Məhkəmə qərarları › İş №2(103)-4409/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4409/2025

29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4409/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1608/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı icra hərəkətlərinin bitmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)-720/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri , Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülsün və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilməsi, cavabdeh İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 333 manat tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcra sənədində sözügedən mənzildə icra sənədində göstərilən qurğuların (sanitar qovşağı və kommunikasiya xətləri) sənədləşməsi barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini bildirmiş və edilmiş müraciətinin təmin edildiyini, hazırda 06 iyul 2021-ci il tarixli, invetnarnömrəsi: 04/505, 06 iyul 2021; reyestr nömrəsi: **********22-05101-093005 saylı yeni texniki pasport tərtib olunaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qurğular qanuniləşdirilərək borclunun istifadəsinə verilmişdir. Lakin bütün bunlara baxmayaraq 9A mənzilində öz əksini tapan sanitar qovşağı sökülmüşdür. Beləliklə qətnamə üzrə tələb artıqlaması ilə icra olunmuşdur. Lakin keçmiş tələbkar X3 apelyasiya məhkəməsində vəzifə tutan həyat yoldaşına güvənərək onun köməkliyi ilə güya icra işlərini bitməməsini bildirərək mənə qarşı süründürməçilik edir və bu üsulla təzyiq göstərməyə çalışırlar. Bu səbəbdəndir ki, 2021-ci il qətnamə üzrə tələblər yerinə yetirilsə də və qətnaməni qəbul etmiş hakim vəzifəsindən uzaqlaşsa da, hələ də icra məmurun güya icra işlərini görməməkdə günahlandıraraq şikayət edib böhtan atırlar. Göstərilənlərə əsasən iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)-720/2021 nömrəli iş üzrə icra hərəkətləri bitmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025 -ci il tarixli, 2(009)-1608/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı icra hərəkətlərinin bitmiş hesab olunması tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılmış, iddiaçıya icra icraatı qaydasında icra məmurunun hərəkət və hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardaddan şikayətçi İddiaçı tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, şikayətçi dəlillərinin əsası kimi qətnamənin tam şəkildə icra olunduğu üçün icra hərəkətlərini bitmiş hesab edilməsi barədə tələbinə məhkəmədə mahiyyəti üzrə baxılmalı olduğu halda hakim tərəfindən ərizənin qəbulundan əsassız imtina edilmiş, həmin tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmasını qeyd etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1608/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1608/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı icra işi ilə bağlı mübahisəyə dair məhkəmədə iddia qaldırmışdır. “İcra haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın yoxlanılması, mülki işin davamı olaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı məsələyə qətnamənin icrası qaydasında baxılı r(bu kateqoriyada olan işlər məhkəmədə 8 indeksi ilə açılır). Yəni icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət AR MPM-nin 231-ci maddəsinə əsasən baxılır, ona iddia icraatı qaydasında (həmin kateqoriyadan olan işlərə 2 indeksi verilir) baxılmasına yol verilmir. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçının faktiki tələbi bitmiş icra hərəkətləri üzrə icraata xitam verilməli olması ilə əlaqədardır. “İcra Haqqında” AR Qanunun tələblərinə əsasən isə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmə icra məmurunun səlahiyyətinə aiddir(mad. 20). Tərəf yalnız belə qərarın qəbul edilməməsi ilə bağlı icra məmurunun hərəkətlərini mübahisələndirə bilər. Başqa sözlə iddiaçının tələbi (icraata xitam verilməsi barədə) üzrə qərar qəbul etmək məhkəmə səlahiyyətinə aid deyil. Şikayətin dəlilləri qeyd edilənərə əsasən əsaslı sayıla, qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin, mübahisələndirilən qəraradad ilə iddiaçıya icra icraatı qaydasında icra məmurunun hərəkət və hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, qaldırılan tələbə iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan birinci instansiya məhkəməsi hazırki iddia ərizəsinin məhkəmə icraatını qeyri-mümkün hesab edərək iddia ərizəsini sənədlərlə birlikdə geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1608/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Səbail Rayon Məhkəməsinin e-2(009)- 1608/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar