Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4410/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş (Açar sözlər: «mənəvi zərər, qanunsuz saxlama və məhkum etmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1879/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2166/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1(006)-388/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qismən- X1 təqsirli bilinməsinə dair hissədə ləğv edilmiş və həmin hissədə yeni hökm çıxarılmış; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı CM-in 221.2.1 ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Həmin hökm qüvvədədir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 1000 manat maddi ziyan və 3500 manat mənəvi ziyan, ümumilikdə 4500 manat məbləğində ziyan əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Tələbdə göstərilib ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-388/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı 15 may 2023-cü il tarixdən 17 may 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış; hökmün icrası İddiaçı yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmiş; İddiaçı üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş; həmin hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək hökmün ləğv edilməsi və ona elan edilmiş ittiham üzrə bəraət verilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2166/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1(006)-388/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qismən- X1 təqsirli bilinməsinə dair hissədə ləğv edilmiş və həmin hissədə yeni hökm çıxarılmış; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı CM-in 221.2.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. İddiaçı Yasın oğlu barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmiş; bəraət alması ilə əlaqədar onun tutulması, cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hüquqlarının bərpası, vurulmuş maddi, fiziki məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilmişdir. Cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İddiaçı iki gün xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanılmışdır. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X.V.Bağırzadənin xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxs qismində tutulma barədə qərardan barəsində bəraət hökmü çıxarılan tarixədək E.Y. İskəndərli müxtəlif xarakterli məhdudiyyətlərə məruz qalmışdır. Təqsiri sübuta yetirilmədiyindən və barəsində bəraət hökmü çıxarıldığından vurulmuş maddi və mənəvi ziyana görə ona kompensasiya ödənilməlidir. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı cinayət mühakimə icraatı üzrə ümumilikdə 8 ay müddətində cinayət təqibinə məruz qalmışdır. Bu cür təqib bir-birindən fərqlənən və fərqli hüquqi nəticələr yaradan üç mərhələdən ibarət olmuşdur. Hesab edir ki, mənəvi ziyanın hesablanması zamanı hər bir mərhələyə münasibətdə ayrıca qiymət verilməklə kompensasiya məbləği müəyyən edilməlidir. Başqa cür yanaşma hüququ pozulmuş şəxsə münasibətdə qanunun aliliyinin təmin edilməsinə gətirib çıxarmaz. Eyni zamanda cinayət təqibi üzrə bütün mərhələlər üzrə eyni yanaşmanın tətbiq edilməsi ədalətin bərpasına xidmət etməyəcəkdir. İddiaçı iki gün şübhəli şəxs qismində saxlanmışdır. Bu cür məhdudiyyət onun tamamilə cəmiyyətdən və ailəsindən təcrid olunması ilə nəticələnmişdir. Bu baxımdan iddiaçının şübhəli şəxs qismində saxlandığı iki gün üçün 500 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Eyni zamanda müəyyən olunur ki, xx.xx.2023 cü il tarixli qərarla İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmünün qanuni qüvvəsini alınması tarixənədək qüvvədə qalmışdır. Hesab edir ki, şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar hər ay üzrə 300 manat mənəvi ziyan iddiaçının xeyrinə tutulmalıdır (5 ay x 300 manat = 1500). Bundan başqa Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinməsi, yəni ona münasibətdə ittihamedici hökm çıxarılması iddiaçıda fərqli psixoloji əhval-ruhiyə yaratmaqla dərin mənəvi iztiraba səbəb olması nəzərə alınmaqla həmin müddətdən barəsində bəraət hökmü çıxarılan tarixədək ona hər ay üçün mənəvi ziyana görə 500 manat kompensasiya ödənilməlidir (3 ay x 500 = 1500 ). Beləliklə, mənəvi ziyana görə 3500 manat pul cavabehdən tutulmalıdır. Bundan başqa, heç şübhəsizdir ki, iddiaçı istintaq və məhkəmə proseslərində iştirak etməklə, eyni zamanda öz vəsaiti hesabına müdafiəçinin xidmətlərindən istifadə etməklə maddi ziyana da məruz qalmışdır. İddiaçı hesab edir ki, həmin tələb üzrə cavabdehdən 1000 manat tutulmalıdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1879/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbinin qismən təmin edilərək İddiaçı vurulmuş mənəvi zərərə görə 2200 (iki min iki yüz) manat və maddi ziyana görə 470 (dörd yüz yetmiş) manat məbləğində olmaqla, cəmi 2670 (iki min altı yüz yetmiş) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi 1000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbi ilə bağlı bildirir ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 5ci maddəsində qanunverici şəxsə maddi ziyan vurulması ilə nəticələnə biləcək halları və həmin hallardan irəli gələn maddi tələbləri dəqiq olaraq müəyyən etmişdir. İddiaçı istintaq və məhkəmə proseslərində iştirak etməklə eyni zamanda öz vəsaiti hesabına müdafiəçinin xidmətlərindən istifadə etməklə vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, müdafiəçi xidmətlərindən istifadəyə görə iddiaçı 470 manat məbləğində vəsait xərcləmişdir. Beləliklə də məhkəmə iddia tələbinin 1000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsi qismən əsaslı olduğundan buna dair sübutların mövcud olduğu həddə təmin edilməlidir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının kifayət qədər uzun dövr üçün təqsirliliyinin sübuta yetirilmədiyi əmələ görə cinayət təqibinə məruz qalması, ona mənəvi əzab verən hallardır. Odur ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni istintaq orqanı tərəfindən tutulduğu 2 gün (xx.xx.2023-xx.xx.2023) nəzərə alınmaqla barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin (xx.xx.2023-xx.xx.2023) müddətinə mütənasib olaraq 2200 (iki min iki yüz) manat məbləğində mənəvi ziyana görə pul tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 2200 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmiş məqamlarla bağlı qeyd edir ki, Maliyyə Nazirliyi özünün cavabdeh qismində göstərilməsini düzgün hesab etməmişdir, lakin nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyinin cavabdehliyi gələcəkdə qətnamənin icrası baxımından müəyyən edilən haldır. İddiaçı tərəfindən təqdim edilmiş, onun iddiasını əsaslandıran sübutlara isə məhkəmə müvafiq qiymətləndirmə aparmaqla öz qiymətini vermişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsi xahiş edilib şikayət bununla əsaslandırılmışdır ki, hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 2670 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Fikrimizcə, bu halda iddiaçıya mənəvi zərərə görə 2670 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Bundan başqa, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində Ali Məhkəmənin 03 noyabr 2023-cü il tarixli, 2(102)-3095/2023 saylı qərarına istinad edərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə bağlı təcrübəni “başqa yerə getməmək haqqında” qətimkan tədbirinə tətbiq edərək kobud pozuntuya yol vermişdir. Belə ki, polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs cinayət təqibi orqanının icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz və polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Lakin “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri icraat zamanı şəxsin vəzifələrini yerinə yetirməsi ilə bağlı sadəcə yazılı öhdəlikdir. Bu hallarla yanaşı maddi ziyanın ödənilməsi ilə bağlı hissədə qətnamənin təsviri hissəsində iddiaçı maddi və mənəvi ziyan tələbi ilə bağlı hüquqlarının müdafiəsi üçün vəkilə 320 manat məbləğində xidmət haqqı ödənildiyi qeyd edilsə də, məhkəmə aktının əsaslandırıcı və nəticə hissəsində isə müdafiə xidmətlərinin göstərilməsinə görə 470 manat xərclənildiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilərək dəqiq müəyyən olunmuş xərclərdən əlavə pul vəsaitinin ödənilməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. İddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edirik ki, məhkəmə tərəfindən iddiaçıya ödənilməli olan məbləğ bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil və həddən artıq yüksəkdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi və vəkili olmuş Vəkil elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində işə iddiaçının iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir.
8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı, cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun nümayəndələri məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
10. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu:
Maddə 1. Barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) təmin olunan hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Əvvəla, iddiaçının Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan əsasla hazırkı iddia üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi qiymətləndirilə bilməz. Çünki qeyd olunan maddədə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada tam həcmdə ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddanın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.
19. Birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir. Ona görə də bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansısa şəxs tərəfindən ödənilməli olması məsələsini hazırda araşıdırılmasına da ehtiyac yoxdur və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi heç bir halda köhnə (vaxtı keçmiş) məhkəmə praktikası kimi qiymətləndirilə bilməz.
20. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz.
21. İddiaçının 2 gün müddətində qanunsuz tutulub saxlanılması, barəsində qətimkan tədbiri seçilməsi və azadlığın məhdudlaşdırılması cəzasına məruz qalması ona mənəvi zərər vurmaya bilməzdi. Çünki istintaq orqanının və məhkəmənin səhvi nəticəsində, yəni 2 gün müddətində qanunsuz saxlanılması, barəsində qətimkan tədbiri seçilməsi və azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki ən mötəbər sübut ona elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə barəsində bəraət hökmü çıxarılmasıdır. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbəttə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də, nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia mənəvi zərər hissəsində qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıq-aşkar təsdiq edilmiş olur. Mənəvi zərər üçün 2200 manat müəyyən edilməsi də mövcud məhkəmə praktikasına uyğundur və məhkəmə praktikasının vahidliyini də təmin etmiş olur.
22. Hazırkı iş üzrə mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alına bilməz. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Zərər çəkmiş şəxsin ona zərər vurmuş şəxsə qarşı da maddi və mənəvi zərər tələb hüququnu həmin kompensasiya məbləği istisna etmir. Hazırkı iş üzrə iddiaçı isə, cinayət işi üzrə zərər çəkmiş şəxs deyil, təqsirləndirilən şəxs olmuş, ona ittiham verilmiş, barəsində qətimkan tədbiri seçilmiş, yalnız sonradan təqsirliliyi sübuta yetirilmədiyin görə barəsində bəraət hökmü çıxarılmışdır.
23. Polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə başqa yerə getməmə haqqında qətimkan tədbirinə görə kompensasiyanın ödənilməsində fərqli məhkəmə təcrübəsinin olması həqiqi olsa belə bu hal şikayəti əsaslı etmir. Çünki iddiaçının əsassız olaraq hüquqları məhdudlaşdırılmışdır.
24. Bundan əlavə, maddi ziyanın ödənilməsi ilə bağlı hissədə qətnamənin təsviri hissəsində maddi və mənəvi ziyan tələbi ilə bağlı hüquqlarının müdafiəsi üçün vəkilə yalnız 320 manat məbləğində xidmət haqqı ödənildiyi qeyd edilməmiş, həmin məbləğ birinci instansiya məhkəməsində hüquqi xidmətin göstərilməsi ilə əlaqədar ödənilmiş, apellyasiya instansiyası məhkəməsi üçün də 150 manat ödənildiyi qeyd olunmuşdur. Bununla əlaqədar işdə sübutlar da mövcuddur. Bua görə də, məhkəmə aktının əsaslandırıcı və nəticə hissəsində müdafiə xidmətlərinin göstərilməsinə görə 470 manat xərclənildiyinin qeyd edilməsi düzgün olmuşdur. Odur ki, dəqiq müəyyən olunmuş xərclərdən əlavə pul vəsaitinin ödənilməməmişdir. Ona görə də bu cür dəlillərdən əsassız istifadə edilməsi də başa düşülən olmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2 gün müddətində qanunsuz tutulub saxlanılması, barəsində qətimkan tədbiri seçilməsi və azadlığın məhdudlaşdırılması cəzasına məruz qalmasını nəzərə alıb, mənəvi zərərin əvəzi olaraq iddiaçıya ödənilməli olan məbləğin 2200(iki min, iki yüz) manat müəyyən edilməsini də əsaslı hesab edir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1879/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1879/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.