Məhkəmə qərarları › İş №2(103)-4466/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4466/2021

26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4466/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(007)-2669/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı il buraxılışlı olan boz metalik rəngli, WBANE33587CS3997 BAN nömrəli, ** ED *** dövlət nömrə nişanlı BMW 525XA minik markalı avtomobilin alınaraq ona verilməsi, cavabdeh X4 650 ABŞ dolları və 250 manat pulun və hər iki cavabdehdən müştərək qaydada hər ay üçün 3000 manat olmaqla 14 aprel 2020-ci il tarixdən bu günədək öz avtomobilindən istifadə edəbilmədiyi üçün 13500 manat maddi ziyan və 2000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “Azure” biznes mərkəzində işləyirdi. Həmin zaman Səbuhi Veyisovunda həmin Biznes mərkəzində ofisi var idi və orada avtomobillərin satışı ilə əlaqədar fəaliyyət göstərirdi. 14 aprel 2020-ci il tarixdə Səbuhi Veyisovun təklifi əsasında 2014-ci il buraxılış ili olan “BMV F10 M” paket avtomobili gətirmək üçün ona məxsus olan 2006-cı il buraxılışlı olan boz metalik rəngli WBANT33597CS39971 BAN nömrəli ** ED *** dövlət nömrə nişanlı BMW 525XA minik markalı avtomobilini 650 ABŞ dollarını və 250 manat pulunu almışdır. Həmən gün Səbuhi Veyisov ona avtomobilsiz qalmaması üçün müvəqqəti olaraq öz avtomobili gələnə qədər “Hunday” markalı avtomobili onun istifadəsinə vermişdir. Sonradan ona məlum olmuşdurdur ki, Səbuhi Veyisov onu aldatmış, onun əmlakını elə keçirtmişdir. O, polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və 9 may 2020-ci il tarixdə ona verilən avtomobili ondan təhvil almışlar. 14 aprel 2020-ci il tarixdə X9 onu aldadaraq 2006-cı il buraxılışlı olan boz metalik rəngli, WBANF33597CS39971 BAN nömrəli ** ED *** dövlət nömrə nişanlı BMW525XA minik markalı avtomobilini 650 ABŞ dollarını və 250 manat pulunu 2014-cü il buraxılışlı “BMV F10” avtomobilinin gəlirilməsi adı ilə ələ keçirtmiş və Bakı şəhər Nizami rayon Polis İdarəsində şikayəti əsasında Azərbaycan Respublikasının CM-nin 178.2.1. 1782.2. 178.2.3 və 178.2.4 başlanılan cinayət işi üzrə X9 və digər şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilmişlər və barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Aparılan cinayət işi üzrə ona məxsus avtomobilin heç bir hüququ olmayan Cavabdeh istifadəsində olduğu müəyyən edilmiş və avtomobilin saxlanılması üçün müvafiq tədbirlər görülməyə başlanılmışdır. İş üzrə digər Cavabdeh onun avtomobilinin heç bir hüququ olmadan və ona konslitusiyon hüquqlarına zidd olaraq nə ona, nədə ki Polis İdarəsinə avtomobili təqdim etmir. Cavabdeh bu qanunsuz əməlləri nəticəsində bu gündə ona öz avtomobili qaytarılmamış və ona vurulmuş maddi və mənəvi ziyan ödənilməmişdir. İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, 2006-cı il buraxılışlı olan boz metalik rəngli, WBANE33587CS39971 BAN nömrəli, ** ED *** dövlət nömrə nişanlı, BMW 525Xİ minik markalı avtomobilin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, İş № 2(007)-2669/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, ** ED *** dövlət nömrə nişanlı BMW 525Xİ minik markalı avtomobilin Cavabdeh alınaraq İddiaçı geri qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(007)-2669/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, ** ED *** dövlət nömrə nişanlı, BMW 525Xİ minik markalı avtomobil hazırda cavabdehin mülkiyyətindədir. O, sözügedən avtomobili X4 etibarnamə əsasında 11.000 manata almışdır. Maşının təmiri üçün ona əlavə xərclər çəkmişdir. Cavabdeh V.Səbuhinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə işin faktiki hallarını nəzərə almadan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(007)-2669/2020 saylı qətnaməsini qəbul etmişdir ki, həmin qətnamə cavabdehin qanunla qorunan hüquq və mənafelərinə ziddir. O, məhkəmə prosesləri zamanı dəfələrlə Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əfgqan Hacıyevin icraatında 1(101)-1038/2020 saylı cinayət işi ilə əlaqəli işin olduğunu bildirsədə, məhkəmə icraatı dayandırmamış və iş üçün əhəmiyyətli olan halları müəyyən etmədən həmin qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, X5 təqsirləndirildiyi cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınsa da, mülki iddia irəli sürməmişdir. Həmin mülki iş üzrə artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmü mövcuddur. Həmin hökm Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hökmlə iddiaçıya mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmuşdur. İddiaçının mülkiyyətində olan avtomobil heç bir qanuni əsas olmadan cavabdehdədir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, teleqram göndərərək, səhhəti ilə bağlı işin baxılmasının təxirə salınmasını xahiş etmiş, səhhəti ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə kollegiyası cavabdehin gəlməməyin səbəblərini üzürlü hesab etməyərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: AC 465427 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ED *** dövlət nömrə nişanlı, “BMW 525Xİ” minik markalı avtomobil İddiaçı adına 07 aprel 2015-ci il tarixdə qeydə alınmışdır. İddiaçı ilə X9 arasında bağlanmış 14 aprel 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, sifarişçi İddiaçı 2014-cü il buraxılışı olan, “BMV F10” markalı avtomobili gətirməyi sifariş etmiş, bunun əvəzində avtomobilin dəyərinin 17 000 manat məbləğini nağd ödəyib, qalan 19080 manat məbləğini isə 36 ay ərzində icraçı X6 ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 22 aprel 2020-ci il tarixdə notarial qaydada yazılmış ərizənin surətindən görünür ki, 15.04.2020-cu il tarixində 6 saylı notariat kontorunda X6 7E-14640 nömrə ilə qeyd olunmuş etibarnamə verdiyini bildirmiş və həmin etibarnamənin ləğv edilməsini xahiş etmişdir. 22 iyun 2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətindən görünür ki, 06 may 2020-ci il tarixdə X9 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılır. Cinayət işinin başlanmasına səbəb, X1 ərizəsi əsasında toplanmış material, əsas ilə X5 10 fevral 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 18 saylı notariat kontorunda tanışı X3 məxsus “Changan CS35” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair sadə etibarnamə əvəzinə aldadaraq sonuncudan baş etibarnamə alması və onun xəbəri olmadan həmin avtomobili digər şəxsə sataraq Nərminə Qəbərovaya ümumilikdə 18.000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi faktı olmuşdur. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. “İnsan Hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləriilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsisinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ** ED *** dövlət nömrə nişanlı, “BMW 525Xİ” minik markalı avtomobili 07 aprel 2015-ci il tarixdə İddiaçı adına qeydə alınmış və bununla bağlı ona AC 465427 nömrəli şəhadətnamə verilmişdir. Avtomobil etibarnamə ilə X6 verilmişdir. X9 da öz növbəsində avtomobili etibarnamə ilə Cavabdeh vermişdir. İddiaçı 22 aprel 2020-ci il tarixdə notarial qaydada ərizə yazaraq, 15.04.2020-cu il tarixində 6 saylı notariat kontorunda X6 7E-14640 nömrə ilə qeyd olunmuş etibarnamə verdiyini bildirmiş və həmin etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı, X9 ilə 14 aprel 2020-ci il tarixli müqavilə bağlayaraq, 2014-cü il buraxılışı olan “BMV F10” markalı avtomobili gətirməyi sifariş etmiş, bunun əvəzində avtomobilin dəyərinin 17000 manat məbləğini nağd ödəyib, qalan 19080 manat məbləğini isə 36 ay ərzində icraçı X6 ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında şifahi razılaşmaya əsasən həmin müqavilə üzrə ödəniş məbləğinin müəyyən hissəsi əvəzində ona məxsus olan avtomobili etibarnamaə ilə X6 vermişdir. Sonuncu isə öz növbəsinə avtomobili etibarnamə ilə Cavabdeh vermişdir. Bundan başqa, zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 iyun 2020-ci il tarixli Qərarın surətindən görünür ki, 06 may 2020-ci il tarixdə X9 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılır. Cinayət işinin başlanmasına səbəb, X1 ərizəsi əsasında toplanmış material, əsas ilə X5 10 fevral 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 18 saylı notariat kontorunda tanışı X3 məxsus “Changan CS35” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair sadə etibarnaməəvəzinə aldadaraq sonuncudan baş etibarnamə alması və onun xəbəri olmadan həmin avtomobili digər şəxsə sataraq Nərminə Qəbərovaya ümumilikdə 18.000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi faktı olmuşdur. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 1(101)-286/2021 saylı hökmün surətindən görünür ki, X10 və X8 AR CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunduqları cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, ona mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli, 1(103)-598/2021 saylı hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 1(101)-286/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ** ED *** dövlət nömrə nişanlı “BMW 525Xİ” minik markalı avtomobili hal-hazırda ondadır. Göründüyü kimi hazırda AC 465427 nömrəli şəhadətnamə əsasında İddiaçı adına qeydə alınmış ** ED *** dövlət nömrə nişanlı, “BMW 525Xİ” minik markalı avtomobili X5 qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsisinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə əmlak iddiasının mülkiyyətində olmalı, cavabdehin sahibliyində olmalı, həmin sahiblik qanunsuz olmalıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı tələbi əsaslı olduğundan təmin edilməli və həmin avtomobil Cavabdeh artıq qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, İş № 2(007)-2669/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar