Məhkəmə qərarları › İş №2(103)-4386/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4386/2025

01.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4386/2025 01.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(007)-819/2025 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə 17 dekabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

2. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cavabdeh qarşılıqlı iddia ərizəsi 30 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(007)- 819/2025 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır.

4. Qərardadın əsaslarına görə, iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdə, yəni 17 dekabr 2024-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabineti mövcud olmuş və o, məhkəmə bildirişlərini şəxsi elektron kabineti vasitəsilə qəbul etmişdir. Lakin qarşılıqlı iddia tələbi barədə ərizəsini məhkəməyə 30 may 2025-ci il tarixdə elektron kabineti vasitəsilə, qanunvericiliklə nəzərdə tutulmuş 20 günlük müdddəti ötürməklə verilmişdir

5. Cavabdeh qərardaddan şikayət verərək, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 819/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi bахılmаmış sахlаnılmışdır. Daha sonra, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2(007)-819/2025 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki işin icraatı təzələnmiş, mülki işə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası 26 fevral 2025-ci il tarixə, saat 11:40-a təyin edilmişdir. Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2(007)-819/2025 saylı qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e- 2(007)- 819/2025 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-819/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmış, qərardaddan narazı qaldıqda qərardada olan etirazını apellyasiya şikayətinə daxil edə bilmək hüququ cavabdehə izah edilmişdir. Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2(007)- 819/2025 saylı və 14 fevral 2025-ci il tarixli e-2(007)-819/2025 saylı qərardadlarından şikayət verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 fevral 2025cü il tarixli 2(007) 819/2025 saylı qərardadının və 04 fevral 2025-ci il tarixli qərardadlarının ləğv olunaraq, Nümayəndə 28 yanvar 2025-ci il tarixdə iş üzrə tərəf olmadığından və nümayəndə və vəkil kimi səlahiyyətləri lazımi qaydada təsdiq edilmədiyindən, eyni zamanda ərizəyə məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməsi barədə sübut əlavə etmədiyindən, ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-819/2025 saylı, 04 fevral 2025-ci il tarixli və e-2(007)-819/2025 saylı, 14 fevral 2025-ci il tarixli qərardadlardan Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. 24 fevral 2025-ci ildə Cavabdeh yenidən şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli e-2(007)-819/2025-106 saylı qərardadının ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2338/2025 01 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-819/2025 saylı, 14 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi məhkəməyə 17 dekabr 2025-ci il tarixdə daxil olsa da, baxılmamış saxlanıldığından, X1 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün müddət ötürülməmiş, bu səbəbdən icraata qəbul edilərək, ilkin iddia ilə birlikdə baxılmalıdır..

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, e-2(007)- 819/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir; Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir; 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; Maddə.156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Mülki prosessual qanunvericiliyə görə qarşılıqlı iddia, iddia ilə eyni qaydada verilməlidir. Həmçinin, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün iddia ərizəsinin surətini aldıqdan sonra 20 günlük prosessul müddət müəyyənləşdirilmişdir.

10. Qanunvericiliyin istinad olunan müddəaları mübahisəyə tətbiq edildikdə aydın olur ki, cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı göstərilmiş prosessual şərtlərə əməl etməmişdir.

11. Belə ki, işdən görünür ki, iddia ərizəsi 17 dekabr 2024-cü il tarixdə məhkəməyə verilmiş, məhkəmənin 20 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürülmüş, həmin tərixdə cavabdehə iddia barədə məlumat, qarşılıqlı iddianın verilməsi qaydasının və müddətinin də qeyd olunduğu prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş göndərilmişdir.

12. Qarşılıqlı iddia isə 30 may 2025-ci il tarixdə təqdim olunmaqla, qeyd olunan 20 günlük prosessual müddət ötürülmüş və ərizənin müddətin ötürülməklə verilmə səbəbi qeyd olunmamışdır.

13. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(007)- 819/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(007)- 819/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar