Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4467/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-69/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Maliyyə arayışına əsasən İddiaçı sifariş müqaviləsinə əsasən zirzəminin 1-ci mərtəbəsinin 60 saylı avtomobil dayanacağının dəyərinin tam hissəsi olaraq 15.000 manat pulu Cavabdeh MMC-nin xəzinəsinə ödəmişdir, borcu yoxdur.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 22 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda inşa edilmiş binanın mənfi birinci və mənfi ikinci mərtəbələrində 5600 m2 olan yarımzirzəmi "xxxx" MMC-nin maliyyə arayışına, həmin MMC ilə X2 arasında bağlanmış müqaviləyə və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-5052/17 nömrəli qərardadına əsasən xx.xx.2020-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.000 manat məbləğində pulun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsi 1055-ci məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasının zirzəmisinin 1-ci mərtəbəsində yerləşən 60 saylı avtomobil dayanacağının dəyərini təşkil edən 15.000 manat məbləğində pul onun tərəfindən Cavabdeh MMC-yə tam olaraq ödənilmiş və borcunun olmaması barədə MMC-nin direktoru Bəxtiyar Məmmədov tərəfindən imzalanmış «Maliyyə arayışı» verilmişdir. Avtomobil dayanacağı dəyərini ödədiyi gündən hazırki vaxtadək onun sahibliyində və istifadəsində olmuşdur, hazırda da istifadə edir. Lakin avtomobil dayanacağına dair ona «Maliyyə arayışı» verilməsinə baxmayaraq, müqavilə təqdim edilməmişdir və müqavilə ilə bağlı müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Dəfələrlə tələb etsə də, ona avtomobil dayanacağının müqaviləsini təqdim etməmişlər. Bu səbəbdən, hazırki vaxtadək aldığı əmlaka hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilməmişdir. Hər dəfə bununla bağlı müraciət etdikdə ona gözləməli olduğu, müəyyən hüquqi məsələlər həll edildikdən sonra bütün digər sakinlər kimi onun da avtomobil dayanacağına çıxarışının veriləcəyi bildirilmişdir. Sonda onunla müqavilə bağlanmayacağı, avtomobil dayanacağının yerləşdiyi qeyri-yaşayış sahəsinə dair başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olduğu bildirilmişdir. Belə olan halda, o, avtomobil dayanacağına görə ödədiyi pulu geri almaq qərarına gəlmişdir. Hesab edir ki, MMC tərəfindən ona vurulmuş ziyan ödənilməlidir. Belə ki, əgər MMC pulunu aldıqdan sonra avtomobil dayanacağını onun mülkiyyətinə vermiş olsaydı və o, həmin avtomobil dayanacağını başqa şəxsə özgəninkiləşdirsəydi, o halda həmin əmlakın dəyəri qədər fayda əldə etmiş olardı. Avtomobil dayanacağının hazırki real dəyəri 15.000 manat deyil, 30.000 manat təşkil edir. Odur ki, cavabdehdən onun xeyrinə 30.000 manat tutulmalıdır.
5. Məhkəmə iclasında Şahid1, Şahid2, Şahid3, Şahid4 Ağamahmud oğlu, X7 və X3 şahid qismində dindirilmişlər.
6. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışı hazırki iş üzrə şahid qismində çıxış edən X7 tərəfindən tərtib olunmuşdur. Şahid qismində dindirilmiş X1 ifadəsindən də aydın olmuşdur ki, o, hazırki işdə cavabdeh qismində iştirak edən şirkətin direktorunun oğludur və bu münasibətlərdə o da iştirak etmiş, iddiaçının həyat yoldaşı Ayaz Həsənova 15.000 manat pul müqabilində qaraj satmış və maliyyə arayışı təqdim etmişdir. X12 həmin arayışı Rafət adlı şəxsə təqdim etmişdir. Rafət isə sözügedən arayışı məhv etmiş və əvəzinə yeni maliyyə arayışı təqdim etmişdir. Bu səbəbdən iddianı həmin hissədə qəbul etmirlər. Lakin iddianın “iddiaçının həyat yoldaşı tərəfindən 15.000 manat məbləğində ödəniş edilməsi və iddiaçı tərəfə 60 saylı qarajın satılmasına dair” hissəsi ilə razıdırlar. Hazırda sözügedən qaraj iddiaçı tərəfindən maneəsiz olaraq istifadə olunur. Onlar tərəfindən də qarajın istifadəsi ilə bağlı hər hansı bir maneə yaradılmır.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 856/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3313; 4/771 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan 15.000 manatın ödənilməsi və borcu olmaması barədə maliyyə arayışında Cavabdeh MMC-nin direktoru qrafasındakı imza – X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
9. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən ünvan 1 Cavabdeh MMCnin inşa etdiyi yaşayış binasının zirzəmisində yerləşən 60, 63 və 64 saylı avtomobil dayanacaqlarının hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 75.000 (3 x 25.000) manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 856/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məlumatına əsasən ekspert vəsatəti icra edilmədiyindən qərardad icrasız qalaraq mülki iş materialları məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 69/2024 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilmiş, 15.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 135 manatının Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, 110 manat ekspertiza xərcinin Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehdən avtomobil dayanacağı almaq üçün 15.000 manat pulu cavabdehin xəzinəsinə ödəmişdir. Bunu həm maliyyə arayışı, həm də şahid X1 ifadəsi təsdiq edir. İddiaçı həmin dayanacaqdan uzun müddət ərzində təyinatı üzrə istifadə etmişdir. Lakin tərəflər arasında həmin dayanacağın alğısatqısına dair müqavilə bağlanmamış, iddiaçı öz adına hüquqmüəyyənedici sənəd ala bilməmişdir. İddiaçı bununla bağlı cavabdehə pretenziya məktubu ilə müraciət etmiş, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, şahid X3 hazırda iddiaçının adına dayanacağa dair hüquqmüəyyənedici sənədi alması üçün zəruri sənədləri təqdim edə biləcəklərini göstərsə də, lakin həmin qarajın yerləşdiyi yerin mülkiyyətçisi cavabdeh deyil, başqa şəxsdir.
15. Göründüyü kimi, tərəflər arasında öhdəlikləri və vəzifələri, həmin öhdəlik və vəzifələrdən irəli gələn məsuliyyəti və yaranacaq mübahisələrin həlli qaydasını, həmçinin fors-major halları təsbit edən müqavilə yoxdur. Bu müqaviləni nə iddiaçı tərəf, nə cavabdeh tərəf məhkəməyə təqdim edə bilməmişlər. Məhkəməyə təqdim edilmiş yeganə sənəd maliyyə arayışıdır.
16. Həmin maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəf iddiaçıya avtomobil dayanacağı satmaq adı ilə 15.000 manat pul almış, lakin yuxarıda adı çəkilən avtomobil dayanacağını iddiaçıya satmamış, bununla bağlı müqavilə bağlamamış, digər sözlə ifadə etdikdə əsassız varlanmışdır.
17. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ödənilmiş 15.000 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, göründüyü kimi, iddiaçı dəymiş ziyanın əvəzi olaraq 30.000 manat məbləğində pul tələb edir. Halbuki, işdə olan sənədlərlə, eləcə də məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə müəyyən olunur ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması zamanı mübahisəli qarajın qiyməti 15.000 manat təşkil etmişdir. Digər tərəfdən iddiaçı ona ziyanın dəydiyinə istinad etmiş olsa da, əksinə, göründüyü kimi mübahisə predmeti olmuş qaraj hazırki dövrə kimi iddiaçının faktiki istifadəsində olmaqla, avtomobilini orada saxlamaqla yararlanmış, həmçinin bununla bağlı cavabdeh tərəfindən qarajdan istifadə ilə bağlı hər hansı bir maneə yaradılmamışdır. Bütün bu halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ona vurulmuş zərərin nədən ibarət olduğunu sübuta yetirə bilmədiyindən, iddia tələbi sübuta yetirilmiş hissədə, yəni şirkətə ödədiyi 15.000 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində təmin edilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 14.2.7, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin “15.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 135 manatının Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilərək, CavabdehMMC-dən 30.000 manat pul vəsaitinin və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla həmçinin qeyd edilmişdir ki, qətnamə ümumilikdə ədalətli və qanuni olsa da, cavabdehdən onun xeyrinə tutulan pul məbləği ədalətli deyildir və adı çəkilən qarajın alınması və indiki dövr arasındakı qiymət fərqi nəzərə alınmadan çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, ərizəyə qeyd olunanları təsdiq edən hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilməli, 10.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 manatı (birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan 135 manatdan əlavə) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin inşa etdiyi yaşayış binasının zirzəminin 1-ci mərtəbəsinin 60 saylı avtomobil dayanacağını almaq məqsədilə cavabdehin xəzinəsinə 15.000 manat pul ödəmiş, lakin tərəflər arasında həmin dayanacağın alğı-satqısına dair müqavilə bağlanmamışdır. Buna görə iddia tələbi qismən təmin edilmiş, ödənilmiş 15.000 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnaməni bu hissədə mübahisələndirməmişdir.
31. İş üzrə həmçinin müəyyən olunur ki, ünvan 2 ünvanda inşa edilmiş binanın mənfi birinci və mənfi ikinci mərtəbələrində 5600 m2 olan yarımzirzəmi xx.xx.2020-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.
32. Göründüyü kimi, cavabdeh MMC inşa etdiyi yaşayış binasının zirzəmisində yerləşən 60 saylı avtomobil dayanacağını iddiaçı tərəfindən ödənilmiş 15.000 manat pul qarşılığında ona verməyi öhdəsinə götürmüş, lakin sonradan X5 ilə arasında bağlanmış müqaviləyə əsasən binanın mənfi birinci və mənfi ikinci mərtəbələrində 5600 m2 olan yarımzirzəmi X2 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçməklə mülkiyyətinə verilmişdir.
33. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Eyni zamanda, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
34. İddiaçı avtomobil dayanacağının hazırki dövrə dəyərinin 30.000 manat olmasını iddia edərək həmin vəsaitin cavabdehdən tutulmasını tələb edir.
35. İşdə olan ekspert rəyi ilə müəyyən edilir ki, ünvan 1-də Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasının zirzəmisində yerləşən 60 saylı avtomobil dayanacağının hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 25.000 manat təşkil edir.
36. İşə baxan birinci instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsi ilə bağlı qeyd etmişdir ki, işdə olan sənədlərlə, eləcə də məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə müəyyən olunur ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması zamanı mübahisəli qarajın qiyməti 15.000 manat təşkil etmişdir. Digər tərəfdən iddiaçı ona ziyanın dəydiyinə istinad etmiş olsa da, əksinə, göründüyü kimi mübahisə predmeti olmuş qaraj hazırki dövrə kimi iddiaçının faktiki istifadəsində olmaqla, avtomobilini orada saxlamaqla yararlanmış, həmçinin bununla bağlı cavabdeh tərəfindən qarajdan istifadə ilə bağlı hər hansı bir maneə yaradılmamışdır. Bütün bu halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ona vurulmuş zərərin nədən ibarət olduğunu sübuta yetirə bilmədiyindən, iddia tələbi sübuta yetirilmiş hissədə, yəni şirkətə ödədiyi 15.000 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində təmin edilməlidir.
37. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, qaraj xx.xx.2020-ci il tarixdən başqa şəxsin mülkiyyətinə verildiyindən iddiaçının qarajdan faktiki istifadəsi ilə bağlı ona zərər vurulmaması Cavabdeh MMC-nin fəaliyyəti ilə əlaqələndirilə bilməz.
38. Bundan başqa, hazırda iddiaçı tərəfindən oxşar qarajın əldə edilməsi üçün 25.000 manat məbləğində vəsait tələb edilir.
39. İş materialları ilə müəyyən edilir ki, iddiaçı hal-hazıradək qarajdan istifadə edir, yəni onun qaraja ehtiyacı var və iddiaçı tərəfindən hazırda başqa oxşar qarajın əldə edilməsi üçün cavabdehə ödənilmiş 15.000 manat vəsaitdən əlavə 10.000 manat məbləğində vəsait tələb olunur. Bu əlavə xərcin yaranmasına səbəb isə cavabdeh tərəfindən dəyəri ödənilmiş qarajın iddiaçıya deyil, başqa şəxsin mülkiyyətinə verilməsidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-69/2024 nömrəli qətnaməsi apellyasiya predmetinin baxışı olan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 10.000 manat məbləğində vəsait, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 30 manatı (birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan 135 manatdan əlavə) və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 60 manatı tutularaq İddiaçı ödənilsin. İddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: