Məhkəmə qərarları › İş №2(103)-4427/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4427/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4427/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz cinayət təqibi ilə bağlı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 Asəf qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2507/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə verilən xx.xx.2025-ci il tarixli, 12-31/57 saylı arayışa əsasən İddiaçı həqiqətən Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayır və həbs olunana qədər günəmuzd fəhlə, usta köməkçisi olmaqla fərdi əməklə məşğul olmuşdur.

2. Lənkəran rayon prokuroru tərəfindən təsdiq edilən İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli ittiham aktından görünür ki, İddiaçı 17 fevral 2023-cü il tarixdə saat 18:10-da Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə ittiham elan edilmişdir.

3. Lənkəran rayon prokuroru tərəfindən təsdiq edilən İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli ittiham aktından görünür ki, İddiaçı 17 fevral 2023-cü il tarixdə saat 18:10-da Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə ittiham elan edilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(106)- 641/2024 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1- 1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-72/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli,1(102)-168/2025 saylı qərarına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi ziyana görə 29500 manat və mənəvi ziyana görə 20000 manat məbləğində pul vəasitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci ildə Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində anadan olub. Əvvəllər həbsdə olduğu üçün kəndlərində hansı cinayət hadisəsi baş versə, polis işçiləri ondan şübhələnirdilər. 17 fevral 2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində yaşayan əmisi X2 arvadı yaşadığı evində öldürülmüş və onun qızıl əşyaları götürülmüşdür. Polis işçiləri onu tutaraq Zümrüdün onun tərəfindən öldürülməsini deyərək onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmış, həmin saatlarda polis işçiləri onun anası və bacısını da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Polis işçiləri iddiaçını şöbədə döyməyə başlamış, skoçla bədənini yarıyadək sarımaqla əmisi arvadını öldürməyini və qızıl-zinət əşyalarını götürməyini etiraf etməyini, qızılları təqdim etməyini tələb etmişlər. Lakin o ilk saatlarda ölüm işini boynuna götürmədiyindən həbsdə saxlanılması üçün polis işçiləri guya onu 17 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində narkotik vasitə ilə bağlı olaraq Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində saxlamaları barədə sənədləri tərtib etmiş, iddiaçının üzərində olan siqaret qutusunun içərisində psixitrop maddə metamfetamin və narkotik vasitənin çəkilməsində istifadə olunan falqa qoymuşlar. Onu CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verəcəklərini vəd etmiş və vəkil çağırmaqla vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar. İddiaçı polis işçilərinin təzyiqləri altında cibinə polis tərəfindən qoyulmuş metamfetamini çıxarıb təqdim etmiş, guya psixotrop maddənin özünə məxsus olmasını, kəndlərində yaşayan Mahmud adlı şəxsdən 35 manat pula almağını göstərmişdir. Halbuki, iddiaçı Mahmud adlı hər hansı şəxsi tanımır. Polis işçiləri anasını və bacısını da iki gün polis şöbəsində saxlamışlar. Həmin ölüm işi ilə əlaqədar olaraq digər qonşuları da polis şöbəsinə gətirməklə qeyrirəsmi olaraq araşdırmalar aparmış, onunla üzləşdirmişlər. İki gün sonra artıq işgəncəyə dözə bilməyib, ölümü boynuna götürmüş və bu barədə etirafedici ifadə vermişdir. Həmin vaxtı anasını və bacısını da 48 saat polis şöbəsində saxladıqdan sonra buraxmışlar. 19 fevral 2023-cü il tarixə keçən gecə Zümrüd Əliyevanın gəlini Gülmirə Əliyevanın dayısı X4 tərəfindən öldürülməsi məlum olmuş və Əminağa Quliyevin cinayət yolu ilə ələ keçirilmiş qızıllar və cinayətin aləti olan bıçaq da tapılmışdır. Həmin gün səhər saatlarında iddiaçını polis rəisinin yanına aparmış və həmin vaxt artıq X5 Quliyev tərəfindən öldürülməsi məlum olmuşdur. Əminağanı tutub, polis şöbəsinə gətirmişlər. Beləliklə də iddiaçının heç bir təqsiri olmadığı halda əsassız olaraq onu 17 fevral 2023-cü il tarixində saat 10:10-da Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Baxşəli Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2023-cü il tarixdə o, Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. 19 fevral 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü və 234.1-1-ci maddələrinə tövsif edilməklə istintaq həmin maddələrlə davam etdirilmişdir. 20 fevral 2023-cü il tarixdə iddiaçıya Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü və 234.1-1-ci maddələri ilə yeni məzmunlu ittiham elan edilmişdir. 14 iyun 2023-cü il tarixdə barəsində olan ********* saylı cinayət işi üzrə ittiham aktı tərtib edilmiş və həmin ittiham aktı həmin tarixdə məhkəməyə verilmişdir. Onun barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış və məhkəmənin 24 may 2024-cü il tarixli 1-(099)-72/2024 saylı hökmü ilə ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyinin sübuta yetirilmədiyinə görə bəraət verilmiş və barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə də, iddiaçı bütün bu dövr ərzində qanunsuz olaraq 01 il 03 ay 07 gün həbsdə saxlanılmışdır. Buna baxmayaraq həmin hökmdən apellyasiya protesti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası özünün 02 avqust 2024-cü il tarixli, 1(106)- 641/2024 saylı qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü dəyişdirmədən saxlanılmışdır. Bundan sonra kassasiya protesti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyası özünün 07 yanvar 2025-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2024-cü il tarixli qərarı dəyişdirmədən saxlanılmışdır. İddiaçı həbs edilməmişdən əvvəl günəmuzd fəhlə işləyərək ailəsini dolandırmışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əsassız olaraq Lənkəran ŞRPŞdə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Təcridxanasında həbsdə saxlanılmaqla, azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə 20000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətindən qalmışdır. Bundan əlavə iddiaçı günahsız olaraq 01 il 03 ay 07 gün müddətə haqsız yerə azadlıqdan məhrum olunduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət iddiaçıda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, heç bir əsas olmadan Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-1 -ci maddələri ilə barəsində cinayət işi başlanmış və bir ildən çox həbsxanada qalmağa məcbur olmuşdur. Həmçinin polis əməkdaşları iddiaçı ilə bərabər anasını və bacısını da əsassız yerə gətirib, 48 saat polis şöbəsində saxladıqlarına görə iddiaçının özünə qəsd etmək həddinə çatdırmışlar. Bütün bunların nəticəsində çox böyük psixoloji sarsıntılar, əsəb gərginliyi keçirmişdir. Həmçinin, iddiaçı tutulmamışdan əvvəl günəmuzd usta yanında köməkçi gündəlik 40-50 manata işləməklə özünü və ailəsini dolandırmış, tutulduğu müddətdə o, bu qazancından məhrum edilmişdir. 8.Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutları təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 29500 manat kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vegi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinı dair əsaslı sübutlar göstərə bilməmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən kompensasiya ödənilməsini tələb edir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2507/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 16.000 (on altı min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə və Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilməməsi qət edilmişdir. 10.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və sonda xx.xx.2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə ittiham elan edilsə də, təqsirliliyi sübuta yetirilmədiyi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona həmin maddlərlə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökm, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə isə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, beləliklə, iddiaçıya bəraət verilməsinə dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı qanunsuz həbsə alma nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, həbsdə olduğu dövrdə usta yanında köməkçi fəaliyyəti ilə məşğul ola bilməməsi, yaxınlarının ona yemək gətirməsi ilə bağlı maddi, barəsində digər insanlarda mənfi fikir formalaşması, psixoloji sarsıntı, əsəb gərginliyi keçirməsi ilə bağlı isə mənəvi zərərin ona ödənilməsini xahiş edir.

11. Məhkəmənin mövqeyi belə olmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinədək, yəni 1 il 3 ay 7 gün müddətində qanunsuz olaraq həbsdə saxlanıldığından, barəsində cinayət təqibi başlandığından ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı usta yanında köməkçi fəaliyyəti ilə məşğul ola bilməməsi, təcridxanaya yaxınlarının ona yemək gətirməsi ilə bağlı 29.500 manat maddi zərərə məruz qaldığını iddia etsə də, o, bu zərərin real olmasını (konkret qazancının olmasını) sübuta yetirməmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

12. İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 1 il 3 ay 7 gün müddətində həbsdə saxlanılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İddiaçının qanunsuz olaraq həbsdə saxlanılması və barəsində cinayət təqibinin başlanması nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi 20.000 manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, məhkəmə iş üzrə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 15 ay müddətinə həbsdə saxlanıldığı, barəsində cinayət təqibi başlanıldığını nəzərə alaraq 16.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 16.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

13. Məhkəmə iddianın digər cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə hesab etmişdir ki, bu halda qeyd edilən cavabdeh subyektiv cavabdeh deyildir və ona qarşı iddia tələbi təmin edilməməlidir. Belə ki, dövlət orqanın vurmuş olduğu zərər görə yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası subyektiv cavabdehdir.

14. Məhkəmə öz mövqeyini «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3, 9; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1100, 1101.1; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0, 56.0.5, 57.1, 58.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 16.000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 16.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməlidir. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

18.İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, onlar tərəfindən gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat təqdim edilməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

19. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 68. İİİ bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

21. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və sonda xx.xx.2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə ittiham elan edilsə də, təqsirliliyi sübuta yetirilmədiyi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona həmin maddlərlə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökm, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə isə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, beləliklə, iddiaçıya bəraət verilməsinə dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəsini almışdır. Beləliklə İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, yəni 1 il 3 ay 7 gün müddətində cinayət təqibinə məruz qalaraq qanunsuz olaraq həbsdə saxlanılmış, azadlığı məhdudlaşdırılmışdır.

29. İşə baxan məhkəmə iddiaçıya dəymiş mənəvi zərərin 15 ay müddətinə həbsdə saxlanılmasını, barəsində cinayət təqibi başlanıldığını nəzərə alaraq 16.000 manat məbləğində qiymətləndirilməsini ədalətli və ağlabatan hesab etmişdir.

30. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, deliktin onun tərəfindən törədilməməsinə görə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınması əsassızdır, mənəvi zərərin əvəzi olaraq tutulan kompensasiya məbləği yüksək müəyyən edilmiş, CPM-in normaları nəzərə alınmamışdır.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyan dövlət tərəfindən ödənilir.

32. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin İ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 33.Bundan başqa Mülki Məcəllənin 1101.1-ci maddəsinin məzmunua əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

34. Göründüyü kimi, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənildiyindən, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir.

35. Həmçinin kompensasiya məbləği ilə razılaşmayan cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin məbləği müəyyən edilərkən 16000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi iddiaçının qanunsuz olaraq 1 il 3 ay 7 gün müddətində həbsdə saxlanılmasının onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratması, iddiaçıya stress, əzab-əziyyət verməsi və şüurunda mənfi psixoloji reaksiyaya səbəb olması ilə bağlı işin halları və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla qanuni və ədalətli olmuşdur. 36.Məhkəmə kollegiyası həmçinin apellyatorun kompensasiya məbləğinin hesablanması zamanı Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin nəzərə alınması barədə dəlilini də əsassız hesab edərək qeyd edir ki, Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. 37.Göründüyü kimi qeyd olunan norma cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş, cinayət mühakimə icraatı qaydasında həll edilən məsələni tənzimləməklə hazırkı mülki iddia və iddianın əsasında duran fakitki hallarla əlaqəsi yoxdur. 38.Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. 39.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2507/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı tərəfə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar