Məhkəmə qərarları › İş №2(103)-4399/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4399/2022

20.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4399/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: həkim səhvi, düzgün müayinənin aparılmaması, müalicə vasitələrinin düzgün seçilməməsi nəticəsində vurulan ziyan, ekspert rəyinin mötəbərliliyinin əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, 20 oktyabr 2022-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı səhhətində yaranmış problemlə əlaqədar xx.xx.2017-ci il tarixdə "xxxx"na müraciət etmiş və cərrahi əməliyyata hazırlanmaq üçün klinikaya yerləşdirilmiş, xx.xx.2017-ci il tarixdə üzərində “Sol tərəfli hemikolektomiya, uc-uca transvero-siqmoanastamoz (rekeksiya olunmuş bağırsağın birləşdirilməsi)” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı kliniki müşahidələr zamanı xəstədə qarın nahiyyəsində sancı və defekasiya aktının çətinləşməsi müşahidə olunmuş, erkən bağırsaq keçirməməzliyini nəzərə alaraq xx.xx.2017-ci il tarixdə üzərində “Relaporotomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdur. xx.xx.2017-ci il tarixdə o, “Akademik M.A.Topçubaşov adına X2”nə köçürülmüş, xx.xx.2017-ci il tarixdə həmin Mərkəzdə onun üzərində “Laparotomiya, Bitişmələrin ayrılması Transverzostomanm qoyulması”, xx.xx.2017ci il tarixdə isə “Bitirmələrin ayrılması Transverzostomanm ləğvi Sağ tərəfli hemikolektomiya, stepler vasitəsilə uc-yana ilerektoanastomozun qoyulması” cərrahiyyə əməliyyatları icra edilmişdir.

2. İddiaçı "xxxx"na ödədiyi 1450 manat klinika tərəfindən ona geri qaytarılmış, “Akademik M.A.Topçubaşov adına X2”nə pul vəsaiti ödəməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı "xxxx"na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş maddi ziyanın əvəzi olaraq 3000 manatın, mənəvi əziyyət çəkdiyinə görə 50 000 manatın, dövlət rüsumuna görə 30 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.1989-cu il tarixdə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olmuşdur, subaydır, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, "xxxx" MMC-də işləyir. 2017-ci ildə qarın boşluğunda yaranmış ağrılarla bağlı olaraq “X3”ndə rentgen müayinəsindən keçmiş, rentgen müayinəsinin cavablarına baxan tibb mərkəzinin həkimi Anar ona ilkin olaraq əməliyyata ehtiyac olmadığı və müalicə əsasında keçə biləcəyini bildirmiş, buna görə də bir neçə aylıq müalicə yazmışdır. Həmin müalicəni yalnız 1 həftə etmiş və ağrıları keçmədiyinə görə dayandırmış, daha sonra rentgen cavablarını Sabunçu Xəstəxanasına təqdim etmiş, orada həkimlər rentgen cavablarına baxdıqdan sonra ona bağırsağında heç bir problem olmadığı və nevroloji səbəblərlə əlaqədar olaraq mədə-bağırsaq sistemində pozulmalar olduğunu bildirmişlər. Həmin günü "xxxx"na qarın boşluğunda olan ağrılarla bağlı müraciət etmiş, klinikanının baş həkimi Lika Şıxıyeva onu qəbul etmiş, rentgen cavablarına baxdıqdan sonra ona bağırsağının anadangəlmə uzun olduğunu, təcili əməliyyat edilməsinin zəruriliyini bildirmiş, əməliyyatın qiymətinin 2000-3000 manat olduğunu, ondan isə 1500 manat alacağını söyləmişdir. Klinikada əməliyyatla əlaqədar heç bir müayinə olunmamış və ondan analiz götürülməmiş, 3 gün bağırsağının təmizlənməsi ilə bağlı klinikada qalmış, müxtəlif dərmanlar qəbul etmiş, xx.xx.2017-ci il tarixdə əməliyyat olunmuş və bağırsağından 50-60 sm kəsilmişdir. Əməliyyat olunduqdan bir-neçə gün sonra ona qida olaraq banan və alma verilmiş, bu qidaları qəbul etdikdən sonra onda “bağırsaq keçirməməzliyi” yaranmış və yenidən əməliyyata götürülmüşdür. Kustar üsulla bağırsağına şlank yerləşdirilmiş, ikinci əməliyyatdan sonra da bağırsağı işləməmiş və bağırsağının işləməsi üçün göbək nahiyəsindən müxtəlif yüksək dozalı iynələr vurulmuşdur. Vəziyyəti ağırlaşdığından valideynləri ilə əlaqə saxlamış və klinikadan çıxarılmasını istəmiş, valideynləri gəldikdən sonra başqa xəstəxana axtarmağa başlamışlar. Bu zaman klinikanın baş həkimi Lika xanım ona özünün həkim tapdığını və oraya göndərəcəyini bildirmişdir. xx.xx.2017-ci il tarixdə “M.Topçubaşov adına X2”ndən müayinə üçün nümayəndələr gəlmiş və onu qəbul edəcəklərini bildirmişlər. Özünün şəxsi avtomobili ilə həmin mərkəzə getmişlər və orada həkimi Yusif Əliyev olmuşdur. Əməliyyata qədər ona bağırsağının işləməsi üçün müxtəlif müalicələr edilmiş, bu müalicələrin xeyri olmamış və əməliyyatın zəruri olduğu söylənmişdir. İki cərrahi əməliyyatdan sonra bağırsağı əvvəlki kimi işləməyə başlamışdır. "xxxx"ndan verilmiş epikrizdə onun guya orada müalicə olunduğu və müxtəlif analizlər götürüldüyü qeyd olunmuşdur. Bunlar tamamilə səhv məlumatlardır və sadəcə öz səhvlərini örtmək üçün yazılmış sözlərdir. Bağırsağının yenidən işləməsinə baxmayaraq əvvəlki ağrıları yenə də qalmışdır. “M.Topçubaşov adına X2”ndə olunan əməliyyatlar yalnız "xxxx"nda aparılmış səhv əməliyyat nəticəsində bağırsağının işləməməsi problemini aradan qaldırmışdır. Yusif Əliyev ona bağırsaqla bağlı əməliyyatdan sonra ən azı 20 gün müddətində qida qəbul etməyin düzgün olmadığını bildirmiş və çoxsaylı müayinələrdən sonra bağırsağında heç bir problem olmadığını və ağrılarının nevroloji səbəblərlə bağlı olduğunu demişdir. "xxxx"nda aparılmış səhv əməliyyata 1500 (min beş yüz) manat ödəniş etmiş, bundan əlavə 2 ay işə çıxa bilməmişdir. Bu hadisə həyatına mənfi təsir göstərmiş, çox ciddi mənəvi sarsıntılar keçirmiş, əməliyyatdan sonra uzun bir müddət psixoloji pozuntuları olmuş və bununla bağlı müxtəlif sakitləşdirici dərmanlardan istifadə etmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (məhkəmə) 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" MMC-dən İddiaçı xeyrinə mənəvi zərərə görə 1000 manatın, dövlət rüsumuna görə 30 manatın tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-də “Dolixokolon, Xroniki Koprostaz” diaqnozu təyin edilmiş, bu diaqnoz daha əvvəl - xx.xx.2017-ci il tarixdə “Diaqnoz” Tibb Mərkəzində aparılmış “İrriqoskopiya” müayinəsi ilə öz təsdiqni tapmışdır. İddiaçı düçar olduğu xroniki bağırsaq xəstəliyi ilə əlaqədar xx.xx.2017-ci il tarixdə "xxxx"na daxil olmuş və patologiyanın kliniki gedişini nəzərə alaraq ona operativ müalicə taktikası seçilmiş, xx.xx.2017-ci il tarixdə “Sol tərəfli hemikolektomiya, uc-uca transvero- siqmoanastamoz (rekeksiya olunmuş bağırsağın birləşdirilməsi)” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı kliniki müşahidələr zamanı xəstədə qarın nahiyyəsində sancı və defekasiya aktının çətinləşməsi müşahidə olunmuş, erkən bağırsaq keçirməməzliyini nəzərə alaraq xx.xx.2017-ci il tarixdə “Relaporotomiya” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyat zamanı anastamozun çatışmamazlığı qeyd olunmamışdır. Dinamik nəzarət davam etmiş, lakin sonrakı müalicə üçün xəstə, yaxınlarının istəyi ilə xx.xx.2017-ci il tarixdə “Akademik M.A.Topçubaşov adına X2”nə köçürülmüşdür. İddiaçı üzərində “Akademik M.A.Topçubaşov adına X2”ndə xx.xx.2017-ci il tarixdə “Laparotomiya, Bitişmələrin ayrılması Transverzostomanm qoyulması” və xx.xx.2017-ci il tarixdə “Bitirmələrin ayrılması Transverzostomanın ləğvi, Sağ tərəfli hemikolektomiya, stepler vasitəsilə uc-yana ilerektoanastomozun qoyulması” cərrahiyyə əməliyyatları icra edilmişdir. İş üzrə keçirilmiş tibbi ekspert rəyi ilə "xxxx" MMC-də “Dolixokolon. Xroniki Koprostaz” diaqnozu ilə bağlı iddiaçıda aparılmış operativ müdaxilələrin taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməsi, ilkin cərrahiyyə əməliyyatından sonra, üzərində daha iki cərrahiyyə əməliyyatlarının aparılmasına səbəbin isə mövcud olan xroniki bağırsaq xəstəliyinin morfoloji xüsusiyyətlərindən və orqanizmlə bağlı erkən bitişmə xəstəliyi ilə əlaqədar yarana bilməsi, bu səbəbdən də etaplı qaydada cərrahiyyə əməliyyatları icra edilməsi müəyyən olunmuşdur. İddiaçı adına olan xx.xx.2017-ci il tarixli iltizamnamədə “cərrahi əməliyyata razılıq verirəm.” və “Xəstənin (yaxın qohumun) imzası:” qrafalarındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. "xxxx" MMC tərəfindən keçirilmiş əməliyyat xərci olaraq ödənilmiş 1450 manat vəsait ona geri qaytarılmış, “Akademik M.A.Topçubaşov adına X2”ndə keçirilmiş iki dəfə əməliyyata görə ondan əməliyyat xərci tələb edilməmişdir.

7. Cavabdeh təşkilat tərəfindən keçirilən əməliyyat xərcinin iddiaçıya mübahisəsiz qaydada qaytarılmasını onun maddi ziyanın qismən həmin hissədə qəbul etməsinə dair iradəsinin olması kimi qiymətləndirən məhkəmə hesab etmişdir ki, maddi ziyan əməliyyat xərci məbləğində ödənildiyi üçün iddia tələbi bu hissədə təmin edilməməlidir. Əlavə dərmana, yoxlama xərclərinə, 2 ay işə çıxa bilməməsinə görə ziyana düşməsi ilə bağlı isə, iddiaçı tərəfindən məhkəməyə konkret sübutlar təqdim edilməmişdir. Belə ki, iddiaçı xərclərə dair təsdiqedici sənədlərin bir qismini həmin sənədləri itirməsi ilə əlaqələndirmiş, 2 ay işə çıxa bilməməsini bildirsə də konkret hansı məbləğdə gəlirlərdən məhrum olmasına dair konkret sübutlar təqdim etməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəsiz qaydada ödənilmiş 1450 manat zərər məbləğinin mənəvi zərərə tənasüblüyü nəzərə alınmalı, iddia tələbi bu hissədə qismən təmin edilməli, mənəvi zərərə görə "xxxx" MMC-dən İddiaçı xeyrinə 1000,00 (bir min) manat tutulmalıdır.

9. Gəldiyi nəticənin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21-ci, 1096cı, 1097-ci, 1112-ci və 1115-ci maddələrinə istinad etmişdir.

10. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, ekspert rəyinin natamam olduğunu və ekspertlərin onu müayinə etmədən rəy verdiklərini nəzərə almadığını, ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

11. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

17. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

24. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

25. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

28. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

29. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Apellyasiya baxışının həddi

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə qətnamənin ləğvini istəsə də, əslində onun iradə ifadəsi qətnamənin iddiasının təmin edilməyən hissəsi üzrə ləğvinə yönəlmişdir. Başqa sözlə, qətnamə iddianın qismən tənmin edilməsi ilə bağlı hissədə apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

33. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 14-15) mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

35. Kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh MMC-nin həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və bunun nəticəsində maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır.

36. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli rəyində aşağıdakılar göstərilmişdir: “İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx"na müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona “Dolixokolon, Xroniki Koprostaz” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoz düzgün olmuş və daha əvvəl xx.xx.2017-ci il tarixdə “Diaqnoz” Tibb Mərkəzində aparılmış “İrriqoskopiya” müayinəsi ilə öz təsdiqni tapmışdır. İddiaçı düçar olduğu xroniki bağırsaq xəstəliyi ilə əlaqədar xx.xx.2017-ci il tarixdə "xxxx"na daxil olmuş və patologiyanın kliniki gedişini nəzərə alaraq ona operativ müalicə taktikası seçilmiş, xx.xx.2017-ci il tarixdə “Sol tərəfli hemikolektomiya, uc-uca transvero-siqmoanastamoz (rekeksiya olunmuş bağırsağın birləşdirilməsi)” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı kliniki müşahidələr zamanı xəstədə qarın nahiyyəsində sancı və defekasiya aktının çətinləşməsi müşahidə olunmuş, erkən bağırsaq keçirməməzliyini nəzərə alaraq xx.xx.2017-ci il tarixdə “Relaporotomiya” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyat zamanı anastamozun çatışmamazlığı qeyd olunmamışdır. Dinamik nəzarət davam etmiş, lakin sonrakı müalicə üçün xəstə, yaxınlarının istəyi ilə xx.xx.2017ci il tarixdə “Akademik M.A.Topçubaşov adına X2”nə köçürülmüşdür. İddiaçı üzərində “Akademik M.A.Topçubaşov adına X2”ndə xx.xx.2017-ci il tarixdə “Laparotomiya, Bitişmələrin ayrılması Transverzostomanm qoyulması” və xx.xx.2017-ci il tarixdə “Bitirmələrin ayrılması Transverzostomanın ləğvi, Sağ tərəfli hemikolektomiya, stepler vasitəsilə uc-yana ilerektoanastomozun qoyulması” cərrahiyyə əməliyyatları icra edilmişdir. Beləliklə, ilkin cərrahiyə əməliyyatından sonra E. Bağırovun üzərində daha iki cərrahiyyə əməliyyatlarının aparılmasına səbəb mövcud olan xroniki bağırsaq xəstəliyinin morfoloji xüsusiyyətlərindən və orqanizmlə bağlı erkən bitişmə xəstəliyi ilə əlaqədar yarana bilər. Bu səbəblə etaplı qaydada cərrahiyyə əməliyyatları icra edilmişdir. Aparılmış operativ müdaxilələr taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir”.

37. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri əsas götürülərək əlavə məhkəmə-tibbi ekspertizası təyin olunmuş, həmin təyinat əsasında İddiaçı özünün də müayinəsi həyata keçirilərək əvvəlki rəydə göstərilənlər təkrarlanmış, "xxxx" MMC-də “Dolixokolon. Xroniki Koprostaz” diaqnozu ilə bağlı iddiaçıda aparılmış operativ müdaxilələrin taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi, ilkin cərrahiyyə əməliyyatından sonra, üzərində daha iki cərrahiyyə əməliyyatlarının aparılmasına səbəbin isə mövcud olan xroniki bağırsaq xəstəliyinin morfoloji xüsusiyyətlərindən və orqanizmlə bağlı erkən bitişmə xəstəliyi ilə əlaqədar yarana bilməsi, bu səbəbdən də etaplı qaydada cərrahiyyə əməliyyatları icra edildiyi” nəticəsi vurğulanmışdır.

38. Göstərilənlərə əsasən kollegiya həmçinin qeyd edir ki, iddiaçıya mənəvi ziyan dəymiş olması qənaəti Mülki Məcəllənin 1097.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun deyildir; bununla belə, qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və iddianın təmin olunan hissəsində yoxlanılmadığından, hazırkı halda həmin məsləyə qiymət verilməyəcəkdir. Lakin bu o deməkdir ki, iddiaçının apellyasiya şikayəti müvafiq hissədə (mənəvi ziyanla bağlı hissədə) də təmin oluna bilməz.

39. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1710/2021 saylı iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar