Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4436/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qətnamədən iddiaçı Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 5.184 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi xidmətə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 71,84 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında xx.xx.2019cu il tarixdə bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” AMX-6782/19 nömrəli müqaviləyə əsasən, cavabdehə məxsus olan və Bakı şəhəri, Zirə qəsəbəsi, “Təzə sahə” adlı ərazidə yerləşən 7 saylı fərdi yaşayış evi təbii qaz ilə təchiz olunur. Bununla bağlı olaraq Birlik tərəfindən həmin ünvanda “Zenner G-6 smart” markalı, 1305AZ**********46 nömrəli qaz sayğacı quraşdırılmış və ünvana **********02140 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 864 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 864 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1.728 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 864 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 864 manat olmaqla, ümumilikdə 5.184 manat məbləğində Birliyə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Birliyə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bununla bağlı olaraq Birlik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi xidmətə görə vəkilə 400 manat xərc çəkmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 71,84 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə olan münasibəti barədə məlumat
3. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus torpaq sahəsində istixana olmuş, lakin 2-3 ildir ki, sökülmüşdür. İstixanada yalnız yay aylarında əkin olmuşdur. Həmin istixana üçün yerləşdirilmiş sayğac sökülərək aparılmışdır. Sayğac onlardan götürüldükdən sonra başqa şəxslərin istifadəsinə verilmiş, lakin sayğac cavabdehin adında qalmışdır. Tərtib edilmiş aktlarla bağlı məlumatı olmamış, sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə etməmişdir. Evin sayğacı başqa, istixananın sayğacı isə başqa olmuşdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda cavabdehdən qeyri-qanuni xətlər vasitəsilə qazdan istifadə edilməsinə görə Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar əsasında dəymiş zərərin tələb olunmasına baxmayaraq, həmin aktların tərtib edilməsinə əsas olmuş hallarla bağlı mötəbər sübutlar Birlik tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda həmin aktların qanunvericiliyin tələblərinə riayət olunmaqla tərtib edilməsi də sübuta yetirilməmişdir. İddianın əsaslığı təşkil edən qeyd olunan hallar da məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, həmin aktların etibarlı hesab edilməsinə, o cümlədən həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcud olmasına dəlalət edən sübutlar olmadığından məhkəmə hesab edir ki, qeyri-qanuni xəttin aşkar olunması barədə aktlar əsasında hesablanmış ziyanın cavabdehdən tələb edilməsi əsassızdır. Bu zaman nəzərə alınmalıdır ki, iddianın əsaslığının sübut etmə yükü iddiaçı Birliyin üzərinə düşür. Məhkəməyə isə qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş aktlardan başqa, hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən cavabdehin ünvanına 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayınadək, yanvar ayı istisna olmaqla baxış keçirilmiş, keçirilmiş baxış zamanı qeyri-qanuni xətt aşkar edilmiş və həmin xətt qaynaq vasitəsi ləğv edilmişdir. Buna baxmayaraq nə məhz cavabdehin ünvanında qeyri-qanuni xətdən istifadə edilməsi, nə də həmin xəttin ləğv olunması, nə də bu hallardan sonra görülmüş tədbirlər barəsində hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, tərtib edilmiş aktların əsaslı olmasını qəbul etmək mümkün deyil və bu aktlar əsasında dəymiş zərərin cavabdehdən tələb olunması qanuni hesab edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək iddianın təmin edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gələrək iddianı rədd etməklə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
8. İş üzrə tərəflər apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
10. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, cavabdehə məxsus fərdi yaşayış evi iddiaçı Birlik tərəfindən təbii qaz ilə təchiz olunmuş, Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmışdır. Birlik ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı barədə müqavilə” xx.xx.2019-cu il tarixdə bağlanmış və ünvana **********02140 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan istifadə edilmişdir. Bununla bağlı Birliyin əməkdaşları tərəfindən müvafiq aktlar tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 864 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 864 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1.728 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 864 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 864 manat olmaqla ümumilikdə 5.184 manat məbləğində Birliyə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.
11. İddiaçı Birlik bildirir ki, cavabdeh tərəfindən həmin borc Birliyə ödənilməmişdir. Birlik həmin borcun, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hüquqi xidmət almaq üçün vəkilə çəkdiyi xərcin əvəzinin – 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 71,84 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
12. Cavabdeh isə bildirir ki, onun tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Tərtib edilmiş aktlardan məlumatı olmamışdır.
13. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb cavabdehə məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, iddiaçı Birliyə dəymiş maddi zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
14. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).
15. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 443.2.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).
17. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktı iş materialları ilə öz təsdiqini tapır. İddianın tam rədd edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi düzgün deyil.
19. Məhkəmə bildirir ki, “Qazdan istifadə qaydalarının” tələblərinə görə, qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edildikdə “Qaz paylayıcısı” sayğacdan kənar qoşulma xəttini ləğv etməli və bu barədə müvafiq akt tərtib edilməlidir. Lakin iş materiallarından görünür ki, sayğacdan kənar qoşulma xətlərinin ləğv edilməsi ilə bağlı aktlar yoxdur.
20. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı Birliyin iddia ərizəsində və apellyasiya şikayətində istinad etdiyi fotoşəkillərin yuxarıda qeyd edilən aktlardan hansına aid olmasını da müəyyən etmək mümkün deyil.
21. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, həmin fotoşəkillər ilk dəfə tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta aid edilməli və həmin akt əsasında hesablanmış 864 manat məbləğində əlavə sərfiyyat, cavabdeh tərəfindən iddiaçı Birliyə vurulmuş zərərin əvəzi olaraq cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməli, digər aktlar isə əsassız hesab edilməlidir.
22. Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
23. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı Birliyin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli akta əsasən cavabdehə hesablanmış 864 manat məbləğində əlavə sərfiyyatın tutulması barədə tələbi təmin etməməklə işin hallarına uyğun olmayan və səhv nəticəyə gəlmiş, digər aktlar əsasında cavabdehə hesablanmış əlavə sərfiyyatın tutulmaması barədə tələbi təmin etməməklə əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.
24. İddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi xidmətə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 71,84 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə Birliyin mövqeyinə münasibətdə Məhkəmə bildirir ki, iddianın təmin edilmiş hissəsi iddia tələbinin cüzi hissəsini təşkil etdiyi üçün Məhkəmə həmin xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün əsas görmür.
25. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
26. Hazırkı qətnamənin iddiaçının mübahisələndirə biləcəyi hissədə iddianın qiyməti (5.184 – 864=) 4.320 manat, cavabdehin mübahisələndirə biləcəyi hissədə iddianın qiyməti isə 864 manat təşkil edir.
27. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qətnamə qismən, yəni “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli akta əsasən Cavabdeh hesablanmış 864 manat məbləğində əlavə sərfiyyatın tutulması barədə tələbin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək qeyd edilən tələb təmin edilsin. Cavabdeh təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 864 (səkkiz yüz altmış dörd) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.