Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4469/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4469/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-899/2023 saylı 01 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qusar şəhərində kommersiya fəaliyyəti ilə, o cümlədən tikinti materiallarının satışı ilə məşğul olur. 2017-ci ilin dekabr ayında Cavabdeh Qusar şəhərində Qusar-Xudat yolunun sol tərəfində yerləşən, iddiaçıya məxsus olan tikinti materiallarının satışı mağazasının həmin vaxt mağazanın müdiri işləyən, əvvəlcədən tanıdığı Şahid müraciət edərək, Qusarda inşa etdiyi yaşayış evinin tikintisi üçün, tikinti başa çatana kimi, tikinti materiallarını ondan almaq istədiyini, tikinti materiallarını aparandan sonra vaxtaşırı uyğun olaraq onun dəyərini ödəyəcəyini bildirib. Şahid iddiaçının razılığı ilə 13 dekabr 2017-ci il tarixindən başlayaraq cavabdehə tikinti materiallarını borca verib, cavabdeh də vaxtaşırı ona apardığı malların dəyərini ödəyib. Cavabdeh 13 dekabr 2017-ci il tarixindən başlayaraq 21 sentyabr 2020-ci il tarixinə kimi 71862.27 manat dəyərində tikinti materallarını borca almış, onun 55304,27 manat dəyərini ödəmiş,16558,0 manat borcu qalmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən qeyd edilən qalıq borc qaytarılmamışdır. Cavabdeh,iddiaçıya məxsus mağazadan tikinti materiallarının apardığını və göstərilən miqdarda borcun qaldığını,etiraf edir.Həmçinin cavabdehin həmin mağazadan yuxarıda göstərildiyi dəyərdə tikinti materiallarını alması və onun 16558,00 manat borcun qalması iddia ərizəsinə əlavə edilən “Kontragentlər üzrə hesablaşmalar” sənədi ilə təsdiq olunur. Qeyd edilənlərə əsasən Cavabdeh 16558,00 manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli e-2(007)- 899/2023 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, bütün subutları məhkəməyə təqdim etsə də hakim tərəfindən onlara düzgün qiymət verilməmişdir. Hakim tərəfindən məhkəməyə təqdim etdiyi nə yazılı sübutlara nə də ki dindirilməsi üçün məhkəməyə dəvət olunmuş şahidin izahatları subut kimi düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəməyə sübut kimi təqdi etdiyi “Krontragentlər üzrə hesablaşmalar” sənədində həqiqətəndə tərəfindən Cavabdeh ayr-ayrı vaxtlarda tikinti materialları satıldığı və cavabdeh tərəindən onların dəyərinin alındıqdan bir müddət sonra ödənildiyi görünür. Lakin hakim tərəfindən nəinki təqdim etdiyi subuta düzgün qiymət verilmədi heç sübut kimi qəbul da edilmədi. Daha sonra isə şahid kimi məhkəmə prossesindən dindirilmiş ona məxsus tikinti materialları dükanında satıcı kimi işləmiş Şahid dindirilməyinə baxmayaraq onun da izahatı sübut kimi qəbul edilmədi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
13. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
14. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamənin qanunililiyi və əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, “Kontragentlər üzrə hesablaşmalar” adlı sənəddə qeyd olunur ki, kontragent “İlham B.Muruq Bakı”adlı müştəri vöen nömrəsi ********** olan sahibkar İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək müxtəlif inşaat materialları almış və onun həmin tarixə 16558 manat borcu qalmışdır.
20. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə verən X3 qeyd etmişdir ki, o, Mübarizin tikini materialları mağazasında satıcı işləyirdi. İlham 2017-ci ildən 2020-ci il tarixlərədək həmin mağazadan nisyə olaraq 7862.27 manat məbləğində tikinti malları alıb, həmin malların dəyərinin 55304,27 manatını qaytarıb, qalan 16558 manatını isə qaytarmayıb. Dəfələrlə borcun ödənilməsini tələb etmişlər, lakin İlham borcunu qaytarmayıb. Malların təhvil verilməsi qaimələri yoxdur. Aralarında inam və etibar oluduğuna görə qaimə almamışdır. Kompyuter bazasında borc barədə məlumatlar var. Satış elektron qaydada kompyuterdə olub. O, şəxsən həmin materialları müşahidə altında cavabdehin evinə təhvil vermiş. Tikinti materillarını aparıb Qusarın “Zelonnıy Buqar” qəsəbəsində yerləşən evinə təhvil vermişlər, dəmir profillər üçün kran lazım olanda özü şəxsən həmin kranı gətirdib, profilləri boşaltdırmışdır. Nabran qəsəbəsində ev tikirdi onun prorabı Ənvərlə birlikdə getmişlər və malları təhvil vermişlər.
21. Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşan kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, tikinti materiallarını cavabdehə satmasına dair heç bir sübut təqdim etməmişdir.
23. İddiaçının məhkəməyə təqim etdiyi “Kontragentlər üzrə hesablaşmalar” adlı sənəd isə onun özü tərəfindən birtərəfli qaydada tərtib olunmuş sənəddir və bu sənəd cavabdeh tərəfindən təsdiq olunmamışdır, dindirilmiş şahid isə iddiaçıya məxsus mağazanın satıcısıdır və onun dedikləri iddianın təmin olunması üçün əsas ola bilməz.
24. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
26. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
28. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-899/2023 saylı iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova