Məhkəmə qərarları › İş №2(103)-4467/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4467/2021

21.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4467/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12.02.2021-ci il tarixli qərardaddan cavabdehlərin birgə verdikləri şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən mülki iş başlanmışdır. Bundan sonra iddiaçılar “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 məxsus olan “Renault Megane” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı və “Renault Megane” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə işə mahiyyəti üzrə baxılıb qurtarana kimi həbs qoyulması və avtomobillərin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.02.2021-ci il tarixli qərardadı ilə ərizəni qismən təmin edərək avtomobillərin üzərinə həbs qoyulmasını qərara almışdır. Cavabdehlər həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi 12.03.2021-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (maddə 157.1.). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157.2.). İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, müəyyən hərəkətlərin edilməsi cavabdehə və ya başqa şəxslərə qadağan edilə bilər (maddə 158.1.1. - 158.1.3.). “İddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin edilməməsini xahiş edən cavabdehlər, tələblərini onunla əsaslandırırlar ki, Rayon Məhkəməsi Cavabdeh1 məxsus olan avtomobillərin üzərinə həbs qoymaqla səhv nəticəyə gəlmişdir. Çünki iddiaçılar tərəfindən irəli sürülmüş iddianın Cavabdeh1 aid hissəsi tam əsassızdır; Cavabdeh1 ilə iddiaçılar tanış deyil; iddiaçılar Cavabdeh1 yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatında olduğundan istifadə edərək onu iddia ərizəsində cavabdeh kimi göstərməklə iddianın Bakı şəhərində baxılmasına zəmin yaratmışlar. Bundan başqa nəzərə alınmalıdır ki, avtomobillər başqa şəxslərin istifadəsindədir. Müzakirə edilən məsələnin həlli və şikayətin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh1 əsl cavabdeh olmaması barədə cavabdehlərin dəlilinə işin hazırki mərhələsində qiymət vermək qeyri-mümkündür, bu dəlilin əsaslı olub-olmamasına işə mahiyyəti üzrə baxıldıqdan sonra iş üzrə yekun qərar qəbul edilən zaman qiymət verilə bilər. Lakin hazırki mərhələdə nəzərə alınmalıdır ki, mülki işin icraatının başlanmasına əsas olmuş iddia tələbinin cavabdehlərdən biri olan Cavabdeh1 aid hissədə rədd edilməsi ehtimalı olduğu kimi tam və ya qismən təmin edilməsi də istisna edilmir. Odur ki, qətnamənin gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə iddianın təmini tədbirinin görülməsi zəruridir və işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, üzərinə həbs qoyulmuş avtomobillər başqa şəxslərin istifadəsində olması hazırki iş üzrə cavabdehlərə əsas vermir ki, onlar həmin şəxslərin adından çıxış edərək həbsin ləğv edilməsini tələb etsinlər. Belə ki, cavabdehlər həmin şəxslərin nə faktiki, nə də ki, qanuni nümayəndələr deyillər. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehlərin qərardaddan birgə verdikləri şikayət əsassızdır; barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır; qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar