Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4392/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6380/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmçinin iddia tələbinin həcmini artıraraq Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunmağı, məhkəməyə verilməyinə və qanunsuz həbsə alınmağına görə ondan rəsmi surətdə üzr istəmək vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulması, ona dəymiş 82720 manat maddi və 25.000 manat məbləğində mənəvi ziyanın kompensasiya olaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2015-ci ildə saat 22:30, radələrində Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu, Gərmətük kəndi ərazisindən keçən 205,5-ci km-də X5 idarə etdiyi “VAZ-21063” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt istiqamətində hərəkətdə olarkən və eyni zamanda Astara istiqamətində hərəkətdə olan, iddiaçının idarə etdiyi “Mercedes Benz E- 240” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma baş vermişdir, nəticədə “VAZ-21063” markalı avtomobilin sürücüsü, sərnişinləri bədən xəsarətləri almışlar, X8 aldığı bədən xəsarətlərdən hadisə yerində ölmüşdur və Baş Dövlət X14 İstintaq və təhqiqat şöbəsi tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə barəsində cinayət işi başlanmışdır. X10 Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3.-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan və 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Elə həmin günü məhkəmə zalından həbs edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)13/2017 saylı, xx xxxx 2017-ci il tarixli hökmü ilə müdafiəçi və zərərçəkmiş şəxs X3 apelyasiya şikayətlərinə əsasən ona aid hissədə ləğv edilmiş və iş üzrə yeni hökm çıxarılaraq AR CM-nin 263.3-cü maddəsi ilə ona bəraət verilmişdir. Hökmdən verilmiş kassasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi materiallarında və şahid ifadələrində qeyd olunduğu kimi, həbs olunan günə qədər “Mercedes Benz E-240” minik markalı, **-FK-*** dövlət nömrə nişanlı şəxsi avtomaşını ilə Lənkəran şəhərindən Bakı şəhərinə və geriyə adam daşıyaraqailəsini dolandırıb. Hər iki istiqamətə gedib-gəldiyi üçün ümumilikdə isə gündəlik gəliri 120 manat təşkil edib. Əsassız olaraq həbsdə saxlanılmaqla azadlığından məhrum olunduğu 481 gün üçün (481 gün x 120 manat=57.720 manat) 57.720 manat məbləğində qazancından məhrum olub. Hadisə nəticəsində ona məxsus avtomaşın əzilmiş, lakin ailəsinin yeganə gəlir mənbəyi iddiaçı olduğundan, habelə həbsdə olduğu dövrdə ailə üzvlərinin saxlanıldığı istintaq təcridxanasına ona yemək və ərzaq gətirilməsinə, bu məqsədlə hər dəfə Lənkaran şəhərindən Bakı şəhərinə gəlinməsinə və geri qayıdılmasına maddi imkanı olmadığından avtomaşın qəzalı vəziyyətdə, dəyərindən çox ucuz qiymətə satılmışdır. Hazırda 2001-ci il model “Mercedes Benz E240” markalı avtomaşının bazar qiyməti təxminən 15.000 manat təşkil edir. Əgər o qanunsuz olaraq həbs olunmasaydı, ailəsi avtomaşını satmaq məcburiyyətində qalmazdı. Həbsdə saxlanılmaqla azadlığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, bu məqsədlə hər dəfə Lənkaran şəhərindən Bakı şəhərinə gəlinməsinə və geri qayıdılmasına, həmçinin hüquqlarını müdafiə edən vəkilin Bakı İstintaq Təcridxanasına aparılıb gətirilməsinə ümumilikdə 10.000 manatdan çox pul sərf olunmuşdur. Bundan əlavə çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsi ilə cinayət işi başlanmış və bir ildən çox həbsxanada qalmağa məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçirmişdir. Bu səbəbdən hesab edir ki, cavabdehlər vurduqları ziyanla yanaşı, həmçinin 25.000 manat məbləğində mənəvi ziyanı da ona ödəməyə borcludur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6380/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edilərək, Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 2500 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia Maliyyə Nazirliyinə münasibətdə digər hissədə və Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə rədd edilmişdir. Qətnamədən iddiaçı və cavabdehMaliyyə Nazirliyi apellyasiya şikayətləri vermişlər. İddiaçının apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış və qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. CavabdehMaliyyə Nazirliyinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mənəvi ziyanı müəyyən edərkən hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1114-cü maddəsinin tələblərini nəzərə almamış, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etməmiş, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərməmişdir. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Bu barədə Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Məhkəmə ödəniləcək vəsaitin dövlət büdcəsinə hansı formada qaytarılması barədə qətnamədə heç bir izah verməmiş və tərəflərin bərabərlik prinsipi pozulmuşdur. Cavabdeh qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili iddiaçının şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, hazırkı iş üzrə iddiaçı iddia tələbini iki dəfə dəqiqləşdirmiş, sonuncu ərizəsində iddia tələbinin həcmini artıraraq Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunmağı, məhkəməyə verilməyinə və qanunsuz həbsə alınmağına görə ondan rəsmi surətdə üzr istəmək vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulması, ona dəymiş 82720 manat maddi və 25.000 manat məbləğində mənəvi ziyanın kompensasiya olaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizəni (iş vərəqi səh.82) nəzərə almamış, Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunmağı, məhkəməyə verilməyinə və qanunsuz həbsə alınmağına görə ondan rəsmi surətdə üzr istəmək vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulması tələbinə qətnamədə qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Mübahisənin mahiyyətinə dair isə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. Azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu isə Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır... Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır». Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır (maddə 1096). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir (maddə 1101.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra – CPM) müvafiq olaraq cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir (maddə 57.1). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir (maddə 58.1, 58.2). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63). «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə CPM-in 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) CPM-in 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) CPM-in 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq CPM-in 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir (maddə 1). Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır (maddə 4). X10 Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, (089)-20/2016 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmə əsasən İddiaçı cəzasını ümümi rejmli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müdətinin başlanğıcının həbs edildiyi vaxtdan, yəni xx xxxxxx 2016-cı il tarixdən hesablanması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti məhkum edilmiş şəxs İddiaçı münasibətdə qismən, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin məhkum edilmiş şəxs İddiaçı münasibətdə tam təmin edilmiş, X10 Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə məhkum edilmiş İddiaçı aid hissədə ləğv edilmiş və iş üzrə ona münasibətdə yeni hökm çıxarılmışdır. İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən kassasiya protesti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü bəraət almış İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16, X4 ifadələrində iddiaçının əvvəllər Lənkəranda daha sonra Lənkəran-Bakı-Lənkəran marşurutunda taksi fəaliyyəti ilə məşğul olduğunu, gündəlik qazancının təxmini 120 manat olduğunu, iddiaçının həbs olunduğunu və onun maşınını 16.000 ABŞ dollarına əldə etdiyini, 2200 manata isə satdığını bildirmişlər. “MERCEDES BENZ E240” minik markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən əvvəlki sahibi İddiaçı X2 mülkiyyətinə keçmişdir. Nəzərə alınmalıdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1 və 4-cü maddələrinin məzmunundan göründüyü kimi şəxsin haqqında bəraətverici hökm, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə, şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunun göstərilən şəkildə ifadə olunması istintaq və məhkəmə orqanlarının səhvi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsindən imtina üçün əsas ola bilməz. Bu baxımdan Məhkəmə kollegiyası iddiaçının əsassız olaraq azadlıqdan məhrum etmə cəzası çəkməsini ona münasibətdə yuxarıda qeyd olunan normaların tələblərinin və deməli, onun azadlıq hüququnun pozulması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» xx xxxx 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Diqqətəlayiqdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi analoji mübahisə əsasında başlanmış mülki iş üzrə xx xxxxxx 2007-ci il tarixli, 6K-227№li qərarında yuxarıda sadalanan beynəlxalq hüquq normmalarına istinad edərək «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 4-cü maddəsində məhkəmənin səhvi, yəni əməli səhv təfsir etməsi nəticəsində artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin sonradan cəzadan azad edilməsi ilə bağlı onlara kompensasiya ödənilməsini nəzərdə tutmamasını milli qanunvericiliyin beynəlxalq normalara müvafiq olmaması kimi qiymətləndirmişdir. Ali Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin Azər-baycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib his-səsi olduğuna (maddə 148, İİ hissə), milli qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Kons--titusiyası və referendumla qəbul edilən aktlar istisna ol-maqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlət-lərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin bey-nəlxalq müqavilələrin tətbiq edilməli olduğuna (maddə 151), Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməli olduğuna (maddə 12, İİ hissə) əsaslanaraq belə qənaətə gəlmişdir ki, oxşar işə baxmış apellyasiya instansiyası məhkəməsi iddia tələbinin hüquqi əsaslarını müəyyən edərkən Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarına əsaslanaraq, beynəlxalq hüquq normalarına istinad etməli idi. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosessual qanunvericilik Ali Məhkəmənin konkret işlər üzrə qəbul etdiyi qərarda ifadə olunan hüquqi mövqelərin məcburiliyini və ya presedent xarakterini müəyyən etməmişdir. Buna baxmayaraq Kollegiya adı çəkilən qərarda ifadə olunmuş hüquqi mövqelərin hazırkı işə eyni qaydada tətbiqini mümkün və əsaslı hesab edir. Bu baxımdan Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıya dəymiş mənəvi ziyan 3000 manat müəyyən edilməli və Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə həmçinin, iddiaçının bu tələbini yalnız cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə təmin edərək qeyd edir ki, sözügedən tələb digər cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilə bilməz. Çünki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli 48 №- li Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Kollegiya, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Məhkəmə kollegiyası maddi ziyanın ödənilməsi tələbinə adi hissədə hesab edir ki, iş üzrə dindirilmiş şahid ifadələri ilə iddiaçının davamlı şəkildə və fasiləsiz olaraq həmin ifadələrdə qeyd olunan gəlirləri əldə etdiyi birmənalı sübut edilmir. Bununla yanaşı, iddiaçının ona məxsus olmuş “Mercedes Benz E240” minik markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasının onun həbsdə olduğu dövrə təsadüf etdiyinə istinad etməklə bu avtomobilin satışından əldə olunmuş pulun məhz onun qanunsuz həbs olunması ilə əlaqədar Ədliyyə Naziriliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında olarkən ehtiyaclarının ödənilməsinə yönəldildiyini iddia etsə də bunu, eləcə də həbsdə olduğu müddət ərzində ailəsinin onun yanına gəlib-getməsi ilə bağlı xərclənmiş vəsaitə dair sübutları məhkəməyə təqdim etməmişdir. İddianın Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunmağı, məhkəməyə verilməyinə və qanunsuz həbsə alınmağına görə ondan rəsmi surətdə üzr istəmək vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulması hissəsi ilə bağlı Kollegiya qeyd edir ki, həmin hissədə iddiaçı tələbini kifayət qədər əsaslandırmamışdır. Digər tərəfdən, iddiaçı barəsində cinayət işi başlanılsa da, sonradan ona bəraət verilmişdir. Kollegiya iddiaçını bəraət aldığını, həbsdə qalma müddətini, mənəvi zərərin məbləğini nəzərə alaraq iddianın yalnız mənəvi zərər hissəsində təmin edilməsini iddiaçının pozulmuş hüquqlarının bərpası üçün kifayət hesab edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.4, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6380/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3000 (üç min) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4392/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4392/2020
17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver