Məhkəmə qərarları › İş №2(103)-4427/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4427/2022

08.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4427/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-339/2022 saylı, 05.04.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, yaşadığı mənzildən götürülmüş 94,928 manat dəyərində olan qızıl-zinət əşyalarının, 102.000 ABŞ dollarının, 269.700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin, 12 saylı mənzilinin, 269700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi və adı çəkilən əmlakların ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-339/2022 saylı, 05.04.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-362/18 saylı 28 fevral 2018-ci il tarixli qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qəbul etdiyi 1(103)-362/2018 saylı 28.02.2018-ci il tarixli qərarının Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin apellyasiya şikayətinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin mulki iddiasının İddiaçı aid hissəsində təmin edilməsinin ləğv edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin İddiaçı qarşı olan mülki iddiasının rədd edilməsi və hazırki iş üzrə üzərlərinə həbs qoyulmuş əmlaklar həbsdən azad olunaraq İddiaçı geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin CK-nın 30.10.2018-ci il tarixli 1(102)-808/18 saylı qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, onun məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli qərarının "xxxx" MTK-ya məxsus olan “X1” kompleksində yerləşən 201A saylı və 903A saylı mənzillərə xüsusi müsadirənin tətbiq edilməsi və həmin mənzillərin xüsusi hərracda satılmasına dair hissədə dəyişdirilməsi, tərəfindən 201 A saylı mənzilə görə ödənilmiş 230531 manat və 903A saylı mənzilə görə ödənilmiş 120777 manat pul vəsaitlərinin dövlət nəfinə xüsusi müsadirə edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-339/2022 saylı, 28.04.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-339/2022 saylı, 05.04.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(001)-6496/2021 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyi ilə bağlı qəbul edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı 20.08.2021-ci il tarixində qərardaddan şikayət vermiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9324/2021 saylı, 17.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9324/2021 saylı, 17.09.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, iddia ərizəsinin icraata qəbul məsələsi yenidən müzakirə edilməli və icraata götürüldükdən sonra məhkəmə nəzərə almalıdır ki, Bakı Apellyasiya Məhkəməsində oxşar işə baxılarkən, məhkəmə praktikasında cinayət işinin icraatı zamanı üzərinə həbs qoyulan və sonradan cinayət işinə baxan məhkəmənin yekun qərarı ilə barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilən əmlakın kimə mənsub olması haqqında mübahisəyə baxılma mexanizmi ilə bağlı müxtəlif yanaşmaların olduğu müəyyən edilmiş və bu məqsədlə “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsində təsbit olunmuş “müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir” göstərişinin hansı qaydada həyata keçirilməli olması “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 142-ci, 383.1-ci və 408.3-cü maddələri, eləcə də Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi kontekstində şərh edilməsi” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6496/2021 saylı 01.11.2021ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsində təsbit olunmuş “müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir” göstərişinin hansı qaydada həyata keçirilməli olması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 142-ci, 383.1-ci və 408.3-cü maddələri, eləcə də Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi kontekstində şərh edilməsi” ilə bağlı müraciəti barədə müvafiq Qərar qəbul edilənədək İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair 2(001)-6496/2021 nömrəli mülki işə baxmaq mümkün olmadığından həmin iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Plenum Qərarında qeyd edilmişdir ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Həmin Plenum qərarından eyni zamanda qeyd edilmişdir ki, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.O da qeyd olunmalıdır ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir. Həmin Məcəllənin 7.0.5-ci maddəsində cinayət prosesini həyata keçirən orqan kimi həm icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları, həm də məhkəmələr göstərilmişdir. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Bundan başqa həmin Plenum qərarında məhkəmə hökmü ilə maraqlarına toxunulan şəxslərin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi mümkün hesab edilmiş və məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, müraciətdə qaldırılan digər məsələ Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin tətbiqi mexanizminin tənzimlənməməsi, xüsusilə məhkəmənin yekun qərarı ilə müəyyən edilən hallara baxmayaraq, mülki icraat qaydasında əmlakın kimə mənsub olmasının həlli ilə bağlıdır. Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh edilən və məhkəmə təcrübəsində qeyri müəyyənlik yaradan məsələlər əmlakın üçüncü şəxslərə mənsub olduğu iddia edildiyi halda hüquqi müdafiənin tətbiqi qaydaları ilə bağlıdır. Yəni mübahisə doğuran məsələ üçüncü şəxslərə məxsus olan əmlakın üzərinə həbs qoyulduğu və ya məhkəmənin yekun qərarı ilə müsadirə olunduğu hallarda üçüncü şəxslərin hüquqi müdafiəsini hansı qaydada həyata keçirməli olduqları ilə bağlı yaranan qeyri-müəyyənlikdir. Bununla belə məhkumun və ya təqsirləndirilən şəxsin həmin hüquqi müdafiə vasitələrindən istifadə etmək üçün kifayət qədər imkanı qanunvericilikdə təsbit olunmuşdur. Bu baxımdan onsuz da məhkumun məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən xüsusi müsadirənin predmeti olan əmlakların qaytarılması barədə tələbinin hazırki icraat çərçivəsində prosessual əsası yoxdur. Belə ki, hazırki iddia ərizəsi üzrə iddiaçı və cinayət işi üzrə məhkum olunmuş şəxs məhkəmə hökmünün mülki iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Bundan sonra onun tərəfindən kassasiya şikayəti verilməmiş və digər şəxslərin kassasiya şikayətləri ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Nəticə etibarı ilə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək faktiki olaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun barəsində tətbiq edilən xüsusi müsadirənin ləğv edilməsinə və mülki iddianın təmin edilmiş hissəsinin nəticələrinin aradan qaldırılmasına nail olmağa çalışmaqdadır. Lakin təqsirləndirilən və ya məhkum tərəfindən verilən belə iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam veririr. Bununla da məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi və iddiaçıya onun cinayət işi üzrə icraat zamanı qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlardan istifadə etmək hüququnun olmasının izah edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırda İddiaçı həbsin götürülməsini xahiş etdiyi əmlaklara məhz cinayət mühakimə icraatı qaydasında həbs qoyulmuş və xüsusi müsadirənin predmeti olan əmlakların qaytarılması barədə tələbə mülki icraat qaydasında baxılmalı deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-339/2022 saylı, 05.04.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar