Məhkəmə qərarları › İş №2(103)-4398/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4398/2024

13.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4398/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan nisyə aldığı (meyvə-tərəvəz məhsulların qablaşdırılması üçün) plastmas və taxta yeşiklərinin, həmin yeşiklərə aid kağız rulonların və sair ləvazimatları dəyərinin ödənilməsi məqsədi ilə 12.400 manat, vurulmuş zərərin əvəzi olaraq 8.700 manat, məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma çəkdiyi xərcin əvəzi olaraq 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında mülki işə baxmış Rayon Məhkəməsi iddiaçı X1 əsil İddiaçı ilə əvəz etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi apellyasiya şikayətini icraata qəbul edərək, baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv olunmalı və məhkəmə aidiyyəti üzrə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, İddiaçı fərdi sahibkardır (VÖEN: **********). Cavabdeh da fərdi sahibkardır (VÖEN: **********). Göründüyü kimi hər iki tərəf kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərdir. İddia ərizəsi ilə həll edilməsi xahiş edilən mübahisə həmin şəxslərin kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir, iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi borc da hər iki şəxsin kommersiya fəaliyyəti ilə bağlı yaranmış borcdur. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (maddə 25.1.). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1.). Aidiyyət qaydalarının pozulmasına yol verilmir (maddə 31.1.). Qeyd edilən bu prosessual hüquq normalarının tələblərindən yuxarıda qeyd edilənlərə yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsi hazırkı işə baxa bilməzdi, bu iddia ərizəsinə predmet aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı idi. Göründüyü kimi, işə baxmış Rayon Məhkəməsi ona aid olmayan iddiaya baxmışdır. MPM-in 387.2.9-cu maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, iş üzrə iş üzrə qəbul edilmiş qətnamə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Bu baxımdan Məhkəmə hesab edir ki, hazırki iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və işə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan və Məhkəmənin də mövqeyi qətnamənin ləğv edilməsindən ibarət olduğu üçün apellyasiya şikayəti qismən əsaslı hesab edilir. Odur ki, göstərilənlərə əsaslanan, MPM-in 261, 387 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar