Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4461/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-686/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli, R 036749 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında yaranmış borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-686/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, "xxxx" ASC tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli, R 036749 nömrəli akt qismən ləğv edilmiş, həmin akt əsasında yaranmış 3161 (üç min yüz altmış bir) manat məbləğində borc silinmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşmış onu mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi mülki işi qeyri-obyektiv araşdırmışdır, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozuması ilə qəbul edilmişdir. Bu səbəbdən, qətnamənin iddianın təmin edilən hissəində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 06 mart 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4354 ha olan torpaq sahəsi icarəçi X2 (hazırki iş üzrə iddiaçının atası) icarəyə verilmişdir. ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4354 ha olan torpaq sahəsi xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanan ərizədən görünür ki, Şəmkir rayonu Yenihəyat kəndində yaşayan İddiaçı elektrikin enerji sayğacında 4631.12 manat borc olduğu görünməkdədir. Lakin, həmin borcun nədən və hansı səbəbdən yaranması iddiaçıya məlum deyildir, bununla bağlı iddiaçıya heç bir rəsmi sənəd təqdim edilməmişdir. Təxminən 5-6 ay bundan əvvəl Şəmkir elektrik Şəbəkəsinin rəisi və rəis müavini onların istilikxanasında olmuşlar. Lakin, həmin baxışın nəticəsində onların yanında heç bir sənədləşmə işləri aparılmamışdır. Cavabdeh "xxxx" ASC tərəfindən verilən abunə saldosunda iddaçının borc məbləği 3888 manat deyil, 3161 manatdır. Hüquqi dəyərləndirmə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. İnzibati İcraat haqqında qanunun 67.1-ci maddəsinə əsasən, İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və ya məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, rayon məhkəməsi tərəfindən iş üzrə faktiki hallara uyğun olaraq maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyindən və nəticədə iş üzrə düzgün qənaətə gəlindiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-686/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4461/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4461/2022
30.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver