Məhkəmə qərarları › İş №2(103)-4435/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4435/2020

20.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4435/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh “X5 Mərkəzi” MMC-nin nümayəndəsi X8, Cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X4 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-332/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “X5 Mərkəzi” MMC, “xxxx” Kommersiya Bankı ASC, İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin X19 və Sumqayıt şəhər İcra İdarəsinə qarşı iddia qaldıraraq, cavabdeh “X5 Mərkəzi”nin hərracın yekunları barədə Y-345 nömrəli xx.xx.2018-ci il tarixli protokolunun, həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqavilənin və onların əsasında Sumqayıt şəhəri, 18-ci mkr, 47 saylı evin 11 saylı mənzili üzərində “xxxx” Kommersiya Bankı ASC-nin adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi, ipotekaya olan mənzilin bazar qiymətlərinə uyğun qiymətləndirilməklə yeni hərrac keçirilməklə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-332/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit götürərkən pula çox ehtiyacı və müqavilənin şərtlərini yerinə yetirmək iqtidarında olduğuna görə mənzilin dəyərindən çox aşağı ilkin satış qiyməti barədə bankın təklifinə ciddi əhəmiyyət verməmişdir. Bundan sonra 2015-ci ilin fevral və dekabr aylarında manatın dollara nisbətdə ucuzlaşması, bank qarşısında öhdəliyini 1.05,1.55 və daha sonra üzən məzənnə ilə (1.70,1.80,1.90,) yerinə yetirməyi onu müflis etmişdir. Məhkəmənin qərarının mahiyyəti budur ki, bazar qiyməti 80.000 manat olan mənzili bank 35.000 manata əldə etmiş və üstəlik onlar banka 65000 manat borclu qalmışdırlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X5 Mərkəzi” MMC-nin nümayəndəsi X11 və cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X10 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-332/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-74/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(060)-2619/2016 saylı qətnaməsinin cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti əsasında “cavabdehlər İddiaçı və X1 iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli, 22-1/14SU saylı kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxx 2014-cü il tarixli, 22-1/14SU saylı əlavə kredit müqaviləsinə görə cərimə borcu üzrə 6000 ABŞ dolları və xx xxxxxx 2015-ci il tarixli, 22- 2/14SU saylı kredit müqaviləsinə görə cərimə borcu üzrə 1400 ABŞ dolları müştərək qaydada tutulsun” hissələrində dəyişdirilməsi və xx xxxxx 2014-cü il tarixli, 22/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxx 2014-cü il tarixli, 22-l/14SU saylı əlavə kredit müqaviləsinə görə cərimə borcu üzrə 250 ABŞ dolları və xx xxxxxx 2015-ci il tarixli, 22- 2/14SU saylı əlavə kredit müqaviləsinə görə cərimə borcu üzrə 100 ABŞ dolları məbləğində müəyyən edilməsi, qətnamənin “cavabdehlər İddiaçı və X1 iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli, 22/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 22-1/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 38769,46 ABŞ dolları, faiz borcu üzrə 7762,46 ABŞ dolları, xx.xx.2014- cü il tarixli 22 mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 3998,23 manat,faiz borcu üzrə 1047,60 manat, cəmi 5045,83 manat, xx.xx.2015-ci il tarixli, 22-2/14SU saylı əlavə kredit xətti müqaviləsinə görə əsas kredit borcu üzrə 7695,41 ABŞ dolları, faiz borcu üzrə 1819,82 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat müştərək qaydada tutulsun, tələb ipoteka predmeti olan İddiaçı (3/4 hissə) və X2 (1/4 hissə) mülkiyyətində olan Sumqayıt şəhəri,18-ci mkr,47 saylı evin 11 saylı mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, ipoteka predmeti olan əmlakın əldə olunmuş pul vəsaiti hesabına cavabdeh İddiaçı bağladığı xx xxxxx 2014-cü il tarixli, 22/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 22-l/14SU saylı əlavə kredit müqaviləsi üzrə 38769,46 ABŞ dolları əsas kredit borcu, 7762,46 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2014-cü il tarixli 22 mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 3998,23 manat, faiz borcu üzrə 1047,60 manat, cəmi 5045,83 manat, xx.xx.2015-ci il tarixli, 22-2/14SU saylı əlavə kredit xətti müqaviləsinə görə əsas kredit borcu üzrə 7695,41 ABŞ dolları, faiz borcu üzrə 1819,82 ABŞ dolları, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mkr ünvanda yerləşən 47 saylı evin 11 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı, X6, Nəsirova İlahə Vahid qızı, X12 və X17 çıxarılsınlar və iddia tələbi qalan hissədə rədd edilsin” hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1441/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh Nəsirova İlahə Vahid qızının kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-74/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ 737193 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxx 2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015 ilin 04 ayının 22 günündə 412 № ilə qeyd edilmişdir. İş materiallarında olan “X5 Mərkəzi”nin xx.xx.2018-ci il tarixli Hərracın nəticələri haqqında yekun Y-345 №-li protokoldan və xx.xx.2018-ci il tarixli həracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ilkin satış qiyməti 55000 manat müəyyən edilmiş İddiaçı (3/4) hissə və X2 (1/4) hissə mülkiyyətindəki Sumqayıt şəhəri, 18ci mkr, ev 47, 11 saylı mənzilinin satışı üzrə keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan “xxxx” KB ASC əmlakı 35062.50 manata almışdır. “xxxx” KB ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. İş materiallarında olan “X5 Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhər üzrə icra idarəsinə, tələbkar “xxxx” ASC-yə, borclular İddiaçı, X7 və Nəsirova İlahə Vahid qızına ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, 3992 №-li bildirişə əsasən İddiaçı və X2 mülkiyyətindəki Sumqayıt şəhəri, 18 mkr, ev 47, mənzil 11 olan əmlaka dair hərrac xx xxxxxxxx 2018-ci il tarixə, saat 11.00-a təyin olunmuşdur. Bildirişdə əmlakın satış qiyməti 46750 manat göstərilmişdir. Həmin bildirişə əlavə olunmuş “Mega Express” Məktub və bağlamaların daşınması Xidmətinin qeydinə əsasən borclulara göndərilən bildirişə Nəsirova İlahə Vahid qızı şəxsən qəbul etməklə imzalamışdır, lakin İddiaçı və X3 “Mega Express” Məktub və bağlamaların daşınması Xidmətinin qeydinə əsasən göndərilən bildirişlər “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. İş materiallarından görünür ki, hərracların keçirilməsi ilə bağlı elanlar “Market” qəzetində dərc edilmişdir. Kollegiya ilk növbədə, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması, habelə etibarlılığı ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir və hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarət olduğunu vurğulayır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunmalıdır ki, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 35-39-cu maddələri). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə qeyd olunmuşdur ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. İş materiallarından müəyyən edilir ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, borclular hərracda iştirak etməmiş, bundan sonra ipoteka əmlak banka təklif olunmuş, “xxxx” KB ASC xx.xx.2018-ci il tarixdə əmlakı 35062.50 manata almış və həmin tarixdə “hərracın yekunları üzrə əmlakınalqısatqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-345 saylı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-332/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-332/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar