Məhkəmə qərarları › İş №2(103)-4442/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4442/2021

25.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4442/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Fikrət Məmmədovun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X1 Cəmiyyətinə qarşı “müavinətin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehdən iddiaçının xeyrinə göstərilən məbləğdə pul tutulsun: 1) beş il ərzində ödənilməyən müavinət kimi 7.920 manat; 2) bundan sonra ömürlük hər ay ödənilməli olan müavinət kimi 400 manat; 3) ödənişin gecikdirilməsinə görə faiz kimi 574,20 manat. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdehdən iddiaçının xeyrinə göstərilən məbləğdə pul tutulsun: 1) 30.04.2015-ci il tarixdən, yəni axırıncı dəfə müavinətin ödənildiyi tarixdən başlayaraq 18.05.2020-ci il tarixə, yəni məhkəməyə müraciət edilən tarixə qədər ödənilməyən müavinət kimi 7.920 manat; 2) 18.05.2020-ci il tarixdən etibarən hər ay ödənilməli olan müavinət kimi 132 manat. İddianın qalan hissəsi rədd edilib. Qətnamədə məhkəmə xərcinə dair məsələ də həll edilib. Apellyasiya şikayətində qətnamə mübahisələndirilib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdehlə əmək münasibətində olub. Əmək vəzifələrinin icrası zamanı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının sağlamlığına zərər vurulub, ona 3-cü qrup əlillik dərəcəsi təyin olunub. Zərərin əvəzi kimi cavabdeh tərəfindən iddiaçıya hər ay 132 manat ödənilib, müavinətin ödənilməsi 30.04.2015-ci il tarixə kimi davam edib, bundan sonra müavinət dayandırılıb (iş v. 39, arayış). Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, keçmişdə xəsarət (sağala bilən xəsarət) alan şəxslərin sayı çoxdur, ona görə də bütün bunların araşdırılması üçün müvafiq dövlət orqanına müraciət ediblər. Məhkəmə qeyd edir ki, müavinətin ödənilməsinin dayandırılması və ya müavinətin ödənilməsinə xitam verilməsi üçün hazırda hüquqi əsas yoxdur, əgər gələcəkdə belə hüquqi əsas müəyyən edilərsə cavabdeh müvafiq tədbirlər görə bilər. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 239-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cavabdeh iddiaçıya zərərin əvəzini ödəməlidir. Lakin Mülki Məcəllənin 384.0.3-cü maddəsinin göstərişinə müvafiq olaraq keçmiş dövrə görə zərərin əvəzi ən çoxu iddia irəli sürülməzdən əvvəlki 3 il üçün ödənilə bilər. Müavinət aylar üzrə ödənildiyinə görə iddia verilənə (18.05.2020-ci il tarixə) qədər bu dövr 35 ay 18 gün təşkil edir. Hər ay üçün 132 manatdan hesablandıqda ödənilməli olan məbləğ 35 ay üçün 4.620 manat, 18 gün üçün 79,2 manat, cəmi 4.699,2 manat təşkil edir. Ona görə də qətnamə 30.04.2015-ci il tarixdən 18.05.2020-ci il tarixədək olan dövr üçün 7.920 manat müavinətin tutulması hissəsində ləğv edilməli, keçmiş dövrə görə müavinət kimi 4.699,2 manat tutulmalıdır. İddianın rədd edilməsinə aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsi qismən – keçmiş dövr üçün 7.920 manat müavinətin tutulması hissəsində ləğv edilsin. Həmin tələb qismən təmin olunsun. Keçmiş dövr üçün 4.699,2 manat müavinət cavabdeh "xxxx" X1 Cəmiyyətindən alınaraq İddiaçı verilsin. Ləğv edilən hissədə qalan tələb təmin edilməsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar