Məhkəmə qərarları › İş №2(103)-4463/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4463/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4463/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(006)-4490/2024 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyun 2025-ci il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddia tələbinin qismən təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən ilk dəfə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Həmin şikayətin icraata qəbul edilməsi ilə bağlı iş üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş qərardadlar ilə, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2280/2025 saylı qərardadlar ilə müəyyən edilmişdir ki, həmin apellyasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmişdir. Prosessual müddəti ötürmüş cavabdeh isə “ötürülmüş prosessual müddətin bərpası haqqında” ərizə verməmişdir. Buna görə də apellyasiya şikayəti qaytarılmalıdır. Bundan sonra cavabdeh xx.xx.2025-ci il tarixdə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən yeni apellyasiya şikayəti vermişdir. O, eyni zamanda “ötürülmüş prosessual müddətin bərpası haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilk dəfə verilmiş apellyasiya şikayəti cavabdehə qaytarılsa da, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə qaytarılmamış, cavabdehin isə maddi vəziyyəti ağır olduğu üçün o, dövlət rüsumunu yenidən və vaxtında ödəyə bilməmişdir. Hazırda isə o borc alaraq dövlət rüsumunu ödəmək və bununla əlaqədar olaraq yeni apellyasiya şikayəti vermək imkanını əldə etmişdir. “Ötürülmüş prosessual müddətin bərpası haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin təmin edilməməsini və cavabdeh tərəfindən yenidən verilmiş apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “ötürülmüş prosessual müddətin bərpası haqqında” ərizənin təmin edilərək, qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə cavabdehə təqdim edilməmiş, cavabdeh qətnamədən xəbərsiz olmuşdur. Cavabdeh qətnamənin mövcudluğundan icra məmurunun zəngindən sonra xəbər tutmuşdur. Bundan sonra cavabdeh, ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş və qətnamə Rayon Məhkəməsi tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Qətnaməni aldıqdan sonra isə cavabdeh 4 gündən sonra, yəni xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh qətnamənin ona xx.xx.2025-ci il tarixdə əldə etməsi barədə məlumatı qətnamədən ilk dəfə verdiyi apellyasiya şikayətində göstərmişdir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetindən istifadə edə bilmir və həmin sistemdə olan sənədlərin ora yerləşdirilməsinə nəzarət imkanı yoxdur. Buna görə də, o, ekabinetinə yerləşdirilmiş qətnaməni əldə edə bilməmişdir. Lakin Rayon Məhkəməsi bunu da nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in tələblərinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.). Cavabdehin “ötürülmüş prosessual müddətin bərpası haqqında ərizəsinin təmin edilməməsi barədə” Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayətdə göstərdiyi dəlillər hazırkı iş üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş qərardadların, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2280/2025 saylı qərardadının əsassız olması fikrini yürütməyə yönəlmişdir. Bu yolverilməzdir. Buna görə də, Məhkəmə həmin dəlillərin əsaslılığını yoxlaya bilməz. Həmin qüvvəyə minmiş qərardadlar ilə müəyyən edilmişdir ki, cavabdehin qətnamədən ilk dəfə verdiyi apellyasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmişdir. Prosessual müddəti ötürmüş cavabdeh isə “ötürülmüş prosessual müddətin bərpası haqqında” ərizə verməmişdir. Buna görə də apellyasiya şikayəti qaytarılmalıdır. Lakin bundan sonra cavabdeh “ötürülmüş prosessual müddətin bərpası haqqında” ərizə verərək, ərizəni onunla əsaslandırmışdır ki, ilk dəfə verilmiş apellyasiya şikayəti ona qaytarılsa da, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ona qaytarılmamış, onun isə maddi vəziyyəti ağır olduğu üçün o, dövlət rüsumunu yenidən və vaxtında ödəyə bilməmişdir. Hazırda isə o borc alaraq dövlət rüsumunu ödəmək və bununla əlaqədar olaraq yeni apellyasiya şikayəti vermək imkanını əldə etmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız sayır. Çünki cavabdeh yeni apellyasiya şikayəti verərkən, dövlət rüsumunun daha əvvəl onun tərəfindən ödənildiyini və bununla bağlı “Ödəniş qəbzini” şikayətə əlavə etməklə, dövlət rüsumunu bir daha ödəməkdən azad ola bilərdi. Lakin cavabdeh bunu etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə cavabdehin e-kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Bu məsələyə MPM-in tələblərindən yanaşdıqda müəyyən edilir ki, qətnamə cavabdehə rəsmi qaydada çatdırılmışdır. Çünki MPM-in 10-1.3-cü maddəsi məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılmasının elektron kabinet vasitəsilə həyata keçirilməsini nəzərdə tutur və MPM-in 10-1.5-ci maddəsinin tələbi ondan ibarətdir ki, bu qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Cavabdeh qərardaddan verdiyi şikayətdə elektron kabinetindən istifadə edə bilmədiyini bildirsə də, hazırkı iş üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş qərardadlar ilə, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2280/2025 saylı qərardadı ilə müəyyən edilmişdir ki, qətnamə cavabdehə e-kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Beləliklə də, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin verdiyi “ötürülmüş prosessual müddətin bərpası haqqında” ərizənin təmin edilməməsi barədə qərardadı qəbul etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad qanuni, əsaslı və işin hallarına uyğundur. Həmin qərardaddan cavabdehin verdiyi şikayət əsassızıdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyun 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar