Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4428/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı Slavyan Universiteti və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “pulun köçürülməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “pulun köçürülməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi barədə” iddiasının icraata qəbul edilməsi məsələsinə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə iddia ərizəsinin icraata qəbul edilməsindən, iddianı yolverilməzliyi əsası ilə, imtina edilməsini qərara almışdır. Rayon Məhkəməsi iddianı yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-862/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı (Azərbaycan Respublikası Cavabdeh1mübahisə predmeti barəsində müsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul vəsaitinin geri qaytarılması və təhsil haqqından azad edilmə tələbi barədə” iddiasının rədd edilməsini qət etmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamədən müəyyən edilir ki, iddiaçı öncədən də eyni növ iddia tələbi ilə məhkəməyə müraciət edərək, Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2020-2021-ci il təhsil ili üçün 850 manat, 2021-2022-ci il tədris ili üçün 850 manat, 2022-2023-cü il tədris ili üçün 850 manat olmaqla, cəmi 2.550 manat pul vəsaitinin Bakı Slavyan Universitetinin hesabına köçürülməsi və Universitetə ödədiyi 2.550 manat pul vəsaitinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının bu tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmiş və nəticə etibarı ilə həmin məsələyə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Həmin işə baxıldığı zaman Azərbaycan Respublikası Cavabdeh1mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş olsa da, hazırda həmin qurumun cavabdeh qismində işə cəlb edilməsi mahiyyəti dəyişmədiyindən, həmin tələb üzrə baxılmış iddiaya yenidən baxılması üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəlki iddiaya məhkəmə tərəfindən baxılan zaman, məhkəmə, Qaçqınların və X2 Üzrə Dövlət Komitəsini öz təşəbbüsü ilə üçüncü şəxs kimi prosesə cəlb etmişdir. Hazırkı iddia tələbində isə həmin Dövlət Komitəsi cavabdeh qismində prosesə cəlb edilmişdir. Göründüyü kimi proses eyni tərəflər arasında olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, əvvəlki iddia tələbi verilərkən iddiaçının məcburi köçkün statusu olmamışdır. Hazırda isə iddiaçı bu kimi statusu Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əldə etmişdir. İddiaçının statusunun dəyişməsi yeni münasibətin yaranmasına gətirib çıxarmış və əvvəlki iddianın əsaslarından fərqli olan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhz məcburi köçkün statusu əldə etdiyi üçün Cavabdeh1Bakı Slavyan Universitetinə təhsil haqqını köçürməlidir. İddiaçı, dövlətin ona verdiyi üstünlükdən, yəni təhsil haqqından azad olmaq hüququndan istifadə etməlidir. Daha sonra nəzərə alınmalıdır ki, iddiaçı əvvəlki məhkəmə prosesində 2021-2022ci illər üçün ödənilmiş 850 manat pulun qaytarılmasını tələb etmişdir. Hazırkı iddiada isə 2.550 manatın ona qaytarılmasını tələb edir. Bundan başqa əvvəlki məhkəmə prosesində iddianın digər hissəsi isə təhsil haqqından azad olmağı idi. Qərardadda iddianın “təhsil haqqından azad olunma” hissəsindən bəhs edilmir. Rayon Məhkəməsi iddiaların eyni növlü olması ilə bağlı səhv qənaətə gəlmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, MPM-in 153.2.2-ci maddəsi əsasında iddianın qəbul edilməsindən imtina edilməsi üçün aşağıdakı 3 şərtin eyni vaxtda mövcud olması gərəkdir: - həmin işlər üzrə tərəflər eyni olmalı; - iddiaların predmeti eyni olmalı; - iddiaların əsasları eyni olmalı. Hazırki iş üzrə iddiaların əsasları eyni olsa da, tərəflər və iddiaların predmetləri Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə aid hissədə eynilik təşkil etmir. Çünki əvvəlki mübahisə üzrə qeyd olunan Komitə iş üzrə tərəf olmamış və hazırki mübahisədən fərqli olaraq ona qarşı tələb irəli sürülməmişdir. Digər tərəfdən, iddia tələblərinə diqqət yetirdikdə həmin tələblərin əsas və asılı tələb olmaqla iki hissədən ibarət olduğu müəyyən edilir. Belə ki, iddianın qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı məcburi köçkün olduğu üçün təhsil haqqı ödəməkdən azaddır, onun təhsil haqqısı dövlət büdcəsi hesabına ödənilməlidir. Lakin bu tələbi nəzərə alınmadığı üçün təhsilini davam etdirə bilməsi üçün Universitetə təhsil haqqını ödəmək məcburiyyətində qalmışdır. Ona görə də, cavabdeh Komitə təhsil haqlarının Universitetə ödənilməsi vəzifəsini icra etməli, bu tələbi təmin edildiyi üçün isə iddiaçının ödəmiş olduğu təhsil haqları ona geri qaytarılmalıdır. Göründüyü kimi, Universitetə qarşı ödənişin geri qaytarılması tələbi iddiaçının cavabdeh Komitəyə qarşı irəli sürdüyü əsas tələbindən irəli gəlir ki, iddiaçı birinci tələbini ikinci tələbdən asılı etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı öz tələblərinin əsasını müəyyən etməkdə sərbəstdir. Başqa sözlə, cavabdeh Komitəyə qarşı tələbin təmin edilməsi, özlüyündə cavabdeh Universitetə qarşı tələbin əsasını təşkil etmiş olacaqdır. Lakin Rayon Məhkəməsi tərəfindən cavabdeh Komitəyə qarşı əsas tələbin qəbul edilməsindən MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina edilməsi düzgün olmamışdır. Həmin cavabdehə qarşı iddianın qəbul edilməsindən MPM-in 153.2.2-ci maddəsinə əsasən deyil, 153.2.1-ci maddəsinə əsasən imtina edilməsi üçün əsaslar mövcuddur. Belə ki, MPM-in 153.2.1-ci maddənin tələbinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə aid hissədə iddia ərizəsinin məzmunundan da göründüyü kimi həmin hissədə mübahisə inzibati orqanın şəxsin məcburi köçkün olması ilə əlaqədar onun təhsil haqqısının təhsil aldığı Universitetə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı yaranmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1.6-cı maddəsinə əsasən, dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşların təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. İddiaçı bu tələbinin pul vəsaitinin təhsil müəssisəsinə köçürülməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması ilə təmin edilməsinə nail olmağa çalışır. Belə tələb isə inzibati orqanın xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn hüququnun əldə edilməsi, tanınması və ya həyata keçirilməsi ilə bağlı səlahiyyətindən irəli gəldiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsində təsbit edilmiş inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) uyğun gəlir. Belə münasibətdə inzibati orqanın xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etmədiyi, hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyi nəzərə alınmalıdır. Münasibətin mövcud xarakteri isə belə iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasını yolverilməz edir. Digər tərəfdən, cavabdeh Komitə təhsil haqqı ödənişinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi sahəsində dövlətin funksiyalarını həyata keçirmir. Bu sahədə səlahiyyətli orqan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyidir ki, şəxsin dövlət büdcəsi vəsaiti hesabına təhsil haqqısı qarşılanan təhsil alan şəxslər kateqoriyasına aid olub-olmaması və bundan irəli gələn tədbirlərin görülməsi həmin Nazirliyin səlahiyyətindədir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən iddianın qəbul edilməsindən düzgün əsasla imtina olunmadığı üçün şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, iddianın MPM-nin 153.2.1-ci maddəsinə əsasən yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdehlər Bakı Slavyan Universiteti və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “pulun köçürülməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi barədə” iddiasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilir ki, o, yuxarıda qeyd edilən iddia ərizəsində göstərilən tələblə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4428/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4428/2024
19.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver