Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4418/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(002)- 291/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz əməlləri nəticəsində ona məxsus 2,3 ha torpaq sahəsində əkin işlərinin aparılmaması nəticəsində əldən çıxmış faydanın əvəzi kimi 2300 manat məbləğində pulun, əkinə hazırlıq üçün xərclədiyi 1000 manat məbləğində pulun, cavabdehin böhtanlarına görə güclü ruhi həyəcan keçirməsi ilə əlaqədar şəkərli diabet xəstəliyinə tutulması nəticəsində sağlamlığına dəymiş ziyanın əvəzi kimi 100000 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi kimi 10000 manat məbləğində pulun, iş vaxtını itirməyinə görə orta aylıq əmək haqqı olaraq 700 manat maliyyə vəsaitinin və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 112130 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, münaqişəli vəziyyətdə olduğu qonşusu Cavabdeh dəfələrlə onun barəsində dövlət orqanlarına böhtan xarakterli şikayət ərizələri yazmış, cavabdehin qanunsuz hərəkətləri nəticəsində şəkərli diabet xəstəliyinə tutularaq müntəzəm müalicə almış, əkinə hazır 2,3 ha torpaq sahəsində əkin işlərini apara bilmədiyinə görə əldə edəcəyi gəlirdən məhrum olmuş, əkinə hazırlıq üçün sərf etdiyi pul batmış, cavabdehin yazdığı hər şikayətə görə orta hesabla 3 gün vaxt sərf etmiş, nəticədə 700 manat gəlirdən məhrum olmuşdur. Cavabdehin hərəkətləri onun mənəvi zərərə məruz qalmasına da səbəb olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(002)- 291/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələblərinə düzgün qiymət verilməmiş, sübutar və iddianın əsasları araşdırılmamış, iş üzrə ekspertiza keçirilməmiş, məhkəmə iclasında verilən vəsatətlərə baxılmamış, təqdim olunan heç bir sənədə istinad edilməmiş, işə obyektiv baxılması üçün lazımi sorğular verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(002)-291/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər qonşu olmaqla aralarında yaranmış mübahisələrlə əlaqədar Səmədov X1 Rüstəm Şamil oğlunun barəsində müxtəlif dövlət orqanlarına hüquqlarının müdafiəsi ilə bağlı ərizə və şikayətlərlə müraciət etmiş, müraciətlərə müvafiq cavablar verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulmuş müraciət etmək hüququndan istifadə edərək İddiaçı barəsində dövlət orqanlarına ərizə və şikayətlərlə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qalması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə tamamilə əsassız olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas vermir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən hansı vəsatətə baxılmadığını, hansı sübutların araşdırılmadığını və hansı ekspertizanın keçirilməli olduğunu bildirməmiş, ümumiyyətlə apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(002)- 291/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4418/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4418/2021
27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver