Məhkəmə qərarları › İş №2(103)-4442/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4442/2023

17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4442/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1042/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə iddiaçı Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, barəsində təyin edilmiş 2 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 il 3 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tədbiq edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçıya həmin maddələrlə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir.

3. İddiaçının barəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək həbs (4 ay) və ev dustaqlığı qətimkan tədbiri (7 ay), xx.xx.2021-ci il tarixindən sonra barəsində bəraət hökmü çıxarılanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq cinayət təqibinə məruz qalması nəticəsində həmin dövr ərzində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq ümumilikdə 67.120 manat, maddi zərər - 100.000 manat, mənəvi zərər - 134.720 manat məbləğində vəsaitin kompensasiya kimi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olması Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 11 ay ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində 02 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, təyin edilmiş cəza sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-556/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə onun və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı məhkum İddiaçı aid hissədə ləğv edilmişdir. Onun barəsində qanunsuz olaraq cinayət işinə başlanılması, cinayət təqibinə məruz qalması, qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən cəzaya məhkum edilməsi nəticəsində çox böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olması ona maddi və mənəvi zərərin vurulması ilə nəticələnmişdir. Belə ki, onun arvadı X3 1-ci dərəcə əlildir, xx.xx.2001-ci il tarixində Dəmiryol Xəstəxanasında “sağ süd vəzisinin sectoral rezeksiyası” cərrahi əməliyyatı, 2004-cü il tarixdə isə Şəhərlərarası Onkoloji Dispanserdə “çapığın kəsilib götürülməsi” cərrahi əməliyyatı olunmuşdur. 2014-cü il tarixdə sol bud sümüyünün patoloji sınığına görə “sol bud-çanaq oynağının endoprotezləşdirilməsi” cərrahi əməliyyatı olunmuş, 2 kurs polikimyaterapiya və şüa müalicəsi almışdır. Bundan başqa davamlı olaraq müalicələr almış, müəyinə edilmişdir. O, həbsdə və ev dustaqlığında olduğu dövrdə arvadı Solmaz Seyfullayeva Milli Onkologiya Mərkəzinə control müayinələr üçün mürcaiət etmiş, ərinin köməkliyi olmadan kimyaterapiyalara getmək məcburiyyətində qalmışdır. Hal-hazırda da Solmaz Seyfullayevanın müalicəsi Milli Onkologiya Mərkəzində müalicəsi davam edir. Həmçinin, o, birinci dərəcə əlil olan Solmaz Seyfullayevaya qulluğa görə məsuldur, bununla bağlı təqaüd alır. Həm arvadının xəstəlikdən əziyyət çəkdiyi vaxtda ona dəstək ola bilmədiyi üçün, həm də həbsdə olduğu müddətdə atasının vəfat etməsi ilə əlaqədar onun dəfn mərasimində iştirak edə bilmədiyi üçün mənəvi iztirablar çəkmişdir. Avropa Məhkəməsinin “İlqar Məmmədov Azərbaycana qarşı” işinə dair qərarına əsasən, ərizəçi özbaşına və qanunsuz davranışı nəticəsində ciddi mənəvi əzab çəkməsindən və çarəsizlik hissindən doğan qeyri-maliyyə ziyanənın ona geri ödənilməsi üçün ərizəçi 20.000 avro tələb etmiş, məhkəmə də ərizəçinin bu tələbini təmin etmişdir. Hal-hazırda analoji hal onunla bağlı aparılan cinayət təqibində baş verdiyi üçün onun qanunsuz olaraq həbsdə və ev dustaqlığında saxlanıldığı müddətdə çəkdiyi mənəvi iztirab və əziyyətlərin kompensasiya edilməsi üçün ona mənəvi zərərin əvəzi kimi 20.000 avro (35720 manat) məbləğində vəsait ödənilməlidir. Bundan başqa, onun mülkiyyətində Saatlı rayonu, Soltanabad kəndi ərazisində 3,32 ha torpaq sahəsi vardır ki, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbsə və ev dustaqlığı qətimkan tədbirlərinə məruz qalmamışdan əvvəl bu torpaq sahəsində davamlı olaraq təsərrüfat işləri apararaq maddi tələbatlarının ödəmək üçün gəlir əldə etmişdir. Lakin həbs və ev dustaqlığı dövründə təsərrüfat işləri ilə məşğul ola bilməmiş, həmin dövrdə əldə edə biləcəyi gəlirdən qanunsuz və əsassız olaraq məhrum olmuşdur. Ev dustaqlığı dövründə əkin sahəsi becərilsə də, əldə edilmiş məhsulu istifadə edə, sata bilməmişdir, həmçinin, təsərrüfat işlərinin yerinə yetirilməsinə görə işçilərə əmək haqqı verə bilməmişdir. Saatlı rayonu, Soltanabad İ.Ə.D üzrə nümayəndə X11, Soltanabad bələdiyyəsinin sədri X4, Aqranom Rzayev Vəkil Həmidağa oğlu, kənd sakini X12 iştirakı ilə tərtib edilmiş akta əsasən, həqiqətən də 3.32 ha torpaq sahəsinin ona məxsus olması təsdiq eilmiş və il ərzində əkilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 15.700 manat məbləğində qiymətləndirilmişdir. O, həbsdə və ev dustaqlığında olduğu müddətdə iki illik kənd təsərrüfatı məhsullarının dəyərini əldə edə bilməmiş, beləliklə, ona 31.400 manat maddi ziyan dəymişdir.

6. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsindən 67120 manat məbləğində vəsaitin ona ödənilməsi ilə bağlı hissənin çıxarılmasını, qalan hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh iddiaya etiraz edərək etirazını onunla əsaslandırılmışdır ki, cinayət təqibinə məruz qalmış şəxsin bu təqibin qanunsuz olması sübuta yetirildiyi hallarda dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində hansı hallarda cinayət təqibinə məruz qalmış şəxsə dəyən ziyanın ödənilməsi müəyyən edilmişdir. İndiki halda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2021ci il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilmiş və cinayət işi apellyasiya baxışına təyin edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş və ya işin icraatına dair yekun məhkəmə qərarı təqdim edilməmişdir. Bu baxımdan iddiaçının məruz qaldığı cinayət təqibinin qanunsuz olub-olmaması təqdim edilən sübutlardan aydın olmur. İlk növbədə iddiaçının cinayət təqibinin qanunsuz olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. Digər tərəfdən iş materiallarından göründüyü kimi iddiaçı onun barəsində istintaq hərəkətlərinin aparılması və cinayət cəzasının tətbiqi ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərkən Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda burada onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur, iddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdan qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun şəxsi mülahizələrinə söykənən kompensasiya iddiası təmin edilməməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçının maddi ziyanla əlaqəli tələbi təmin edilə bilməz. Belə ki, o müvafiq aktı təqdim etməklə orda müəyyən edilən məbləğin həbsdə olduğu iki il üçün ona ödənilməsini tələb edir. Bunun üçün ilk növbədə onun həbsə alınmadan öncə bu fəaliyyətlə məşğul olub-olmaması və onun nəticəsində hansı gəlirlərinin olması mümkün sübutlar əsasında müəyyən edilməlidir. İddiaçı tərəfindən indi məşğul olduğu təsərrüfat fəaliyyəti ilə əlaqələndirərək əvvəlki illərə görə kompensasiya tələb etməsi Mülki Məcəllədə qeyd olunan əldən çıxmış fayda anlayışı ilə uyğunsuzluq təşkil edir. Bu baxımdan iddiaçının tələbi təmin edilməməlidir.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1042/2023 nömrəli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pulun və 15.700 manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia ərizəsində İddiaçı qeyd etdikləri xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılması ilə bağlı gəlirindən məhrum olması və s.) doğru olduğundan ona yuxarıda qeyd edilən hallarla bağlı həm mənəvi, həmçinin gəlirindən məhrum qaldığı dövr ərzindəki qazancı miqdarında maddi ziyan vurulmuşdur.

10. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 20.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır.

11. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən Saatlı rayonu Soltanabad kəndində İddiaçı məxsus 3.32 hektar torpaq sahəsində 2022-ci il təsərrüfat ilində orta məhsuldarlıq, mövsümi orta satış qiymətləri cəmi 15.700 manat təşkil edir. Göründüyü kimi, iddiaçı öz gəlirindən məhrum olmuşdur. İddiaçıya vurulmuş maddi ziyan 15.700 manat təşkil edir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2 maddələrinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 6.1, 7, 12-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Koinq Almaniyaya qarşı” işi üzrə, “Artiko İtaliyaya qarşı” işi üzrə, “Younq, Cames və X5rşı” işi üzrə qərarlarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü -maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində qanunsuz olaraq cinayət işinə başlanılması, cinayət təqibinə məruz qalması, qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən cəzaya məhkum edilməsi nəticəsində iddiaçıya çox böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Göründüyü kimi, şəxsin azadlıq, toxunulmazlıq hüquqları əsassız və qanunsuz olaraq pozulmuş, İddiaçı 22 iyul 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olması ona maddi və mənəvi zərərin vurulması ilə nəticələnmişdir. İddia tələbi cavabdeh Maliyyə Nazirliyinə qarşı verilmiş və iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələb edilmişdir. Bakı Şəhəri Nəsimi Rayonu Məhkəməsinin 2(006)-1042/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsində İddiaçı hüquq-mühafizə orqanları tərəfindən maddi və mənəvi zərərin vurulduğu qəbul edilmiş və iddiaya əlavə olunmuş sənədlər də bunu təsdiq etmişdir. Lakin məhkəmənin hansı əsasla iddia tələbini tam deyil, qismən təmin etməsi qətnamədə göstərilməmişdir. CPM-in 58-ci maddəsinin mətnindən də görünür ki, maddi ziyana görə kompensasiya tam həcmdə ödənilməlidir və buna görə də iddianın qismən təmin edilməsinin heç bir əsası yoxdur. Maddi zərərlə bağlı bildirilir ki, İddiaçı mülkiyyətində Saatlı rayonu, Soltanabad kəndi ərazisində 3,32ha torpaq sahəsi vardır ki, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbsə və ev dustaqlığı qətimkan tədbirlərinə məruz qalmamışdan əvvəl bu torpaq sahəsində davamlı olaraq təsərrüfüt işləri apararaq maddi tələbatlarını ödəmək üçün gəlir əldə etmişdir. Lakin həbs və ev dustaqlığı dövründə təsərrüfat işləri ilə məşğul ola bilməmiş, həmin dövrdə əldə edə biləcəyi gəlirdən qanunsuz və əsassız olaraq məhrum olmuşdur. Ev dustaqlığı dövründə əkin sahəsi becərilsə də, əldə edilmiş məhsulu istifadə edə, sata biməmişdir, həmçinin, təsərrüfat işlərinin yerinə yetirilməsinə görə işçilərə əmək haqqı verə bilməmişdir. İddiaçı xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmaqla ilk növbədə qanunsuz olaraq cəmiyyətdən təcrid olunmuşdur. Həyat yoldaşının xəstəliyi zamanı ona maddi və mənəvi yardım göstərə bilməmişdir. Atasının vəfatı zamanı ailəsinin yanında ola bilməmiş, dəfn mərasimində iştirak edə bilməmişdir. Bütün bu dövr ərzində mənəvi əzab çəkmiş, baş verənlər onun psixoloji vəziyyətinə pis təsir göstərmişdir, onun haqsız yerə azadlıqdan məhrum edilərək həbsdə saxlanılması, cəmiyyətdən təcrid edilərək ev dustaqlığında saxlanılması və İddiaçı haqsız yerə təqsirli bilinməsinin cəmiyyətdə fikir ayrılığına, onun yaxın qohumları, dostları, ətrafındakı insanlarda fərqli fikirlər oyatması, münasibətlərinin dəyişməsi şəxsə vurulmuş ən böyük mənəvi zərərlərdən biridir.

15. Qətnamədən narazı qalan cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də, mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Bundan başqa, mənəvi zərərlə bağlı hissədə bildirilir ki, dəymiş mənəvi zərər fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Azərbaycan Respublikası CPM-in 190-cı maddəsinin tələblərinə görə hər hansı şəxsə qarşı hətta xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə tərəfindən təmin edilən kompensasiya məbləği ağlabatan deyildir. Məhkəmə tərəfindən maddi zərərin müəyyənləşdirilməsində də hesab edirlər ki, pozuntulara yol verilmişdir. Belə ki, şəxsin həbsdə və ev dustaqlığında olduğu müddət xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etdiyi halda ona dəymiş maddi zərərin hesablanması 2022-ci ilin təsərrüfat fəaliyyətinin nəticələri ilə əlaqələndirilmişdir. Bununla yanaşı maddi zərərin hesablanmasının hansı müddətləri əhatə etdiyi də aydınlaşdırılmamış, hər hansı əsaslandırılma verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

21. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir; Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

22. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4.1. Bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Maddə 5.5. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı qətnaməni iddianın təmin olunmayan hissədə mübahisələndirdiyindən, cavabdeh isə qətnaməni iddianın təmin olunan hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.

28. İşdən müəyyən olunur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə iddiaçı Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, barəsində təyin edilmiş 2 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 il 3 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tədbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçının həmin maddələrlə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İddiaçının barəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək həbs (birinci instansiya məhkəməsində iddiaçının bildirdiyinə görə 4 ay) və ev dustaqlığı qətimkan tədbiri (7 ay), xx.xx.2021-ci il tarixindən sonra barəsində bəraət hökmü çıxarılanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlsə də, mənəvi zərərin məbləği ilə bağlı hissədə düzgün nəticəyə gəlməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yalnız 4 ay müddətində həbsdə saxlanılmış, sonradan onun barəsində 7 ay isə ev dustaqlığı və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə nəzərə alır ki, göstərilənlər və iddiaçının barəsində məhkəmə proseslərinin bir müddət davam etməsi, həbsdə olduğu müddətdə atasının vəfat etməsi iddiaçıda mənəvi sarsıntı keçirməsi, onun nüfuzuna xələl gəlməsi, barəsində mənfi fikir formalaşmasına səbəb olmuşdur.

31. Kollegiya onu da qeyd edir ki, iş materiallarına əsasən iddiaçının barəsində qətimkan tədbirlərinin seçildiyi dövrdə də onun həyat yoldaşının müayinə və müalicələri həyata keçirilmiş, iddiaçının həbsdə və ev dustağlığında olması buna maneə yaratmamışdır.

32. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həbsdə saxlandığı və ev dustaqlığında olduğu 11 ay müddətinə görə hər ay üçün 1.000 manat, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə bir müddət davam edən məhkəmə proseslərində iştirakı ilə bağlı 4.000 manat olmaqla, iddiaçıya dəymiş mənəvi zərərə görə cavabdehdən 15.000 manat məbləğində pulun tutulması ağlabatandır.

33. Məhkəmə kollegiyası maddi zərərlə bağlı iddianın təmin olunan hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında Saatlı rayonu Soltanabad kəndində İddiaçı məxsus 3.32 hektar torpaq sahəsində 2022-ci il təsərrüfat ilində kənd təsərrüfatı məhsullarının əkildiyini və orta məhsuldarlıq, mövsümi orta satış qiymətlərinin cəmi 15.700 manat təşkil etməsinə dair akt olsa da, iddiaçının əvvəlki illərdə də həmin torpaq sahəsində işləyib-işləməməsi, torpaq sahəsindən götürülən məhsulların satılıb-satılmaması barədə məhkəməyə sübut təqdim olunmamışdır.

34. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, ev dustaqlığı dövründə əkin sahəsi becərilmiş, lakin əldə edilmiş məhsulu istifadə edə və sata biməmiş, həmçinin, təsərrüfat işlərinin yerinə yetirilməsinə görə işçilərə əmək haqqı verə bilməmişdir. Halbuki, işdə olan Saatlı rayon İcra Hakimiyyəti başçısının Soltanabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 3.32 ha pay torpaq sahəsi iddiaçı ilə yanaşı, ailə üzvlərinə də məxsusdur. Belə olan təqdirdə, iddiaçının özü tərəfindən həyata keçirilmədiyi təsərrüfat işləri onun ailə üzvləri tərəfindən həyata keçirilə və ya başqa şəxslərə tapşırıla bilərdi.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

36. Beləliklə, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1042/2023 nömrəli qətnaməsi qismən -iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin, cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1042/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar