Məhkəmə qərarları › İş №2(103)-4446/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4446/2025

07.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4446/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Baki Şəhəri 17 saylı Notariat Ofisinə qarşı “icra qeydlərinin ləğvi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Şirkətin nümayəndəsi cavabdeh 17 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, həmin Notariat Ofisi tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş 8i-10028 nömrəli, xx.xx.2024-cü il tarixdə verilmiş 8i-10201 nömrəli “İcra qeydlərinin” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti göstərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Bank "xxxx" ASC tərəfindən iddiaçı Şirkətinin direktoru X1 SD-2024/4490 nömrəli bildiriş ünvanlanmışdır. Bildirişdə qeyd edilmişdir ki, Bank ilə borcalan iddiaçı Şirkət arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SMN-00010-16/24A nömrəli “Əsas kredit müqaviləsinin” ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli SMN-A0010-16/24A saylı, “Əlavə Razılaşma” üzrə Şirkətə biznes məqsədi ilə 48 ay müddətinə, illik 23 faiz hesablanmaqla, 500.000 manat kredit verilmişdir. Həmin müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatı olaraq xx.xx.2024-cü il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır ki, “İpoteka müqaviləsinin” şərtlərinə əsasən Maarif Ələkbərovun arvadı X4 mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şəhəri, Xırdalan-Binəqədi şosesi, 7 ünvanında yerləşən 0,10125 ha torpaq sahəsini və sahənin üzərində inşa edilmiş əmlak kompleksini (64 saylı idman-mədəni mallar mağazasını) Bankın xeyrinə ipoteka yüklü etmişdir. Həmin “Əlavə Razılaşma” üzrə yaranmış borc ödənilməmişdir. Bununla da Şirkətin Banka olan əsas borc məbləği 466.548,98 manat, ümumi faiz borcu 36.956,13 manat, dəbbə borcu 6.818,29 manat, cəmi borc 510.323,40 manat təşkil edir. Göstərilənlərə əsasən borcun ödənilməsi xahiş edilir. Borc ödənilmədiyi halda borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı “İcra qeydinin” verilməsi üçün müvafiq Notariat Ofisinə müraciət olunacaq. Həmçinin Bank tərəfindən Şirkətinin direktoru Maarif Ələkbərova xx.xx.2024-cü il tarixli SD-2024/4489 nömrəli bildiriş ünvanlanmışdır. Bu bildirişdə isə qeyd edilmişdir ki, Bank ilə borcalan iddiaçı Şirkət arasında bağlanmış xx.xx.2024-cü il tarixli DEN-00128-14/23A nömrəli “Əsas kredit müqaviləsinin” ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli DEN-B0128-14/23A saylı “Əlavə Razılaşma” üzrə Şirkətə yaşayış təyinatlı əmlakın alınması məqsədilə 48 ay müddətinə, illik 23 faiz hesablanmaqla, 200.000 manat kredit verilmişdir. Həmin “Əlavə Razılaşma” üzrə əsas borc məbləği 180.894,30 manat, ümumi faiz borcu 13.868,57 manat, dəbbə borcu 2.562,08 manat, cəmi isə borc 197.324,95 manat təşkil edir. Göstərilənlərə əsasən borcun ödənilməsi xahiş edilir. Borc ödənilmədiyi halda borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı “İcra qeydinin” verilməsi üçün müvafiq Notariat Ofisinə müraciət olunacaq. Qeyd edilməlidir ki, “İpoteka müqaviləsində” göstərilən daşınmaz əmlak mövcud deyildir. Bundan başqa qeyd edilməlidir ki, həmin vaxt pula ehtiyacı olan X11 və notarius tərəfindən aldadılmış, onlar tərəfindən Maarif Ələkbərova qeyri-dəqiq məlumatlar verilmiş, dəqiq olmayan məlumatlarla da kredit müqaviləsi bağlanmış və notarial ərizələr imzalatdırılmışdır. 17 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli “İcra qeydinə” əsasən ipoteka predmeti, yəni iddiaçı Şirkətə məxsus olan və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binaya tutma yönəldilmişdir. xx.xx.2024-cü il tarixdə 17 saylı Notariat Ofisi tərəfindən verilmiş “İcra qeydinə” əsasən ipoteka predmeti, yəni Dinarə Ələkbərovaya məxsus olan 0,10125 ha torpaq sahəsi və sahənin üzərində yerləşən 64 saylı idman-mallar mağazasına tutma yönəldilmişdir. Notariusun “İcra qeydlərini” verməsi üçün maliyyə arayışı, hesabdan çıxarış, təqdim olunmalı bildiriş, üçüncü şəxslə bağlanan “Zaminlik müqaviləsi”, üçüncü şəxs, “ipoteka müqaviləsi” təqdim edilməlidir. Bu prosedurların düzgün qaydada həyata keçirilməsi isə iddiaçıda şübhə yaratmışdır. Çünki yuxarıda da qeyd edildiyi kimi Bankın də iştirakı ilə Maarif Ələkbərova aid olmayan daşınmaz əmlakla bağlı ərizələr tərtib edilmişdir. Müqavilədən və icraata başlamaq haqqında qərardan da göründüyü kimi tələb olunan məbləğ xeyli yüksəkdir. Notarius isə heç bir əmtəəşünaslıq ekspertizası aparmadan icra qeydi vermiş və icraya yönləndirmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli “İpoteka Müqaviləsi” və xx.xx.2024-cü il tarixli “İpoteka Müqaviləsi” də tutma yönləndirilməli olan daşınmaz əmlakın ilkin satış qiyməti göstərilməmişdir. Notarius isə qiymətləndirmə ekspertizası həyata keçirmədən əmlaka tutma yönləndirilməsi haqqında icra qeydi vermişdir. Notariat Kontoru tərəfindən Bankdan məcburi olunan sənədlər tələb edilməmiş və araşdırılmamışdır. Bu baxımdan hər 2 “İcra qeydinin” ləğv edilməsi zərurəti vardır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bankla borcalan Şirkət arasında bağlanmış xx.xx.2024-cü il tarixli "xxxx" əsasında Bank tərəfindən Şirkətə illik 35% dərəcəsi ilə 10 il müddətinı 1.000.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Kredit müqaviləsinin” ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli “Əlavə razılaşma” üzrə Şirkətə biznes məqsədi ilə 48 ay müddətinə, illik 23 faiz hesablanmaqla, 500.000 manat kredit verilmişdir. Bank ilə borcalan Şirkət arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Əsas Kredit Müqaviləsinin” ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli “Əlavə Razılaşma” üzrə Şirkətə yaşayış təyinatlı əmlakın alınması məqsədilə 48 ay müddətinə, illik 23 faiz hesablanmaqla, 200.000 manat kredit verilmişdir. Həmin müqavilələrin təminatı kimi Şirkətin direktoru Maarif Ələkbərovun arvadı Dinara Ələkbərova özünə məxsus və Xırdalan-Binəqədi şosesi, 7 ünvanında yerləşən torpaq sahəsini və əmlak kompleksini (64 saylı mağazanı) Bankın xeyrinə ipoteka yüklü edilmişdir. Qeyd edilən əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarış verilmişdir. Həmin Kredit və İpoteka müqavilələrdə yaranmış öhdəlik ilə Şirkət aldığı borc məbləğinin, bir hissəsini ötən müddət ərzində ödəmiş olsa da, əsas götürülmüş pul vəsaitinin qaytarmaq öhdəliyi yaranmış olmasına baxmayaraq, Şirkət tərəfindən pozularaq icra edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilmiş və yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün ipoteka predmeti olan mənzilinə icranın yönəldiləcəyi tələb edilmişdir. Şirkət icra qeydi ilə razılaşmır, buna dair əsas dəlili isə odur ki, icra qeydinin qanunvericiliyin tələblərinə uyğun olmayan formada verilməsi, icra qeydində əmlakın ilkin satış qiymətinin qeyd edilməməsidir. Bununla bağlı qeyd edilməlidir ki, “İcra qeydlərinin” verilməsi zamanı notarius tərəfindən hər hansı bir pozuntuya yol verilməmiş, “İcra qeydlərinin” verilməsi qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq “İcra qeydlərinin” verilməsindən öncə tələbkar Bank icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. Əsas kredit müqaviləsinin bitmə müddəti xx.xx.2034-cü il olduğundan isə Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddəti də ötürülməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Şirkət tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli “İcra qeydləri” qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onların ləğv edilməsinə əsas yoxdur. c) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbinin əsasları eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İddiaçı (apellyator) Şirkət və cavabdeh Notariat Ofisi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin və üçüncü şəxsin gəlməməsi işə baxılmasına mane olmur

9. İş üzrə üçüncü şəxs olan Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Bank "xxxx" ASCnin “Həzi Aslanov” filialı ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Əsas kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən Şirkətə illik 35% dərəcəsi ilə 10 il müddətinə 1.000.000 manat kredit xətti açılmışdır.

12. “Əsas kredit müqaviləsi” çərçivəsində Bankın həmin filialı ilə iddiaçı Şirkət arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Əlavə razılaşmadan” və işdə olan digər sənədlərdən görünür ki, Şirkət, həmin “Razılşamaya” əsasən Bankdan illik 23% dərəcəsi ilə 48 ay müddətinə 500.000 manat kredit götürmüşdür.

13. Bankın həmin filialı ilə iddiaçı Şirkət, habelə Bankın filialı ilə iddiaçı Şirkət və Şirkətin direktoru Maarif Ələkbərovun arvadı Dinara Ələkbərova arasında bağlanmış “İpoteka müqavilələrindən” görünür ki, yuxarıda qeyd edilən "xxxx" üzrə Şirkətin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq, Şirkət, özünə məxsus olan və ünvan 3nı, Dinara Ələkbərova isə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şəhəri, Xırdalan-Binəqədi şosesi, 7 ünvanında yerləşən 0,10125 ha torpaq sahəsini və sahənin üzərində inşa edilmiş əmlak kompleksini (64 saylı idman-mədəni mallar mağazasını) borcalan Şirkətin kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq Bankın xeyrinə ipoteka yüklü etmişdir.

14. “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2024-cü il tarixdə verilmiş “Çıxarışdan” görünür ki, həmin yüklülük “Reyestrdə” qeydə alınmışdır.

15. İşdə olan sənədlərdən görünür ki, Şirkətin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən borcalan Şirkətin kreditor olan Banka 466.548,98 manat məbləğində əsas kredit borcu, 36.956,13 manat məbləğində faiz borcu, 6.818,29 manat məbləğində cərimə (dəbbə) borcu yaranmışdır.

16. Bank, borcun ödənilməsi ilə bağlı borcalan - ipoteka qoyan Şirkətə və ipoteka qoyan Dinara Ələkbərovaya xx.xx.2024-cü il tarixli bildiriş göndərərək, borcun ödənilməsini tələb etmiş, əks halda tələbin ipoteka predmetlərinə yönəldilməsi prosedurana başlayacağı barədə məlumat vermişdir.

17. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bankın müraciət əsasında ipoteka predmeti olan əmlaklara tutmanın yönəldilməsi haqqında “Bildirişlər” “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır.

18. İddiaçı Şirkətin direktoru X9 ünvanlandığı xx.xx.2024-cü il tarixli etirazdan görünür ki, Şirkət, onunla Bank arasında kredit borcunun ödənilməsi ilə bağlı məsələnin mübahisəli olmasını nəzərə alaraq mübahisənin notarial qaydada. yəni “İcra qeydinin” verilməsi qaydasında deyil, məhkəmə qaydasında həll olunmasını xahiş etmişdir.

19. İş üzrə cavabdeh olan 17 saylı Notariat Ofisinin Bankın müraciəti əsasında verdiyi xx.xx.2024-cü il tarixli “İcra qeydindən” görünür ki, həmin “İcra qeydi” Şirkətə məxsus olan və ünvan 3 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi ilə əlaqədar verilmişdir.

20. İş üzrə cavabdeh olan 17 saylı Notariat Ofisinin Bankın müraciəti əsasında verdiyi xx.xx.2024-cü il tarixli “İcra qeydindən” görünür ki, həmin “İcra qeydi” Dinara Ələkbərovaya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şəhəri, Xırdalan- Binəqədi şosesi, 7 ünvanında yerləşən 0,10125 ha torpaq sahəsinə və sahənin üzərində inşa edilmiş əmlak kompleksinə (64 saylı mağazaya) tutmanın yönəldilməsi ilə əlaqədar verilmişdir.

21. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, borcalan olan iddiaçı Şirkət, onunla kreditor olan Bank arasında bağlanmış "xxxx" üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə onun Banka kredit borcu yaranmışdır. Bankın borcalan – ipoteka qoyan Şirkətə və ipoteka qoyan Dina Ələkbərovaya etdiyi xəbərdarlığa baxmayaraq borc ödənilməmiş qalmış, bununla əlaqədar Bankın etdiyi müraciətə əsasən “Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişlər” “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmış və tutmanın yönəldilməsi ilə əlaqədar 17 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “İcra qeydləri” verilmişdir.

22. Hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin mahiyyəti də, notarius tərəfindən verilmiş həmin “İcra qeydlərinin” verilməsi ilə bağlıdır. Belə ki, iddiaçı hesab edir ki, “İcra qeydləri” əsassız olaraq verildiyindən ləğv edilməlidir. “İcra qeydlərini” vermiş 17 saylı Notariat Ofisi mövcud mülki mübahisə ilə bağlı mövqeyini ümumiyyətlə bildirməmişdir. İddia tələbinin əsassız olması ilə bağlı Rayon Məhkəməsinin mövqeyi isə yuxarıda artıq qeyd edilmişdir.

23. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə görə, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinin tələbinə görə, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X5 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.

25. Təlimatın 162-ci maddəsinə görə, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

26. Məhkəmə “Notariat haqqında” Qanununun yuxarıda qeyd edilən 76-cı maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır.

27. Göründüyü kimi “İcra qeydi” qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən, “İcra qeydinin ləğvi” mümkün olsa belə, “İcra qeydinin” formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu hallarda icra qeydi mübahisələndirilə bilər. Hazırki halda isə məhkəmə tərəfindən müəyyən olunur ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilməmişdir. Həmçinin iddiaçının icra qeydinin ləğvinə əsas kimi göstərdiyi icra qeydində daşınmaz əmlakın ilkin satış qiymətinin göstərilməməsi halı ilə bağlı qeyd edilməlidir ki, həmin qiymətin müəyyənləşdirilməsi icra qeydi verildikdən sonra müəyyənləşdirilən haldır.

28. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər (maddə 37.1.) Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir (maddə 38.1.). İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin qiymətləndiricilər (və ya qiymətləndiricilərin fəaliyyət göstərdikləri qiymətləndirici təşkilatlar) qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda qiymətləndirməyə görə xidmət haqqı ipoteka saxlayan tərəfindən ödənilir və bu haqq ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır (maddə 38.2.).

29. Qeyd edilən maddi hüquq normalarının göstərişlərindən və işin müəyyən edilmiş hallarından iddia tələbinin və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsaslılığına yanaşdıqda aşağıdakılar müəyyən edilir: iddia tələbi əsassızdır; Rayon Məhkəməsi iddia tələbinin təmin etməməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. f) apellyasiya baxışının nəticəsi

30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.

33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar