Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4404/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(010)- 1203/2006 nömrəli qərardadından ərizəçi X2 tərəfindən verilmiş şikayət üzrə işə işə yazılı icraat qaydasında baxılaraq, MÜƏYYƏN ETDİ: İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 iyun 2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və qeydiyyata alınmaları qət edilmişdir. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X1 21 fevral 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(010)- 1203/2006 nömrəli qərardadı (hakim Təranə Mahmudova) ilə apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. X2 həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət - qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, işə cəlb edilmədiyi üçün itirilmiş icraatın bərpası barədə ərizə vermək kimi prosessual hüququnun mövcud olmamaması, işin ümumiyyətlə mövcud olub-olmamasının aydın olmaması, əgər mülki iş yoxdursa (itibsə) o zaman qətnamənin ona necə təqdim olunması, hüquqlarının pozulması, evin qətnamədən 6 il əvvəl ərinin adına daşınmaz əmlakın dövlöət reyestrində mülkiyyət hüququ ilə qeydə alınması, ondan əvvəllər isə başqa bir şəxsin adına daşırmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlak olması, hüquqi rejimi xüsusi mülkiyyət kimi qeydə alınmış evin məhkəmə qətnaməsində özbaşına tikili kimi qeyd etmək kimi halın qətnamə üzrə işin aparılmamasından xəbər verməsi və s. kimi əsaslandırılmışdır. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin qanunvericiliyin tələblərinə uyğunluğu məsələsinin yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 nömrəli iş üzrə qəbul etdiyi 30 iyun 2006-cı il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinin onun hüquq və qanunla qorunan mənafeyi ilə əlaqədar olub-olmadığını müəyyənləşdirmək üçün ərizəçi tərəfindən itirilmiş məhkəmə icraatının bərpası haqqında ərizə verilməlidir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən itirilmiş məhkəmə icraatının bərpası haqqında ərizə verilməli olması göstərilsə də, iş materiallarına yalnız 2-1203/2006 saylı, 30 iyun 2006-cı il tarixli qətnamə əlavə edilmiş, mülki işin əvvəllər mövcud olub-olmaması, sonradan itirilməsi barədə rəsmiləşdirilmiş hər hansı sənəd (akt, arayış) əlavə edilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi mülki işin mövcudluğu və sonradan itirilməsi ilə bağlı məsələyə tam və hərtərəfli qiymət verməli, ondan sonra apellyasiya şikayətinin qanunvericiliyn tələblərinə uyğunluğunu yoxlamalıdır. Bununla yanaşı, qətnamədən və apellyasiya şikayətindən görünür ki, ərizəçi X2 işdə iştirak edən şəxs olmamış, qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını əsas gətirərək ondan şikayət vermişdir. Qeyd edilməlidir ki, MPM-ə Əlavə-1 “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” ilə bağlı məsələləri tənzimləyir. Orada nəzərdə tutulmuş normalara görə - itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. Ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilib-edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir. Ərizəyə, müəyyən edilmiş qaydada təsdiq edilməmiş olsa da, saxlanılmış və işlə əlaqədar olan sənədlər və ya onların surətləri əlavə edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlər nəzərə alınmaqla apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun olubolmaması məsələsini tam və hərtərəfli yoxlamalı, çatışmazlıqlar aşkar etdikdə isə bunu ümumi olaraq deyil, konkret nədən ibarət olmasını aydın şəkildə göstərməlidir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 398.0.2, 395, 397-400cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(010)- 1203/2006 nömrəli qərardadından ərizəçi X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(010)-1203/2006 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4404/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4404/2022
07.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver