Məhkəmə qərarları › İş №2(103)-4458/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4458/2022

03.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4458/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və qətnamənin düzgün icra edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavələrlə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyi Mərkəzi Ərzaq Anbarı rəisinin 18.06.2020-ci il tarixli 152 №-li, 28.12.2021-ci il tarixli 314 №-li əmrlərinin ləğv edilməsinə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsinə və 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 314 №-li, 28.12.2021-ci il tarixli əmrin ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 31 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3484/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə verilmədiyindən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3484/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərardadında göstərilənlərə əsasən ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmış, həmçinin qərardadla İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada şikayətlə müraciət edə bilməsi izah olunmuşdur. Bundan sonra İddiaçı Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15.03.2022-ci il tarixli qərardadından yenidən şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 11 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi qüvvəyə minmiş Azərbaycan Respublikasının MPM-in son dəyişikliyinə əsasən şikayətlərin də verilməsi məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi nəzərdə tutulmuşdur. Hazırki işin materiallarından isə göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsində “daxil olma T-1653” nömrə ilə 11 may 2022-ci il tarixdə qeydə alınmışdır. Göründüyü kimi iddiaçı tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verilmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.5-ci maddəsində görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadı 28 mart 2022-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmiş, iddiaçı tərəfindən verilmiş şikayətlər yuxarıda göstərilənlərə əsasən geri qaytarılmış, hazırki şikayət isə 11 may 2022-ci il tarixdə verilmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göründüyü kimi iddiaçı tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 411/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadından verilmi şikayət, şikayət verilməsi üçün qanunla müəyyən olunmuş müddət ötürülməklə verilməklə, müddətin bərpası barədə ərizə də təqdim edilməmişdir. Bununla belə birinci instansiya məhkəməsi həmin şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən baxmışdır. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1 və 363.1.3-cü maddələrinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə verilmədiyindən eləcə də şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən qeyri-mümkün hesab edilməli və şikayət iddiaçıya qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3484/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərardadı ilə elektron kabinet vasitəsilə verilmədiyindən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir; bundan sonra iddiaçı tərəfindən göstərilən nöqsanlar aradan qaldırılmadan yenidən birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından şikayəti elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş şikayətin qanunvericilikdə göstərilən qaydalara uyğun olmadan verilməsinə qiymət verməmiş və ikinci dəfə həmin şikayətə mahiyyəti üzrə baxmışdır. Bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar