Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4403/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 may 2024-cü il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (anası) Nümayəndə və X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən ona dəymiş mənəvi ziyana görə 1.000 manat və maddi ziyana görə 500 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İİ Qarabağ Müharibəsinin iştirakçısı olan və 3 medalla təltif olunmuş iddiaçı, hərbi şalvarda olduğuna görə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən iddiaçının barəsində xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib edilmişdir. Polis əməkdaşlarının qeyri-qanuni hərəkətləri nəticəsində əsgər yoldaşı ilə birlikdə zorla Polis Bölməsinə aparılmış iddiaçı qanunu pozan şəxs kimi qələmə verildiyi üçün ruhi iztirab və stress keçirmişdir. Polis əməkdaşlarının hərəkəti qanunsuz olmuşdur. Belə ki, iddiaçı, ilk medalını almaq üçün xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Hərbi Komissarlığına dəvət olunmuşdur. Komissarlıqdan iddiaçıya bildirilmişdir ki, o 1 saatdan sonra hərbi geyimdə Komissarlıqda olmalıdır. Hərbi geyimi elə həmin gün bir qədər əvvəl yuyulduğu və qurumadığı üçün iddiaçı hərbi şalvar və xaki rəngli mülki sviter geyinmişdir. Komissarlıqdan medal və təbrik aldıqdan sonra evə gedən zaman iddiaçı, hərbi hospitalın yaxınlığında döyüş dostu ilə görmüş və dostu ilə skamyada əyləşərək söhbət etmişdir. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq kobud tərzdə bildirmişlər ki, iddiaçı qaydanı pozduğu üçün onlarla Polis Bölməsinə getməlidir. İddiaçı müharibə veteranı olduğunu, medal ilə təltif olunduqdan sonra evə getdiyini polis əməkdaşlarına bildirsə də, onun sözlərinə əhəmiyyət verən olmamış, iddiaçının barəsində inzibati protokol tərtib edilmiş və inzibati xəta haqqında material baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, iddiaçı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma” adlı 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarla iş üzrə icraata xitam vermişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əməlində inzibati xətanın tərkibi mövcud deyil və iddiaçının barəsində tərtib edilmiş protokol əsassızdır. Göründüyü kimi polis əməkdaşlarının iddiaçıya qarşı etdiyi hərəkətlər qanunsuz olmuş, onların bu kimi hərəkətlərinə görə iddiaçı mənəvi iztirab keçirmiş, iddiaçıya mənəvi və maddi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 1.000 manat, ona vurulmuş maddi zərərin əvəzi olaraq isə 500 manat məbləğində pul cavabdeh Nazirlikdən tutularaq ona ödənilməlidir. b) iş üzrə üçüncü şəxslərin işin baxılması cəlb edilməsi barədə məlumat
3. İddia ərizəsinə dair mülki işə baxmış Rayon Məhkəməsi baxdığı iddianın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin maraqlarına toxunduğunu nəzərə alaraq onları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb etmişdir. c) cavabdehin və üçüncü şəxslərin iddia tələbinə olan mövqeyi barədə məlumat
4. Cavabdeh Nazirlik iddiaya qarşı verdiyi etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı ərizəsində “müəyyən hərəkətlər” etdiyinə görə və yollarda müəyyən məbləğlər xərclədiyini qeyd edərək kompensasiya ödənilməsini tələb etmişdir. Lakin bu “müəyyən hərəkətlərin” nədən ibarət olduğunu qeyd etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının tələb etdiyi xərclərə görə hər hansı kompensasiya nəzərdə tutulmamışdır. İddiaçı həmçinin mənəvi ziyana görə 1.000 manat kompensasiya ödənilməsini tələb edir. İddia ərizəsindən aydın olur ki, iddiaçı barəsində sadəcə inzibati xəta haqqında iş üzrə icraat aparılıb, həmin maddədə nəzərdə tutulan inzibati xətaya görə cərimə olunmayıb, azadlığı məhdudlaşdırılmayıb. Göründüyü kimi iddiaçıya qarşı ərizəsində şişirdilmiş formada vurğuladığı kimi onu ruhi və mənəvi iztirablara məruz qoyacaq hər hansı hərəkət olunmayıb. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (vəzifəli şəxs) hazırki iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia sahibinə həmin orqana (vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçının maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir.
5. Rayon Məhkəməsi tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş Daxili İşlər Nazirliyinin və Nərimanov Rayon Polis İdarəsi işin bayılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də Rayon Məhkəməsi işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın “maddi ziyanın əvəzinin ödənilməsi barədə” hissəsi sübuta yetmədiyi üçün bu kimi tələb təmin edilə bilməz. Bununla yanaşı nəzərə alınmalıdır ki, polis əməkdaşlarının səhvi nəticəsində iddiaçı mənəvi sarsıntı, stress keçirmişdir. Çünki, iddiaçının barəsində əsassız olaraq protokol tərtib olunması, inzibati xəta haqqında iş üzrə icraat aparılması xüsusilə həmin an hərbi geyimdə olmağa hüququ və haqqı olması nəzərə alınmaqla- ona mənəvi əzab verən hallardır. Odur ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 500 manat məbləğində mənəvi ziyana görə pul tutulmalıdır. e) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh Nazirlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın qismən təmin edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
10. İş üzrə cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Göstərilənləri nəzərə almış Məhkəmə, işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
11. İddiaçının nümayəndəsi (anası) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. g) apellyasiya baxışının hədləri barədə məlumat
12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.
13. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Nazirlik isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.
14. İş üzrə üçüncü şəxslər qətnamədən apellyasiya şikayəti verməmişlər.
15. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
17. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, işdə olan sənədlərdən görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı, İİ Qarabağ Müharibəsinin veteranıdır və 3 medalla təltif olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən iddiaçının barəsində xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, iddiaçı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Əməliyyataxtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma” adlı 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(005)- 333/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsi hazırkı iş üzrə iddiaçının əməlində Azərbaycan Respublikası İXM-in 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə icraata xitam verilməsini qərara almışdır.
20. Nərimanov Rayon Məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əməlində inzibati xətanın tərkibi mövcud deyil və iddiaçının barəsində tərtib edilmiş protokol əsassızdır.
21. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçının əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməsi, onun məhz Vətən Müharibəsində iştirakı ilə əlaqədar geyim formasına görə inzibati xəta törədən şəxs hesab edilməsi onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Baş vermiş hadisə zərərçəkmişin – iddiaçının şüuruna təsir göstərməklə onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı Vətən Müharibəsi veteranıdır və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq qaydada saxlanıldığı gün, yəni xx.xx.2021-ci il tarixdə onun hərbi geyimdən istifadə etməsinə həm zərurət olmuşdur və həmçinin də onun bu geyimə hüququ və mənəvi haqqı olmuşdur. Bununla bağlı məsələlər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə öz həllini tapmışdır.
22. Hazırda iddiaçı bildirir ki, həm onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməsi və həmçinin də 1 gün ərzində polis əməkdaşlar tərəfindən qanunsuz olaraq saxlanılması ona mənəvi zərər vurmuşdur. İddiaçının qanunsuz olaraq saxlanması iş materiallarında olan inzibati xəta haqqında protokol, inzibati xəta haqqında iş üzrə icraat zamanı izahatı alınmış şəxslərin izahatları ilə daha yüksək ehtimala söykəndiyi üçün və bu dəlillər başqa arqumentlərlə təkzib edilmədiyi üçün məhkəmə bu halı nəzərə alır.
23. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.). Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir (maddə 1101.1.).
25. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir (maddə 1.). Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir (maddə 5.). Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir (maddə 6.). Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir (maddə 7; bənd 1.).
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
28. Məhkəmə iddiaçının mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi ilə bağlı bildirir ki, iddiaçının barəsində əsassız olaraq protokol tərtib olunması, inzibati xəta haqqında iş üzrə icraat aparılması, xüsusilə həmin an hərbi geyimdə olmağa hüququ və haqqı olması nəzərə alınmaqla- ona mənəvi əzab verən hallar kimi müəyyən edilir. Odur ki, iddianı qeyd olunan hissədə qismən təmin etmiş və iddiaçının xeyrinə ədalətli həddə, 500 manat məbləğində mənəvi ziyana görə pul tutmuş Rayon Məhkəməsi əsaslı nəticəyə gəlmişdir.
29. Apellyasiya şikayətində cavabdeh Nazirlik bildirir ki, o, iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız inzibati təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.
30. Bu dəlilin əsaslı olub-olmamasının yoxlanılması məqsədi ilə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
31. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Nazirlik arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdeh Nazirliyin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
32. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. i) apellyasiya baxışının nəticəsi
33. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
35. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.