Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4433/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allaverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(005)-342/2021-012 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “x" MMC-dən Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 7, 8 nömrəli mənzilin söküntüsü nəticəsində ona vurulmuş maddi zərər olaraq 174.400 manat məbləğində mənzilin dəyərinin ½ hissəsinin, yəni 87.000 (səksən yeddi min) manat pulun və vurulmuş mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 30.000 (otuz min) manat məbləğində pulun tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 7, 8 nömrəli mənzil Cavabdeh2 ilə birgə nikah dövründə alınmışdır. Həmin əmlaka AR Bakı Şəhəri İcra hakimiyyəti Tİ və MHQİ tərəfindən 29.07.2000-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Həyat yoldaşı ilə aralarındakı nikah Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Onun razılığı və xəbəri olmadan Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 7, mənzil 8-ə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh1 MMC Azərbaycan Respublikası NK-nin 80 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən yeni yaşayış binasının tikintisini həyata keçirmək üçün bu binada Cavabdeh2 məxsus olan söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 7-də yerləşən 8 saylı mənzilini 2 otaqlı, 64.2 kv.m mənzilin faktiki sahəsinə 20% əlavə etməklə, A bloku, yaşayışın 10-cu mərtəbəsi, 3 otaqlı 87.2 kv.m 50 nömrəli tam təmirli mənzilin "mülkiyyətçinin” mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2014-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı "mənzilə dair mülkiyyət hüququnun müəyyən edilməsi və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 MMC arasında Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 7, mənzil 8-ə dair bağlanmış 28 sentyabr 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edilmişdir. Qanuni qüvvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 7, mənzil 8-ə mülkiyyət payı olmuş və Cavabdeh2 özünün də bu mənzilə mülkiyyət payının (konkret pay rəsmi olaraq müəyyən olunmasa da) olmasına baxmayaraq, o, digər mülkiyyətçinin razılığı olmadan həmin mənzil üzərində təkbaşına və sərbəst sərəncam vermək hüququna malik olmamışdır. Hazırda Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 7-də yerləşən 8 saylı 2 otaqlı, 64.2 kv.m paylı mülkiyyətində olmuş mənzil cavabdeh tərəfindən sökülmüş və keçmiş həyat yoldaşı Cavabdeh2 ilə “Evrostroy-S.S" MMC arasında həmin mənzilə dair bağlanmış 28 sentyabr 2017-ci il tarixli, 35 saylı müqavilə etibarsız hesab edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, paylı mülkiyyətində olmuş mənzilin sökülərək əvəzində Cavabdeh2 3 otaqlı 87.2 kv.m mənzil təklif edilmişdir. Sökülmüş mənzilin 1 kv.m 2000 manat olan ümumi 174.400 manat dəyərinin (87.2 x 2000 – 174.400 : 2 – 87.200 manat) ½ hissəsinin, yəni 87.200 manat hissəsinin ona ödənilməsini xahiş etsə də, cavabdeh “Evrostroy-S.S" MMC tərəfindən ona heç bir cavab verilməmişdir. Baxmayaraq ki, iddiaçı tərəfdən Cavabdeh1 MMC-yə 24 iyul 2020-ci il tarixdə ərizə ilə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(005)- 342/2021-012 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(005)-342/2021-012 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 046279 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 7 saylı evin, 8 nömrəli mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə 196 saylı reyestr kitabında 29117 nömrəli vərəqində 30/14426 saylı reyestr nömrəsi ilə 29.07.2000-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsi tərəfindən 25.02.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 740624 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah 08.05.1992-ci il tarixdə nikah akt qeydləri kitabında 475 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Rəsulov, arvada Nəcəfzadə soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 15.10.2020-ci il tarixli, MB 13/1079 saylı arayışından görünür ki, İddiaçı 15 oktyabr 2020-ci il tarixli müraciətinə cavab olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7 də yerləşən 8 saylı mənzilini 64.2 kv.m faktiki sahəsinə 20% əlavə etməklə A bloku yaşayış 10-cu mərtəbəsi, 3 otaqlı 87.2 kv.m 50 nömrəli təmirli mənzilin 1 kv.m-nin orta bazar dəyərinə dair müvafiq rəyin verilməsinə şifahi sorğu əsasında mütəxəssislər (qiymətləndiricilər) tərəfindən AR Mülki Prosessual Məcəlləsinin 207-ci (Mütəxəssis məsləhəti) maddəsinə əsasən baxılmış və müxtəlif mənbələrdən (daşınmaz əmlak bazan üzrə fəaliyyət göstərən şəxslərdən və s.) əldə edilmiş rəsmi və qeyri-rəsmi məlumatlara görə, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 7 də yerləşən 8 saylı mənzilin 64.2 kv.m faktiki sahəsinə 20% əlavə etməklə A bloku yaşayış 10-cu mərtəbəsi, 3 otaqlı 87.2 kv.m 50 nömrəli təmirli mənzilin 1 kv.m-nin orta bazar dəyərinin 1700 (bir min yeddi yüz)- 1800 (bir min səkkiz yüz) manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 391/2018 nömrəli 02 may 2018-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 və "Evrostroy-S.S.” MMC-yə qarşı mənzilə dair mülkiyyət hüququnun müəyyən edilməsi və müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 MMC arasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış 28 sentyabr 2017-ci il tarixli, 35 saylı müqaviləsinin etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.06.2019-cu il tarixli, 2(005)-2643/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin bağlanması” tələbinə dair iddiası qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzilin sökülərək əvəzində verilməsi nəzərdə tutulan mənzilə dair İddiaçı və Cavabdeh2 ilə müqavilənin bağlanması öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli, 2(103)- 12041/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.06.2019-cu il tarixli, 2(005)-2643/2019 qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2285/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli Qərarın surətindən görünür ki, Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli, 2(103)-12041/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin bağlanması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh2 08.05.1992-ci il tarixdə nikaha daxil olmuş, tərəflər arasında nikah 27 noyabr 2014-cü il tarixdə pozulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 7, 8 saylı mənzil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmiş və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına Dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri mənzilə ½ hissədə paylarının müəyyən edilməsi, nikah dövründə qazanılmış, DƏDRX BƏİ-də 29.07.2000-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmış Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi ev 7, 8 saylı mənzilinə onun ½ hissəsdə pay hüququnun tanınması və həmin mənzil əsasında Cavabdeh2 ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi ev 7, 8 saylı mənzilinə dair bağlanmış 28 sentyabr 2017-ci il tarixli 35 saylı müqavilənin etibarsız sayılması barədə tələbi qismən təmin edilmiş, artıq qanuni qüvvəsini almış qətnamə ilə Cavabdeh2 və Cavabdeh1 MMC arasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair bağlanmış 28 sentyabr 2017-ci il tarixli 35 saylı müqavilə etibarsız hesab edilmiş, iddia tələbinin qalan hissələri təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı əvvəllər mövcud olmuş mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşıyır. Həmin məhkəmə qətnaməsi ilə iddiaçının mübahisəli əmlakda payların müəyyən edilməsi və mənzilə ½ hissədə mülkiyyət hüquqlarının tanınmasına dair iddiası təmin edilməmişdir. İddiaçının mübahisəli əmlakda payı müəyyən olmadığı halda, onun həmin əmlakın sökülməsinə görə cavabdehlərdən zərər olaraq mənzilin dəyərinin ½ hissəsini tələb etməsini məhkəmə kollegiyası əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Qanunvericiliyin tələbindən görünür ki, ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Hazırkı iş üzrə tərəflər arasında payın bərabər və ya digər qaydada bölünməsi ilə bağlı ər-arvadın əmlakının qanuni rejimi olmadığı halda mübahisəli mənzillə bağlı dəyərinin ½ hissəsi cavabdehlərdən tutula bilməz. Məhkəmə, iddia üzrə "mənzillə bağlı dəyərinin ½ hissəsinin ödənilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissələrinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "mənzillə bağlı dəyərinin ½ hissəsinin ödənilməsi" hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının “mənəvi ziyanın ödənilməsi” hissələrində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, zərərin ödənilməsini tələb etmək bu hüquqa malik olan şəxs tərəfindən irəli sürüldükdə təmin edilə bilər. Göstərilən normada birbaşa qeyd edilməsə də, bu müddəa həmin hüququn kimə və hansı həcmdə məxsus olmasını da özündə ehtiva edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçının sökülmüş mənzilə dair hüquqlarının hansı həcmdə olması müəyyən deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(005)- 342/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4433/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4433/2021
05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver