Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4390/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərli Xədicə Əlicabbar qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2014-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 22798 manat əsas borc, 1075 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 23903 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2014-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həsənova, iş № 2(006)-1472/14) iddia qismən təmin edilərək Cavabdeh1 22798 manat əsas, 1075 manat faiz borcu, 30 manat dövlət rüsumunun 21 manatı, cəmi 23894 manat pulun tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun 9 manatının iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti və ona əlavə verərək qətnamənin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh şikayətində "xxxx" MMC tərəfindən onlara qarşı 2012-ci ildə də eyni əsasla iddia qaldırıldığını və həmin iddianın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunduğunu göstərmişdir. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən və şikayətin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsini rəhbər tutaraq qətnamənin əsaslılığını tam həcmdə yoxlamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir (261.0.2). Cavabdeh tərəfindən təqdim olunmuş məhkəmə aktlarından görünür ki, tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə eyni tələbə dair işə baxılmışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı 22898,55 manat əsas borcun, 286 manat faiz borcunun və 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun hesabına ödənilməsinə dair iddiası əsassız olduğundan rədd edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2013-cü il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2012-ci il tarixli qətnaməsi üzrə tərəflər və iddianın predmeti hazırkı işdəkilərlə eynidir və hər iki işdə iddia eyni əsasla qaldırılmışdır. Ona görə də qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər 2012-2013-cü illərdə əvvəlki işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən də məhkəmə baxışının predmeti olmuş, həmin dəlillər araşdırılmış və hüquqi qiymət verilmişdir. Həmin iş üzrə məhkəmə qərarlarında iddia tələbinin əsassız olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra bir sıra keyfiyyətlərlə yanaşı, qətilik xüsusiyyəti də əldə edir. Məhz elə bu xüsusiyyətə görə mübahisə məhkəmə tərəfindən həll edildikdən sonra tərəflər, eləcə də işdə iştirak edən digər şəxslər yenidən məhkəməyə eyni iddia ilə müraciət edə bilməzlər. Bu o deməkdir ki, göstərilən halda maraqlı şəxsin həmin iddia ilə məhkəməyə müraciət etmək hüququ olmur. Belə ərizənin məhkəmənin icraatına qəbul edilməsi bir qayda olaraq məhkəmə səhvi ilə əlaqədar olur. Belə ki, hakim həmin halı vaxtında müəyyən etmiş olsaydı, o, ərizəni icraata götürməkdən imtina etməli idi. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsində nəzərdə tutulmuş əsasla icraata xitam verilməsinə o halda yol verilir ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış olsun. Yalnız nəzərdə tutulmuş şərtlərin hamısı eyni vaxtda mövcud olduqda bu, iş üzrə icraatın xitam olunması üçün əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsində nəzərdə tutulmuş bütün əsaslar mövcud olmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə, həmin Məhkəmənin bir sıra qərarlarında təsbit olunmuş hüquqi müəyyənlik prinsipinə də uyğun sayır. Avropa İnsan Hüquqları Məhkəməsi “X3 Partiyası və başqaları Rusiyaya qarşı” işi üzrə 11 yanvar 2007-ci il tarixli qərarında xatırladır ki, “hüquqi müəyyənlik tələbi res judicata prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyəti işə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirilməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Avropa İnsan Hüquqları Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmənin başqa bir qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işi). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 262, 402, 405-ci maddələrini rəhbər tutaraq, çəhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2014-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı 22798 manat əsas borcun, 1075 manat faiz borcunun tutulması tələbinə dair işin icraatına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4390/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4390/2022
22.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver