Məhkəmə qərarları › İş №2(103)-445/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-445/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-445/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş (Açar sözlər: «maddi və mənəvi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə "FVS-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti(bundan sonra MMC) arasında bağlanan xx.xx.2016-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonu K.Balakişiyev 46 və R.Rüstəmov 23 ünvanda yerləşən Cavabdeh MMC-nin tikilməkdə olan binanın B-girişi yerdən 9-cu mərtəbəsində 41 N-li, 3 otaqlı sahəsi 128 kv.m olan mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş (1 kv. metrin dəyəri 1070 manat olmaqla) mənzil haqqını vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli Çıxarışda Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsi, ev 124, 41 nömrəli(Yeni qaydalarla:AZ1096, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 124, M9,m5) mənzilin sahəsi 106,40 kv.m təşkil edir. Mənzil üzərində xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən 25894 manat maddi və 10000 manat mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilir ki, 128 kvadrata uyğun hesablanan mənzilin dəyərini tam olaraq ödəyib. Lakin mənzil istismara qəbul edikdən və ona təhvil verildikdən sonra verilən çıxarışda həmin mənzilin sahəsi 106 kv.m. göstərilib. Mütəxəssislərinin apardıqları ölçünün nəticəsi ilə cavabdehin iddiaçıya müqavilədə qeyd etdiyi sahə ölçüsü arasında 22 kv.m fərq yaranır. Bu isə, o deməkdir ki, 22 kv.m sahənin pulu artıq ödənilib. Həmin məbləğ isə 23540 manat təşkil edir. Artıq ödədiyi 23540 manat geri qaytarılmalıdır. 128 kv.m mənzilin dəyərinə görə artıq ödədiyi pulun mənzilin faktiki mövcud olan sahəsinə, yəni çıxarışda göstərilən kvadrata uyğun yenidən hesablayıb, artıq ödədiyi 23540 manat geri qaytarılması üçün cavabdehə göndərdikləri pretenziyaya heç bir münasibət bildirilməyib. Bu qeyd edilən hal isə mülki qanunvericiliyə əsasən əsassız varlanma hesab edilir. İddianın dəqiqləşdirilməsi barədə ərizədə mənzilin sahəsinin 103,8 kv. metr olduğu göstərilmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh MMC-dən vurulmuş maddi ziyana görə 23540 manatın İddiaçı xeyrinə tutulması; qalan hissədə iddianın təmin olunmaması; ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh MMC-dən alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, maddi ziyanın tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. İddia tələbinin mənəvi ziyanla əlaqədar hissəsinə qiymət verərkən, iddiaçı ona mənəvi ziyan dəyməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən həmin hissədə iddia təmin olunmamalıdır.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2022 saylı, 26 iyul 2022-ci il tarixli əlavə qətnaməsi ilə "FVS-İNŞAAT” MMC-dən vurulmuş maddi ziyana görə əlavə 2354 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi əlavə qətnaməsində qeyd etmişdir ki, iddiaçı son dəqiqləşdirmə ərizəsində maddi ziyana görə 25894 manat tələb etdiyi və ekspert rəyinə əsasən dəymiş ziyanın 26964 manat müəyyən olunduğu halda məhkəmə iddiaçının dəymiş ziyana görə 23540 manat tələb etdiyini qeyd etmiş və dəymiş maddi ziyan hissəsində iddianı həmin məbləğdə təmin etmişdir. Beləliklə, iddiaçıya dəymiş maddi ziyana görə 2354 manat az məbləğin tutulması qət olunmuş və qətnamədə bu hal əsaslandırılmamışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın təmin olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edərək mövqeyini belə əsaslandırmışdır ki, birincisi, iddiaçının hazırki iddiası yolverilən deyildir. Belə ki, iddiaçı öz iradə ifadəsini ortaya qoyaraq MMC ilə xx.xx.2016-cı il tarixdə müqavilə bağlamışdır. Həmin müqavilənin şərtləri ilə razılaşıb müqaviləni imzalamış, müqavilədə nəzərdə tutulan məbləği tam şəkildə MTK-nın kassasına ödəmiş və MTK tərəfindən mənzil ona təhvil verilmişdir. Beləliklə də, müqavilə hər iki Tərəf tərəfindən tam şəkildə icra olunmuşdur. İkincisi, mənzilin sahəsinin ölçüsündə yaranmış fərqlə bağlı, mənzil satılarkən tərəflər arasında olan razılığa əsasən eyvan, sanuzel və divaraltı sahələr ümumi sahəyə daxil edilir. Qeydiyyat orqanı tərəfindən mənzil qeydiyyata alınarkən eyvan, sanuzel və divaraltı sahələr nəzərə alınmadığı üçün mənzilin ölçüsündə fərqlər yaranır. Mənzilin ölçülərində yaranmış fərq yuxarıda qeyd olunan sahələrlə əlaqədardır ki, əgər iddiaçı həmin sahələrin ümumi kvadrata salınması ilə razı deyildisə, müqavilə bağlanmamışdan qabaq bu barədə MTK-ya öz təkliflərini verməli idi və müqavilənin bağlanıb-bağlanmayacağı həmin təkliflərdən aslı olacaq idi. Üçüncüsü, MTK müvafiq vergi orqanları ilə hesablaşmalar aparan zaman divaraltı sahələr də daxil olmaqla ümumi sahənin ölçülərinə uyğun qiymətlər hesablanmış və dövlət büdcəsinə ödənişlər olunmuşdur. Nəzərə alınsa ki, MTK hüquqi şəxs olaraq payçıların maddi vəsaiti hesabına binanı inşa edir onda vergi orqanı tərəfindən divaraltı sahələrin vergiyə cəlb olunaraq müvafiq vergi ödənişləri tələb etməsi və MTK-nın həmin vergi öhdəliklərini yerinə yetirməsi onu şərtləndirir ki, qeyd olunan ödənişlər payçıların əldə etdikləri yaşayış və qeyri- yaşayış sahələrinin ölçülərinə müvafiq olaraq həyata keçirilməlidir. Dördüncüsü, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab olunmamış və hər iki Tərəf tərəfindən qeyd-şərtsiz icra olunmuşdur. İcra olunmuş müqavilə üzrə müəyyən miqdarda pulun qaytarılması o halda qanuni hesab oluna bilər ki, müqavilənin hansısa bir hissəsi qanun quvvəsini almış məhkəmə qətnaməsi ilə etibarsız hesab olunmuş olsun. Hansı ki, iddiaçı tərəfindən MTK-ya qarşı belə bir tələb irəli sürülməmişdir. Mülki qanunvericilyin tələblərinə əsasən hər iki Tərəf tərəfindən icra olunmuş müqavilənin ləğvinə yol verilmir. Odur ki, müqavilə ləğv olunmadığı təqdirdə Tərəflər tərəfindən könüllü icra olunduğuna görə hər hansı bir məbləğin geri qaytarılmasından söhbət belə gedə bilməz. Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın 3.2-ci bəndinə əsasən, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Qaydaların 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İşin hallarından da göründüyü kimi, sahələrin fərqli olması Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, mənzilin sahəsinin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi ilə bağlıdır ki, məhkəmə qətnamə qəbul edərkən Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın tələblərini nəzərə almamışdır. Ali Məhkəmənin icraatında olmuş digər bu tipli işlərdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilin sahəsinin müqavilədə nəzərdə tutulandan fərqli olaraq çıxarışda az yazılması Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin sahəsinin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi ilə bağlıdır. Ali Məhkəmənin icraatında olmuş işləri bu şikayətdə qeyd etmək və həmin qərarları şikayətə əlavə etməkdə məqsədləri Ali Məhkəmənin ümumiləşdirmə qaydasında oxşar mübahisələrə hüquqi qiymət verməsi və həmin mübahisələr üzrə mövcud məhkəmə praktikasının formalaşmasının qəbul olunması kimi qiymətləndirildiyini qeyd etməkdir. İddia tələblərinin eyni olması, ayrı-ayrı vaxtlarda olmasına baxmayaraq həmin faktiki hallara da Ali Məhkəmə tərəfindən hüquqi qiymət verildiyi üçün hazırki mübahisəyə dair eyni hüquqi qiymət verilməsi daha qanuni, obyektiv və ədalətli olardı ki, bu da MMC-nin birinci instansiya məhkəməsi tərəfindən pozulmuş hüquqlarının apellyasiya instansiyasında bərpası ilə nəticələnəcəkdir. Məhkəmə qətnamə qəbul edərkən Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin Azərbaycan Şəhərsalma və Tikinti Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərini nəzərə almamaqla, qeyd olunan maddələrin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul edərək səhv nəticəyə gəlmişdir. Belə ki, hər iki Tərəf tərəfindən icra olunmuş müqavilə üzrə müəyyən miqdarda pulun qaytarılmasının qanunsuz olmasını bilməsinə baxmayaraq məhkəmə iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamşdır. Çünki, iş müəyyən edilmiş hallar iddia tələbinin rədd olunması üçün kifayət etsə də məhkəmə iddia tələbini qismən təmin etməklə qeyd olunan maddənin tələbini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə.4431. və 443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zrərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin olunduğu hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşsa da birinci instansiya məhkəməsi tərəfindən qətnamə və əlavə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

20. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdeh MMC-nin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia qismən haqlı sayılır.

21. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış 07 mart 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən qüsurla yerinə yetirməsi ilə əlaqədar olmuşdur. Bu müqavilə mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi də qiymətləndirilə bilər, ancaq müqavilənin məzmunundakı şərtlər daha çox podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Göründüyü kimi, bu cür müqavilə Mülki Məcəllədə konkret nəzərdə tutulmasa belə ona zidd də deyil, hər hansı digər şəxsin hüquqlarını da pozmur. Müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini qüsurla icra etmiş, buna baxmayaraq nə bu qüsuru aradan qaldırır, nədə onun aradan qaldırılması üçün aldığı muzdun qüsur həcmində hissəsini iddiaçıya ödəmir, bundan yayınmağa çalışdığı üçün də iddiaçı hazırki iddianı irəli sürmüşdür.

22. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ilkin məhkəmə tikintitexniki ekspertizasının 10/2327 saylı, xx.xx.2021-ci il tarixli rəyində mübahisə predmeti olan mənzilın Azərbaycan Respublikasının Şəhərsalma və Tikintı Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla sahəsi 103.8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının 10/1411 saylı, xx.xx.2022-ci il tarixli rəyində isə göstərilir ki, mənzilin faktiki ümumi sahəsi 106,05 kv.m, həmçinin yaşayış otaqlarının sahəsi 55,2 kv.m (22+15.6+17.6), yardımçı otaqlarının sahəsi 47,6 kv.m (21.9+19+4.3+2.4), balkonun sahəsi 3,25 kv.m təşkil edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"na əsasən, mənzilin ümumi sahəsinin 103,8 kv.m təşkil etdiyi müəyyən olunur... Mənzil Məcəlləsinin 12-ci maddəsində göstərilənlərə əsasən, mənzilin yaşayış sahəsinin ümumi sahəsinin 102,8 kv.m (106,05-3,25) təşkil etdiyi müəyyən olunur.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etdi ki, hər iki rəy aydın və tam olmadığından formalaşmış məhkəmə təcrübəsinə əsasən ekspertiza qarşısında qoyulan hazırkı suallara uyğun əlavə ekspertiza rəyi alınmalıdır. Əlavə məhkəmə tikinti texniki ekspertizanın 10/7233 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edildi ki; 1... Mənzilin içdən-içə, daxilində olan və layihədə nəzərdə tutulan və tutulmayan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmaqla, azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 117,1 kv.m (106,05+11,05=117,1) təşkil edir. 2... Mənzilin layihədə qeyd olunan, lakin faktiki mövcud olmayan arakəsmə divarlarının sahəsinin 0,85kv.m olmasını, layihədə qeyd olunmayan faktiki mövcud olan divarların altında qalan sahənin 0,70 kv.m olmasını nəzərə alaraq, həmin mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və.s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divarların, sütunların və s. altı nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 105,9 kv.m (106,05-0,1) təşkil etdiyi müəyyən edilir.

24. Şikayətin birinci dəlili ilə bağlı qeyd olunur ki, iddiaçının iradəsinə uyğun müqavilə bağlaması və öhdəliklərini müqavilə şərtlərinə uyğun tam icra etməsi işin mübahisələndirilməyən halıdır. Elə şikayətin bu dəlili ilə cavabdeh də bunu təsdiq edir. O başqa məsələ ki, cavabdeh müqavilə şərtlərində göstərilən ölçüdə mənzili iddiaçıya təhvil verib yoxsa yox, əlbətdə ki, onun tərəfindən öhdəliyin tam və qüsursuz icra olunması sübut edilməlidir. Bu halı sübut etmək yükü isə artıq cavabdeh tərəfin üzərinə düşürdü, ancaq sübut edə bilmir.

25. Şikayətin ikinci dəlili ilə bağlı qeyd olunur ki, mənzilin sahəsinin ölçüsündə yaranmış fərqlə bağlı mənzil satılarkən tərəflər arasında hansısa başqa razılaşma olmuşdursa həmin şərtlərin müqaviləyə daxil edilməsində cavabdehə hər hansı bir maneə yox idi. Çünki, tərəflər arasında onsuzda mübahisəli mənzillə bağlı razılaşmaları özündə əks etdirən yazılı müqavilə bağlanırdı. Layihədə nəzərdə tutulan divaraltı sahələrin ümumi sahəyə daxil edilməsi barədə şərt isə müqavilədə əksini tapmamışdır. Əksinə mənzil qeydiyyata alınarkən sanuzel, eyvan(balkon azalma əmsalı tətbiq edilməklə) nəzərə alınmışdır. Layihədə nəzərdə tutulan divaraltı sahələrin ümumi sahəyə daxil edilməli olması isə qanunvericilikdə də nəzərdə tutulmadığından nəzərə alına bilməzdi. Cavabdeh öz xeyrinə hansısa şərti müqaviləyə daxil edilməsini istəyirdisə bunu iddiaçı ona deyil, o, iddiaçıya təklif etməli idi.

26. Şikayətin üçüncü dəlili ilə bağlı qeyd olunur ki, müvafiq vergi orqanları ilə hesablaşmalar aparan zaman divaraltı sahələr də daxil olmaqla ümumi sahənin ölçülərinə uyğun qiymətlər hesablanması, vergi orqanı tərəfindən divaraltı sahələrin vergiyə cəlb olunaraq müvafiq vergi ödənişləri tələb etməsi və cavabdehin həmin vergi öhdəliklərini yerinə yetirməsi həqiqi olsa belə bu hal iddianın əsassızlığına dəlalət etmir. Çünki, cavabdeh özünün vergi öhdəliklərini iddiaçının hesabına yaxud müqavilədən irəli gələn öhdəliklərini qüsurla icra etməsi nəticəsində ona zərər vurmaqla yerinə yetirməməlidir.

27. Şikayətin dördüncü dəlili ilə bağlı qeyd olunur ki, hazırki iddia müqavilənin ləğv edilməsinə yaxud etibarsız hesab olunduğuna görə irəli sürülməmişdir. Cavabdeh tərəf müqavilənin özü tərəfindən icra olunduğunu düşünə bilər. Ancaq iddiaçıdan fərqli olaraq cavabdeh tərəfindən müqavilə qüsurla icra olunmuşdursa, bu öhdəliyin lazımınca icra edilməməsi deməkdir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, yəni işi qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi kimi başa düşülür. Ona görə də iddiaçı cavabdehdən müqavilə öhdəliyini qüsurla icra etdiyinə görə pul tələb edir. Qüsurla icra olunmuş müqavilə üzrə müəyyən miqdarda pulun qaytarılmasının qanuni hesab olunması üçün müqavilənin hansısa bir hissəsinin qanuni quvvəsini almış məhkəmə qətnaməsi ilə etibarsız hesab olunmasına yaxud ləğv edilməsinə, eləcə də cavabdehə qarşı bu cür tələblər irəli sürülməsinə isə ehtiyac və zərurət yoxdur. Hazırki tələbin Mülki Məcəllənin 424.4-cü maddəsi ilə bağlılığı olmadığından qeyd olunan norma da iddianın rədd edilməsi üçün əsas ola bilməz.

28. Şikayətin növbəti dəlilində Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın 3.2-ci bəndinə istinad edilsə də həmin normaların tələbləri əslində cavabdehin şikayətinin açıq-aşkar əsassız olduğunu təsdiq etmiş olur. Çünki, həmin qaydalarda tikinti obyektinin(mənzilin) sahəsinin və həcminin hesablanması qaydasının tələbləri tam nəzərə alınsaydı cavabdeh qüsura görə iddiaçıya daha artıq vəsait ödəməli olardı. Ancaq hazırkı işdə ekspertiza qarşısında qoyulan sual da məhz qeyd ounan qanunvericilik aktlarının tələblərinə uyğun qoyulmuş və həmin hesablanma qaydasına uyğun da ekspert tərəfindən mənzilin sahəsi hesablanmış, eləcə də bu hesablanma qaydası müqavilə şərtlərinə də tam uyğun olmuşdur.

29. Şikayətin növbəti dəlilində Ali Məhkəmənin icraatında olmuş digər bu tipli işlərdə məhkəmənin mövqeyini cavabdeh tərəf təhrif etmişdir. Çünki, hazırki iş üzrə gəlinən nəticə də Ali Məhkəmənin icraatında olmuş mübahisələr üzrə mövcud məhkəmə praktikasına uyğun olmuşdur.

30. Beləliklə, iddia tələbinin cavabdehdən mübahisə predmeti olan mənzilin az olan 22 kv.metr sahəsinin əvəzinə(1 kv.metr 1070 manat olmaqla) 23.540 manat (iyirmi üç min beş yüz qırx manat) tutularaq iddiaçıya ödənilməsi hissəsindən başqa, qalan hissəsi, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi əsassız olduğundan təmin edilməməlidir. Çünki, qalan hissələr üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. 31.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

32. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi və 2(007)-89/2022 saylı, 26 iyul 2022-ci il tarixli əlavə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 124 nömrəli evin, 41 nömrəli(Yeni qaydalarla:AZ1096, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 124, M9,m5) mənzilin az olan 22 kv.metr sahəsinin əvəzinə 23.540 manat (iyirmi üç min beş yüz qırx manat) tutularaq İddiaçı xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi və 2(007)-89/2022 saylı, 26 iyul 2022-ci il tarixli əlavə qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 124 nömrəli evin, 41 nömrəli(Yeni qaydalarla:AZ1096, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 124, M9,m5) mənzilin az olan 22 kv.metr sahəsinin əvəzinə 23.540 manat (iyirmi üç min beş yüz qırx manat) tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 250 (iki yüz əlli) manat Cavabdeh MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar