cavabdeh tərəfindən hüququ pozulduğundan ona külli miqdarda zərər dəymişdir. Belə ki rieltor işləiyir və həmin avtomobili iş fəaliyyətində istifadə etdiyi ücün, fəaliyətində önəmli yer tutur. Faktiki olaraq 12.05.2020-ci il tarixdən bu günə kimi, həmin avtomobili istifadə etmədiyi ücün əldə etdiyi gəlirdən məhrum olur və bununla bağlı xeyli miqdarda gəlir əldən çıxmışdır Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi ziyana görə 10505 manat və ödənilmiş dövlət rüsumunun 18 manat hissəsi olmaqla, ümumilikdə 10523 (on min beş yüz iyirmi üç) manat pul vəsaitinin tutulub İddiaçı Cıraq oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 60 (altmış) manat hissəsinin cavabdehlərdən, 40 (qırx) manat hissəsinin iddiaçıdan tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2019-cu ilin təxminən noyabr ayında yaşadığı, sonradan köçdüyü Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsində qonşuluqda kirayədə qalan X5 ilə razılığa gəlmişdir ki, mülkiyyətində olan “Opel Vectra“ markalı **-CG- *** dövlət qeydiyyat nişanlı avtomaşını ona 1 (bir) il müddətinə hər ay 500 manat ödəməklə 9000 (doqquz min) manata satır, sonuncu isə hər ay 500 manat ödəməklə avtomobilin dəyərini 1 (bir) il ərzində ona ödəyib qurtarmalıdır. Bundan sonra o, alqı-satqı müqaviləsi bağlayaraq avtomobili R.B.Səfərovun mülkiyyətinə keçirməli idi. Avtomobilin pulunu tam ödəyənədək 10.11.2019-cu ildə Bakı şəhəri 6 saylı Notariat Ofisində təsdiq edilməklə X2 həmin avtomobili 1 (bir) il 8 (səkkiz) ay müddətinə 16.07.2021-ci il tarixədək idarə etməsi üçün etibarnamə vermişdir. Beləliklə həmin etibarnaməni verməklə avtomobili 10.11.2019-cu ildə ona təhvil vermiş, bundan sonra avtomobil X1 qanuni sahibliyinə keçmişdir. X5 hər ay ona razılaşdırdıqları məbləği ödəyirdi. Göstərilən yol nəqliyyat hadisəsi baş verən vaxtadək R.B.Səfərovun ona 4500 manat borcu qalmışdı. Sonradan Cavabdeh1 12.05.2020-ci il tarixdə yol hərəkəti qaydasını pozaraq idarə etdiyi “Opel Vectra“ markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Koroğlu metrostansiyası istiqamətində hərəkət edən zaman iddiaçıya məxsus olan “Toyota Prado” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan vurmuşdur. Qətnamədən görünür ki, Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan iddiaçıya məxsus avtomobili idarə etmişdir. X5 avtomobili etibarnamə olmadan Cavabdeh1 vermişdir. Məhkəmə tərəfindən yol nəqliyyat hadisəsi törədildiyi vaxt avtomobilin qanuni sahibi olan X3 məhkəmə prosesinə cəlb edilməli idi. Lakin məhkəmə bunu etməmiş və nəticədə də ona münasibətdə qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilməli, iddia tələbi ona münasibətdə rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin qismən, yəni Cavabdeh2 münasibətdə ləğv edilməsi, ona dair hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı Cıraq oğlu apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək, Cavabdeh2 hazırki məsələyə heç bir aidiyyətinin olmadığını, bu iş üzrə məsuliyyəti onun və ona avtomobili idarə etmək üçün vermiş Rəsul Səfərovun daşıdığını bildirərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin Cavabdeh2 münasibətdə ləğv edilməsi, ona dair hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin özünə aid hissədə ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Cavabdeh2 münasibətdə ləğv edilməklə, ona dair hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin nömrəli, 30.07.2020-ci il tarixli, 3(007)-970/2020 saylı qərarından müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqı materiala əsasən Cavabdeh1 12.05.2020-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Opel Vectra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən 23-cü PB-nin qarşısında dayanan “Toyota Prado” markalı, **-FZ-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuşdur. Hadisə zamanı “Toyota Prado” markalı, 90-FZ455 qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı və maşına ziyan dəymişdir. Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 334.4-cü maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə olunmuşdur. Əlizadə X4 Mahir Həsən oğluna məxsus “Opel Vectra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Bakı şəhəri 6 saylı Notariat Ofisində təsdiq edilmiş 10.11.2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Opel Vectra“ markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşını X2 1 (bir) il 8 (səkkiz) ay müddətinə, 16.07.2021-ci il tarixədək idarə etməsi üçün vermişdir. Kollegiya qeyd edir ki, iş materilalları ilə müəyyən olunur ki, Cavabdeh1 idarə etdiyi “Opel Vectra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus “Toyota Prado” markalı, **-FZ-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq, iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş materiallarından görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Opel Vectra“ markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşını X2 1 (bir) il 8 (səkkiz) ay müddətinə, 16.07.2021-ci il tarixədək idarə etməsi üçün vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək iddiaçıya ödənilməli pul vəsaitinin hər iki cavabdehdən tutulması barədə nəticəyə gələrkən, yuxarıda qeyd edilən normalara istinad etsə də, həmin normaları Cavabdeh2 münasibətdə düzgün tətbiq etməmiş və nəticədə apellyasiya qaydasında mübahisələndirilən hissədə yanlış nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsi zərərin əvəzinin ödənilməsi vəzifəsinin eyni vaxtda həm mülkiyyətçinin, həm də avtomobili qanuni əsasla idarə edən şəxsin üzərinə deyil, onlardan yalnız birinin üzərinə qoyulmasını nəzərdə tutur. İş materiallarından göründüyü kimi, yol nəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh2 mülkiyyətində olan “Opel Vectra“ markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşını qanuni əsaslarla başqa şəxsə idarə etməsi üçün vermişdir. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək yekun olaraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh2 münasibətdə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh2 münasibətdə ləğv edilsin. İddiaçı Cıraq oğlunun Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar