Məhkəmə qərarları › İş №2(103)-445/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-445/2025

13.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-445/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, aldatma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, yeni müqavilənin bağlanılması və pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1058/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, X6, 76 ünvanında yarımzirzəmidə yerləşən, ümumi sahəsi 66.8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olmaqla xx.xx.2013-cü il tarixdə dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin Mənzil Tikintisinə və X4 Müqavilə”dən görünür ki, “Tikinti Şirkəti” Bakı şəhəri, Nizami rayonu, X6 ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 2-ci giriş, 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.m olan 2 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində, bu müqavilə şərtlərinə uyğun köhnə 76/31 nömrəli mənzilin altındakı, ümumi sahəsi 66.8 kv.m olan qeyri-yaşayış yarımzirzəmini “Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 100 kv.m yeni 63 saylı təmirsiz mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüşdür.

3. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən köhnə mənzilindən köçmək üçün “Tikinti şirkəti”ndən 150 manat vəsait tələb etmək, köhnə 66.8 kv.m yarımzirzəmi əvəzinə yeni binada ümumi sahəsi 100 kv.m təmirsiz mənzili “Tikinti şirkəti”ndən qəbul etmək, köhnə yarımzirzəmi əvəzinə alacağı yeni mənzil inşa edilib başa çatanadək köhnə yarımzirzəminin icarə haqqını, “Tikinti şirkəti” üzərinə hər ay üçün 800 manat öhdəlik qoymaq mənzil mülkiyyətçisinin hüquqlarıdır.

4. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən isə mənzil mülkiyyətçisinin köhnə 76/31 nömrəli mənzilin altındakı qeyri-yaşayış yarımzirzəminin ümumi sahəsi 66.8 kv.m olduğu halda, həmin qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) əvəzində ona verilən inşa olunacaq çoxmərtəbəli yaşayış binasında yeni mənzilin ümumi sahəsi isə 85 kv.m, xarici perimetr üzrə ümumi sahəsi 100 kv.metrdir.

5. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 tərəfindən ərizə ilə müraciət olunaraq, ona veriləcək köçmə haqqı 150 manat və kirayə haqqı 12 aylıq 800 manatdan 9.600 manatın, əlavə olaraq aylıq 500 manatdan 11 x 500=5.500, cəmi 15.100 manatın onun kart hesabına köçürülməsini xahiş etmişdir.

6. 06.12.2022-ci il tarixli "xxxx" ASC-yə məxsus ödəniş tapşırığından görünür ki, “2/3/63 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən kompensasiya 9600 manat xx.xx.2022-dən xx.xx.2023-dək” ödəniş təyinatı ilə 9.600 manat "xxxx" MMC tərəfindən İddiaçı1 hesabına köçürülmüşdür.

7. 06.12.2022-ci il tarixli "xxxx" ASC-yə məxsus ödəniş tapşırığından görünür ki, “11246 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən kirayə haqqı 6.000 manat” ödəniş təyinatı ilə 6.000 manat "xxxx" MMC tərəfindən İddiaçı2 hesabına köçürülmüşdür.

8. "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayətin məzmunundadan görünür ki, İddiaçı1 “... Əməkdaşınız obyekti təhvil verdikdə təmir olunacağını demişdi. Ancaq müqavilədə bu yazılmamışdır. Bu açıq saxtakarlıqdır... Kirayə üçün verilmiş ödənişlərin də artırılması, yəni məzənnə müqavilədə göstərilməliydi. Lakin bunda da aldadılmışıq. Müqavilədə binanın 2 ilə tikiləcəyi yazılsa da, bizə 1 illik ödənilib müavinətlər. Eyni zamanda, mən parka tərəf qapısı olan hissə üçün cüzi bir məbləğ – 200 manat istədiyimdə verilməmişdir...Mən ofisinizə müqaviləni imzalamağa gəldiyim saatda Ümrə ziyarəti daxil Səudiyyə Səfirliyinə dəvət üçün zəng etdilər. Çox həyacanlandım. Səfirliyə getməli oldum. Ona görə İsmayıl müəllim vicdanla deyə bilər ki, mən müqaviləni oxumadan qol çəkib getdim.” bildirmişdir. Şikayət xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən təhvil alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi, yeni müqavilənin bağlanılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

10. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, X6ndə yerləşən 76 saylı evin 31 saylı mənzilin və Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən onların - İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan (ümumi sahəsi 66,8 kv.m) qeyriyaşayış sahəsinin "xxxx" MMC tərəfindən tikintisinə və X4 müqavilə tərtib edilməsi məqsədi ilə onların dəvəti ilə qeyd etdiyi ərazinin yaxınlığında quraşdırılmış çox dar, balaca bir dəmir vaqona gəlmişlər. Həmin yerdə bir neçə adam olmuş və bu sıxlıqda vaqona girib-çıxanları da əlavə etsə, vətəndaş mülkiyyət hüquqları baxımdan qiymətli bir sənədin tərtib edilməsi üçün məkanın münasib olmadığı ilk andan narahatçılıq doğurmuşdur. Özünü bu şirkətin əsas vəzifəlisi kimi təqdim edən İsmayıl Quliyev adlı şəxs onun qarşısına (İddiaçı1) bir neçə vərəq kağız qoyub imzalamalı olduğunu bildirmişdir. Həmçinin “ona alim olduğu üçün böyük yaxşılıq edərək’' obyektinin əvəzinə 3-cü mərtəbədə 2 otaqlı təmirli mənzil verəcəklərini, istəyərlərsə bunu onlar üçün kvadratmetri 1.700 manatdan satacaqlarını bildirmişdir. Beləcə o - İddiaçı1 xx.xx.2022-ci il tarixində İsmayıl Quliyevin ona təqdim etdiyi üzərində "xxxx" MMC - Tikinti Şirkətinin, Hacıağa Abasovun adı yazılmış və əvvəldən imzalanmış, lakin notarius qaydasında təsdiqlənməmiş 1 neçə vərəqdən ibarət müqaviləni əlinə alıb gözdən belə keçirməmişdir. Məsuliyyətlə təkrar edir ki, onunla xx.xx.2022-ci il tarxində bağlanmış “daxili" müqavilədəki imza ona aid deyil. İkincisi, rəsmi sənədlərdə, o cümlədən müqavilələrdə imza ilə bərabər imzalayan şəxs ad, soyad və atasının adını öz əl xətti ilə yazmalıdır. Həmin saxta Müqavilədə nə onun, nə də "xxxx" MMC-nin direktoru Hacıağa Abasovun əl xətti ilə inisialları yazılmamışdır. Üçüncüsü, rəsmi müqavilələrdə hər bir səhifəni tərəflər imzalamalıdırlar. Bu “müqavilədə hər bir səhifədə Hacıağa Abasovun əl xətti ilə imzası olsa da, onun imzası da yoxdur. Ümumiyyətlə, isə imzalamadığına dair əlində digər əsaslar da vardır. Bu halda da "xxxx" MMC-nin öz xeyrinə tərtib etdiyi müqavilə ləğv edilməlidir. Eyni zamanda "xxxx" MMC-nin saxta “müqaviləsində” onun və bacısı İddiaçı2 mülkiyyət hüququ ciddi surətdə pozulmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, X6ndə yerləşən 76 saylı evin yarımzirzəmisində ümumi sahəsi 66,8 kv.m olan qeyri-yaşayış sahəsi onun və bacısı İddiaçı2 mülkiyyətindədir. Lakin "xxxx" MMC - Tikinti Şirkəti İddiaçı2 ilə müqavilə bağlamamış, hətta mülkiyyətinin qeyri-yaşayış sahəsi olduğu halda onlara obyektlərin planlaşdırıldığı 2-ci mərtəbədə obyekt deyil, 3-cü mərtəbədə mənzil verilmişdir. Həmçinin, onlar banklardan kreditlər götürüb bu mülkiyyətlərini təmir etdirmişlər. Onlar 10 ildir ki, hələ də banka kredit ödəyirlər. Ancaq "xxxx" MMC-Tikinti Şirkəti İddiaçı2 ilə müqavilə bağlamadan, onun Müqaviləni imzalamadığı halda onlara 3 qapılı - yəni 3 hissədən ibarət (obyektin şəkillərini iddia ərizəsinə əlavə etmişdir) - deməli, 3 ayrı-ayrı icarədarlara verdiyi xeyli yaxşı təmirli mülkiyyətinin əvəzində tərtib etdiyi notarius qaydasında təsdiqləmədiyi “daxili” adlandırdığı müqavilədə təmirsiz mənzil verəcəyini göstərmişdir. Bundan başqa, ləğv edilməsi barədə məhkəməyə şikayət etdikləri müqavilədə qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qanununun müddəaları kobud surətdə pozulmuşdur. Başqa bir dəlil, şikayət etdikləri müqavilə notariusda təsdiqlənməməklə qanun tapdalanmışdır. Digər tərəfdən şikayət etdikləri müqavilədə ciddi yalan və uydurma məzmununda müddəalar vardır. O, müqavilədən narazılığını tərtib etdikləri müqavilənin şərtlərinə (6.4) uyğun razılaşma yolu ilə həll etmək üçün müqaviləni qarşısına qoymuş İsmayıl Quliyevə, şirkətin rəhbəri Fərhad adlı şəxs də daxil olmaqla, baş mühasib Nigar adlı xanıma bildirmişdir. Onu xeyli müddət aldatmışlar ki, onların problemi həll olunacaq. Yazılı surətdə "xxxx" MMC-yə, AR İqtisadiyyat Nazirliyinə (onların iki idarəsi ona cavab yazıb ki, bu şirkəti yoxlayacaq və ona təkrar cavab yazcaqlar), DİN-ə, Vergilər Nazirliyinə, Bakı Şəhər İH-nə şikayətlər yazmışdır. xx.xx.2023-cü il tarixdə Hacıağa Abasova ərizə vermişdir. Qol çəkib qəbul edib və ona bayramdan sonra problemlərinin həll ediləcəyini demişdir. Amma necə deyərlər “vaxt udub” və artıq tikinti gedir ki, bu da qanuna ziddir. Bütün sakinlərlə müqavilə bağlamadan tikintiyə başlamaq qanunsuzluqdur. Saxta “müqavilə”- də hüquqi ünvanını səhv yazmışdır. Beləki, Nizami rayonunda Etibar Qocayev 26 ünvanı yoxdur. Poçt vasitəsilə həmin ünvana məktub xəbənaməli göndərilmiş və “ünvanın düz olmadığı” səbəbi ilə geri qaytarılmışdır. Eyni zamanda, internetdən bu ünanın Nərimanov ravonunda - milyonçular məhəlləsi adlanan ərazidə olduğunu və hüquqi şəxs məlumatlarını müəyyənləsdirmişdir. Bundan başqa, Nizami Rayon Məhkəməsinə iddia ərizəsi vermək üçün məsləhətə getmişdir ki, orada onlara Nizami Ravonunda belə bir ünvanın olmadığı əsası ilə ərizələrinin geri qaytarılacağı və dövlət rüsumunu geri almaq üçün əziyyət çəkəcəklərini bildirmişlər. Müqavilələrdə digər yalan və uydurmalar vardır ki, aşağıda göstərilmişdir: “Müqavilənin” 2.2.2. maddəsində sökülməsi nəzərdə tutulan yaşayış sahəsinin boşaldılması tarixinədək olan kommunal borcları (işıq, su, kanalizasiya, qaz, rabitə, zibil daşınması və s.) tam ödəmək şərti ilə və heç bir kommunal borcunun olmamasına dair müvafiq qurumdan aldığı arayışı “Tikinti şirkəti”-nə təqdim etmək yazılmışdır. O, heç bir arayış təqdim etməmişdir. Deməli bu saxtakarlığa görə müqavilə etibarını itirir. “Müqavilənin” 2.2.3. maddəsində mənzilin yüklü (girovda, həbsdə və s. olmaması barədə notariusdan aldığı arayışı ( forma 1) “Tikinti şirkəti”-nə təqdim etmək yazılmışdır. O, heç bir forma 1 təqdim etməmişdir. Deməli bu saxtakarlığa görə də, müqavilə etibarını itirir. “Müqavilənin” 2.2.4. maddəsində söküləcək mənzilə dair gələcəkdə heç bir iddia tələbi olmayacağı barədə “Tikinti şirkəti”-nə razılıq (razılıq forması müqaviləvə əlavə olunur) vermək yazılmışdır. O, razılıq forması görməmişdir, imzalamamışdır. Şüuru olan kəs belə bir müddəaya razı olar? 1. İnflyasiya gedir. Dəyişilməz olaraq 800 manat arenda pulu göstərilmişdir. Necə ola bilər, bu davam etsin və o da, heç bir iddia tələbi olmayacağı barədə razılıq forması imzalasın. “Müqavilənin” 2.2.5. maddəsində sökülməsi nəzərdə tutulmuş köhnə mənzili boşaltdıqdan sonra 3 (üç) gün ərzində müvəqqəti yaşayış yerinə dair sənədi və məlumatları (dəqiq ünvanı, əlaqə telefon nömrələrini ) “Tikinti şirkətinin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək yazılmışdır. O, belə bir sənəd verməmişdir. Heç istənilməmişdir də. Amma göründüyü kimi, bu müqaviədə saxtakarlıqla yazılmışdır. Bu saxtakarlıq baxımdan da, müqavilə etibarını itirir! “Müqavilənin” 2.2.6. maddəsində müvəqqəti yaşayış yerinin dəyişilməsi və yaxud əlaqə telefon nömrələrinin dəyişilməsi zamanı bu dəyişikliklər barədə 3 (üç) gün ərzində “Tikinti şirkəti”-nə məlumat vermək yazılmışdır. Şirkətə bu məzmunda heç bir sənəd verməmişdir, istənilməmişdir. Bu da, tikinti şirkətinin növbəti saxtakarlıq faktıdır və bu fakta görə də müqavilə etibarını itirir. Qanunun tələbi MMC-nin öz xeyrinə tərtib etdiyi və onun imzalamadığı “Müqavilənin” ləğv edilməsini onların hüquqlarının bərpa olunmasını əsaslandırır. Sadə məntiqlə yanaşdıqda belə və ən savadsız adamlar təmirli 3 qapılı obyektin əvəzinə 2 otaqlı təmirsiz mənzil qəbul etməzlər. Çünki təmirli obyektin 1 kvadratmetri 6-8 min manatdır. Təmirsiz 2 otaqlı mənzilin kirayə pulu bir manat da etmir. Ümumiyyətlə, MMC-nin müqavilələr hazırlanan ofisinə onlar 3 dəfə getmişlər, Hacıağa Abasov orada olmamışdır. Onlar onu yalnız 14 martda yeni satış məqsədilə tikdirilmiş ofislərində müqavilə ilə razılaşmadığı barədə ərizə verərkən İ.Quliyevin çağırıb onu tanış etdiyi vaxt görmüşdür. O, iddiaçıya (digər otağa keçib, kiminləsə danışıb açıq zala gəldikdə İ.Quliyev, Nicat adlı işçinin yanında) onların probleminin Novruz bayramından sonra həll olunacağını bildirmişdir. Ancaq yenə onları aldatmışlar. Beləki, artıq tikinti gedir ki, bu Azəbaycan Respublikasının tikinti və mülkiyyət qanunvericiliyinə ziddir. Onlara öhdəlik mahiyyətində ödənilməli məbləğ verilməlidir. Maliyyə infilyasiyası diqqətdə saxlanılaraq onlara əlavə məbləğ ödənilməlidir. Onuda qeyd edir ki, sözü gedən xx.xx.2022-ci il tarixli 2/3/63 №-li müqaviləni dəyişdirilərək onun tələblərinə uyğun yeni müqavilə ilə əvəz olunmasından ötürü xx.xx.2023-cü il tarixli ərizəni MMC-nin direktoru Hacıbala Abbasova xx.xx.2023-cü il tarixdə iş yerində təqdim etmişdir və onun özü ərizəni qəbul edərək ona tarix qoymaqla imzasını etmişdir. Lakin həmin vaxtdan bu günədək ərizəsinə heç bir yazılı cavab verməmiş və onu aldatmışdır. O, 2-ci qrup əlildir. Qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində də ona mənəvi zərər dəymişdir. Dünyada tanınan alimdir. Səhhətinə dəyən ziyanı yaradıcılığına təsirini də olmuşdur. Ona dəymiş mənəvi ziyanı yüz minlərlə manat vəsait kimi qiymətləndirir.

11. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, iddia tələbində qeyd etdiyi “müqavilənin ləğv edilməsi” tələbinin “müqavilənin etibarsız hesab edilməsi” tələbi kimi qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi məhkəməyə təqdim edilənədək icraat dayandırılmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 4/1476-5/1401 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X4 müqavilənin (mülki işin 78-80-ci vərəqlərində olan) 1-2-ci vərəqlərinin aşağı sağ küncündəki imzalar və 3-cü vərəqindəki “Mənzil mülkiyyətçisi” bölməsindəki imza, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X4 müqavilənin (mülki işin 81- 83-cü vərəqlərində olan) 3-cü vərəqində “Mənzil mülkiyyətçisi” bölməsindəki imza-İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X4 müqavilənin (mülki işin 78-80-ci vərəqlərində olan) 1-2-ci vərəqlərinin aşağı sol küncündəki imzalar və 3-cü vərəqindəki “Tikinti şirkəti” bölməsindəki imza, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X4 müqavilənin (mülki işin 81- 83-cü vərəqlərində olan) 1-2-ci vərəqlərinin aşağı sol küncündəki imzalar və 3-cü vərəqində “Tikinti şirkəti” bölməsindəki imza - X2 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli Köçürülənlərin mənzil tikintisinə və X4 müqavilənin hər iki nüsxəsinin sonuncu vərəqəsində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur və hər iki nüsxənin sonuncu vərəqəsində olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürünün ekspertimental əks nümunələri ilə eynilik təşkil edir.

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.

15. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 4/559 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 78-80-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli Köçürülənlərin mənzil tikintisinə və X4 2/3/63 nömrəli müqavilənin 1-ci və 2-ci vərəqlərinin aşağı sağ hissələrindəki imzalar, 3-cü vərəqində “Mənzil mülkiyyətçisi” qrafasından aşağı hissədə yerləşən “İddiaçı1 q.” qrafasındakı imza; 81-83-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli Köçürülənlərin mənzil tikintisinə və X4 2/3/63 nömrəli müqavilənin 3-cü vərəqində “Mənzil mülkiyyətçisi” qrafasından aşağı hissədə yerləşən “İddiaçı1 q.” qrafasındakı imza İddiaçı1 tərəfindən icra olunmuşdur.

17. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia qismən təmin edilmiş, İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “köçürülənlərin mənzil tikintisinə və X4” müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 70 manat hissəsinin iddiaçılara aid edilməsi, qalan 30 manat hissəsinin isə cavabdeh "xxxx" MMC-dən tutulub, dövlət büdcəsinə ödənilməsi, iş üzrə xx.xx.2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 127 manat və xx.xx.2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 138 manat, ümumilikdə 265 manat ekspertiza xərcinin iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

18. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilə, birgə mülkiyyətdə olmasına baxmayaraq, sadəcə mülkiyyətçilərdən biri olan İddiaçı1 ilə bağlanılmaqla, digər iddiaçı (mülkiyyətçi) İddiaçı2 qanunvericiliklə müəyyən olunmuş hüquqları pozulmuşdur, buna görə də, «Giyaslı Group” MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə bağlandığı andan etibarsızdır və həmin müqavilə etibarsız hesab edilməlidir, iddia tələbi həmin hissədə isə əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə cavabdeh tərəfin məhkəmə iclasında göstərdiklərinə münasibətdə isə qeyd etmişdir ki, digər mülkiyyətçi İddiaçı2 məhkəmə mübahisəsi davam etdiyi halda aylıq icarə haqqını cavabdehdən götürməsi, yuxarıda qeyd olunan işin faktiki halları nəzərə alınmaqla, onun bağlanmış müqaviləni bəyənməsi, habelə iddia tələbinin həmin hissədə rədd edilməsi üçün əsas kimi qəbul edilib qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən cavabdehin həmin göstərdiyi məqamlar aydınlaşdırılmış, İddiaçı2 verilmiş suallara cavab olaraq, faktiki olaraq qeyri-yaşayış sahəsindən məhrum olduqlarını və məhz həmin obyektdən adi halda müntəzəm gəlir götürdüklərini, mübahisə həll olunanadək isə qeyri-müəyyən müddətə icarə haqqının cavabdehdə qalmasının əsassız olduğunu qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin həmin göstərdiyi xüsusatlar iddianın həmin hissədə rədd edilməsi üçün əsas deyil, hazırda müqavilənin etibarsız hesab edilməsi nəzərə alınmaqla, cavabdehin gələcəkdə bununla bağlı ayrıca qaydada iddia qaldırmaq hüququnun olması nəzərə alınmalıdır.

20. Məhkəmə iddia tələbinin cavabdehlə “yeni müqavilənin tərtib edilməsi, iddiaçıların təmirli, 3 qapılı obyektinin əvəzinə onlara eynilə 3 qapılı və təmirli obyekt verilməsinin əksini tapdığı müqavilənin notarius qaydasında təsdiqlənilməsi, obyektlərinin 3-cü hissəsinə görə kompensasiya verilməsi, onlara həmin müqavilədə 2 il ödəniş yazıldığı kimi şərtə əməl edilməsi” hissələrinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

21. Məhkəmə iddia tələbinin “infilyasiya ilə bağlı onlara mənzil və obyekt üçün əvvəl verilmiş kirayə və arenda pullarına əlavələrin ödənilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, həmin tələb bilavasitə mübahisə predmeti olan müqavilə ilə bağlı olduğundan və həmin müqavilə etibarsız hesab edildiyindən iddia həmin hissədə də təmin edilə bilməz.

22. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, tərəflər mübahisənin mülki mühakimə üsulu qaydasında araşdırılması üsulunu seçmişlər, həmin icraatda işə baxılarkən isə müqavilənin bağlanmasında iştirak etmiş şəxslərin hərəkətlərində cinayətin törədilməsi halı müəyyən edilməmişdir, ona görə də iddiaçıların “"xxxx" MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətləri aşkar olunduğundan bu barədə xüsusi qərardad çıxarılması” barədə xahişinin təmin olunması üçün əsaslar yoxdur.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.5, 152.1, 152.2, 152.3, 152.4, 213.1, 213.2, 215.4, 215.5, 222.1, 222.2, 222.3, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.4, 389.1, 389.2, 390.1, 390.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün əhəmiyyətli olan halların tam aydınlaşdırmadığından doğru olmayan qənaətə gəlmişdir. Mülkiyyətçilərdən biri İddiaçı1 ilə MMC arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Mübahisəli qeyri-yaşayış sahəsi boşaldılıb sökülmüş, boşaldılıb köçürülməsi üçün 150 manat və hər ay kirayə haqqı olaraq mülkiyyətçi tərəfə MMC-dən 800 manat ödənilmişdir. Nəzərə alınmalıdırki, aylıq kirayə haqqı kimi ödənilmiş 800 manat məbləğ, bu müddətlər ərzində əksər hallarda müqaviləni imzalayan mülkiyyətçi İddiaçı1 deyil, digər mülkiyyətçi olan İddiaçı2 tərəfindən alınmışdır. Bu da onu göstərir ki, birgə mülkiyyətçi olan İddiaçı2 müqavilədə tərəf kimi iştirak etməsə də, həmin müqavilədən məlumatlı olmuş, ona irad etməmiş, obyektə görə hər ay kirayə qismində ödənilmiş 800 manat kompensasiyanı şəxsən aldığından, müqavilənin bəyəndiyini bir daha nümayiş etdirmişdir. Ona görə də, mübahisələndirilən müqavilə, iki birgə mülkiyyətçidən birinin iştirakı olmadan, digər mülkiyyətçinin iştirakı ilə bağlandığı baxımından etibarsız hesab edilə bilməz. Mülkiyyətçilərdən biri müqavilənin etibarsızlıqla bağlı nəticələrinə gətirilməsi üçün imzanın ona məxsus olmadığını israr etmişdir. Lakin müəyyən olunmuşdur ki, şəxsi-maddi maraqlarının müdafiəsi üçün bunu söyləmiş, müqavilə sənədlərində imza onun özünə məxsusdur. Diqqətə alınmalıdır ki, mübahisəli müqavilədən xəbər tutan ikinci mülkiyyətçi, buna irad etdiyi, əmlakın sökülməsinə qarşı dayandığı və kompensasiya qismində aylıq 800 manat pulun qəbulundan imtina etdiyi halda, adı çəkilən müqavilə yalnız əmlakın ona aid hissədə müqavilə ləğv və ya etibarsız hesab edilə bilərdi. Lakin məhkəmə (hakim) müqaviləni bütövlükdə etibarsız hesab etmişdir. Halbuki, həmin müqavilənin mülkiyyətçi İddiaçı1 nisbətdə heç bir etibarsızlığa səbəb olan qanuni əsas yoxdur. Digər mülkiyyətçi də əmlakı söküldüyündən sonraki aylarda kirayə pulu qismində ödənilmiş 800 manatı əksər hallarda şəxsən olaraq qəbul etdiyindən müqaviləni bəyəndiyini göstərdiyindən, ümumiyyətlə müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Lakin məhkəmə yuxarıda qeyd edilən halları tam aydınlaşdırmamış, dəlillərə hüquqi qiymət verdiyi zaman nəzərə almamışdır. Halbuki, həmin hallar işin obyektiv həlli üçün əhəmiyyətlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

28. İddiaçı1 həmçinin bildirdi ki, cavabdeh tərəf elan verərək hamıya sahəsindən əlavə 20 kv.m. verəcəyini bildirib. Aşağı qeyri-yaşayış sahəsi isə 150 kv.m-ə yaxın olub. Cavabdeh onlardan evi satmaq üçün hər otağa görə 2.000 manatdan pul tələb edirlər. Bacısı Sevinc dünən kirayədə qaldığı evin pulunu ödəmək üçün cavabdehə yaxınlaşıb. Telefonla zəng etdikdə əvvəllər özünü layihə rəhbəri kimi təqdim edən şəxs onun artıq işdən çıxarıldığını bildirib. Cavabdeh yalandan hər ay pul verdiklərini qeyd etsələr də, yalnız bir dəfə pul verilib. 5.500 manat verilən pul kirayə puludur. Hazırda bina sökülüb.

29. İddiaçı2 suallara cavab olaraq bildirdi ki, birinci mərtəbədə adına bir mənzil var. Həmin mənzil ilə bağlı kompensasiya onu qane edib. Mənzilin təmiri üçün 200 manatdan ödəniləcəyini müqavilədə yazıblar. Bir illik kirayə pulu verdikdən sonra yenidən pul verilməyib. Sonuncu dəfə 2023-cü ildə bir illik verilib. Onun mənzilini veriblər, lakin onlar deyirlər ki, hər otağa görə 2.000 manatdan onlara pul versin, onun əvəzindən evi satsınlar. Onların əmlakçılarını ora gətirməyə icazə vermirlər. Həmçinin bildirdi ki, onun orada üç otaqlı qarşısında bir otaq artırması olan mənzili var idi. Onun əvəzində dörd otaqlı mənzil verdilər. Onlar ərizə yazdırdılar ki, evi satıb gedəcəyi təqdirdə onlar təmir pulunu verəcəklər. Lakin müqavilədə belə qeyd olunmayıb. Müqavilədə istəyə uyğun ya özünün, ya da onların təmir edə biləcəkləri əks olunub.

30. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

31. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

32. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı: Aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. İşə baxan məhkəmələr isə B.Qasımovun iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuş və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair qəbz mövcuddur. Lakin mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. Bu səbəbdən də Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusilə vurğulanmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası iddiaçıları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.

38. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, tərəflər arasında olan münasibətlərə düzgün hüquqi qiymət verilməmiş, bunun nəticəsi olaraq maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu isə mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır.

39. İşdən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, X6, 76 ünvanında yarımzirzəmidə yerləşən 66.8 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixdən iddiaçıların ümumi birgə mülkiyyətindədir. Həmin sahəyə dair cavabdeh "xxxx" MMC ilə İddiaçı1 arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən sözügedən qeyri-yaşayış sahəsinin təhvil verilməsi müqabilində MMC yeni tikiləcək binanın üçüncü mərtəbəsində ümumi sahəsi 85 kv.m olan 2 otaqlı təmirsiz mənzili öz vəsaiti ilə inşa edib iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

40. Birinci instansiya məhkəməsi sözügedən müqavilənin etibarsız hesab edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin qeyri-yaşayış sahəsi iddiaçıların birgə mülkiyyətində olmasına baxmayaraq, sadəcə mülkiyyətçilərdən biri olan İddiaçı1 ilə bağlanılmaqla, digər iddiaçı (mülkiyyətçi) İddiaçı2 qanunvericiliklə müəyyən olunmuş hüquqları pozulmuşdur. Buna görə də, «Giyaslı Group” MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə bağlandığı andan etibarsızdır və həmin müqavilə etibarsız hesab edilməlidir.

41. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşmayaraq hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə aşağıdakı əsasa görə etibarsız hesab edilməlidir.

42. Belə ki, Mülki Məcəllənin yuxarıda istinad olunan 222.2-ci maddəsinin tələblərinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

43. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, həmin ünvanda İddiaçı2 mülkiyyətində ayrıca mənzil də olmuş, həmin mənzilin əvəzinə yeni inşa ediləcək mənzilin təhvil verilməsi ilə bağlı onunla "xxxx" MMC ilə müqavilə bağlanmış, həmin müqavilə mübahisələndirilməmiş, yeni mənzil inşa edilənədək MMC tərəfindən ona kirayə haqqı ödənilmiş, həmin məbləğ onun tərəfindən qəbul edilmişdir.

44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, onun eyni ünvanda bacısı İddiaçı1 ilə ümumi birgə mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair sonuncu tərəfindən cavabdeh "xxxx" MMC ilə müqavilə bağlanacağı barədə məlumatlı olmaması, həmin müqavilənin bağlanmasına razılığının olmaması inandırıcı deyil.

45. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə cavabdeh tərəfindən iddiaçıların aldadılması əsası ilə etibarsız hesab edilməlidir.

46. Kollegiya ilkin olaraq qeyd edir ki, iş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsi təmirli olmuş, həmin sahədə sahibkarlıq subyektləri fəaliyyət göstərmişlər.

47. Belə olan halda, iddiaçılar tərəfindən gəlir mənbəyi olan 66.8 kv.m qeyriyaşayış sahəsinin binanın 3-cü mərtəbədə, 85 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzil ilə əvəz edilməsinə razı olmaları ağlabatan və inandırıcı deyil. O da qeyd edilməlidir ki, cavabdeh MMC tərəfindən tərtib edilmiş müqavilənin 2.1.3-cü bəndində iddiaçılara veriləcək mənzilin ümumi sahəsi 100 kv.m göstərilsə də, 6.6-cı bənddə artıq mənzilin ümumi sahəsi 85 kv.m göstərilmişdir.

48. Bundan başqa, işdə olan “whatsapp” tətbiqindən çıxarışlardan, habelə İddiaçı1 müqavilənin bağlanmasından sonra "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli şikayətin məzmunundan da aydın olur ki, İddiaçı1 “Tikinti Şirkəti” tərəfindən ona təmirli obyektin veriləcəyi barədə məlumatlar verildiyinə, lakin bu şərtlər müqavilədə qeyd edilmədiyindən aldadıldığına istinad edir.

49. Nəhayət, yuxarıda qeyd olunduğu kimi, cavabdeh MMC ilə iddiaçılardan İddiaçı2 mülkiyyətində olan mənzilə dair də ayrıca müqavilədə bağlanmış, onun mülkiyyətində olmuş mənzilin əvəzinə ona yeni mənzil verilmiş, həmin müqavilə onun tərəfindən mübahisələndirilməmişdir. Bu hal da onu deməyə əsas verir ki, təmirli qeyriyaşayış sahəsi əvəzinə iddiaçılara oxşar sahə verildiyi təqdirdə iddiaçılar hazırda xx.xx.2022-ci il tarixli müqaviləni mübahisələndirməzdilər.

50. O da qeyd edilməlidir ki, iddiaçılar tərəfindən sözügedən müqavilənin mübahisələndirilməsi ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi (müqavilə bağlandıqdan sonra cavabdeh MMC-nin əməkdaşı ilə "xxxx" tədbiqində yazışma, MMC-yə yazılı şikayətin göndərilməsi) Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir il ərzində həyata keçirilmişdir.

51. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1058/2024 nömrəli qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməli, İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və X4” müqavilə etibarsız hesab edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1058/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və X4” müqavilə etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 70 manat hissəsi iddiaçılara aid edilsin, qalan 30 manat hissəsi isə cavabdeh "xxxx" MMC-dən tutulub iddiaçılara ödənilsin. İş üzrə 02 noyabr 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 127 manat və 16 may 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 138 manat, ümumilikdə 265 manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar