Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4476/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahvediyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X3, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Qusar rayon notariat ofisi, Bakı şəhəri 51 saylı notariat ofisi, 3 saylı Bakı "Asan Xidmət" mərkəzində notariat ofisi, Bakı şəhəri 09 saylı notariat ofisi və Bakı şəhəri 14 saylı notariat ofisi üçüncü şəxslər olmaqla “ərizənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2021ci il tarixli 2(006)-2631/2021 saylı qərardadından cavabdehin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından etibarından suiistifadə edilməklə yazılmış 14 adda ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi-vəkili X3 iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, gələcəkdə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh təsisçisi olduğu “xxxx” MMC-nin, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov, 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,29 ha torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin, Qusar rayonu, Balaqusar kəndində yerləşən 138.1 kv.m. sahəsi olan mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzilin, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin, ünvan 13 kv.m. fərdi yaşayış evinin, Qusar şəhəri, Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m. olan əmlak kompleksi kimi müəssisə və 0.50 ha torpaq sahəsinin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv.m. olan qeyri yaşayış sahəsinin, Qusar rayonu, Balaqusar kəndi ünvanında yerləşən 0.40 ha torpaq sahəsinin, ünvan 915.3 kv.m. olan fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin, birgə nikah dövründə əldə edilmiş ünvan 10 ünvanında yerləşən yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(006)-2631/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, aşağıda qeyd edilən əmlakların özgəninkiləşdirilməsi Cavabdeh və başqa şəxslərə qadağan edilmişdir: Cavabdeh təsisçisi olduğu “xxxx” MMC; Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsi; Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,29 ha torpaq sahəsi; ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsi; Qusar rayonu, Balaqusar kəndində yerləşən 138.1 kv metr sahəsi olan mənzil; Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzil; ünvan 13 kv.m. fərdi yaşayış evi; Qusar şəhəri, Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m. olan əmlak kompleksi kimi müəssisə və 0.50 ha torpaq sahəsi; Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv.m. olan qeyri yaşayış sahəsi; Qusar rayonu, Balaqusar kəndi ünvanında yerləşən 0.40 ha torpaq sahəsi; ünvan 14 kv metr olan fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsi; ünvan 10 ünvanında yerləşən yaşayış sahəsi. Qərardaddan cavabdeh tərəfin verdiyi şikayət məhkəmənin 01.04.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayətə görə, qərardad qanunsuz və əsassızdır. İddiaçının sözügedən əmlaklara heç bir hüququ yoxdur, əmlaklar cavabdehə məxsusdur. Qərardadla tətbiq olunan tədbirlər iddia tələbinə mütənasib deyildir. Cavabdeh artıq MMC-nin iştirakçısı deyil, bəzi əmlaklar isə ümumiyyətlə mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə (nümayəndələr) məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Kollegiya qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır və qərardadın ləğv edilməsi üçün təşkil etmir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia ərizəsində tələbin əsasını ayrı-ayrı əmlakların özgəninkiləşdirilməsi və icarəyə verilməsinə razılığın bildirilməsi məqsədilə verilmiş ərizələrin etibarsız hesab edilməsi təşkil edir. Odur ki, iddia təmin edildiyi təqdirdə həmin əmlakların özgəninkiləşdirilməsi və icarəsi etibarsız hesab olunacağı üçün həmin əmlakların qətnamənin icrasınadək özgəninkiləşdirilməsi qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, barəsində iddianı təmin tədbiri tətbiq edilmiş əmlaklar bilavasitə mübahisə predmetini təşkil edir, belə olan halda həmin mübahisə predmetini təşkil edən əmlaklar ilə bağlı hər hansı hərəkətin edilməsi, iddianın təmin ediləcəyi halda qətnamənin icrasını çətinləşdirə bilər. Ona görə də kollegiyası hesab edir ki, iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etməyə yönəldiyi üçün mübahisə mahiyyəti üzrə həll edilənədək, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini qismən təmin etməklə, iş materiallarında olan “Elektron notariat” X1 Çıxarışlardan müəyyən olunan 12 adda əmlakın özgəninkiləşdirilməsinin cavabdehə və başqa şəxslərə qadağan edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(006)-2631/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4476/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4476/2021
26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver