Məhkəmə qərarları › İş №2(103)-4449/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4449/2022

29.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4449/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada olmaqla 220000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 200.000 manat məbləğində pulun, Cavabdeh3 10000 manat məbləğində pulun və Cavabdeh2 10000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 200000 (iki yüz min) manat və Cavabdeh3 10000 (on min) manat tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manatın alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4449/2022 nömrəli, 23 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz ünvanlamışdır. Hesab edir ki, hazırki halda apellyasiya şikayəti mümkün hesab edilməməli idi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətinə diqqət yetirdikdə müəyyən edilir ki, apellyator şikayətində işin hallarını və bir neçə prosessual hüquq normaları sadalanmış və həmin normalara əsasən qətnamənin əsassız olması qeyd edilsə də, həmin normaların işin hansı faktiki hallarına düzgün tətbiq edilməməsi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir məhkəmə aktı sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin (sözügedən məhkəmə aktlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməməsi) nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, apelyatorun apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret olaraq göstərilməmiş, yalnız qanunvericiliyin normaları və işin halları sadalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4449/2022 nömrəli, 23 may 2022-ci il tarixli icraata qəbul qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4449/2022 nömrəli, 23 may 2022-ci il tarixli icraata qəbul qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar