Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4445/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “iribuynuzlu heyvanların yaşayış sahəsindən çıxarılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iribuynuzlu heyvanların yaşayış sahəsindən çıxarılması və heyvan saxlamaq hüququndan məhrum edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-330/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər qonşu olmaqla, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 154 saylı bağ evində, cavabdeh isə 153 saylı bağ evində öz ailə üzvləri ilə birlikdə yaşayır.
2. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 153 saylı bağ ünvanında Cavabdeh həyətyanı sahəsinə keçirilən baxış zamanı antisanitariya şəraitində çoxlu sayda iribuynuzlu heyvanların saxlanılması müəyyən edilmişdir. Vətəndaş Cavabdeh qısa zamanda heyvanların sayını üçə qədər azaldaraq mövcud olan tövlələrdə təmizlik işləri həyata keçirməsi və sanitariya normalarına riayət etməsi tapşırılmışdır.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəzər rayon Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 01-824/15 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh qurum tərəfindən ona ünvanlanmış məktubda ona verilmiş tapşırıq və təklifləri tam icra etməmiş və nöqsanları aradan qaldırmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh qarşı (Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qeyriqanuni iribuynuzlu heyvanların yaşayış sahəsindən çıxarılması və cavabdehin heyvanları saxlamaq hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 153 saylı bağ evində yaşayan Cavabdeh məxsus olan 10 ədəd iribuynuzlu heyvanların cavabdehə məxsus olan yaşayış sahədən çıxarılmaqla cavabdehə heyvanları saxlamaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 154 saylı bağ evində öz ailə üzvləri ilə birgə yaşayır. Cavabdeh onun ilə hasar qonşusu olmaqla 153 saylı bağ evində öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh 1 ildir ki, yaşadığı bağ evinin həyatyanı sahəsində iddiaçının yaşadığı bağ evinin hasarına bitişik 12x5 kv.m ölçüdə tövlə tikərək 10 baş iribuynuzlu heyvanlar saxlayır. Cavabdehin 10 baş iribuynuzlu saxladığı inəklərdən əmələ gələn çirkab tullantıların axdığı çirkab su quyusundan gələn ağır qoxuları nəticəsində o, ailə üzvləri və qonşular çox ağır vəziyyətdə üfunət iyinin içərisində yaşayırlar. O dəfələrlə cavabdehə rəsmi olaraq müraciət etmiş ki, öz həyətində saxladığı idiaçının hasarına bitişik tövlədə 10 baş iribuynuzlu heyvanları başqa yerə köçürsün, belə ki, heyvanlardan və çirkab axıntılardan gələn iydən o, və ailə üzvləri evdə yaşaya bilmirlər. Cavabdeh isə onun sözlərinə məhəl qoymayaraq bildirmişdir ki, istəmirsə heyvanlardan gələn qoxu iyini hiss edə, ona ayda 500 manat pul versin, cavabdeh də əvəzində hevanları çıxartsın. Bundan sonra o, cavabdehin bu hərəkətləri barədə Bakı şəhəri Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etmişdir. Oradan isə cavabdehə yaşayış məntəqələrində ev heyvanlarının saxlanılması haqqında qaydalarını pozduğuna görə dəfələrlə xəbərdarlıq edilməsi bildirilmiş və bu barədə ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Eyni zamanda o, bu bərədə Bakı şəhəri Xəzər RİH-nin Mərdəkan qəsəbə nümayəndəliyinə də müraciət etmişdir. Nümayəndəlik tərəfindən də cavabdehə dəfələrlə xəbərdarlıq edilməklə müvafiq akt tərtib edilmişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
7. Məhkəmə tərəfindən yerində müayinə keçirilməklə müəyyən edilmişdir ki, cavabdehə məxsus bağ evinin həyətyanı sahəsində iddiaçının bağ evinin həyətyanı sahəsinin hasarına bitişik iribuynuzlu heyvanların saxlanıldığı tövlənin olduğu, tövlənin içərisində bir neçə iribuynuzlu heyvanın olduğu, tövlənin natəmiz olması, iy və qoxunun olduğu müəyyən olunmuşdur.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 330/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh məxsus olan iribuynuzlu heyvanların həmin şəxsə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan bağ massivi, 153 saylı bağ evindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 153 saylı bağ evində yaşayan Cavabdeh məxsus olan iribuynuzlu heyvanların cavabdehə məxsus olan yaşayış sahədən çıxarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 153 saylı bağ ünvanında Cavabdeh həyətyanı sahəsinə keçirilən baxış zamanı antisanitariya şəraitində çoxlu sayda iribuynuzlu heyvanların saxlanılması müəyyən edilmişdir. Vətəndaş Cavabdeh qısa zamanda heyvanların sayını üçə qədər azaldaraq mövcud olan tövlələrdə təmizlik işləri həyata keçirməsi və sanitariya normalarına riayət etməsi tapşırılmışdır.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia cavabdehin heyvanları saxlamaq hüququndan məhrum edilməsi hissəsində əsassızdır. Belə ki, iddiaçının cavabdehin heyvanları saxlamaq hüququndan məhrum edilməsi tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik deyildir. Ona görə də iddia tələbi bu hissədə təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2, 171.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 15-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən ünvana köçüb ev tikəndə onun 30 kv metrdən ibarət tövləsi artıq mövcud idi. Əgər həmin tövlədən hər hansı xoşa gəlməyən qoxu gəlsəydi, evini həyətin digər tərəfində inşa edərdi. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 10 ədəd iribuynuzlu heyvanlar saxlayır. Lakin ona qarşı qaldırılan iddia əsassızdır. Çünki məntiqlə 30 kv m–dən ibarət tövlədə 10 ədəd iribuynuzlu heyvan saxlamaq mümkün deyil. O, orada cəmi iki ədəd inək saxlayır və hətta birinci instansiya məhkəməsinin hakimi sözügedən əraziyə yerli baxış da keçirmişdir. Ondan əlavə məhkəmə prossesi vaxtı onun qonşuları X4, X5, X1 məhkəmədə ifadə vermişlər ki, iddiaçı ona məxsus bağ evində daimi yaşamır. Qətnamə qəbul edilərkən məhkəmədə hakimin yerli baxış nəticəsində müəyyən olunan faktlar qeyd olunmamış, məhkəmədə şahid ifadələri subut kimi qiymətləndirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, o, iki baş inək saxlayır. Digər qonşular narazı deyillər. İddiaçı evini ondan sonra tikmişdir. İddiaçı ona kömək edərsə, inəklərin saxlandığı yeri həyətin digər tərəfinə köçürə bilər. İddiaçı əvvəl bununla bağlı razı olsa da, sonradan əks mövqedə olmuşdur. Hazırda orada heç bir quyu yoxdur. Çirkab borular vasitəsi ilə axıdılır. Quyunun üstü betonlanmışdır.
16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” Maddə 1.3. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, dövlət sanitariya nəzarəti, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin bu Qaydalara əməl etmələrinə nəzarəti həyata keçirirlər. Maddə 5.1. və 5.1.8. Ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalıdır. Maddə 8.1.4. Dövlət sanitariya nəzarəti orqanları nəzarət etdikləri ərazi üzrə ev heyvanlarının saxlanması zamanı sanitariya-gigiyena norma və qaydalarının pozulmasına səbəb olan halların aradan qaldırılması üçün müvafiq tədbirlər görür. Maddə 19. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya nəzarəti orqanının və Agentliyin regional bölməsinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən yalnız iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, cavabdeh ona məxsus bağ sahəsində iribuynuzlu heyvanlar saxlayır, lakin tərəfindən sanitariya-gigiyena norma və qaydalarına riayət edilməməsi nəticəsində kəskin iy-qoxu və antisanitariya vəziyyəti yaranmış, edilmiş xəbərdarlıqlara baxmayaraq nöqsanlar aradan qaldırılmamışdır.
24. Mülki qanunvericiliyin tələblərinə əsasən öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
25. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə iddiaçının öz mülkiyyətindən dinc (maneəsiz) istifadə etmək hüququ pozulur.
26. Kollegiya onu da qeyd edir ki, cavabdeh tərəfindən sanitariya-gigiyena norma və qaydalarının pozulmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra həmin norma və qaydalara əməl edilməklə yenidən özünə məxsus sahədə heyvanların saxlanması istisna edilmir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmədə şahid ifadələrinin subut kimi qiymətləndirilməməsi dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından cavabdeh tərəfindən şahidlərin dəvət edilməsi barədə vəsatətin verilməsi, məhkəmə iclasında şahidlərin dindirilməsi müəyyən edilmir.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
29. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-330/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh X3 tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: