Məhkəmə qərarları › İş №2(103)-4442/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4442/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4442/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“maddi və mənəvi zərərin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənəvi ziyanın ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-527/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı iddia ərizəsi ilə (iddia tələbinin həcminin azaldılması barədə) məhkəməyə müraciət edərək, qanunsuz həbsdə saxlandığı üçün məruz qaldığı mənəvi zərərə görə hər ay üçün 6000 manat olmaqla, 20 ay üçün 120000 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiat İdarəsinin 13 aprel 2019-cu il tarixli qərarı ilə İddiaçı şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(011)-216/2019 saylı qərarı ilə İddiaçı barəsində 03 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay müddətinə olmaqla 05 ay 20 günədək, yəni 03 oktyabr 2019-cu il tarixədək uzadılmış, 28 sentyabr 2019-cu il tarixdə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Bakı şəhər Xətai rayon Məhkəməsinin qərarı ilə 01 ay 10 gün müddətinə olmaqla 7 ayadək, yəni 13 noyabr 2019-cu il tarixədək uzadılmışdır. İstintaq orqanının xx.xx.2019-cu il tarixli qərarı ilə onun əməli CM-nin 181.2.1-ci maddəsindən CM-nin 178.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. Səbail rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 1(009)- 10/2020 saylı hökmü ilə onun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Sözügedən hökmə əsasən, məhkəmə baxışı zamanı ittiham tərəfi İddiaçı CM-nin 180.2.1,180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliyini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Əksinə olaraq İddiaçı təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına tam uyğundur. Həmin hökmlə müəyyən olunmuşdur ki, İddiaçı məhkəmə tərəfindən bəraət verildiyindən o, Azərbaycan Respublikası CPM-nin 56 və 62.1 -ci maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi, iddiaçı əsassız olaraq xx.xx.2019-cu il tarixdə CM-nin 181.2.1- ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq cinayəti etmə şübhəli şəxs qismində tutulmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Yalnız istintaq orqanının xx.xx.2019-cu il tarixli qərarı ilə, yəni saxlandığı 07 ay 05 gün sonra onun əməli CM-nin 181.2.1-ci maddəsindən CM-nin 178.2.4 (xeyli miqdarda dələduzluq etmə) 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinə (bir qrup şəxs tərəfindən təkrarən, xeyli miqdarda soyğunçuluq etmə) tövsif edilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli hökmü ilə, yəni saxlandığı tarixdən 01 il 07 ay 29 gün sonra CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri (bir qrup şəxs tərəfindən təkrarən, xeyli miqdarda soyğunçuluq etmə) təqsirliliyi sübuta yetirilmədiyi üçün onun barəsində bəraət hökmü çıxarılmışdır. Barəsində xx.xx.2020-ci il tarixli bəraət hökmünün qəbul edilməsi ilə Azərbaycan Respublikası CPM-nin tələbinə əsasən bəraət almış şəxsin (hazırkı halda iddiaçı) ona vurulmuş maddi, mənəvi və fiziki ziyanın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Polis orqanları tərəfindən saxlanılma tarixinədək iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və həmin qisimdə Bakı şəhərində yerləşən «restoranlar şəbəkəsi»nin idarə edilməsini həyata keçirməklə məşğul olmuş və aylıq gəliri 4000-5000 manat arasında olmuşdur. Hüquqmühafizə orqanlarının sui-istifadəsi nəticəsində iddiaçı mənəvi sarsıntıya məruz qalmış və ona qarşı irəli sürülmüş əsassız ittihama görə özünün şərəf və ləyaqətini alçaldılmış hesab etmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda «Dövlət büdcəsi» ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən kompensasiya ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-527/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddia qismən təmin edilmiş,İddiaçı vurulmuş mənəvi zərərə görə 4750 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəllənin 1096, 1100, 1101.1. 1101.2;Cinayət Prosessual Məcəllənin 57.1, 58.1, 58.2; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6, 7, 12; Mülki Prosessual Məcəllənin 14.2, 77.1 217.4-cü maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmışdır. Belə ki, işdə olan sənədlərlə də müəyyən edilir ki, İddiaçı ilkin olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin sonradan əməli Cinayət Məcəlləsinin 181.2.1- ci maddəsindən həmin Məcəllənin 178.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. İddiaçı vurmuş olduğu ziyanı zərərçəkmiş şəxsə, eləcə də dövlət hesabına ödəməklə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət təqibinə xitam verilmiş və həmin maddə üzrə o, cinayət məsuliyyətindən azad edilmişdir.Eyni zamanda, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmədiyindən, ona məhkəmə hökmü ilə bəraət verilmişdir. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, İddiaçı barəsində istintaqın düzgün aparılmaması, əməlinə düzgün hüquqi qiymət verilməməsi nəticəsində sonuncunun hüquqları pozulmuşdur. Lakin nəzərə alınmalıdır ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri üzrə barəat almış olsa da, həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli olmuşdur. Lakin iddiaçının məsuliyyətə cəlb edilmiş olduğu həmin maddə üzrə əməlinin nəticələrini aradan qaldırmaqla, barəsində cinayət təqibinə xitam verilməsini nəzərə alıb məhkəmə sonuncunun prosessual məcburiyyət tədbirlərinə əsassız olaraq məruz qaldığını əsas götürməklə, iddiaçıya vurulmuş mənəvi ziyana görə 4750 manat (hər ay üçün 250 manat olmaqla) məbləğində pul vəsaitinin ödənilməsini ədalətli hesab edir.Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 4750 manat məbləğində mənəvi ziyan tutulmalıdır.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 1(009)-10/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilmiş, o, (CPM 40.3 və 73-1.2-ci maddəsinə əsasən) cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. Həmçinin, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 1(009)-10/2020 saylı məktubu ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş 6 saylı forma üzrə arayışa əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 1(009)-10/2020 saylı hökmü qanuni qüvvəyə minmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin e-2(006)- 527/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini dəyişdirərək iddianın tam şəkildə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası 1101.1; Mülki Prosessual Məcəllənin 217.3-cü maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, məhkəmə qətnaməsi dəyişdirilərək iddia tələbi tam şəkildə təmin olunmalıdır. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün qətnamədə, qeyd edilən maddəyə istinad etsə də, iddiaçının mənəvi sarsıntı keçirməsini, bunun istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində baş verməsini, istintaq orqanın qanunsuz hərəkəti ilə iddiaçının məruz qaldığı mənəvi zərər arasında səbəbli əlaqənin olmasını, mənəvi sarsıntının məhz onun ən qiymətli dəyəri olan azadlıq hüququnu məhdudlaşdırılması ilə baş verdiyini nəzərə almamış, iddiaçının məruz qaldığı mənəvi sarsıntının baş vermə şəraitini və hansı hərəkət nəticəsində baş verməsini düzgün aydınlaşdırmamış, nəticədə iddiaçının məruz qaldığı mənəvi ziyana görə tələb etdiyi məbləğlə nəyə görə razı olmadığını əsaslandırmayıb. Baxmayaraq ki, iddiaçı iddia ərizəsində və onun dəqiqləşdirilməsinə dair ərizəsində məruz qaldığı mənəvi ziyana görə hansı məbləğdə pul tələb etdiyini aydın şəkildə göstərmişdir. Məhkəmə qəbul etdiyi xx.xx.2024-cü il qətnaməsində iddiaçının məruz qaldığı mənəvi ziyanı və buna görə iddia ərizəsində tələb edilən məbləği hansı səbəbdən rədd etməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmayıb. Tələb edilən məbləği nəyə görə rədd etməsini qətnamədə göstərməyib. Hazırkı iş üzrə qəbul edilən məhkəmə qətnaməsində qeyd edilən faktiki halların heç də hamısı tam və hərtərəfli ayadınlaşdırılmamış, hakim iddiaçının məruz qaldığı mənəvi sartınının, iztirabın məhz ən qiymətli dəyər hesab edilən azadlıq hüququnu itirməsi nəticəsində məruz qalmasını, azadlığın uzun müddətə itirilməsinin hansı mənfi nəticələrə gətirib çıxarmasını aydınlaşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə qətnamədə həqiqətən də İddiaçı istintaq orqan tərəfindən qanunsuz olsaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyini, uzun müddətli "həbs"-də qaldığını, daha sonra "bəraət" almaqla cinayət məsuliyyəti və cəzadan azad edildiyini göstərmiş, eyni zamanda həbsdə qalmasının, cinayət məsuliyyətinə cəlb edilməsinin ona mənəvi ziyan vurulmasına gətirib çıxardığını göstərsə də, nədənsə onun məruz qaldığı mənəvi əzaba görə çox cüzi miqdardahər ay üçün 250 manat məbləğində kompensasiya müəyyən etmişdir. Bu zaman məhkəmə nəzərə almamışdır ki, azadlıq hüququ insanın təbii hüquqlarından ən mühüm hüquqlarından biri olmaqla, "yaşamaq hüququ" ilə yanaşı durur. Həmin hüququn məhdudlaşdırılması insanı ifadə edilməyəcək dərəcədə mənəvi sarsıntılara məruz qoyur. Nəticədə insan həm cəmiyyətdən, həm hakimiyyət strukturlarından, həm də ətrafdakılardan incik vəziyyətə salınır. Ondan hər şeyə qarşı inamsızlıq yaranır, hətta yaşamaqdan belə imtina etmək səviyyəsinə çatır. 19 ay ağır ittihamlarla həbsdə olan iddiaçının da məruz qaldığı mənəvi sarsıntıları sözlə ancaq yuxarıda qeyd edilən kimi təsəvvür etmək mümkündür. Qanunvericilik məhkəmələrə mənəvi ziyanın pul ekvivalentini müəyyən etməkdə müstəqillik vermişdir. Həmin müstəqillikdən istifadə edən hakim-səlahiyyətli şəxs kimi öz daxili inamına əsaslanmaqla hər bir halda mənəvi ziyanı müəyyən edərkən şəxsin hansı şəraitdə mənəvi ziyana məruz qalmasını, həmin ziyanın ona həyat tərzinə təsirini, azadlıq hüququnun insan üçün ən başlıca dəyər olması nəzərdən qaçırmamalı, yekunda mənəvi ziyanın pul ekvivalentini elə şəkildə müəyyən etməlidir ki, müəyyən edilən məbləğ azadlıq hüququnun pozulmasını tam şəkildə olmasa da, əhəmiyyətli dərəcədə tarazlaşdırmış olsun. Lakin qətnamə ilə təyin edilmiş hər ay üçün 250 manat kompensasiya iddiaçının 19 ay ərzində məruz qaldığı mənəvi ziyanın az bir hissəsni belə kompensasiya etmək miqdarında deyildir.

6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin e-2(006)- 527/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarın 71-ci hissəsinə; Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına; Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17; Mülki Prosessual Məcəllənin 77.1, 387.2.8; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1, 1114.3-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü bəndinə istinadən qeyd edilmişdir ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı idi. Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclis tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri - maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 4750 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 4750 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Göründüyü kimi, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnaməsinin nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessaul Məcəlləsi, “Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir. Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən (cəlb edilən) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətini təmamilə əsassız hesab etdiklərini, İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyini və barəsində təqsirləndirilən şəxs qismində həbs qətimkan tədbiri seçilməsində, onun həbsdə qalmasında heç bir qanunsuzluğun olmadığını, İddiaçı tərəfindən dəymiş ziyan ödənildiyi üçün onun barəsində cinayət təqibinə xitam verilərək məsuliyyətdən azad edildiyini qeyd etməklə, iddia tələbinin ümumiyyətlə təmin edilməməli olduğunu, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə iddianın təmin edilməməsi hissəsində razılaşdıqlarını, lakin iddia tələbinin cavabdeh kimi hüquq mühafizə orqanları deyil, Maliyyə Nazirliyinə yönəlməsi hissəsi ilə razılaşmadıqlarını bildirmiş, sədrlik edənin suallarına cavab olaraq isə qeyd etmişdir ki, iddiaçı barəsinə təqsirləndirilən şəxs kimi Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə cinayət təqibinin həyata keçirilməsi faktı isə başqa faktdır.

8. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən iddiaçı, cavabdeh və (cəlb edilən) digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə (hər iki tərəf şikayət verdiyindən tam) yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır.

11. Zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

12. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

13. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

14. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir.Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir.Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

16. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

17. Mülki Məcəllənin müddəalarına görə: 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

18. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; Mülki Prosessual Məcəllənin 4.1, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 385-390cı maddələrinə istinadən məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakter daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən maddi ziyana görə əsaslandırılmış və mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır. Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə cinayət təqibinin əsassız həyata keçirilməsi, şəxsin azadlığının məhdudlaşdırılması və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. İddiaçı və cavabdeh əsasən tələbin mənəvi zərərin düzgün hesablanmadığını qeyd etsə də, düzgün hesablanmalı olmasına dair ümumiyyətlə heç bir əsaslı dəlil irəli sürməmişdirdir. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri isə özüözlüyündə də ziddiyyət təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi kimi tələb təsbit etsə də, şikayətin məzmununda iddianın bir tərəfədən onların cavabdehliyinin istisna edildiyini, digər tərəfdən isə mənəvi zərərin məbləğinin düzgün müəyyən edilmədiyinə yönəlik işin mahiyyətinə dair dəlilləri mübahisələndirmişdir. Qeyd edilənlər, habelə Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu və digər sahəvi qanunvericiliklə cavabdehin fəaliyyətinə (səlahiyyətinə) aid məsələlərin müəyyən edilməsi məhkəmələrin vəzifələrinə aid deyildir. Bu baxımdan dövlət büdcəsinə yönəldilən məbləğin maliyyə mənbəyinin göstərilməməsi, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi və həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izahın verilməməsi kimi şikayətin dəlillərinin hər hansı hüquqi əsası müəyyən edilmir. İddiaçı tərəfindən ümumi anlamda mükalimələr yürütmüş, qanunla müəyyən edilmiş halları sübyektiv təfsir ifadəsində təsbit etmiş, məhkəmə tərəfindən müəyyən edilən mənəvi zərərə dair təkzibedici dəlillər müzakirəyə təqdim etməmişdir. Mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının azadlıqdan məhrum edilmə müddəti, hansı cinayətdə ittiham olunması, həbsdə saxlanmasının onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və iddiaçının ittiham edilən bir maddə ilə zərərin ödənilməsi əsası ilə cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi, onun bu maddə ilə əsassız ittiham edilməsini sübuta yetirmir. Kompensasiya yalnız Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə cinayət təqibinin həyata keçirilməsi ilə bağlı şəxsin mərhumiyyətlərə məruz qalması ilə bağlıdır.

19. Hüquqi əsassız olan faktoloji dəlillərin sübut edilməsi bu dəlilləri irəli sürənlərin vəzifəsinə aid olduğu halda, məhkəmə çəkişmə prinsipinə zidd olaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

20. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan cavabdehə münasibətdə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-527/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən (iddiaçıya rəsmi qaydada verildiyi gündən) iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar