Məhkəmə qərarları › İş №2(103)-4385/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4385/2021

04.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4385/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Maraqlı şəxs və onun nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh2 “qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, əqdin etibarsızlığı və əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı, 27.12.2019 tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, əqdin etibarsızlığı və əmlak bölgüsü tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh1 və valideynlərinə məxsus olub istifadələrində olan 3 otaqlı mənzilin hal-hazırda azyaşlı övladları ilə birlikdə yaşadığı 2 otağına və ümumi istifadə yerlərinə istifadə və yaşayaış hüququnun tanınması, “Hyundai Sonata” markalı 90- BJ046 dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdehlər arasında bağlanmış 14.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, həmin avtomobil üzərində paylı mülkiyyət hüququnun tanınması, nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən geri alınması, hərrac vasitəsi ilə satılaraq əldə edilmiş pul vəsaitinin payına uyğun hissəsinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə rəsmi nikahları 25.03.2015-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Ailə qurduqdan sonra 15.04.2016-cı il tarixdə X9, 22.12.2017-ci ildə isə X12 adlı övladları dünyaya gəlib. Nikah münasibətlərinin rəsmiləşməsindən sonra Cavabdeh1 valideynlərinin Yasamal rayonu, Ə.Cəmiİ küçəsi,ev 30 ünvanında yerləşən mülkünə köçmüşdür. Üç otaqdan ibarət olan mənzilin iki otağı (yataq otağı və zal) təzə qurulan ailə olaraq onlara verilmişdir. Cehiz əşyalarını həmin otaqlara yığmışdır. Həmin vaxtdan da orada əri və azyaşlı uşaqları ilə birlikdə yaşamış və hal-hazırda da yaşamaqda davam edir. Bu ilin yaz aylarında cavabdehlə Cavabdeh1lə ailə münasibətləri müxtəlif səbəblərdən pisləşməyə başlamış, may ayında Cavabdeh1 nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Ailənin dağılmasını istəmədiyi və iddia tələbini qəbul etmədiyi üçün məhkəmə barışıq üçün 3 ay müddət vermişdir. Mənzil ümumi həyət evinin bir hissəsindən ibarət tikilidir. Mənzilə iki giriş-çıxış qapısı vardır. Halhazırda bir giriş-çıxış qapısından o öz övladları ilə birlikdə onlara ayrılmış otaqlarda yaşamaq üçün istifadə edir, digər giriş-çıxış qapısından isə Cavabdeh1 və valideynləri istifadə edir, bu qapıdan girilən otaqda hal-hazırda Cavabdeh1 və valideynləri birlikdə yaşayırlar. Mənzildə faktiki yaşasa da, bura gələn vaxtdan indiyə kimi Cavabdeh1 onu qeydiyyata saldırmayıbdır. Bu üzdən müxtəlif çətinliklərlə qarşılaşmalı olmuşdur. Belə ki,övladlarının ərazi tibb müəssisələrində qeydiyyatı, sosial ödənişlərin alınması ilə əlaqədar, sair konstitusion və başqa hüquqlarının gerçəkləşməsində müəyyən problemləri olmuşdur və bunlar bu gün də davam edir. Rayon pasport qeydiyyatı orqanları bildirirlər ki, qeydiyyata düşmək üçün mənzilin qanuni sahiblərinin, yaxud bu hüququn verildiyi şəxslərin razılığı lazımdır. Yaxud məsələ məhkəmə yolu ilə həll olunmalı, istifadə və yaşamaq hüquqları məhkəmə qaydasında tanınmalıdır. Bu üzdən yaşamaq və istifadə hüququnun məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır.2015-ci ildən yaşayış yerini qanuni nikah münasibətləri ilə bağlı olaraq seçmiş və ər evinə köçmüşdür. Hal-hazırda, həmin mənzildə yaşamasını təsdiq edən heç bir hüquqi sənədə malik deyil, bu isə onun ər evində yaşamaq hüquqlarına maneələr yaradır. Nikah münasibətlərinin pozulması isə ona və övladlarına gələcəkdə problemlər yarada bilər. Bu üzdən beş il bundan əvvəl Cavabdeh1 və valideynlərinin razılığı ilə köçdüyü mənzillə bağlı yaşamaq hüquqları məhkəmə qaydasında tanınmalıdır.Bundan əlavə, halhazırda azyaşlı övladları onun himayəsindədir. Onların da öz hüquqları vardır. Hazırki mənzildən köçüb getməsi uşaqların qanunla təsbit olunan hüquqlarına toxunmuş olar.Cavabdeh1 qarşı digər tələbi nikahdan sonra əldə edilmiş əmlakın bölünməsi ilə bağlıdır. Belə ki, birgə nikah dövründə “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. Həmin nəqliyyat vasitəsi 22.09.2017-ci il tarixdən etibarnamə əsasında Cavabdeh1 faktiki sahibliyində olsa da, sonradan - 26.07.2018-ci il tarixdə BDYP İdarəsində təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə onun adına adına rəsmiləşdirilmişdir. Həmin vaxtdan maşın ailənin istifadəsində və ərinin sahibliyində olub.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 29.07.2019-cu il tarixli arayışını bu ilin avqust ayında əldə etdikdən sonra məlumat əldə etmişdir ki, sözügedən nəqliyyat vasitəsi onun razılığı olmadan özgəninkiləşdirilmişdir. Cavabdeh1 nikahın pozulacağından və nəqliyyat vasitəsinin ümumi əmlak kimi bölünəcəyindən yayınmaq üçün bu ilin may ayının 14-də əmlakı yaxın dostu Cavabdeh2 adına rəsmiləşdimişdir. Cavabdeh2 ərinin yaxın dostudur, o, toy və sair xeyir məclislərində də iştirak edib, ailənin problemlərindən də xəbərdardır. Cavabdeh2 bilirdi ki, bu nəqliyyat vasitəsinin onun adına keçirilməsinə razılığı olmamışdır. Bildirir ki, hal-hazırda həmin nəqliyyat vasitəsi ilə bağlı Cavabdeh1 adına 14.05.2020-ci ilədək qüvvədə olan etibarnamə olsa da o, nəqliyyat vasitəsini bilərəkdən idarə etmir, yaxud gizlindən idarə edir, yaxud da kiminsə idarəetməsinə vermişdir ki, bununla bağlı heç bir tələb irəli sürməsin. Cavabdeh2 onların ailə münaqişəsindən xəbərdar idi və bilirdi ki, Cavabdeh1 ilə bu ilin mart ayından münasibətləri pisləşib və ədavət həddinə çatıb. Bunu Cavabdeh1 nikahın pozulmasına dair özünün iddia ərizəsində də təsdiq etmişdir. Aralarında münaqişə olduğu halda satışa razılıq verməyəcəyini cavabdehlər çox yaxşı bilirdilər. Əslində bu alqı-satqı müqaviləsi həqiqi deyildir, görünüş üçün bağlanmışdır, əhəmiyyətsiz bir əqddir, burada pul ödənişi əməliyyatı olmamaışdır və maşının Cavabdeh2 sahibliyinə verilməsi faktı baş verməmişdir. O üzdən alqı-satqı müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməlidir.

3. Daha sonra, İddiaçı cavabdehin cəlb edilməsi və iddia tələbinin həcminin artırılmasına dair ərizələr verərək göstərmişdir ki, hazırki iddia ərizəsi üzrə mülki işə baxılan zaman ona məhkəmə bildirişi gəlmiş və məlum olmuşdur ki, hazırki ərizədə cavabdeh kimi qeyd edilmiş X7 ona qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi vermişdir. Mənzildən çıxarılma tələbinə dair iddia ərizəsində cavabdeh qeyd etmişdir ki, yaşadığı ünvan 1 X7 mülkiyyətindədir. Hazırki, iddia ərizəsində iddia tələblərindən birinin məhz bu ünvana köçürülmə ilə əlaqədar olduğunu nəzərə alaraq hazırkı iddianın həcminin artırılması və dəqiqləşmə ərizəsi ilə həmin şəxsin də cavabdeh kimi prosesə cəlb edilməsi qərarına gəlmişdir. Qeyd olunanlara əsasən X7 cavabdeh qismində cəlb edilməsi, ünvan 3 ünvanında Cavabdeh1 və X8 məxsus olub iddiaçının faktiki istifadəsində olan 3 otaqlı mənzilin hal-hazırda azyaşlı övladları ilə birlikdə yaşadığı iki otağına və ümumi istifadə yerlərinə istifadə və yaşayış hüququnun tanınması, “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 14.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab ediməsi, avtomibilin Cavabdeh1 mülkiyyətinə və sahibliyinə qaytarılması, iddiaçının himayəsində iki azyaşlı uşağın olmasına görə 2/3 hissədə iddiaçının, 1/3 hissədə isə cabavdeh Cavabdeh1 paylarının müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı, 27.12.2019 tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 14.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 (ikidə bir) hissədə İddiaçı və 1/2 (ikidə bir) hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsinin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 alınıb İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Emin Mehdiyev).

5. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı, 27.12.2019 tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

6. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 26.07.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh2 tərəfindən Maraqlı şəxs satılmışdır. Maraqlı şəxs nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ rəsmiləşdirilmiş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində nəqliyyat vasitəsinin sahibi kimi Maraqlı şəxs qeyd olunmuşdur. Özgəninkiləşdirənin mülkiyyətçi statusu və nümayəndənin əqdi bağlamaq səlahiyyətinin olduğu halda Maraqlı şəxs gələcəkdə yuxarıda qeyd olunan halların baş vermə ehtimalını nəzərə alması mümkün deyil. Maraqlı şəxs əvvəllər Cavabdeh2 Hidayət oğlunu və Cavabdeh1 tanımamışdır. İş materiallarında Maraqlı şəxs müvafiq əqd bağlanan zamanı vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Alqı-satqı müqaviləsi bağlanan zamanı Cavabdeh2 nəqliyyat vasitəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmış vəziyyətdə olmuş və reyestrdə hər hansı yüklülük halı qeydə alınmamışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinin 29.07.2019-cu il tarixli, 67875-1219 saylı arayışında göstərilmişdir ki, 14.05.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında həmin avtomobil Cavabdeh2 adına qeydiyyatdan keçirilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, artıq 26.07.2019-cu ildə həmin avtomobil Maraqlı şəxs adına qeydiyyata alınmışdır. Qanunvericilik paylı mülkiyyətin mülkiyyətçisinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, payın naturada ayrılmasına yol vermirsə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququnu tanımaqla yanaşı, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Məhkəmə qərarı ilə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoymuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiymətini müəyyənləşdirərək, avtomobilin bazar qiyməti ilə dəyərinin 2/1 hissəsi məbləğində pulun Cavabdeh1 tutularaq, İddiaçı İbrahımxəlıl qızına ödənilməsi barədə qətnamə qəbul edə bilərdi. Belə mövqe İddiaçı İbrahımxəlıl qızının mənafeyinə uyğun olmaqla yanaşı, Maraqlı şəxs mülkiyyət hüququnun pozulmasının qarşısını almış olardı. Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs və onun nümayəndəsi və vəkili O.Abbasov apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər.

8. İşə baxılasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:

11. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 036171 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 arasında nikah 25.03.2015-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 670 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Paşayeva soyadı verilmişdir.

12. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 766332 saylı və AZ-İV seriyalı, 060320 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından anadan olmuş 15.04.2016-cı il təvəllüdlü X9, 22.12.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatmamışlar.

13. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(004)-4018/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi təmin edilərək tərəflər arasında rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahlarından doğulmuş 15.04.2016-cı il təvəllüdlü X2 və 22.12.2017-ci il təvəllüdlü X5 analarının yanında qalmaları Cavabdeh1 uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat, 22.12.2017-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi iddiaçı hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinin 29.07.2019-cu il tarixli, 67875-1219 saylı arayışından görünür ki, Cavabdeh1 adında 26.07.2018-ci il tarixdə “Hyundai Sonata” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyata alınmış, 14.05.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında həmin avtomobil Cavabdeh2 adına qeydiyyatdan keçirilmişdir. Hüquqi dəyərləndirmə:

15. Kollegiya iş materiallarına və apellyasiya şikayətlərinin dəlillərinə əsasən qeyd edir ki, maraqlı şəxs apellyasiya şikayətində “Hyundai Sonata” markalı avtomobilə iddiaçı və cavabdehin paylarının müəyyən edilməsini mübahisələndirdiyindən, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinə yalnız həmin hissədə hüquqi qiymət verir.

16. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Apellyasiya şikayətində qətnamənin tam deyil, öz mənafeyinə aid olan hissədə ləğv edilməsini xahiş etdiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır.

20. Birinci instansiya məhkəməsi öz qətnaməsində “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 14.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı nəticəyə gəlmişdir. Məhkəmənin gəliyi nəticə həmin avtomobilin tərəflərin birgə nikahı dövründə əldə olunmuş əmlak olması ilə əsaslandırılmışdır.

21. İş materiallarından görünür ki, Cavabdeh1 ilə X1 arasında nikah 25.03.2015-ci il tarixdə qeydə alınmışdır. Mübahisəli avtoməbil isə 26.07.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 14.05.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında həmin avtomobil Cavabdeh2 adına qeydiyyatdan keçirilmişdir (§15). Bu hal onu deməyə əsas verir ki, Cavabdeh1 ilə X1 arasında olan nikah 01.10.2019-cu il tarixində pozulduğundan mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Eyni zamanda, kollegiya qeyd edilməsini zəruri hesab edir ki, sözügedən avtomobilin cavabdehə vərəsəlik qaydasında keçməsini və ya ona hədiyyə verilməsini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

22. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə tərəfində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə 08.05.2021-ci il tarixində sorğu göndərilmişdir. Sorğuda “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair Cavabdeh2 ilə Maraqlı şəxs arasında bağlanmış alqı-satqı müqaviləsinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.

23. Sorğuya cavab olaraq 26.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin müqaviləyə görə, 26 iyul 2019-cu il tarixində “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən Maraqlı şəxs 13.000 manata satılmışdır.

24. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, avtomobilin hazırki sahibi olan Maraqlı şəxs vicdanlı alıcı olduğundan, iddiaçı və cavabdehin həmin avtomobil üzərində paylarının müəyyən edilməsində birinci instansiya məhkəməsi haqlı olmamışdır. Mülki Məcəllənin 182.1-ci maddsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

25. İşin qeyd edilən hallarına və Mülki Məcəllənin tələblərinə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəli avtomobil üzərində 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi hissisində ləğv edilməlidir.

26. Qeyd edilən hallar nəzərə alınmaqla, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, avtomobili Cavabdeh1 özgəninkiləşdirdiyindən, avtomobilin dəyərinin yarısı, yəni 6500 manatı Cavabdeh1 tərəfindən İddiaçı ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

30. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

31. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı, 27.12.2019 tarixli qətnaməsi “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 14.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi hissəsində ləğv edilərək, avtomobilin dəyərinin 2/1 hissəsi, yəni 6500 manatı Cavabdeh1 tərəfindən İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı, 27.12.2019 tarixli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 2/1 hissəsi, yəni 6500 (altı min beş yüz) manatı Cavabdeh1 alınaraq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar